Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə50/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

Qanlı qumlar


I

Tapşırıqlar verildi. Əvvəlcə qərara alındı ki, Aşura diviziyasının sağ tərəfindən Nəsr diviziyası hücuma keçsin, lakin bu qərar çox tezliklə ləğv olundu və sağ tərəfi də Aşura diviziyası öz üzərinə götürdü. Bizim sol tərəfimizdən, yəni əməliyyat bölgəsinin cənubundan Həzrət Rəsul diviziyasının Hücr və Kumeyl batalyonları hücuma keçəcəkdi. Sol tərəfdəki Xala1 çatana qədər Hücr batalyonunun öhdəsinə düşən hissə bizimlə müştərək idi. Xalda biz sağ tərəfə gedəcəkdik, onlar sol tərəfə. Əməliyyatda diviziyanın briqadalarının vəzifələri də müəyyən olunmuşdu. İkinci briqadanın hədəfi İraqın Tavusiyyə və Rəşidiyyə zastavalarının arası, düşmənin təmas xəttindən 9 kilometr içəri idi. Bu bölgə maneələrdən başlayıb İraq zastavaları arasındakı əlaqə yoluna qədər davam edirdi. Biz orada müdafiə mövqeyi tutub dərhal sağ cinahda istehkam qurmalı idik. Bu istehkamın köməyi ilə düşmənin Fəkkə istiqamətindən olan bütün əks-hücumlarının qarşısını ala bilərdik. Qasim və Mehrab şəhidləri batalyonları Aşura diviziyasının ilk hücumçuları idilər. Onlara Müslim və Əli-Əsgər batalyonları dəstək verəcəkdi. Əməliyyatı doqquzuncu briqada davam etdirəcək, müvəffəqiyyətdən istifadə edib irəliləyəcəkdi.

Əməliyyatdan bir gecə öncə son kəşfiyyata getdik. Yolun bilinməsi üçün malyutka raketinin məftilindən istifadə edəcəkdik ki, əməliyyat gecəsi yolu tapmaqdan ötrü gecikməyək. Yaxşı plan idi. Düşmən məftili görsəydi belə, onun bəlli bir başlanğıcı və sonu olduğunu təxmin etməz, yerə düşmüş bir məftil olduğunu düşünərdi. Yalnız kəşfiyyatçılar bilirdilər ki, söyüd ağacından Xala qədər 4 km. uzunluğunda malyutka məftili var və minalanmış sahənin yanında bir dirəyə düyünlənmişdir. Oradan sahənin içinə bir yol açılmalı idi.

Ehtiyatla qumların arasından məftil çəkərkən birdən avtomat güllələrinin səsi gəldi. Bir müddət özümüzü itirib düşmənin bizi görməsindən qorxduq. Qayıdandan sonra öyrəndik ki, Həzrət Rəsul diviziyasının istiqamətində çalışan Rza Əhmədi ilə Məhəmməd Rahət minalanmış sahənin arxasındakı birinci kanala qədər getmiş, sahədən keçəndə bir səngər görüb dağılmış boş səngər olduğunu düşünmüş və ona yaxınlaşmışlar. Məhəmməd səngərə girəndə ucaboy bir iraqlı ilə üzləşib. Yuxulu iraqlı onu boğmaq istəyən Məhəmmədi görüb qışqırır və bayırdakı keşikçi bunu eşidir. Qısası, onlar həmin bölgədən qaçmışdılar. Bizi də narahat edən güllələr həmin iraqlıların silahlarından açılmışdı.

Hava qaralmaqda idi. Canlı qüvvənin toplaşdığı Dərbədiyyədə sükut pozulmuşdu. Əməliyyat zamanı gəlmişdi.1 Qasim batalyonunun ikinci bölüyünü mən aparmalı idim. Bölüyün komandiri Rza Dirəxşan, müavini də Həbib Azərniya idi. Arxamızda qardaş Söhrabinin başçılıq etdiyi birinci bölük, önümüzdə də Mehrab şəhidləri batalyonunun bir bölüyü gedirdi. İlk mina sahəsinə qədər yolumuz bir idi. Orada onlar sağa dönəcəkdilər. Hamıdan öndə gedən Rza Əhmədi bütün Qasim batalyonunu aparırdı, onun arxasınca isə partladıcı bölüyün uşaqları hərəkət edirdilər.

Bir neçə gün idi düşmənin hava hücumları güclənmişdi. Onlar bölgəni bombalamaq və yuxarıdan foto çəkmək üçün tez-tez gəlirdilər. Kəşfiyyat işləri də güclənmişdi. Bütün bunlar bizdən şübhələndiklərini göstərirdi. O günə qədər baş vermiş bütün hadisələrə rəğmən, ümidvar idik ki, düşmənin fəaliyyətini artırması əməliyyatdan duyuq düşməsi ilə bağlı deyil. Hələ hərəkət başlamamış birdən bir RPG raketi atıldı.

– İnanmıram! RPG, özü də burada?! Düşmənin gözünün önündə olan Dərbədiyyədə!

Bütün komandirlərin üzünə narahatlıq çökdü. Döyüşçülərimizdən biri bilmədən, ya da bilərəkdən bir RPG raketi atmışdı.

Bundan əlavə, yolun uzunluğuna görə təyin olunmuş vaxtdan tez hərəkət etməyə məcbur idik. Düşmən də 82 saylı təpədən yolun bir hissəsini görürdü.

Hərəkət başlayanda günəş hələ səmanın sinəsində idi. Kolon Mahur təpəsinin arası ilə gedirdi. Öz yüklərindən əlavə ağır nərdivanları da aparan uşaqları fikirləşirdim. Get-gedə canlı qüvvənin yorğunluğu hiss olundu, kolonun səs-küyü çoxaldı və addımlar ağırlaşdı. Əsas yolu birləşdirmək, əməliyyatı və hücumçu qüvvələri dəstəkləmək bir qədər zaman tələb edirdi. Bu baxımdan, döyüşçülər bir neçə saat vuruşmaq üçün əlavə silah-sursat götürməyə məcbur idilər. Qum üzərində 16 km. yol getmək bizi yormuşdu. Get-gedə yol çətinləşir, sürət azalır və yüklər ağırlaşırdı...

Söyüd ağacına qədər ikinci briqadanın bütün batalyonlarının yolu bir idi. Ondan sonra isə hər bölük bir tərəfə gedəcəkdi. Yorğunluğu çıxsaq, xüsusi bir problem yaşamadan söyüd ağacına çatdıq. Kimin üzünə baxırdımsa, öz-özümə düşünürdüm: «Bu adam yolun sonunda hansı vəziyyətdə olacaq?!»

Hücum söyüd ağacından başlayacaqdı. Mehrab şəhidləri batalyonunun iki bölüyü bizimlə idi. Onların biri Xala qədər 270 dərəcə istiqamətində təxminən 2 km. irəliləyəcəkdi, o biri də Xalın sağ tərəfində yerləşən Çəmuya gedəcəkdi. Söyüdə çatandan sonra onlar bizdən ayrıldılar.2

Bölük hərəkətə hazır oldu. Əlim malyutka məftilinə dəyəndə daha da əmin oldum. Söyüd ağacından maneələrin başlanğıcına qədər 4 km. yol vardı. Bütün diqqətim yolu dəqiq təyin etməyə yönəlmişdi. Bölüyün komandiri şəxsi heyəti yoxlayıb vəziyyəti kəşfiyyat nümayəndəsinə məruzə etməli idi. Məftilin kənarı ilə 2 km. gedəndən sonra birdən-birə şəxsi heyətin vəziyyətini öyrənmək beynimə düşdü. Təlim zamanı bu barədə kəşfiyyatçılara tapşırıq verilməmişdi, amma qəlbən narahat idim. Kəşfiyyatçı uşaqların biri yanımda idi. Ona dedim: «Qayıt, gör kolonun vəziyyəti necədir, uşaqlar necə gəlirlər».

– Ağa Mehdi, sənin arxanca yalnız dörd-beş nəfər gəlir, başqa heç kim yoxdur.

Təəccüblə bölüyün komandirinə baxdım.

– Qardaş Dirəxşan, bəs şəxsi heyət haradadır?

O, məndən də çox təəccüblənmişdi. Çox narahat oldum. İlk dəfə idi şəxsi heyəti aparırdım. Çiynimdə ağır yük vardı; arxamca təxminən iki batalyon adam gəlirdi. Bizim səhvimiz yalnız hücumçu bölüyün işinə yox, həm də həmin iki batalyonun hərəkətinə təsir edərdi. O qaranlıqda və yalqız durumda bizdən arxada gələn bölüklə əlaqə saxlamaq yadımıza düşdü. Bizə belə cavab verdilər: «Bəli, sizin bölüyün şəxsi heyəti bizim önümüzdə gedir».

Məsələni diviziyanın qərargahına bildirdik. Mən həmin dostumu kolonun başını tapmağa göndərdim. Bir müddət sonra bizə çatdılar. Yorğunluq öz işini görmüşdü. Uşaqlar yol yeriyə-yeriyə yuxulayır, yorğunluqdan yıxılırdılar. Kifayət idi ki, biri bir neçə addım geciksin və taqımın başçısı bilməsin. Bu zaman kolonun arasında məsafə yaranırdı. Belə olduqda isə qaranlıqda və Mahur təpələrinin bir-birinə bənzədiyi bir bölgədə azmaq çox təbii hadisə idi.

Şəxsi heyət bizə çatanda bildik ki, aramızda təxminən 300 metr məsafə yaranıbmış. Onlar təsadüf nəticəsində yolu doğru gəlirmişlər. Kolon bir-birinə birləşdi, mənsə onun yenidən qırılmasından qorxurdum. Düşünürdüm ki, nə olur-olsun, bölüyün bütün şəxsi heyəti bir-birinə birləşməlidir. Partladıcı bölüyün uşaqlarında həmişə uzun parça lentlər olurdu. Onların birinə dedim: «Lentləri kolonun uzunluğu qədər açın, hamı lentdən tutsun və bir hadisə baş versə, digərləri bilsinlər».

Uşaqlar yorğun idilər. Əvvəldə bir saata 4 kilometr gedirdiksə, indi 500 metr gedə bilmirdik. Minalanmış sahəyə qədər hələ uzun yol vardı.

Kolonun hərəkətindən yenicə arxayın olmuşdum ki, bizdən öndə, düz yolumuz istiqamətində bir partlayış baş verdi. Hirsləndim. Bilirdim ki, bizdən öndə Mehrab şəhidləri batalyonunun bir bölüyü gedir. Onlar elə əvvəldə diqqətsizlik edib bir minanın üstünə çıxmışdılar. Bu hadisə öz yollarında baş versəydi, bu qədər narahat olmazdım. Hər-halda, addımlarımızı sürətləndirdik. Onlara çatanda fişəngi söndürürdülər. Mina partlayanda kəşfiyyat bölüyündən iki nəfər – Mehdi Təcəllayi və Rəhim Sarimi yaralanmışdı. Xoşbəxtlikdən, həmin bölükdə başqa bir kəşfiyyatçı da var imiş və yolun davamında onlara kömək edə bilərdi. Bundan əlavə, bölüyün komandiri Məhəmməd Məhəmmədi də zirək uşaqlardan idi və yolu tanıyırdı. Onlar dayanmadan yollarına davam etdilər. Biz isə orada işimizə başlamalı idik.

Minalanmış sahə önümüzdə idi. Partladıcı bölüyün uşaqları kolonun önündə yol açmağa hazır idilər. Mehdi Salik1 tikanlı məftili açıb içəri girdi. Ondan sonra Rza Əhmədi önə keçdi ki, köməkləşib sahəni tez təmizləsinlər. Partladıcı bölük sahənin vəziyyətindən və minaların düzülüşündən xəbərdar idi və heç bir problem olmadan işləyirdi. Əksər minaların yerini təxmin edirdilər və iş çox sürətlə irəliləyirdi. Tezliklə sahədə bir metr yarım enində bir keçid açıldı. Onlar bir neçə addım öndə minanı zərərsizləşdirirdilər, kolon da bir addım məsafə ilə arxalarınca gəlirdi. Hələ sahədən çıxmamış sol cinahımızda, Nəcəf-əşrəf diviziyasının olduğu yerdə atışma başlandı.

Təxminən gecə saat bir idi. Düşmən sahəyə adam girdiyini ehtimal verib minaladığı sahələrə top və raket yağdırırdı. Sahədə keçid açmaq bir saat yarım çəkmişdi. Biz pusquların önünə çatanda Həzrət Rəsul diviziyasının bir batalyonu da bizə çatdı. Onlar yolboyu bizim arxamızca gəlmişdilər və oradan sola dönüb tapşırıq yerlərinə getməli idilər, ancaq hansısa səbəbdən yolu itirmişdilər. Öz bölüyümüzün şəxsi heyəti arasında gəzib uşaqlara deyirdim: «Çalışın onlara yollarını göstərin. Onlar bizim sol tərəfimizə getməlidirlər... Həzrət Rəsul diviziyasının uşaqları bizim sol tərəfimizə getməlidirlər...»

Səs-küy çoxalmış, düşmən bizi duymuşdu. Bir anın içində bütün səslər düşmənin güclü atəşləri altında itib-batdı. Biz açıq yerdə idik, düşmən isə istehkamın arxasında, kanalda və səngərlərin içində. Döyüş başlandı. Bölüyün komandir müavinlərindən olan Səməd Zəbərdəst,2 habelə Həbib Azərniyə və İbadi ilə bir yerdə idik. Beynimizə gələn ilk fikir üz-üzə vuruşmaq oldu. Çünki o kiçik yerdə və elə güclü atəş altında düşmən mövqelərinə girə, yaxud onları mühasirəyə ala bilməzdik. Düşmənin birinci kanalın önündəki müdafiə qüvvələri dayanmadan atəş açırdılar. Şəxsi heyəti sağ və sol qisimlərinə böldük.

- Nə qədər bacarırsınız, atəş açın...

- Səngərləri RPG ilə vurun...

Uşaqların açdığı atəşin köməyi ilə şəxsi heyətin kiçik bir qismi ilə cəld mövqeyə sarı qaçdıq. Biz oraya çatmamış düşmən qaçdı və təxminən on əsir tutduq. Əsirlərin arasında sudanlı muzdurları görəndə nifrətim daşdı: Biz kimlərlə vuruşuruq?!

Orada gördüklərim mənə gözlənilməz idi. Əvvəl elə bilirdim ki, ora sadə bir pusqudur və hətta ətrafına fırlanmaq da olar, lakin İraqın digər qarnizonları kimi kanallar, möhkəm səngərlər, hətta maşın və tanklar da var idi. Ora çox böyük və möhkəm bir müdafiə düşərgəsi idi. Bölüyün uşaqlarını düşmənin gediş-gəliş üçün istehkamın arxasında düzəltdiyi kanalın içində üzü ön tərəfə, müdafiə mövqeyində yerləşdirdik. Gördüyüm hər bir döyüşçünün dodaqlarından susuzluq hiss olunurdu və qumqumaların çoxu boş idi. İbadiyə dedim: «Gedim görüm iraqlıların su bakını tapa bilərəmmi».

Təsadüfən, su ilə dolu böyük bir tanker tapdım. Minlitrlik təkərli tanker olduğuna görə iki-üç nəfər onu batalyonun yerləşdiyi yerə gətirdi. Səngərlərdə yemək və ərzaq da vardı, onları da payladılar. Kalaşnikov patronu dolu idi və uşaqlar qənimətlərlə silahlarını doldurmağa başladılar.

Rza Əhmədi mənə dedi ki, bir qədər irəliyə gedək. Yola düşüb birinci kanalın yerinə çatdıq, əslində isə qarşıda kanal yox idi. O vaxta qədər işimizi çətinləşdirmiş qumlar orada bizə kömək etmişdilər. Divarlar çökmüşdü və kanal asanlıqla keçiləsi bir çökək formasına düşmüşdü. Dəmir nərdivanları daşımaqdan ötrü çəkdiyimiz o qədər zəhmətin yorğunluqdan başqa bir bəhrəsi olmadı. Qum bəzi yerlərdə minalanmış sahəni və tikanlı məftilləri örtmüşdü. Minalanmış sahədə qaçmaq da olurdu. İkinəfərə kanaldan keçdik. Bir baxışla əsas işin irəlidə olduğunu bilmək olurdu. Qarşımızda düşmən pusqusunun qüvvə və imkanlarını təmin edən bir yol vardı. Onun hər iki tərəfində minalanmış sahələr görünürdü. Şəxsi heyətin yoldan keçməsi ehtiyatsızlıq olardı. Düşmən minalanmış sahələrin ortasından çəkilmiş yolla ona hücum etməyimizə imkan verməzdi. Yolda iki ədəd dördlü zenit pulemyotu vardı və yolu vururdu. Başqa bir dördlü pulemyot da bizim mövqeyə girdiyimiz istiqamətə tuşlanmışdı. Sol tərəfimizdə gurultu qopurdu, sağımızda isə hələ sakitlik idi. Təxmin elədim ki, Mehrab şəhidləri batalyonu maneələrdə qalıblar, çünki irəliləsəydilər, düşmənin pusquları ilə vuruşardılar.

Qayıtdıq və bir neçə dəqiqədən sonra partladıcı heyətlə birgə sahəyə daxil olduq. Birinci və ikinci kanalların arasında yol açmalı idik. Ratsiya səs-küylə dolu idi. Müslim ibn Əqil batalyonu azmışdı. Onlar Qasim batalyonunun komandirindən soruşurdular ki, özümüzü sizə necə çatdıra bilərik? Qərara gəldilər ki, onlara yol göstərmək üçün qırmızı fişəng atsınlar. Dərhal səma qırmızı rəngə boyandı. Əmin olduq ki, düşmən bizi dinləyir və azmış batalyonumuz başını itirəcək. Bir azdan Müslim ibn Əqil qüvvələrinin Qasim batalyonuna çatdığını eşitdik.

Bütün bölgə hər iki tərəfdən açılan atəşlərdən titrəyirdi. Bu hələ əvvəli idi, bilirdim ki, əsas iş qabaqdadır. Düşmənin əsas mövqeləri ikinci kanalın arxasında idi. Orada qala divarları kimi bütün İraq sərhədi boyu uzanan, Tavusiyyə və Rəşidiyyə zastavalarından da keçən böyük bir istehkam vardı. İkinci kanalın yaxınlığında atışma bir neçə dəfə güclü idi.

Belə şəraitdə partladıcı heyətdən üç-dörd nəfər başlarına yağan güllə yağışına məhəl qoymadan yerə basdırılmış minaları çıxarıb digərlərinə yol açırdılar. Mehdi Salik, Rza Əhmədi, mən və başqa bir nəfər sahənin içində bir neçə metr getmişdik ki, arxadan biri gəlib dedi: «Qardaş Əmini xəbər yollayıb ki, geri dönəsiniz, sizinlə işi var».

Rza Əhmədi ilə birgə Qasim batalyonunun yerləşdiyi yerə qayıtdıq. Aşura diviziyasının ikinci briqadasının komandiri qardaş Əmini bizim yolu davam etdirmək üçün minalanmış sahəyə girdiyimizi biləndə arxamızca adam göndərmişdi. O bizi görən kimi dedi: «Çalışın şəxsi heyəti geri qaytarın». Diviziya komandirinin əmri belə idi. Çünki sağ və sol cinahlar gəlməmişdilər və səhər açılsaydı, bizim qayçılanma ehtimalımız böyük olardı.


II

Səhər yaxınlaşırdı. Hava işıqlaşandan sonra hazırlıqlı düşmən gözləməyəcəkdi və böyük ehtimalla ağır itki verəcəkdik. Bacarıqlı uşaqlardan bir neçə nəfəri topladıq. Qardaş Yasir Zirək vəziyyəti başa saldı. Qərara gəldik ki, Qasim batalyonu və bölgədə olan digər qüvvələrlə birgə gəldiyimiz keçidlə geri qayıdaq. Yada saldılar ki, geri qayıdarkən minalanmış sahədə qalmış yaralıların geri daşınmasına kömək edək. Hamı yola düşdü.

Rza Əhmədi üzünü mənə tutub dedi: «Mehdi, indi ki qayıdırıq, buradakı silah və maşınların yenidən düşmənin əlinə keçməsi heyfdir. Bəlkə bunları partladaq?»

İşə başladıq. İstehkamın arxasında nə qədər maşın, tanker və silah səngəri vardısa, hamısı məhv edilməli idi. Bu işdə iraqlıların öz silahlarından istifadə etdik. Xətt boyu qaça-qaça düşmənin işinə yarayacaq hər bir şeyə bir əl qumbarası atdıq.

Oradan çıxanda istehkam alov və tüstü arasında itmişdi.

Düşmən bizim gecə vaxtı aralarından keçdiyimiz təpələrin üstünə helikopterlə silah-sursat boşaldıb müdafiəyə hazırlaşırdı. Mühasirəyə düşmək təhlükəsi məni qorxutdu. Necə olursa-olsun, özümüzü təpələrin arxasına çatdırmalı idik.

Minalanmış sahəyə girdik. Gecə yaralıları sahənin nisbətən təhlükəsiz bir yerinə toplamışdıq. Əmin idim ki, hələ bəziləri orada qalıblar. Rza ilə mən oranı tərk edən sonuncu adamlar idik. Sahədə uşaqların səsi ürəyimi yandırırdı. Aciz qalmışdım. Onlar azəricə və farsca deyirdilər: «Haraya gedirsiniz?!»

– Haraya?!

– Qalın, müqavimət göstərək...

Dayanıb vəziyyəti izah edə bilməzdim. Əlimdən gələn yeganə iş bir yaralını özümlə geri aparmaq idi. Minalanmış sahədə Rzanı itirib tək qaldım. Yaralıların səsi, zarıltısı və xahişi ürəyimi parçalayırdı. Onların sayı çox idi. Sağlam uşaqlar da o qədər yorğun idilər ki, özlərindən əlavə bir yaralını da aparmağa qadir deyildilər. Ürəyimdə tufan idi: «Axı hansınızı aparım?!»

– Mehdi, məni burada qoyursan?! Mehdi...

Səsə yaxınlaşdım. Rəhim Sarimi idi. Gecə mina partlayanda yaralanmış və səhərə qədər özünü oraya sürümüşdü. Bildim ki, onunla bir yerdə yaralanmış Mehdi Təcəllayi şəhid olmuşdur.

– Mən səni aparacağam. Əlimdən gələni edəcəyəm. Hər ikimiz ölsək də, birgə gedəcəyik...

Qollarını boynuma saldı. Ayağa qalxdıq. Lakin sanki qalxan mən deyildim. Onun ağırlığına dözməyəcək qədər yorğun və taqətsiz idim. On yeddi yaşım vardı; bədənim güclü olsa da, çox yorulmuşdum. Əməliyyatdan öncəki gecələrdə yolu dəfələrlə piyada getmişdik. Hücum gecəsində də hərəkətimiz adi heyətdən çox olmuşdu. Səhər uşaqlar qayıdandan sonra Rza Əhmədi ilə birgə təxminən dörd saat oyan-buyana qaçıb düşmənin silahlarını partlatmışdıq... Hər ikimizin ayağı yerlə sürünürdü.

– Əgər dayansaq, daha qayıtmağa ümid yoxdur. Hərəkət elə!

İraqlılar təpələrin üstündə yerləşib hər bir silahla bizə atəş açırdılar. Allaha şükür edirdim ki, hələlik təpədən enmək haqda düşünmürlər. Öz mövqelərimizə çatmaq üçün mütləq təpələrin arasından keçməli idik, düşmən isə həmin yola atəş yağdırırdı. Kəşfiyyatçı uşaqlardan olan Davud Həsənpur da bizim kimi geriyə gedirdi. Təpələrə çatmamış bizi gördü və yaxınlaşdı. O da yorğun idi, amma heç bir söz demədən köməyə gəldi və Rəhimin digər qolunu çiyninə atdı. Otuz-qırx metr irəlidə yerə bir xərək düşmüşdü. Yaralı dostumuzu onun üstünə qoyub yola davam etdik. Atəş elə idi ki, daha kalaşnikov və pulemyot gülləsinə məhəl qoymurduq, onlar da lütfkarlıq edib yanımızdan ötürdülər. Mərmi və raket qəlpələrindən qorunmaq üçün isə yerə uzanmağa məcbur idik. Düşmənin müdafiə xəttinə yaxınlaşdıqca bu uzanıb-qalxmalar çoxalır və sürətlənirdi.

Düşünürdüm ki, bu müdafiə xətti bizim uşaqlarımızı yayındırmaq üçün qurulmuşdur. Çünki həmin qum təpələrinin üstünə ağır silah yerləşdirmək mümkün deyildi. Lakin düşmən də yaxşı bilirdi ki, geri qayıtmaq istəyən hər kəs bu iki təpənin arasından keçməyə məcburdur. Elə buna görə də, pulemyotları dəliyə dönmüşdü, dərə də cəhənnəmə. Dedim: «Ağa Rəhim, biz inşallah, buradan keçəcəyik, amma birdən sənə güllə də dəysə, gərək səsin çıxmasın».

Yorğunluqdan ayaqlarım sınmaq üzrə idi. Davud da mənim günümdə idi. Özümüzdən böyük və ağır bir yaralını daşıyırdıq. Rəhim də ağrıya dözürdü. Uzun bir keçiddən cəld keçməli idik. Bir an içində qaçmağa başladıq. O qədər bərk qaçırdıq ki, yazıq yaralı güllədən yox, güclü atılıb-düşmədən bir neçə dəfə qışqırdı. İnanılmaz olsa da, o cəhənnəmdən salamat çıxıb nisbətən təhlükəsiz olan ilk yerə çatdıq. Hər ikimiz Rəhimin yanında yerə sərildik. Məlum idi ki, düşmən yerləşəndən sonra bütün uşaqlar oranı belə keçmişdilər. Qalan yolu uşaqların əşyalarından təyin etmək olurdu. Onlar qayıdarkən üzərlərində olan hər bir ağır əşyanı – avtomatı, yük çantasını, qumqumanı, kəməri yerə atmışdılar.

Yemək və su üçün hər bir çanta və qumqumanı yoxlayırdıq, lakin hamısı bizdən öncə boşalmışdı. Sanki bizimlə mövqeyimiz arasındakı məsafə dartılıb uzanmışdı. Məyusluq məni daha da yormuşdu. Birdən Davudla eyni vaxtda bir meyvə şirəsi gördük. Necə də gözəl idi! Aclıqdan çıxmış adamlar kimi ona doğru qaçdıq. Üstümüzdə süngü yox idi. Meyvə şirəsini yerə qoyub kalaşnikovun ucu ilə başına bir zərbə vurdum. Rəhim də hay-küyə başladı: «Bir az da mənə verin... ölürəm!»

– Sənin qanaxman var, su olmaz! Gəl, bir az meyvəsindən ye.

Meyvələri barmağımla götürüb ona verdim. Suyunu da Davudla birgə nuş etdik. Çox deyildi, amma o vəziyyətdə bizə yaxşı enerji verdi və yenidən yola düşdük. Hələ qarşıda 4 kilometr yolumuz vardı. Yolboyu bəzi yerlərdə yorğunluqdan yıxılıb qalanlar vardı. Yaralı deyildilər, amma yorğunluqdan tərpənə bilmirdilər. Kimə çatırdıqsa, yaralını daşımağa kömək etməsi üçün yalvarırdıq, amma onların nəinki yaralını daşımağa, heç danışmağa da taqətləri yox idi. Çoxunun vəziyyəti elə idi ki, onlardan nə isə istəməyə ürəyim gəlmirdi, amma özüm də yıxılmaq üzrə idim. Bitmək bilməyən o ağır dəqiqələrdə bir nəfər bizə yaxınlaşdı. Kəşfiyyat bölüyünün uşaqlarından idi. Kəşfiyyatçılar elə yetişdirilmişdilər ki, harada bir iş görürdülərsə, yaxınlaşır və başa çatdırmaq üçün əllərindən gələni edirdilər.

Bir neçə addım öndə tehranlı bir döyüşçü də bizə kömək etməyə başladı. Xərəyin dörd tərəfindən tutduq, yükümüz yüngülləşdi və nəhayət, günortaya yaxın söyüd ağacına çatdıq.

Dəstək yol çox çətinliklə salınmışdı. Millərin və lay dəmirlərin köməyi ilə relsə bənzər bir yol salınmışdı. Maşınlar quma batmadan onun üstü ilə hərəkət edirdilər. Yaralını rastlaşdığımız ilk təcili yardım maşınına qoyduq. Əlim boşaldı. Bu zaman bir əl mənə nə isə uzatdı; bir gilas şirəsi idi. Allah bilir ki, necə ləzzətli idi! İçdim və elə oradaca yolun kənarına yıxıldım. Hava soyuq idi, amma əsla üşümürdüm; nə soyuğu hiss edirdim, nə də aclığı. Yorğunluqdan huşsuzluğa bənzər yuxuya getdim.

***


Yuxudan oyananda hələ də yorğun idim. Çəkmələrimi çıxardım. Barmaqlarım tərpənmirdi və çətinliklə addım atırdım. Birtəhər özümü kəşfiyyat bölüyünə çatdırdım. Ehtimal verirdim ki, işi davam etdirmək üçün plan var və kəşfiyyatçıya ehtiyac olacaq. Uşaqlar əməliyyat bölməsində idilər. Mən orada qalıb ertəsi günə qədər istirahət etdim.

Səhər çağı ikinci briqadanın komandir əvəzi Ələddin Nurməhəmmədzadə kəşfiyyatçı uşaqları toplayıb dedi: “Hər halda, bizim yenə planımız olmalıdır, gərək gedib bölgəni araşdıraq. Əlimizdən gələn ən kiçik iş budur ki, bölgədə qalmış yaralıların geri çatdırılmasına kömək edək”. Hamımız yorğun və işin sonucuna ümidsiz olsaq da, qardaş Ələddinin sözləri bizi hərəkətə gətirdi və nə olursa-olsun, irəliyə getmək qərarına gəldik. Avtomobilə minib yola düşdük. Altı nəfər idik: Bəni-Həsən, Möhsün Əsməi, Davud Həsənpur, Sadiq Eyvəzi, xoylu bir döyüşçü və mən. Bizdən başqa beş nəfər də Xala doğru getdi. Xalın sağ tərəfindəki təpələrdə Aşura diviziyası, sol tərəfində də Həzrət Rəsul diviziyası müdafiə mövqeyi seçmişdi. Bir qədər sonra avtomobil quma batdı və biz piyada getməyə məcbur oldu. Təpələrin bir-birinə bənzəməsi işimizi daha da çətinləşdirirdi. Bir təpədən yeni enmişdik ki, nə isə partladı və uşaqların üçü yerə yıxıldı: Möhsün Əsməi, Davud Həsənpur və xoylu döyüşçü. Hər üçü yaralanmışdı. İki nəfərlə mən qaldım. Yolu davam etdirməkdən başqa çarə yox idi. Mən həmin iki nəfərdən ayrılıb Xalın soluna doğru yola düşdüm. Orada Həzrət Rəsul diviziyasının şəxsi heyəti əkiz təpələrin üstündə vuruşurdu. Oraya yaxınlaşanda şəxsi heyətin mövqeyi boşaltmaqda olduğunu gördüm. Durbinlə baxıb əkiz təpəyə qalxan iraqlıları da gördüm. Tez özümü onlara çatdırdım.

– Haraya gedirsiniz?!

Komandirimiz şəhid olub, iraqlılar da yaxınlaşırlar, daha nə üçün qalaq?!

Əhval-ruhiyyələri çox pis durumda idi. Haradansa beynimə belə bir fikir gəldi. Onlara dedim: «Diviziyanın qərargahından məni batalyonun komandiri təyin ediblər».

Heç bir söz demədən qəbul etdilər. Çox bacarıqlı olan iki-üç döyüşçünün köməyi ilə şəxsi heyəti təpəyə qaytardıq və orada yerləşdik. Yaxınlaşmış düşmənlə vuruşma şiddətləndi və bir neçə dəqiqədən sonra qaçmağa üz qoydular. Bir saat keçməmiş Həzrət Rəsul diviziyasının əməliyyat bölməsindən bir neçə nəfər gəldi. Məsələni öyrənib mənə təşəkkür etdilər. Daha orada işim qalmamışdı. Öz mövqelərimizə qayıtmaqdan ötrü təpədən endim, amma yorğunluqdan və aclıqdan yıxılmaq üzrə idim. İxtiyarsız olaraq, ara-sıra görünən xurma ağaclarına yaxınlaşdım. Ağacların arasında 500-600 metr məsafə vardı. Birinci ağacda xurmadan əsər-əlamət yox idi. Beləliklə, bütün ağacları gəzdim. Sonuncu ağaca söykənib məyus halda ikən yerə baxdım. «Bu nədir?» – Öz-özümə dedim.

Yerdə kiçik bir çıxıntı diqqətimi cəlb etdi. Torpağı kənara çəkəndə səbətin bir küncünü gördüm. Çətinliklə də olsa, səbəti çıxardım. Xurma ilə dolu idi. Xurmaları uşaqlara payladıq. Bir neçə qara xurmanı yeyib özüm də cana gəldim və ayağa qalxdım. Yolumun üstündə bir kolon canlı qüvvə gördüm. Soruşandan sonra öyrəndim ki, Aşura diviziyasının Fəcr batalyonudur və müdafiə üçün Qasim batalyonunun mövqeyinə gedir. Fikirləşdim ki, onlara tapşırılan yeri tapana qədər çox çətinlik çəkəcəklər. Buna görə onlara qoşuldum. Qasim batalyonu geri çəkiləndən sonra minalanmış sahəyə əhatəsi olan qum təpələrinin bir hissəsində müdafiə mövqeyi seçmişdi. Oraya çatandan sonra yeni məlumat öyrənməklə yanaşı həm də minalanmış sahəyə baş çəkmək məqsədilə yola düşdüm. Orada yaralıların qaldığını fikirləşəndə narahat olurdum. Bölgə atəş altında idi. Minalanmış sahənin yaxınlığında Həzrət Rəsul diviziyasından iki nəfər yıxılıb qalmışdı. Onlara yaxınlaşdım. Məqsədimi biləndə mane oldular.

– Bizim halımız çox da pis deyil, özümüz geri qayıda bilərik. Sizin diviziyadan bir neçə nəfər orada sahədə qalıb, halları da pisdir. Gedin onlara kömək edin...

Dedikləri yerə getdim. Uzaqdan üç şəhid cəsədi və bir yaralı gördüm. Şəhidlər kəşfiyyat bölüyündən idilər: Rəhim Sürudi1 Təbrizdən, Məhəmmədrza Şəcəri Ərdəbildən və Nəxustin Miyandoabdan. Qrupun partladıcısı olan Nasir Həqşünas2 da yaralanmışdı. Rəhimin və digər şəhidlərin üzünə son dəfə baxdım.

Bilirdim ki, şəxsi heyət gələnə qədər orada qalmalıdırlar. Geri qayıtmaq üçün Nasirə kömək etdim. Sözlərindən başa düşdüm ki, onlar əməliyyatın davamı üçün kəşfiyyata, doqquzuncu briqadaya yol açmağa gəlibmişlər və iş zamanı minaya düşüblər. Narahatlığımı gizlədə bilmirdim. Qayıdanda uşaqların yerini göstərən yaralıları gördüm. Mən gedəndən sonra oraya bir raket düşmüş və birinin ayağı kəsilmişdi. Ürəyim od tutub yanırdı. Bir qədər öndə uşaqlardan bir neçəsini gördüm. Nasiri onlara verdim və başqa bir neçə nəfərlə qayıdıb tehranlı yaralıları geriyə apardıq.

Həmin gün ilk dəfə idi orada elə güclü atəş görürdüm. Bəzən bir anda otuz partlayış baş verirdi. Düşünürdük ki, düşmən 60 kalibrli raketlərini yan-yana düzüb və eyni anda atəş açır; necə idisə, bölgəni viran qoymuşdu.

Hava qaralanda Xalda yerləşmiş şəxsi heyətə çatdım. O qədər yorulmuşdum ki, gecə təmas xəttindəki səngərlərin birində yatdım.

Səhər çağı Seyid Sadiq Eyvəzini gördüm; sağlam və gümrah idi. Mənə dedi: “Mehdi, bəlkə gedək irəlidəki düşmən mövqeyinə bir baş çəkək?” Yola düşdük. Minalanmış sahədəki keçidlə gedirdik. Bir səngərin otuzmetrliyinə çatanda düşmən pusqusu olduğunu bildik. Səngərin keşikçisi bizi görmürdü. Bildik ki, düşmənlər bizim oradan hücum edəcəyimizi düşünmürlər və buna görə səngəri gizlətməmişlər.

Durbinlə ətrafı nəzərdən keçirib qayıtdıq.

Bir həftə hadisəsiz ötdü. Ordu birləşmələri mövqeyi Fəcr batalyonundan təhvil aldılar. Diviziyanın oradakı tapşırığı bitmişdi. Maşınlara minib bir neçə ay öncə kəşfiyyat bölüyünün yerini soruşduğum qərargaha qayıtdıq.

Firuz Vüfurinin, Mehdi Təcəllayinin, Rəhim Sürudinin və digərlərinin yeri boş idi. Çoxları da xəstəxanaya düşmüşdü. Qəribə hisslər keçirir və şəhidlərdən nə qədər uzaq qaldığımı fikirləşirdim.

Qərargah sədri qardaş Kəbiri bizi toplayıb diviziyanın vəziyyəti haqda danışdı. Təkidlə dedi ki, hamınız məzuniyətə gedirsiniz, amma işimiz çox olduğuna görə tez qayıtmalısınız, sizin hər birinizə ehtiyacımız var.

Çoxdan görmək istədiyim işlər yadıma düşdü. İmtahanlarda mütləq iştirak edib dostlarımdan geri qalmamaq istəyirdim. Çox israrla uzunmüddətli icazə aldım.

Bahar yaxınlaşırdı. Qırmızı qanları qumları yumuş və pak cəsədləri hələ Fəkkə çöllərində qalmış şəhidləri düşünürdüm. Mən bu dəfə yarasız, amma qəlbisınıq halda qayıdırdım.


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin