V BAŞLIQ.
{Ölçü gözləməklə bağlı danışıq}
İndi isə sizə, Sokratın öz arxadaşlarına, gerçək yaşamlarında işlərinə yarıyasılarını necə aşıladığından danışmaq istəyirəm. İstənilən kimsə üçün, ad-sanını ucaltmağın ağgünlük olduğunu, buna isə onun ancaq ölçü gözləməklə çata biləcəyini anlatmaq üçün ən yaxşı örnək, elə Sokratın özünün yaşayışı idi,- ölçü gözləməkdə kiminsə ondan üstün ola biləcəyinə inanmağım gəlmir; bundan başqa, apardığı çoxlu danışıqları ilə də o, arxadaşlarını ölçü gözləməyə inandırmağa çalışmaqdaydı. Sokrat özünün uzun sürən ömrünün bütün anlarında, yaxşılıq eləməkdən usanmaz, bunu arxadaşlarına aşılamaqdan da yorulmazdı. Onun Evtidemlə, ölçü gözləməklə bağlı apardığı danışığı, mənim yanımda olmuşdu.
-Evtidem, deyə bilərsənmi, özgürlük tək bir adam üçün böyük üstünlük sayılmalıdır, yoxsa bütünlüklə dövlət üçün də?
-Məncə, bu elə dövlətin də üstünlüyü sayılmalıdır, - Evtidem belə dedi.
-Kimsə düşkün istəklərinə uyaraq, onlardan aldığı, özü üçün dadlı saydığı duyğuların qulu olarsa da, bu sayaq pozğunluğu özü üçün ömür yolu seçərsə də, səncə o, özgürdürmü?
-Yox, beləsini özgür saymaq olmaz.
-Görünür, sənin baxışına görə özgürlük, insanın yaşamında düzgün yol seçməsidir, bundan yayınmağı isə sən özgürlük saymırsan, deyilmi?
-Çox da düz deyirsən, Sokrat.
-Deməli, sən ölçü gözləməyən adamları da ağına-bozuna baxmadan özgür saymırsan, eləmi?
-Elədir, başqa sayaq ola da bilməz.
-Necə düşünürsən, ölçü gözləyə bilməmək, ancaq düzgün yoldan sapmaqdır, yoxsa üstəlik adamları alçaldır da?
-Mən belə düşünürəm, bu elə yoldan sapdığı yerəcən də alçalmaq deməkdir.
-Qulluqçularına yaxşı işlər görməyi yasaqlayıb, ancaq yaramazlıq eləməyi buyuran bir ağa, səncə necə adamdır?
-And olsun Zevsə, bundan da pisi ola bilməz.
-Qul kimi yaşamağın ən pisi hansıdır, səncə?
-Ən pis ağanın qulu olmaq—ən pis qulluq budur, məncə.
-Onda ölçü gözləyə bilməmək, özünün düşkün istəklərinin qulu olmaq deyilmi?
-Düşünürəm, belə demək olar.
-Ölçü gözləməməyin, insanı bilgə olmaqdan yayındırıb, onu qanmaza çevirdiyini necə, sezmisənmi? Ölçü gözləyə bilməmək, insanın baxışlarını gərəkli olanlardan yayındırır, öyrənməkdən qoyur, bütünlüklə düşkün əyləncələrə yönəldib, anlağını azdırır, bir sözlə, yaxşını yamandan ayırmalı olan insan, durub göz görə-görə, yaxşını yamanın ayağına verir.
-Düzdür, beləsi də olur.
-Özünə yiyəlik eləməyi bacarmamaq! - ölçü gözləməyi bacarmayanlarda, ən çox gözə çarpan bu deyilmi? Bu kimə aydın deyil: özünə yiyəlik eləyən adamın elədikləri hara, yiyəlik eləyə bilməyənki hara?
-Düz deyirsən, Sokrat.
-Hansısa işin qulpundan yapışmaqdan yayınmağı, ölçü gözləməyən kimsədən yaxşı “bacaran” tapılarmı, yəni?
-Düşünürəm, ondan “bacarıqlısı” olmaz.
-Necə düşünürsən, insana,- yaxşını qoyub yamanı seçməyi; özü üçün pislik olana qapılıb, yaxşı olanı unutmağı; bir sözlə, özünə yiyəlik eləməyi başlı-başına buraxmağı öyrətməkdən də böyük yamanlıq eləmək olarmı?
-Bundan da böyüyü inanmıram, olsun.
-Yəni, aydın deyilmi, ölçü gözləmək insanı elə böyük, yaxşı, işlərə yönəldir, bunlar ölçü gözləməyən adamın yuxusuna da girə bilməz!
-Elədir, - Evtidem dedi.
-Ölçü gözləyən adamın, durmadan artan üstünlüyü göz qabağında deyilmi?
-Belə görünür.
-Elə isə, ölçü gözləməyin, ən yüksək insanlıq dəyərlərindən biri olduğunu danmaq olarmı?
-Sözsüz, danmaq olmaz.
-Gəl səndən bir söz də soruşum, görüm bunu düşünmüsənmi, Evtidem?
-Nəyi deyirsən?
-Ölçü gözləməyənlər elə sanırlar, onların ömrü-günü əyləncələr, sevinclər içində keçir, sanasan onlar insana sevinc gətirən bu əyləncələrdən genbol, gözləri doyanacan yararlana bilirlər, ancaq onlar yaşadıqları duyğuların hamısının yarımçıq olduğunu anlamırlar, bütöv ölçüdə duyğulanmağı da, sevinməyi də, ancaq ölçü gözləyən adamlar bacarırlar,- bax bunu düşündüyün olubmu?
-Bu sən dediklərin, necə ola bilər?
-Ölçü gözləyə bilməməkdən: aclığa-susuzluğa dözümsüzlük, qadınla yaxınlıqda sağlamlığı üzüb əldən salan aşırılıq, yuxusuzluğa qatlaşa bilməmək kimi çatışmazlıqlar törəyir, ancaq ölçüyə uyub, bu dediklərimizin ən çox gərək olduğu anı gözləməyi bacaranlar, onların dadını-duzunu yetərincə duya bilirlər; beləliklə də, ölçü gözləyə bilməmək, insanı ən sevimli əyləncələrində belə, gərəyincə duyğulanmağa qoymur. Ölçü gözləyənlər isə, gərəkən ağırlıqlara dözməyi bacardıqlarından, ancaq yetişən anında çox dadlı olan bu əyləncələrdən, gərəyincə yararlana bilirlər.
-Dediklərin bütünlüklə doğrudur, - bunu Evtidem dedi.
-Sonra, gərəkli bilgiləri öyrənərək, öz sağlamlığını qorumaq, ev işlərini düzgün qurmaq, arxadaşlarının, yurdunun işlərinə gərəyincə yaramaq, yağılarla döyüşə çıxıb, onları yenməyi bacarmaq kimi yüksək insanlıq dəyərlərindən doğan dadlı duyğuları, ancaq bu işləri görmək yükünü çiyninə götürənlər,- bunlar ölçü gözləməyi bacaranlardır,- anlayıb duya bilərlər, ölçü gözləməyənlər belə bir duyğuların olduğunu bilməzlər də. Bu sadaladığımız yüksək insanlıq dəyərləri, onlara bütünlüklə yad deyilmi? Onları, düşkün istəklərin yetirdiyi bayağı duyğuların bataqlığı udmuşdur, özünü bu sayaq aşağılamaq üçün, nə əməyə qatlaşmaq, nə də yaşamın ağır sınaqlarına dözmək gərəkir.
Burada Evtidem dedi:
-Deyəsən, sən demək istəyirsən, Sokrat, düşkün duyğulara qapılıb, bunlardan ayrılmağa güçü çatmayan kimsələrə, bütün yaxşılıqlar da yaddır eləmi?
-Elədir Evtidem, ölçü gözləməyi bacarmamaq, elə anlaqsız olmaq deməkdir. Kimsə yüksək amaclar ardınca qoşmursa, ancaq düşkün əyləncələrin dalınca sürünürsə, onun anlaqsız mal-qaradan nəyi yaxşıdır? Görünən isə budur: ancaq ölçü gözləməyi bacaran adamlar, yüksək amaclara doğru yürüyə bilirlər, istər bilikləri, istərsə də yaşam sınaqlarından qazandıqları öyrəncələri ilə, yaxşını yamandan ayırmağı bacarırlar, yaxşılıqlara bağlanıb, yamanlıqlardan qaçınırlar.
Belə bir yol tutmaqla da,- Sokrat deyirdi,- insanlar ərdəmli, ağgünlü, o sıradan dialektikanı duymaqda da üstün olurlar. “Dialektika” sözü də, o deyirdi, adamların yığıncaqlarda biri-biri ilə gənəşib, bütün nəsnələri yaxşı-yamanlığına görə ayırd etməsindən yaranıb. Yaxşını yamandan ayırd etməyi öyrənmək üçün, bacardıqca artıq çalışmaq, bu işə ürəkdən bağlanmaq gərəkdir: bu yolla insanlar ərdəmli olurlar, yönətimçilik bacarığı qazanırlar, eləcə də dialektikanın incəliklərini də gərəyincə duya bilirlər.
Dostları ilə paylaş: |