Elektron sənəd mübadiləsi xidmətinin təşkili; Bu xidmət oxucu sifarişini uzaq məsafədən yerinə yetirmək, kitabxanalararası elektron sənəd mübadiləsini təmin edir. Elektron sənəd göndərişi «ödənişli» xidmətdir. Kitabxanada düzgün menecment və marketinq siyasəti aparılarsa, bu xidmət nəticəsində kitabxana əlavə gəlir əldə edə bilər. Bundan başqa bu xidmət kitabxana fondunun komplektləşdirmə qıtlığının qarşısını qismən də olsa ala bilər.
Qeyd edək ki, kitabxananın kompüterləşməsi zamanı inzibati-amiranə idarəetmə üsulu yolverilməzdir. Kompüterləşdirmə kitabxanada müasir idarəetmə üsullarının tətbiqini, işçilər üçün müvafiq iş şəraitinin təşkilini, stimullaşdırmanı, düzgün menecment və marketinq siyasətinin həyata keçirilməsini tələb edir. Kompüterləşməyə cəlb olunan bütün əməkdaşlar kompüterləşdirmənin əhəmiyyətini və məsuliyyətini dərk etməlidir.
Kitabxananın kompüterləşdirilməsi kollektiv əmək tələb etdiyindən və informasiyanın dəqiqliyinin zəruri olduğundan işçilər arasında sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşmalıdır. Bu tələbata cavab verməyən işçilər işdən, xüsusilə də informasiya təminatı işindən uzaqlaşdırılmalıdır. Layihə yerinə yetirilərkən hər bir şəxsin konkret vəzifələri müəyyən edilməli və bu vəzifələrin konkret vaxtda yerinə yetirilməsi təmin olunmalıdır. Bu işə xüsusi nəzarət olmalı, bu və ya digər səbəbdən vəzifələr yerinə yetirilmədikdə həmin vəzifələr başqalarına həvalə olunmalıdır (müvəqqəti və uzun müddətli). Buna görə işçilərin «daha geniş» ixtisaslaşmaya sahib olmasına xüsusi fikir verilməlidir. Kompüterləşdirmənin müsbət nəticələnməsi üçün nizam-intizama əməl olunmasına xüsusi fikir verilməlidir.