Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə66/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
14.4 .Yazı təlimi

Yazının ictimai mahiyyəti: Yazı qrafik işarələr sistemidir. O, ən mühüm ünsiyyət vasitələrindən biridir. Yazı insanların əldə etdiyi ən böyük mədəni nailiyyətdir. İnsanlar öz fikirlərini başqalarına çatdırmaqda yazıdan geniş istifadə etmişlər. Məhz yazının köməyi ilə insanlar tarixin yetişdirdiyi böyük sənətkarların və dühaların nəzəriyyələri ilə silahlanmağa başladılar. Beləliklə, yazı insanların mənəvi inkişafında çox böyük əhəmiyyət kəsb etdi. Yazı bəşəriyyət tarixinin hər bir pilləsində böyük xidmət və rola malikdir:

  1. İnsanın maddi aləmlə bağlı bilik və təcrübəsini başqalarına olduğu kimi çatdırmasının ən mühüm vasitəsi tarixən yazı olmuşdur və indi də olmaqdadır. Yazının imkanları ünsiyyətin digər vasitələrinə (şifahi nitqin ifadə vasitələrinə) nisbətən daha genişdir.

  2. Elm və texnikanın, mədəniyyətin və s. inkişafında yazı misilsiz xidmətlərə malikdir. O, dünyada olan bütün nəsillər və eləcə də millətlər arasında körpü rolunu oynamış, onların qarşılıqlı yaxınlaşmasına, mədəniyyətinin inkişafına güclü təkan vermişdir.

  3. Xalqın savadlı olması, elm və mədəniyyəti yazı ilə bağlıdır. Yazısız və yazının ümumiləşmədiyi bir xalqda fikrin inkişafı son dərəcə zəif olur. Onun tarixi, soykökü, inkişafı haqqında düşünmək artıqdır.

  4. Yazı insanların dünyaya və cəmiyyətə olan baxışlarını formalaşdırır, kainatı dərk etmələrinə kömək göstərir, maddi və mənəvi dəyərlərin, mədəni irsinin qorunub saxlanılmasını, mühafizə olunmasını təmin edir. O, insan mədəniyyətini cəmiyyətdən cəmiyyətə yetirən, cəmiyyətlərin inkişaf tarixini özündə əks etdirən qırılmaz bir bağdır.

  5. Yazı ictimailəşdirici xarakter daşıyır. O, insanların və eləcə də millətlərin elmi və mədəni əlaqələrini sıxlaşdıran, ortaqlaşdıran vasitədir. Bu vasitə ilə hər bir yeni kəşf, ixtira az bir zamanda bütün insanların ortaq malına çevrilir. Beynəlmiləl xarakter daşıyan yazı bütün millətləri və xalqları bir-biri ilə əlaqələndirir.

  6. Yazı keçmişlə, bu günlə qapanıb qalmır, o eyni zamanda toplanmış maddi və mənəvi sərvətləri gələcək nəsillərə ötürməyə imkan verir.

Gözəl xəttə yiyələnmək kalliqrafiya qaydalarını gözləmək əmək mədəniyyəti vərdişlərinin tərbiyəsinə təsir göstərir. Şagirdlər həm təlim əməyini, həm də digər əmək tapşırıqlarını təmiz, dəqiq yerinə yetirməyə alışırlar. Kalliqrafik qaydalara əməl edilməsi kiçikyaşlı məktəblilərin estetik zövqünün, intellektual, iradi keyfiyyətlərinin mühüm vasitəsi rolunu oynayır.

Yazı təliminə başlayan uşaq üçün yazı sirli bir aləmdir. Bu, zehni və hərəki proses olmaqla şagirdlərdən möhkəm və dəqiq əl hərəkətləri tələb edir. Buna baxmayaraq, onlarda yazı vərdişləri dərsdən-dərsə tədricən yaranır. Başqa sözlə, əl yazısı işarələrinin təsviri kimi gərgin prosesin avtomatlaşmış prosesə çevrilməsi başlanır.

Şagirdlərdə gözəl xəttin formalaşmasında Azərbaycan dili fənni aparıcı mövqe tutur. 4 məlum məzmun xəttindən ibarət olan ana dili kurikulumunun 3-cü məzmun xətti yazıdır. I sinifdə əsas məqsəd uşaqlarda yazı texnikasının formalaşdırılması və inkişafıdır. I sinif ana dili kurikulumunun aşağıdakı alt standartlarında deyilir:

3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.

3.1.2. Hərfləri kalliqrafik cəhətdən düzgün yazır və bitişdirir.

Əlifba mərhələsinin sonunda şagird ana dili kurikulumunda təsbit olunmuş yazı məzmun xətti üzrə aşağıdakı bacarıqlara malik olur:

-Oxuduğu sözləri, cümlələri, kiçikhəcmli mətnləri və əzbər bildiyi kiçik şeir parçalarını yazıya köçürür.

Müasir şəraitdə savadlı yazıya, gözəl xəttə yiyələnmək böyük didaktik əhəmiyyət kəsb edir. Bu işin əsası ibtidai siniflərdə qoyulur. I sinifdə hər gün dərsin 12-15 dəqiqəsi yeni hərfin düzgün yazı qaydasının öyrədilməsinə ayrılır.

Yazı hərəki prosesdir. Onda müxtəlif əməliyyatın bütöv bir kompleksi birləşir. Səslə hərf, yazının qrafik obrazı ilə onun yazılışı üçün əl hərəkəti arasında müəyyən əlaqələr yaranır. (L.M.Şvarts).

Şagirdlər həm zehni, həm də oxudan fərqli fəaliyyət göstərirlər. Onlar ilk dəfə yazacağı səsi əvvəl eşidir, onu bir neçə dəfə dodaqaltı təkrarlayır, onun qrafik obrazı ilə yazılı forması arasındakı fərqi təsəvvürlərində bir daha yenidən canlandırır, götür-qoy edir, tutuşdurur, sonra dəftərlərinə yazmalı olurlar. İlk günlər bu proses çox ləng gedir, məktəblilər hərfin ayrı-ayrı elementlərini görməkdə, onları birləşdirməkdə çətinlik çəkirlər.

Yazılışı sadə hərflərdən mürəkkəb hərflərə doğru olan belə gediş (didaktikanın sadədən mürəkkəbə prinsipi) hərflərin yazılışını sürətləndirir, şagirdlərdə tədricən vərdiş halına keçir. Məlumdur ki, məktəblilərlə hər bir oxu məşğələsində kəsmə əlifba ilə düzüm lövhəsində sözlərin yazılması, onların heca və hərflərə ayrılması, sonra da tərkib halında birləşdirilməsi üzrə iş gedir.

Bu iş bir tərəfdən şagirdlərdə oxu vərdişlərinin inkişafına, digər tərəfdən də yazı bacarıqlarının yaranmasına kömək göstərir. Bu prosesdə uşaqlar hərflərin əl yazısı ilə tanış olurlar. Sözlərin düzgün yazılışı üçün hər bir hərf sirli bir aləmdir. Şagird bütün diqqətini, iradəsini, bacarığını səfərbərliyə alır, hərfin ayrı-ayrı elementlərini yazmağa, onları birləşdirməyə, dəftərlərin damalarında düzgün yerləşdirməyə çalışır. Təcrübə göstərir ki, məktəblilərdə keyfiyyətli, səliqəli, sürətli yazı vərdişləri yaratmaq üçün, ən əvvəl onları bu işə yaxşı hazırlamaq lazımdır. Düzgün əyləşmək, qələmi düzgün saxlamaq, dəftəri tələb olunan qaydada qoymaq, onu tədricən irəli itələmək və s. məlumatlar verilməlidir.



Əlifba təliminə hazırlıq üçün nəzərdə tutulur. Bu dövrdə uşaqlar şəkil və naxışlar, müxtəlif həndəsi fiqurlar çəkir, sadə elementlər, düz xətt, aşağı hissəsi dairələnən xətt, aşağı və yuxarı hissəsi dairələnən xətt, yuxarı hissəsi dairələnən xətt, bir-birinə nazik millərlə bərkidilmiş xətlər, ovallar və s. üzrə məşq edirlər.

Şagirdlərə özündə hərflərin elementlərini daşıyan bəzi əşyaların şəkillərini çəkdirmək olar: yumurta, karandaş, dəftər, kəpənək, top, stol, stul, gilas və s. Şagirdlər bunları rəsm albomunda çəkirlər. Bu zaman əlin yuxarı, aşağı, sağa və sola hərəkəti təmin edilir. Bundan sonra ştrixlərin çəkilməsinə başlanılır. Yazının keyfiyyətinin yaxşı olması üçün yazı ləvazimatının düzgün seçilməsinə də xüsusi diqqət vermək lazımdır. Hər şagird yazıya tünd bənövşəyi rəngli qələmlə və kağızı zəif sarı çalara malik ağ rəngli, ikimil seyrək torlu dəftərdə başlayır. Kağızı həddindən artıq ağ rəngli olan dəftərlər uşaqların gözlərini qamaşdırır. Bəzən birincilər içərisində elə şagirdlərə də təsadüf edilir ki, onlar təkcızıq dəftərdə yazmağa başlayırlar. Əsasən belə uşaqlar məktəbəqədər hazırlıq keçmiş şagirdlər olur. Bu cür şagirdlərin qazandıqları vərdişləri başqası ilə əvəz etməyə ehtiyac yoxdur.

Beləliklə, onlar biləyi, barmaqları möhkəmlətmək və əli düzgün hərəkət etdirmək üzrə fəaliyyət göstərirlər.

Əlifba təlimi dövründə uşaqlar artıq hərfləri yazmalı olurlar. Yazı məşğələlərinin ilk mərhələsində hər bir əməliyyat ayrıca fəaliyyət hesab olunur: uşaq sözü eşidir, onu ucadan və ya dodaqaltı deyir, hər bir səsin hansı hərflə ifadə olunduğunu yada salır. Şagirdlərin yazacaqları sözü təhlil etmələri, sonra səsləri hecalarda və hecaları sözdə birləşdirmələri yazı prosesini oxuya yaxınlaşdırır. Buna baxmayaraq, yazının sürəti oxunun sürətindən geri qalır. Kəsmə əlifba iş prosesində hazır hərflərin əsasında ilkin yazı vərdişləri yaranır. Onlar hərflərin ifadə etdikləri səsləri eşidir, onun çap hərfini götürür, onları kəsmə əlifbanın köməyi ilə müxtəlif hecalarda birləşdirirlər. Beləliklə, məktəblilər yeni keçilmiş hərfi bütövlükdə dərk edirlər. Kəsmə əlifba ilə iş prosesində hazır hərflərin əsasında ilkin yazı vərdişləri yaranır. Yazı məşğələsində isə onlar öyrəndikləri hərflərin yazılış forması ilə tanış olurlar. Bu zaman müəllim yeni keçilmiş hərfi bütövlükdə yazı taxtasına yazır. Şagirdlər onu diqqətlə müşahidə edirlər. Sonra müəllim həmin hərfin ayrı-ayrı elementlərini uşaqlara göstərir və yazı lövhəsində həmin elementləri qeyd edir, izahını verir. Hərfin digər elementləri üzərində də belə iş gedir. Nəhayət, yenidən hərf bütöv bir varlıq kimi yazı taxtasında izah oluna-oluna yazılır. İşin gedişində başa salınır ki, hər bir hərf müəyyən elementlərdən ibarətdir.

Uşaq yeni öyrəndiyi hərfdən bir neçəsini yazdıqdan sonra onu müxtəlif sözlərin tərkibində işlədir, digər hərflərlə birləşdirməyə çalışır. Əlifba təliminin ilkin mərhələsində şagirdlərə təqdim olunan sadə hərf və sözlər ikinci, üçüncü mərhələdə getdikcə mürəkkəbləşir. Onlar tədricən üzündənköçürmədən yaradıcı köçürməyə gedirlər. Müəllim sözlərdə müəyyən hərf buraxır, əvəzində nöqtələr qoyur, məktəblilər sözü köçürür və buraxılmış hərfi nöqtələrin yerinə artırırlar.

Yaxud müəllim müəyyən sözləri lövhəyə yazır, müvafiq hərflərin altından xətt çəkir və şagirdlərə həmin hərflərin əvəzinə başqasını yazmağı tapşırır. Bu prosesdə məktəblilər həm nəzərdə tutulmuş hərfləri yaddaşa əsasən yazmağı öyrənir, həm də hər bir hərfi dəyişməklə yeni bir sözün əmələ gəlməsini anlayırlar. Əlifba təliminin əvvəllərində işin belə təşkili mexaniki üzündən- köçürmənin qarşısını alır, uşaqları şüurlu fəaliyyət göstərməyə alışdırır. Onlar ilkin vərdişlərə yiyələndikcə işin xarakteri də bir qədər mürəkkəbləşir. Üzündənköçürmədən, tədricən yaddaşa əsasən, imla yazmağa doğru gedirlər.

“Sözün həqiqi səs təhlili uşağın xüsusi fəal fəaliyyəti prosesində eşitdiyini dəqiqləşdirmə ilə başlayır.” (A.Abdullayev)

“Əgər şagird yazı zamanı sözü dodaqaltı necə demək üzrə məşq etməzsə, o, sözləri hərf-hərf deyəcəkdir. Bu isə, adətən yazıda ciddi səhvlərə yol açır, hərfburaxma, xüsusilə saitləri buraxma halları ilə nəticələnir. Bu vərdiş uzun müddət davam edir” (L.K.Nazarova)

Ola bilər ki, müəllim şagirdlərə növbə ilə müxtəlif əşya şəkilləri təqdim etsin. Yazı lövhəsində isə şəkillərin adlarındakı hərflərin sayı qədər damalar çəksin, onlara aydınlaşdırsın ki, yazı taxtasındakı damaların hər biri şəklin altındakı hərfləri göstərir. Müəllim sinfə müraciətlə deyir: “Siz damalar əsasında dəftərinizdə şəklin adını yazın”. Məktəblilər şəkillərin adlarını dodaqaltı bir neçə dəfə tələffüz edə-edə səs və hərfləri, onların ardıcıllığını, yerini müəyyənləşdirir, sonra dəftərlərinə yazırlar. Onlar bu sahədə məşq etdikdən sonra müəllim əşya şəkillərinin adlarındakı hecaların sayı qədər damalar verə bilər. Beləliklə, şagirdlər yalnız yazılışına əsasən sözləri deyil, eyni zamanda tələffüzü ilə yazılışı arasında fərq olan sözləri də yazmağı öyrənirlər. Lakin burada sözlərin və cümlələrin seçilməsində ehtiyatlı hərəkət etmək lazımdır. Aparılan müşahidələr göstərir ki, uşaqlar üç-dörd, bəzən də iki hecalı sözləri görüş dairələrində yerləşdirməyi bacarmırlar. Çox zaman yazarkən bu səbəbdən də səhvə yol verirlər. Ona görə də müəllim ola bilər ki, çoxhecalı sözlərin şəklini göstərməklə, yazı lövhəsində onların adlarını əks etdirən hərflərin sayı qədər dama ayırsın. Məsələn, “ördək” şəkli uşaqlara göstərilir, yazı taxtasında damalar çəkilir. Məktəblilər ördəyin şəklinə baxıb onun adını bir neçə dəfə dodaqaltı təkrarlayır, səs-hərf tərkibini müəyyənləşdirir, hər damanın əvəzində bir hərf yazırlar. Bu prosesdə şagirdlər sözün səs-hərf tərkibini, onların ardıcıllığını müstəqil müəyyənləşdirir, həm də damalar sözdəki hərflərin sayını onlara diktə edir, hər bir hərfin tapılması üçün müəyyən fraza yaradır. Məktəblilər əməliyyatı düzgün yerinə yetirmədikdə qabaqcıllardan bir neçəsi həmin sözü düzüm lövhəsində kəsmə əlifba ilə düzür, heca və səslərə ayırır, hər səsi heca, hecaları isə söz içərisində birləşdirirlər. Qalan uşaqlar isə həmin sözün üzünü köçürürlər.

Təsadüfi materialların seçilməsinə yol verilməməlidir. Əlifba təliminin sonlarında şagirdlər təbii olaraq, qoşasamitli (səkkiz, doqquz, müəllim, mürəbbə və s.) sözləri yazmağı bacarmalıdırlar. Savad təlimi dövründə əvvəllər yalnız hecalar, tək-tək sadə sözlər müəllimin diktəsinə əsasən yazılırsa, ilin sonunda məktəblilər “Aydın gələcək”, “Səlimə səliqəli yazır”, “Selcan mahnı oxudu”, “Banu şəkil çəkir” kimi cümlələri yazmağı bacarmalıdırlar.

Beləliklə, savad təliminin sonunda 15-20 sözdən ibarət imla yazdırmaq mümkün olur. Savad təliminin birinci günündən oxu təlimi yazı təlimi ilə paralel gedir. Yazı ləvazimatı ilə tanışlıq, qaməti düzgün saxlamaq, partada düzgün əyləşmək, dəftəri düzgün (sol tərəfə maili) qoymaq, yazarkən qələmi düzgün tutmaq, barmaq və bilək əzələlərini möhkəmləndirmək, yazının gigiyenasına verilən tələblərə əməl etməyi öyrətmək üzrə iş aparılır.

Gözəyarılığı inkişaf etdirmək üçün ştrixləmə, cizgilərin bitişdirilməsi, əlin fasiləsiz hərəkəti ilə bördürlərin, naxışların çəkilməsi, rənglənməsi, hərflərin elementlərinin yazılması, sonralar isə hərflərin kalliqrafiya normalarına uyğun şəkildə yazılması, onların bitişdirilməsi üzrə iş gedir.

Bununla yanaşı, tədricən tələffüzü ilə yazılışı arasında fərq olmayan sözlərin, belə sözlərdən ibarət ifadə, cümlə və kiçikhəcmli mətnlərin (çap və əlyazısı ilə təqdim olunmuş nümunələrin) üzündən köçürülməsi üzrə iş aparılır.

Sоnralаr yazı dərslərində yazılışı tələffüzündən fərqlənməyən sözlərdən tərtib olunmuş cümlələrin, mətnlərin (əl yazısı və çap şəklində) üzündən köçürülməsi və müəllimin diktəsinə əsasən yazılması üzərində iş gedir.

Ayrı-ayrı söz və cümlələrin sürətlə, ritmlə yazılması, müəllimin diktəsi ilə kiçikhəcmli (ən çoxu 35 söz) kalliqrafik imlaların yazılması üzrə iş aparılır.

Əzbərlənmiş şeirdən bir parçanın sərbəst yazılması aparılır. Yazının sürətinin artırılması (sürətin artırılması yazının gözəlliyinə və məzmununa xətər yetirməməlidir); dəqiqədə 30-35 işarənin yazılması üzərində iş aparılır.

Yazılışı çətin sözlər üzərində iş gedir : ağac, anbar, armud, avqust, avtobus, avtomobil, Azərbaycan, bıçaq, bostan, bulud, camaat, ciyər, çəllək, dəllək, dəftər, dəstə, dirsək, diqqət, doqquz, dostluq, dovğa, dovşan, düymə, ton, kənd, qanad, qəzet, qüvvətli, lampa, ləzzətli, metr, müəllim, pambıq, pəncərə, sabun, samovar, səkkiz, söyüd, süd, sünbül, tabaşir, tapmaca, tənəffüs, təyyarə, ünvan, vağzal, vaqon, yeddi, yeşik, zanbaq.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin