TƏKƏBBÜR
İstər Allah və Onun göstərişləri, istərsə də xalq qarşısında özünü çəkib təkəbbür göstərmək şeytani sifətdir. İblis Allah hökmü qarşısında təkəbbür göstərdiyi üçün Allahın hüzurundan əbədilik qovuldu və lənətə düçar oldu. Təkəbbürlü insan Allahın məhəbbət dairəsindən kənardır. «Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Həqiqətən O, təkəbbürlüləri sevməz». Qur’ani-Kərim təkəbbürlü insanları cəhənnəm əhli hesab edir: «Cəhənnəm təkəbbürlülər üçün pis yerdir.»106
Bəli, özünü başqalarından üstün bilmək, özünü hamıdan ağıllı hesab etmək, ilahi göstərişlərə itaətdən boyun qaçırmaq böyük günahdır və bu günahın müqabilində ağır əzab və’d edilmişdir. İnsanın öz biliyinə ibadətinə, saleh əməlinə, əsil-nəcabətinə, gözəlliyinə, var-dövlətinə, övladlarına, dostlarına rəğmən xalq qarşısında özünü yuxarı tutması çox çirkin işdir. İmam Sadiq (ə) buyurur: «İzzət və əzəmət, üstünlük və böyüklük Allaha məxsus xüsusiyyətlərdir. Özünü belə göstərmək istəyənləri Allah cəhənnəmə atar».107
Həzrət Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Qəlbində bir zərrə ağırlığında təkəbbür olanlar behiştə daxil olmaz».108 İmam Sadiq (ə) buyurur: «Doğrudan da, cəhənnəmdə təkəbbürlülərə məxsus «səqər» adlı yer var. Buranın istisindən Allaha şikayət edər, nəfəs almaq üçün icazə istəyərlər. Elə ki, nəfəs çəkərlər, nəticədə cəhənnəm alışar.109
Əbdül-Ə’la deyir: «İmam Sadiqdən (ə) soruşdum ki, təkəbbür nədir? İmam (ə) buyurdu ki, təkəbbürün ən böyük dərəcəsi həqiqəti yüngül, xalqı alçaq saymaqdır. Soruşdum ki, həqiqəti yüngül saymaq nədir? Buyurdu ki, onu anlamayıb, əhlinə tənə etmək.»110
Dostları ilə paylaş: |