İstər Azərbaycanda və Qafqazda yerləşən türklər, istərsə mütəmadi bir surətdə hərəkətdə bulunan, yaxud yeni gələn əşirət və qəbilələrin özlərilə gətirdikləri əski iqtisadi bədii tələqqilər iki ayrı “kultura” təsiri qarşısında qalmışdı: Sasani “.....” ilə ərəb “......”.
Bu vəqtlər Sasani sülaləsi hakimiyyətini ğayib etmək üzrə bulunmaqla bərabər pəhləvi mədəniyyətinə dəvam edib gediyordı. İran qövmləri arasında hakim olan farscadan başqa pəhləvi ləhcəsi də çox yayılmış və qüvvətli bir ədəbiyyata malik ləhcə idi ki, oğuzların yayıldığı yerlərdə də hakim olan pəhləvicə idi. Mister Braunun (əcəm ədəbiyyatı tarixi) ifadəsinə görə Sasanilər zamanında pəhləvi ləhcəsinə tərcümə olunan əski yunan və hind əsərləri buralarda müntəşir olduğu kibi Zərdüştün “Avesta”sı da Azərbaycan və Qafqaz atəşkədələri ətrafında vücudə gələn təşkilatların “müqəddəs kitabı” idi. Müxtəlif ictimai və dini tələqqilərə malik gərək mutəkkin, – gərək köçəbə olsun – əslən “turani” və “arani” olan qövmlər arasında vaqe mülul və nüfuz sayəsində pəhləvi mədəniyyətinin ünsürləri ümumi say etibarilə daha zəif olan oğuz əşirətləri arasına girməgə başladı; fəqət bu təsirin hiç bir zaman onları tamamilə qapladığı iddia ediləməz. Çünki pəhləvi mədəniyyəti yeni təşəkkül etməyə başlayan islam mədəniyyəti ilə sarsılıyor; “Avesta”nın ehkamı yerində “Quran ədəbiyyatı” qaim oluyordı.
Çox qüvvətli olan “Quran ədəbiyyatı” bir tərəfdən fars və pəhləvilərini boğarkən o biri tərəfdən də oğuzları öz qanadı altına alıyordı. Bununla bərabər bu maddi və mənəvi qarışıqlıq içində türklər yenə çöl həyat sistemlərini yaşayorlardı. Müsəlmanlığı qəbul etməklə bərabər ərəb ədəbiyyat və bədiiyyatına yabancı olan köçəbələr, o dərəcədə də İran qövmləri ədəbiyyatının təsirindən uzaqdı. Bunlar öz bədii ehtiyaclarını təyin edərkən Orta Asiyadan sürükləyüb gətirdikləri öz ağız ədəbiyyatlarını dəvam etdiriyorlardı.