Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.
Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında deyir: «Şükür zahiri və batini ne’mətin e’tirafı, ne’mət sahibini tanımaq və ne’məti Onun göstərişinə uyğun sərf etməkdir».172
İmam Sadiq (ə) buyurur: «Şükür bütün haramlardan çəkinməkdir».173
Aşura gecəsi İmam Hüseyn (ə) xütbəsinin sonunda deyir: «Pərvərdigara, bizi şükür edənlərdən qərar ver».174
Rağib İsfəhani deyir: Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb ne’mət verəni və ne’məti tanıyır, dil e’tiraf edir. Ne’məti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür.
İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim ne’mət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin».175
İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və ne’mətlərini sayan bütün insanlar yalnız bir ne’mətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq».
Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir ne’mətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir ne’mətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».
Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir.
Dostları ilə paylaş: |