Sinir sisteminin zədələnməsi o demək deyil ki, uşaq tamamilə küt olmalıdır. Mərkəzi sinir sistemində zədələr olduğu halda fövqəl`adə yaddaşa malik, ətrafındakılarla yaxşı keçinən uşaqlar az deyil. Hər şey bu zədənin dərəcəsindən asılıdır.
Sual: Övladımın nöqsanlı rəftarı nə vaxt özünü biruzə verir?
Cavab: Belə rəftar bə`zən dörd-beş aylıq uşaqda da müşahidə olunur. Uşağın ağlama tərzi, hərəkətindəki qəribəliklər mütəxəssisin diqqətini cəlb edir. Ətrafındakılarla göz-gözə gəlməyən, əşya ilə insana fərq qoymayan körpə hansısa problemdən əziyyət çəkir. Saatlarla yerində hərəkət edib, ətrafa nəzər salmayan uşağın durumu narahatedicidir. Bə`zən bu narahatlıq onun bir guşədə sakit oturması ilə müşayiət olunur. Bu sakitliyin əsil səbəbindən xəbərsiz valideynlər öz uşaqları ilə fəxr edirlər. Bə`zi uşaqlar isə öz analarının döşündən qidalanmaqdan imtina edirlər. Başqaları isə onları çox rahat əmizdirir. Bütün bu xüsusiyyətlərə diqqətlə yanaşmaq lazımdır.