İMAN ARTIR VƏ AZALIR
Sələflərə görə iman hissələrdən ibarətdir. Tək (kütlə halında olan bir) şey deyildir. Rəsulullah – sallallahu aleyhi və səlləm – in buyurduğu kimi: «İman yetmişdən çox şöbələrdən ibarətdir». Bu imanın şöbələrindən bəziləri yox olmaqla iman büst bütün yox olmaz. Bir qismi yox olduqda digər qismi qalır. Həmçinin digər ibadətlərdən olan namaz da belədir. Namazda elə ünsurlar vardır ki, bu ünsurların yox olması namazın sünnətlər tərəfdən əskikliyini zədələr, elə ünsurlar da vardır ki, onlar vaciblər tərəfdən namazı zədələyər. Lakin namazın büst bütün yox olmasına gətirib çıxarmaz. Həmçinin həcc ibadətində də elə ünsurlar vardır ki, onların əskik olması həcc ibadətində müəyyən əskikliklər yaradar. Lakin ibadəti batil hala gətirməz. Bu məsələdə də Əhli Sünnəyə müxalif olanlar tapılmışdır. Kim ki, Əhli Sünnəyə imanın məfhumunda müxalif olubsa bu mövzuda da müxalif olublar. Murciyə məzhəbi deyir ki, əməllər imana daxil deyildir. Onlara görə iman bir şeydir nə artır, nə də azalır.
O, kəslər ki, deyirlər bu ayələr imanın artıb, azalmasına dəlil deyildir. Bunları necə təvil ediblər? Allah buyurur ki: «Onların imanı artar». Onlar deyirlər ki, burada artmaq dedikdə inanılası şeylər artır. Artan təkliflərin, qanunların artması deməkdir. Onlara görə bütün möminlər bərabərdilər. Əlhəmdulilləh ki, Allahın nazil etdiyi ayələr möhkəm və açıq-aydındır. Onlara rədd üçün kifayətdir. Bu boş sözləri batil edir.
Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar. Bu haqda Quran və Sünnədə bir çox ayə və hədislər vardır. «Bir surə nazil edildiyi zaman münafiqlərdən: «Bu sizin hansınızın imanını artırdı? deyənlər də var. Möminlərə gəlincə (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər». (ət-Tövbə 124). Ayələr oxunduğu zaman onların imanı artar və azalar. «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər) siddiqlər (təmamilə doğru danışanlar, etiqadı dürüst, Peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır». (ən-Nisa 69). Bu ayə onların imanına görə tərtib edilmişdir. «Biz də onların hidayətini artırmışıq».(əl-Kəhf 13). “Allah doğru yolda olanların doğruluğunu artırar». (Məryəm 76). «Doğru yolu tapanlara gəldikdə isə Allah onların doğruluğunu daha da artırar». (Muhəmməd 17). «Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə səkinət nazil edən odur…». (əl-Fəth 4). Bu ayə onların təvillərini boşa çıxardır. Çünki nazil olan səkinət, rahatçılıq – qanunlar, təkliflər deyildir. Səkinət, rahatçılıq Allahın bir felidir ki, bunu möminlərin qəlbinə qoyur. Onlar da bununla rahatlıq tapırlar. «İman gətirənlərin imanının daha da artması». (əl-Muddəssir 31). «Bu yalnız onların imanını və itaətini artırdı». (əl-Əhzab 22). «O, kəslər ki, xalq onlara: Cəmaat sizə qarşı (qüvvə) toplamışdır onlardan qorxun! dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar Allah bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Namaz qilar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). Hənzələ b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-Təmimi – radıyallahu anhu –, Əbu Bəkr – radıyallahu anhu – ilə birlikdə Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzuruna girərək dedi: «Hənzələ münafiqlik etdi, ya Rəsulallah!». Rəsulallah: «Nə oldu belə?» Hənzələ: «Ey Allahın Rəsulu! Sənin yanında olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti xatırladırsan. Elə bil ki, bunları gözlərimizlə görmüş kimi oluruq. Ancaq sənin yanından ayrıldığımız zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) unuduruq». Rəsulullah: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər sizlər mənim yanımdaykən və zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam etsəniz şübhəsiz mələklər sizinlə döşəklərinizdə və yollarınızda toqquşardılar». Başqa rəvayətdə: «Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə isə: «Sizləri evlərinizdə ziyarət edərdilər»667. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə düzəltsin. Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə (düzəltsin). Bu isə imanın ən zəif mərtəbəsidir»668. Abdullah b. Məsud – radıyallahu anhu – nun rəvayətində isə: Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Bundan aşağı (imandan) bir xardal dənəsi də belə yoxdur669. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Möminlər arasında imanı ən kamil olanı əxlaqı ən gözəl olanıdır»670. Əbu Hureyrə -radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qonşusu şərrindən əmin olmayan insan Cənnətə girməz (Başqa rəvayətdə: İman etmiş olmaz, iman etmiş olmaz, iman etmiş olmaz o, kimsə ki, qonşusu onun şərrindən əmin deyildir)»671. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız»672. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Çox gülmək qəlbin imanını məhv edir». İbn Ömər – radıyallahu anhu – dan soruşulduqda ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - in səhabələri gülərdilər: «Bəli! Əgər iman qəlblərində dağdan da böyük olsaydı»673. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir! Şəfaət et! Şəfaətin qəbul edilir!». Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurur: «Ya Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get! Qəlbində buğda və ya arpa dənəsi qədər iman olan kimsə varsa Cəhənnəmdən çıxart!…» Onları çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsi qədər iman olan kimsələri oradan çıxart!…» Onları da çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsindən daha az, daha az, daha az iman olan kimsələri oradan çıxart!…». Başqa rəvayətdə isə Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «Qəlbində dinar, yarım dinar ağırlığında iman olan kimsələri oradan çıxart, əlavələri də vardır». Onların iman dərəcələrinə görə atəş onlardan kimisinin ayaqlarının yarısına qədər, kimisinin diz qapaqlarına qədər yandırar674. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»675. Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xavariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər. İmam Əhməd – rahmətullahi aleyhi – dən murciyəlilərə aid sual soruşulduqda belə cavab vermişdir: «Bizlər deyirik ki, iman söz və əməldir. Artar və əskilər. Bir kimsə zina edər, içki içərsə imanı əskilər»676.
Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verir və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar»677. İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən razı olan kimsə imanın şirinliyini, tamını tapar»678. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz»679. Əgər iki sevgi, məhəbbət bir olarsa Rəsulullah – sallallahu aleyhi və səlləm – i nəfsi istədiyindən üstün tutarsa o, kimsə iman sahibidir. Yox, əgər öz istədiyini Rəsulullah – sallallahu aleyhi və səlləm – in istədiyindən üstün tutarsa onun imanı naqisdir. «Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65). Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xidmətçisi Əbu Həmzə Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə özünə arzu etdiyini, qardaşı üçün arzu etmədikcə iman etmiş olmaz (Yəni: «Sizdən hər hansı bir kimsə nəfsi (istədiyini) sevdiyini qardaşı üçün (istəmədikcə) sevmədikcə iman etmiş olmaz)»680.
Bu hədis insanın öz müsəlman qardaşlarının haqlarını yerinə yetirməyi əhatə edir. Bu da imandandır. Əgər insan özünə sevdiyini qardaşı üçün də arzu etməzsə deməli o, hələ də vacib iman gətirməmişdir. Bu kimi məsələlər iman məsələsini bəyan edir. Bu hədislərdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – imanı inkar edir. Həmçinin də Allah ən-Nisa surəsinin 65-ci ayəsində imanı inkar etməklə nə qəsd edir? İmanın əsasını, yoxsa imanın kamilliyi? Əgər desək ki, burada imanın əsası qəsd olunur. Onda belə çıxır ki, özünə sevdiyini qardaşı üçün arzu etməyən kafir olur? Peyğəmbər – sallallahu aleyhi və səlləm – i bütün insanlardan çox sevməyən kafir olur. Lakin burada qəsd olunan imanın kamilliyidir. Yəni iman kamil olmaz. Bu kimi hədislərdə kamillik qəsd olunur. Bu hədislər təkfir edici deyildir. Burada olan inkar kamilliyin inkarıdır. O, insanda imanın əsası var, lakin kamil deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – sevən, lakin o, dərəcəyə çatmayan kafir olmur. O, kimsə müsəlmandır. Lakin onun imanı o, dərəcəyə çatmadığına görə kamil iman sahibi deyildir. Həmçinin də Allah ən-Nisa surəsinin 65-ci ayəsində olduğu kimi hakim hökmün yalnız Allaha aid olduğunu elan edərsə və bununla da yanaşı o, hakim şəhvətlərinə, nəfsi istədiyinə uyaraq Allahın endirdiyi ilə hökm verməzsə bu insan kafir olmur. Nə qədər ki, bu insan hökmün Allaha aid olduğunu elan edirsə. Lakin etdiyi əməl Allahın endirdiyi ilə hökm vermədiyinə görə əməli küfr etmiş olur. Bu da olduqca çox təhlükəlidir. İslam ümmətindən çıxardan küfr deyildir. Həmçinin o, insana ki, Allah və Peyğəmbərinin hökmü ilə hökm verilir o, kimsə bu hökmə razı qalmalıdır. Əgər qəlbində sıxıntı duyarsa imanı naqisdir. Tam bir təslimiyyət, razılıq ilə bunu qəbul etməlidir. Əgər mızıldanarsa deməli imanı naqisdir. Bu da onu göstərir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – hakim təyin etmək sadəcə hökm məsələlərində deyil, bu həmçinin də əqidə, əxlaq, ibadət məsələlərində hakim təyin etməkdir. Bu da dəlildir ki, iman artır və azalır. Həmçinin iman əhli də öz aralarında fərqlənirlər.
Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki, iman arzularla, xəyallarla və bəzənməklə olmur. İman qəlbdə olub əməllərlə həyata keçən şeydir. Kim xeyir deyib və xeyir edərsə ondan qəbul olacaqdır. Yox əgər kim xeyir deyib və şərr edərsə ondan qəbul olunmaz»681. İnsanın arzu etməsi, sadəcə sözləri tələffüz etməsi, ardınca əməlin gəlməməsi imanın naqisliyinə dəlalət edir. Deməsi ki: Mən elm öyrənəcəm, Allah yolunda vuruşacağam, mal xərcləyəcəyəm və s. Bu sözlərdən sonra: Elm öyrənmirsən, mal xərcləmirsən, Allah yolunda da vuruşmursan. Sadəcə bu sözləri deyir və əməl tərəfdən təsdiq etmirsən. Kamil iman odur ki, imanın əsası insanın qəlbində olur (yaxşı niyyətlər və s). Sonra da bunu əməl etməyə başlayaraq gücləndirər. Buna görə də iman arzu və xəyallarla olmaz. Belə bir iman kamil iman sayılmaz. İman elə bir şeydir ki, onun əsası qəlbdə olur. Sonra isə təsiri zahiri əməllərə keçir. Əzalarda özünü büruzə verir. Həqiqətən iman odur ki, elm üzərində ola, ona əməl edə, sonra iman sahibi imanını elm və əməl tərəfdən kamilləşdirər. Bunları kamilləşdirməyə səy göstərər və nəfsinə qarşı vuruşar. Bütün bu dəlillər imanın həqiqətini (kamilliyini) sübut edir. Əməllər isə artıq sənin qəlbində olanı təsdiqləyir.
İmam Əbul Həsən əl-Əşari sələfin üzərində icma etdiyi əsaslardan bəhs edərkən deyir: «Onlar imanın itaətlə artdığına və günahlarla azaldığına icma etmişlər»682. əl-Humeydi dedi ki, İbn Uyeynənin belə dediyini eşitdim: «İman söz və əməldir, artar və əskilər». Qardaşı İbrahim b. Uyeynə ona dedi: «Ya Əbu Muhəmməd! İman artar və əskilər demə!» İbn Uyeynə qəzəblənərək: «Sus ey uşaq! Bəli, o qədər əskilər ki, ondan heç bir şey də qalmaz»683. İbnu Əbi Zameneyn – rahmətullahi aleyhi – deyir ki: «İmanın dərəcələri və mərtəbələri vardır. Tam olur, artar və əskilər. Əgər belə olmasaydı insanlar iman məsələsində bərabər olardılar. İrəli gedənin və geri qalanın bir üstünlüyü olmazdı»684. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «İman artmaz və azalmaz»685. İmamın bu sözü doğru olmaqdan uzaqdır. Lakin hər iki halda o, əcr qazanmışdır. Çünki hər bir insan əməl etdiyi zaman qəsdi Allah və Rəsuluna itaət olubsa və bu əməlində xəta etmişsə, təvil etmişsə Allah üçün itaət qəsd edərək etmişsə o, kimsə bu əməlində bağışlanır, qəsdi Allah üçün olduğuna görə savab qazanır. Allah onun etdiyi əməli əvəzsiz qoymur. «Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!». (əl-Bəqərə 286). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Hakim höküm verəcəyi zaman ictihad edər və sonra (hökmündə doğru) olarsa iki əcr qazanır. Höküm edəcəyi zaman ictihadında yanılırsa ona da bir əcr vardır»686. İbn Əbdil Bərr və İbn Əbil İzz – rahmətullahi aleyhi – deyir ki: «Əbu Hənifə – rahmətullahi aleyhi – bu görüşündən döndüyünü nəql etmişdir. Doğrusunu bilən isə Allahdır»687.
Möhtərəm müsəlman bacı və qardaşlarım! Ayə və hədislərdən bizə aydın olur ki, iman həm artır, həm də azalır. Bununla biz müxalif olanlara (imanın nə artıb, nə də əskildiyini deyənlərə) cavab vermiş oluruq.
İMANIN ŞÖBƏLƏRİ
İbn Həcər - rahmətullahi aleyhi - deyir ki, imanın şöbələrindən zikr olunan ictihadi tərəfdəndir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını - Lə İləhə İlləllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»688. Bu imanın şöbələri təfsilatı ilə heç bir hədisdə və dəlildə zikr olunmamışdır. İmanın bu şöbələrini alimlər zikr ediblər bu da ictihadi tərəfdəndir. Alimlər imanın şöbələrini 63-79 arası zikr ediblər. Nə bundan çoxdur, nə də az. Bu kimi hədislərdə nə kimi hikmət vardır? Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «Allahın doxsan doqquz – yüzdən bir əskik adı vardır. Kim bu İsimləri sayarsa Cənnətə girər689. Həmçinin bu hədisdə də say zikr olunub, lakin təfsilatı heç bir səhih və açıq dəlildə zikr olunmayıb. Bunun da sayılması ictihat tərəfindəndir. Bu kimi hədislərdə nə kimi hikmət vardır? Say zikr olunub lakin təfsilatı verilməyib. Alimlərdən bəziləri qeyd edirlər ki, bunda uca bir hikmət vardır. Allah bununla bəndələrindən özünün Kitabı və Rəsulullahın sünnəsi ilə maraqlanmağı istəyir. Onları Quran və Sünnəyə bağlamaq istəyir. Onlar öz ağıllarını bunları başa düşməkdə işlətsinlər. Əgər onlar Allahın 99 İsmini bilsələr onlarda Allah barəsində kamil bir bilik yaranar. İmanın şöbələrini isə kamil bir şəkildə bilsələr onlarda din barəsində kamil bir bilik yaranar. Bununla da onlar Allahı və Onun dinini bilib tanıyarlar. Bu da imanın kamilliyidir. Elə din özü də budur. Ola bilər ki, bundan da başqa hikmətlər vardır. Lakin bu isə uca bir hikmətdir. Həmçinin imanın şöbələrini gözəl bir şəkildə bilmək Allahın dostluğuna aparan bir yoldur. Əgər insan imanın şöbələrini bilsə artıq o, Allahın dostuluğuna aparan bir yolu bilmişdir. Bununla da bu yol onun qarşısında açıq-aydın olur. Ayağı da sabit qədəm olur. Heç bir bidətə, təriqətlərə, məzhəblərə ehtiyacı olmur.
İmanın şöbələrini bilmək üçün müəyyən qaydalar vardır. Biz nə bilək ki, bu əməl imanın şöbələrindəndir? Alimlər deyirlər ki, Allah və Rəsulunun buyurduğu hər bir əmri yerinə yetirmək imanın şöbəsi sayılır və həmçinin də Allah və Rəsulunun qadağan etdiyi hər bir işi tərk etmək də imanın şöbələrindəndir. İmanın bu şöbələri alimlərin ictihadlarına görə fərqlənə bilər. İmanın şöbələrini daha gözəl şəkildə İbn Hibban - rahmətullahi aleyhi – vermişdir. İbn Hibban - rahmətullahi aleyhi – imanın 69 şöbəsini zikr edərək deyir ki, imanın şöbələri qəlbin, dilin və bədənin əməllərindən meydana gəlir.
Qəlbə Aid Olan Əməllər - bunlar etiqadlar və niyyətlərdir özü-özlüyündə 24 xisləti əhatə edir.
1. Allaha iman (Bura daxildir: Allahın zatına, sifətlərinə, tövhidə və bənzərinin olmadığına iman etmək).
2. Mələklərə iman.
3. Kitablara iman.
4. Peyğəmbərlərə iman.
5. Axirətə iman (Bura daxildir: Ölüm, dirilmək, mizan, Cənnət, Cəhənnəm və s)
6. Xeyir və Şərrin, qədərin Allahdan olmasına iman.
7. Allahı sevmək.
8. Allah xatirinə sevmək və qəzəblənmək.
9. Muhəmməd Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək (Bura daxildir: Ona salavat gətirmək və sünnəsinə tabe olmaq).
10. İxlaslı olmaq (Bura daxildir: Riya və Nifaqı tərk etmək).
11. Tövbə etmək.
12. Təqvalı olmaq (Allahdan qorxmaq).
13. Allahın rəhmətini ummaq (ər-Rica690).
14. Şükr etmək.
15. Səbr etmək.
16. Təvəzökar olmaq (Bura daxildir: Böyüyə hörmət, balacaya rəhm etmək)
17. Vəfalı olmaq.
18. Qəza və Qədərə razı olmaq.
19. Rəhmli olmaq.
20. Qəzəbi tərk etmək.
21. Həsəd, paxıllığı tərk etmək.
22. Təkəbbürlüyü tərk etmək.
23. Kin-kudurəti tərk etmək.
24. Təvəkkül.
Dilə Aid Olan Əməllər - İmanın bu şöbəsi özü-özlüyündə 7 xisləti əhatə edir.
1. Tövhid kəliməsini tələffüz etmək (Şəhadət gətirmək).
2. Quran oxumaq.
3. Elm öyrənmək.
4. Elmi öyrətmək.
5. Dua etmək.
6. Zikr etmək (Bura daxildir: İstiğfar691 diləmək).
7. Lağlağıdan, faydasız şeylərdən uzaq olmaq.
Bədənə Aid Olan Əməllər - İmanın bu şöbəsi özü-özlüyündə 38 xisləti əhatə edir.
1. Zahiri və daxili təmizlik (nəcasətdən təmizlənmək).
2. Övrətin örtülməsi.
3. Nafilə və fərz namazlarını qılmaq.
4. Zəkat vermək.
5. Oruc tutmaq (fərz və nafilə oruclarını tutmaq)
6. Əli açıq olmaq (Bura daxildir: Yemək yedirmək, qonağa hörmət etmək).
7. Qul azad etmək.
8. Həcc və Ümrə ziyarətini etmək.
9. Kəbəni təvaf etmək.
10. Qədr gecəsini ibadətlə keçirmək.
11. Etiqaf (Ramazan ayının axır 10 gününü məsciddə keçirmək).
12. Hicrət etmək (Bura daxildir: Şirk diyarından İslam yurduna köçmək).
13. Nəzirə vəfalı çıxmaq.
14. Andı qorumaq.
15. Kəffarələri ödəmək.
16. Evlənmək və ya ərə getmək.
17. Ailənin haqlarını yerinə yetirmək.
18. Ağalara itaət etmək.
19. Qul ilə mülayim rəftar etmək.
19. Valideyinlərin qayğısına qalmaq, onlara asi olmamaq.
20. Qohumluq əlaqələrini möhkəmləndirmək.
21. Uşaqları tərbiyə etmək.
22. İnsanlar arasını islah etmək (Bura daxildir: Azğınlara, din düşmənlərinə, xavariclərə qarşı mübarizə aparmaq).
23. Əmr sahiblərinə itaət.
24. Yaxşı işlərdə yardımlaşmaq (Bura daxildir: Yaxşılığı əmr, pislikdən çəkindirmək».
25. Əmanəti ödəmək.
26. Borcu ödəmək.
27. Qonşuya ikram etmək.
28. Salamı qaytarmaq.
29. Gözəl müamələdə, rəftarda olmaq (Bura daxildir: Malı halal yerdən qazanmaq).
30. Malı haqlı yerə xərcləmək (Bura daxildir: İsrafı tərk etmək).
31. Əyləncədən, çox oynamaqdan, boş söhbətlərdən çəkinmək.
32. Asqıraraq «Əlhəmdulilləh» deyənə «Yərhəmukəllah» demək.
33. Cəmaata tabe olmaq.
34. Ədalətlə hökm vermək (ədalətli olmaq).
35. Hər hansı bir günaha görə müəyyən cəriməni ödəmək (hədlərin tədbiq olunması).
36. Cihad etmək (Bura daxildir: Sərhəddə keşikdə durmaq).
37. İnsanlara əziyyət verməmək.
38. Yolda əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaq.
İMANIN MƏRTƏBƏLƏRİ
İman şöbələrdən və hissələrdən ibarətdir. İnsan bu hissələri, şöbələri yerinə yetirərsə imanı da kamilləşər. Əgər tərk edərsə imanı da naqisləşər. Günahları artdıqca bir o, qədər də imanı naqislik tərfdən artar. Bəzən də elə bir dərəcəyə çatır ki, imandan arpa, buğda qədər iman qalır. Bəzən də elə olur ki, mühüm bir əməli tərk etdiyinə görə onda imandan heç bir şey qalmır. Bu əməli tərk etmək küfrü vacib edir. Çünki imanın əsli və kamilliyi vardır. İmanın əsli qəlbdədir. Bu da başlanğıcdır. Bu başlanğıcda kifayət deyildir. Bu başlanğıc (imanın əsli) insanın dünya və axirətdə əmin olması üçün kifayət deyildir. Belə bir insan bununla kifayətlənərsə o, əmin ola bilməz. Əgər o, imanı kamilləşdirməsə dünya və axirətdə təhlükələrə, cəzaya məruz qalar. Buna görə ona vacibdir ki, imanın vacib şöbələrini tamamlasın ki, nicat tapanlardan olsun. Əgər iman şöbələrdən, hissələrdən ibarətdirsə onda iman əhli də bərabər deyildir. Möminlər iman baxımından bir-birindən fərqlənirlər. Bu da imanın nəticəsidir. Onlar fərqlənirlər imanın keyfiyyət və kəmiyyət tərəfdən kamilləşdirməkdə. Görürsən ki, bəziləri imanın bu şöbələrinin az bir hissəsini yerinə yetirir. Artıq bu insanda Kəmiyyət – say tərəfdən imanı zəifdir. Bəziləri isə imanın çox şöbələrini yerinə yetirir, lakin ibadətlərini (xuşu) ilə, elmlə yerinə yetirmir. Bu da Keyfiyyət - tərəfdən imanını naqisləşdirir.
Möminlər həmçinin də iman elmində, əxlaqında, zahiri və batini əməllərdə də çox fərqlənirlər. Kamil mömində iman elminin elə təfsilatı, elə əməlləri vardır ki, bu kimi şeylər başqa möminlərdə yoxdur. Görürsən ki, çox mömində iman elmi zəif və ümumidir. Kamil mömində isə geniş və təfsilatilədir. Elm o, qədər güclüdür ki, heç bir şəkk-şübhəsi yoxdur. Digərinə isə şübhə salınarsa o, dəqiqə də şübhəyə düşər. Bu da imanı və elmin zəiflyinə görədir. Əgər insanın əməli sağlam olarsa onun qəlbinin sağlam olmasına və qəlbində olan imanın güclü olmasını bildirir. Əgər əməli korlanarsa onun qəlbinin zəif olduğuna və qəlbinin korlandığını bildirir. Buna görə də möminlər həm keyfiyyət, həm də kəmiyyət tərəfdən imanda bir-birlərindən fərqlənirlər.
İmanın Mərtəbələri - 1. İmanın Əsli – Buna «Mucməl İman» və ya «Mutləq İman» da deyilir. İmanın bu mərtəbəsi əskilməyi qəbul etməz. Çünki bu İslamın sərhədidir. İman ilə küfr arasında ayırd edici bir nöqtədir. Bu cür iman, iman dairəsinə girən hər kəs üçün vacibdir. Şərri hökmlər bununla sabit olur. Çünki iman ismi və hökmü ona daxil olan hər kəsi – onların imanları kamil mərtəbədə olmasa da belə öz içərisinə alır. Böyük günah edən kimsə bu mənanın içərisinə girir. Lakin imanın həqiqətini və vacib olan kamilliyini (mömin vəsfini) ortadan qaldırır. Böyük günah etmək imanın əslini insandan çəkib aparmaz. Lakin ona mütləq olaraq tam bir iman vəsfi də verilməz. Bu mərtəbədə olmaq üçün imanı tam bilmək şərt deyildir. Bu mərtəbənin sahibi İslam dairəsinin və ya sərhədli imanın (muqayyəd imanın) içindədir. Qəlblərində imanın həqiqəti tam olaraq nüfuz etməyən kimsələrdən saleh əməllər edən müsəlmanlar da bu mərtəbədədirlər. Bu mərtəbənin sahibləri nöqsan imanlı mömin, fasiq və ya asi kimi isimlərlə də isimləndirilirlər.
Dostları ilə paylaş: |