Bitkilər və onların faydaları
Saysız-hesabsız bitkilər, bitki orqanizmlərindəki vitaminlər insan həyatının davamında müstəsna rol oynayır. Nəbatat aləminin əsl dəyəri yalnız Allaha mə`lumdur. Bitkilər də başqa mövcudlar kimi “kulli şəy’’”ə , yə`ni duada zikr olunan “hər şeyə” aiddir. Demək, nəbatat da ilahi rəhmətə bürünmüşdür.
Havanın tərkibində olan oksigen bütün canlı orqanizmlərin hərarətini qoruyan əsas amildir. Nəfəs alınan zaman oksigen ciyərə daxil olub qana qatılır. Qan tənzimləyən sistem bu oksigeni orqanizmin bütün nöqtələrinə çatdırır. Oksigen müxtəlif hüceyrələrdəki qidanı alışdıraraq həyat üçün zəruri olan enerjini istehsal edir. Bu prosesdə yaranan zəhərli karbon qazı qan vasitəsi ilə ağ ciyərə qaytarılır və tənəffüs yolu ilə havaya xaric olur.
Burada belə bir sual yaranır: bütün canlı orqanizmlər oksigeni qəbul edib karbon buraxmaqla məşğuldurlarsa, nə üçün atmosferdəki oksigen tükənmir – hər bir insan sutka ərzində tənəffüs vasitəsilə 250q. xalis karbon xaric edir. Təsəvvür edin ki, altı milyard insan və bir o qədər də heyvan fasiləsiz olaraq havanı karbon qazı ilə zəhərləyir. Bəs bu zəhərli qazlar hara gedir?
Allah-Taala öz rəhməti sayəsində bu müşkülü asanlıqla həll etmişdir. O, insanın tənəffüs prosesinin tam ziddinə olan tənəffüsə malik nəbatat aləmini yaratmışdır. Bu aləm insan nəslinin əksinə olaraq tənəffüs zamanı karbonu qəbul edib, havaya oksigen qaytarır. Nəticədə havanın tərkibindəki oksigen-karbon nisbəti nizamlanır.
Bitkilər yarpaq vasitəsilə havadan karbonu qəbul edir. Bitki orqanizminin mühüm bir hissəsini karbon tutur. Bəli, ilahi rəhmət hər bir bitki yarpağını belə əhatə etmişdir. Bitkinin gövdəsi, budaqları, yarpaqları, qönçələri, çiçəkləri ilahi rəhmət ağuşundadır. Bunu görməyən kəs kor, bunu düşünməyən kəs cahildir. İnsan Allahın ona verdiyi əql vasitəsilə ətrafdakı bütün ne`mətlərdən öz ehtiyaclarını ödəmək üçün istifadə edir.
Bəsirət gözünü açıb nəzər sal,
Görünməyə’ni gör, eşq ilə kam al.
Döyünsə ürəyin eşq ilə bir an
Görərsən ki, dünya tamam gülüstan.
Aldanma çəp gözə’ yalanı çoxdur,
Həqiqi bildiyi çox şey nahaqdır.
Könül sevəsidir gözün gördüyün,
Göz də görəsidir könül dərdiyin.
Həqiqət gözündə miskinlər xaqan,
Xaqanlar qarınçün otlayan heyvan.
Gədalıq çarıqsız qalmaqla deyil,
Qəlbi boş insanlar gədadır əsil.
Torpaq altda qalmış fədailər var,
Qiyamət günündə məşhurdur onlar.
İşdir, nəzər salsan hər zərrədə sən
İbrətlər, mə`nalar, hikmət görərsən.
Zahirdə nə varsa rəngə bürünmüş,
Daxilinə baxsan ayələr enmiş.
Bəsirət gözüylə gördüyün nə var
Bir Allah haqqında sənə danışar.
Əlbət ki, rənglərə uyan hər insan
Sorğu səhnəsində olar peşiman.
Amma eşq odunda işıqlananlar
Görərlər bu canda nə səhnələr var.
Xaliqin varlığın dərk eləyən kəs
Ötəri dünyaya göstərməz həvəs.
Eşit bu qulağın eşitmədiyin,
İç gözünlə seyr et rəhmət ətəyin.
Haqqa gedən yollar könüldən keçir,
Eşq odunu yandır, bax göz nə seçir.
O birdir, qeyrisi fənaya məhkum,
Hər nə var uçası, olmasa Qəyyum.
Dostları ilə paylaş: |