2.Vaysesika məktəbi: Bu məktəbin əsas üslubu dünyanın zatını tədqiq etmək ətrafında cərəyan edir. Bu məqsədə çatmaq və dünyanın zatı barədə tədqiqat aparmaq üçün motivləri nyaye məktəbinin prinsipləri üzərində qurulan analitik bir metod seçilmişdir. Bu məktəbdə obyektiv dünya bariz və aydın bir gerçəklikdir; onun əsaslandırma və arqumentlərinin əsasını hiss, təcrübə təşkil edir. Buna əsasən xarici aləm inkarolunmaz bir varlığa malikdir və aləmi təşkil edən zərrələr əbədi, sonsuzdur. Bu zərrələrdən təşkil olunan cismlərin davamsız, müvazinətsiz, süst bir mahiyyəti olmaqla sabitlik və mövcudluqlarını qorumaqdan məhrumdurlar. Bu varlıqların ömrü qısa olur və müəyyən müddətdən sonra yoxluğa düçar olurlar. Bu varlıqların sabit olmaması onların zərrələrinin və zat tərkiblərinin möhkəm, davamlı olmamasından irəli gəlir.
Vaysesika məktəbi ruhların çoxluğu, maddi aləmdə ikilik, ilkin zərrələr, mə’nəviyyat və ruhlar aləmini qəbul etmişdir. Bu e’tiqada əsaslanaraq belə deyirlər: “ - Ruhların çoxluğu zərrələrin və cismlərin çoxluğu kimi saysız-hesabsızdır və hər bir ruh özünü tanıma, ağıl, müştərək hiss, duyğu hissələri, emosiyalar, bağlılıqlar, xatirələr və s.-nin şamil edildiyi daxili hissə malikdir. Yenidənyaranma prosesində təkrar doğulmanın səbəbi bir-birinə zidd olan iki dünyanın, yə’ni maddi və mə’nəvi aləmin bir-birinə qarışmasıdır. Bu qarışıqlıq ruhların sərgərdan qalmasına, çoxlu əzab-əziyyət və məşəqqət çəkmələrinə səbəb olur. Dünyanın əzab-əziyyətlərindən və maddiyyatın buxovlarından azad olmaq yalnız bu iki dünyanın bir-birindən ayrılması, ruhun maddənin çirkinliklərindən xilas olması ilə mümkündür. Ruh azad olduqdan sonra öz paklığı, lətifliyi və fitri sadəliyini yenidən tapır, ruhla yanaşı bir bədəndən digər bədənə keçən maddi eybəcərliklər, stereotiplər və əməl tə’sirlərindən təmizlənir. Bu buxovlardan xilas olan andaca, yenidən doğulmalardan da nicat tapır. Nəticədə əzab-əziyyətlərə və məşəqqətlərə son qoyulur, onun yerinə bəşər ruhunun dərinliklərində sonsuz sevinc hakim olur.”
Dostları ilə paylaş: |