Mühazirənin axırıncı cümləsi yeni qurtarmışdı ki, dekanın səsi eşidildi (danışıq dilində). Təzəcə soyunub yerinə girmişdi ki, qapının cırıltısını eşitdi (S. Vəliyev). Səlimə yeni-yeni iməkləmək istəyirdi ki, isti su tökülüb ayaqlarını yandırdı (Ə. Vəliyev). Meyvələr yenicə dəyirdi ki, güclü payız küləyi onları yerə tökdü (Ə. Vəliyev). Təzəcə yuxuya getmişdim ki, fişəngin səsinə dik atıldım.
İngilis dilində bu tipdə olan zaman budaq cümlələri baş cümləyə when, whenever, while, as, as soon as, as long as, till, until, after, before, since və s. bağlayıcılar vasitəsilə bağlanır.
Before starting any business, it's a good idea to write a business plan.
After I have finished my grammar exercises, I'll go out.
As soon as I found lost keys, I called the owner of them.
As soon as read, burn this.
Qarşılaşdırılan dillərdə zaman budaq cümləsinin II vəziyyəti baş cümlədən sonra gəlməsidir, yəni postpozitiv mövqedə işlənməsidir. Azərbaycan dilində zaman budaq cümləsi baş cümlədən sonra yerləşir və onun çatışmayan bir üzvü yerinə işlənir, baş cümlə ilə bağlılıq “ki” bağlayıcısı ilə gerçəkləşir. Budaq cümlənin reallaşması baş cümlə əsasında olur. Qeyd edək ki, Azərbaycan dilində bu vəziyyət baş cümlədən sonra işlənən zaman budaq cümləsinin yeganə tipidir.
Baş cümlədə gələn o vaxt, o zaman, onda sözləri həm budaq cümlənin baş cümlə ilə bağlanmasına kömək edir, həm də zaman budaq cümləsinin işlədilməsinə şərait yaradır. Deməli, baş cümlədə zaman zərfliyi var, lakin zərflik o zaman, o vaxt və onda sözlərinin biri ilə ifadə olunduğu üçün, onun məzmunu aydın deyil. Buna görə də həmin zərfliyin qarşılığı kimi, onun məzmununu şərh edən budaq cümlənin işlənməsi lazım gəlir ki, bu da zaman budaq cümləsi olur [5, s. 259].
Bu vəziyyətdə qurulan zaman budaq cümləsinin baş cümləsində bir üzv ellipsisə uğrayır, ancaq onun yerində buraxılan üzvə işarə edən bir “yalançı” üzv qalır (bunlar çox vaxt əvəzliklərdən ibarət olur). Belə üzv isə bir növ buraxılan üzvün “qəlibidir”. Bu “qəlibdən” aydın olur ki, baş cümlədə hansı üzv çatışmır. “Qəlib” adlandırdığımız üzv buraxılan üzvün məzmununu da bildirə bilmir, o yalnız həmin məzmuna işarə edir. Buraxılan üzvün əsl məzmunu isə budaq cümlədə ifadə olunur [5, s. 141-142].
Baş cümlədə aşaıdakı bağlayıcı vasitələr iştirak edir.
1) o zaman sözü baş cümlədə:
Uşaq fikrini o zaman israr etdi ki, onda iş-işdən keçmişdi (danışıq dilində)
2) o vaxt sözü baş cümlədə:
O vaxt yuxudan durdum ki, saat 8-ə işləyirdi (danışıq dilində)
3) onda sözü baş cümlədə:
Onda səninlə razılaşaram ki, Şah dağından ovladığın ceyranlardan birini mənə gətirəsən (M. Süleymanlı)
O zaman, o vaxt, onda bağlayıcı sözləri əvvəl söylənmiş zamana işarə edirsə, bu vəziyyətdə budaq cümlə tələb edilə bilmir. Ə.Abdullayevin fikrinə görə, “o yerdə ki, işin icra zamanı haqqında hələ heç bir şey deyilməmiş və indi həmin zamana işarə edilir, onda işarəni izah etmək üçün budaq cümlə işlədilməlidir” [5, s. 260].
Ə. Abdullayevin fikrinə dayaq üçün aşağıdakı nümunələri veririk:
Onda huşa gəldi ki, həkim başının üstə dayanmışdı (Ə. Vəliyev);
O zaman düzlükdən danışmaq olar ki, bu bəylər zülmü yerə qoysunlar (Ə. Vəliyev).
Bu cümlələrdə bağlayıcı vasitələrin (onda, o zaman) semantikasını şərh etmək zərurəti nəticəsində budaq cümlələr işlənmişdir.
İngilis dilində baş cümləyə görə postpozitiv mövqedə işlənən zaman budaq cümlələri də geniş yayılmışdır. Ümumiyyətlə, ingilis dilində bağlayıcılarla bağlanan zaman budaq cümlələrinin yeri mütəhərrikdir. Yuxarıda prepozitiv mövqedə işlənən zaman budaq cümlələrinin çoxu asanlıqla postpozitiv mövqedə də işlədilə bilər.
It’s a good idea to write a business plan before starting any business
Dostları ilə paylaş: |