Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Yalnız bu mühazirəyə aid ədəbiyyat



Yüklə 1,54 Mb.
səhifə39/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   68
Yalnız bu mühazirəyə aid ədəbiyyat:

1. I sinif ücün “Azərbaycan dili” dərsliyi , iş dəftəri və “Müəllim ücün metodik vəsait”

2. II sinif ücün”Azərbaycan dili” dərsliyi, iş dəftəri və “Müəllim ücün metodik vəsait”

3. III sinif ücün”Azərbaycan dili”dərsliyi, iş dəftəri və “Müəllim ücün metodik vəsait”

4. IV sinif ücün”Azərbaycan dili”dərsliyi, iş dəftəri və “Müəllim ücün metodik vəsait”

Mühazirə 9: Ana dili üzrə proqram materiallarının planlaşdırılması.

Plan:


    1. Ana dili üzrə proqram materiallarının planlaşdırılması.

    2. Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar

9.1Ana dili üzrə proqram materiallarının planlaşdırılması.

Təlim prosesinin səmərəli təşkili onun düşünülmüş şəkildə və dəqiq planlaşdırılmasından çox asılıdır. Ana dili üzrə işin planlaşdırılmasının əsasında tədris planı və proqram durur. Hər bir sinif üzrə fənlər və onların tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarı tədris planında göstərilir. Onun əsasında tərtib olunmuş proqramda isə fənnin məzmunu verilir.



Proqramda məzmun bölmələr, iri mövzular şəklində təqdim olunur, hər bir bölmənin və iri mövzunun tədrisi üçün nəzərdə tutulmuş saatlar göstərilir. Müəllim saatlar dairəsində konkret mövzular üzrə planlaşdırma aparır. Adətən, planlaşdırma proqram materialının saatlar üzrə bölgüsündən ibarət olur. Belə bir bölgü ona görə aparılır ki, müəllim hansı bölməyə neçə saat sərf edəcəyini, hər bir saatda hansı işləri görəcəyini unutmasın, ardıcıllığı, ümumi tarazlığı gözləyə bilsin. Ana dili proqramı hər bir sinifdə şagirdlərə həmin fənn üzrə veriləcək bilik, bacarıq və vərdişlərin məzmununu və həcmini, həmçinin onların tədris illəri üzrə bölgüsünü müəyyənləşdirən sənəddir.

Ana dili proqramı dedikdə, savad təlimi, hüsnxət, oxu təlimi, Azərbaycan dili və bütövlükdə nitq inkişafı üzrə proqramlar nəzərdə tutulur.

Təlim fənlərinin əsası olan ana dilinin tədrisi düzgün planlaşdırılmazsa, onun mənimsənilməsinə, ümumiyyətlə, tədris prosesinin təşkilində uğurlara nail olmaq çətindir. Ana dili fənni inteqrativ xarakterə malik olduğu kimi, “ana dili” anlayışına da bir ünsiyyət vasitəsi kimi doğma dilimiz, nitq inkişafı, savad təlimi (oxu texnikası, kalliqrafik vərdişlər), hüsnxət, sinif oxusu, sinifdənxaric oxu, Azərbaycan dilinin qrammatikası və s. daxildir. Hər bir sinif üzrə proqram materialları planlaşdırılarkən bu sahələrdən bir neçəsi, üstəlik onların bölmələri nəzərə alınmalıdır. Belə ki, ilin fəsilləri, ədəbi və elmi-idraki mətnlər, milli bayramlar, tarixi günlər, xatirə günləri, müşahidə, əşya dərsləri, ekskursiyalar, təcrübələr, yazının növləri (üzündənköçürmə, əzbər, öyrədici və yoxlama imlalar, ifadələr, inşalar) və s. materialların hər biri yerini tapmalıdır.



İllik planlaşdırmanın yaradılması müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Planlaşdırmanın əsas məqsədlərini müəyyənləşdirmək və onlara nail olmaq müəllimlərin fəaliyyət istiqamətidir. İllik proqramlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimi olmalıdır:

1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək;

2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. Tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı (asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq (əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur;

3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq. Tədris vahidləri üçün dərs bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının ümumi sayı nəzərə alınır. Hər tədris vahidinə onun əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından vaxt ayrılır;

4. Hər bir halda şagird maraqlarını nəzərə almaq.

Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan mövzuların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə reallaşdırılacaq məzmun standarları (alt standartlar) seçilir, istifadə olunacaq mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.

İllik planlaşdırma əsasında müəllim fərdi olaraq gündəlik və həftəlik dərs planlaşdırması tərtib edir. Proqram və dərsliyi mükəmməl bilən, sinfə gözəl bələd olan müəllim tədris materialını müstəqil planlaşdırmalıdır.



1.Savad təlimi –üzrə planlaşdırma aparan müəllimlərin işi bir qədər asandır. Müəllim üçün hər hərfin öyrədilməsinə 4 saat nəzərdə tutulduğunu bilmək demək olar ki, kifayətdir.

Savad təlimi 3 dövrə ayrılır. Əlifba təliminə hazırlıq adlanan birinci dövr dörd həftə yarım davam edir. Həmin dövrdə həftədə 5 saat fonematik təhlilin köməyi ilə uşaqları ilkin oxu texnikasına hazırlamağa, həftədə 4 saat onların əlini yazıya hazırlamağa, həm də sadə elementləri yazdırmağa, 1 saat ətraf aləmlə tanışlığa həsr olunur.

İkinci dövr əlifba təlimi dövrüdür. Bu dövrdə də hazırlıq dövründəki bölgü qüvvədə qalır. Beləliklə, şagirdlər bir həftə ərzində 2 hərfi öyrənirlər. Dərslikdə hər bir hərfə iki səhifə həsr olunmuşdur. Şagirdlər hər gün birinci dərsdə hərflə (səslə) tanış olur, ona həsr olunmuş birinci səhifəni oxuyurlar. İkinci dərsdə onlar həmin səsin yazıdakı işarəsini - kiçik hərfi yazmaq üzrə məşq edirlər. Səhəri gün birinci dərsdə dərslikdə həmin hərfə (səsə) həsr olunmuş ikinci səhifə oxunur, növbəti saatlarda isə hərfin böyüyünün yazılması üzrə məşq etdirilir.

Şagirdlər bu və ya digər hərfi mənimsəyə bilmirlərsə, oxumaqda çətinlik çəkirlərsə, müəllim onun möhkəmlənməsinə əlavə vaxt verməlidir. Belə halların hesabına əlifba təlimi dövrü fevralın axırlarına, hətta martın ortalarınadək uzadıla bilər.

Savad təliminin üçüncü mərhələsi əlifba təlimindən sonrakı dövrdür. Bu dövrün başlıca vəzifəsi oxumaq və yazmaq texnikasını təkmilləşdirmək olduğundan planlaşdırmada müəllim sinfin səviyyəsini nəzərə almalıdır. Əgər əlifba təlimi dövründə iş normal getmiş və uşaqlar oxumağı və yazmağı öyrənmişlərsə, əlifba təlimindən sonrakı dövrdə həftədə 5 saat dərsliyin axırındakı mətnlərin oxunması üçün, 1 saat ətraf aləmlə tanışlıq, 3 saat yazı (üzdənköçürmə), 1 saat hüsnxət üçün ayrılır. Əgər əlifba təlimi dövrü normal getməyibsə, hərflərin öyrədilməsini əvvəl olduğu kimi davam etdirmək məsləhət görülür.

I sinifdə Azərbaycan dilinin həftədə 9 saat olmaqla 31 həftə, yəni 279 saat ərzində tədrisi nəzərdə tutulur. Hər bir tədris mərhələsi dərslikdə əks olunmuş müəyyən bir bölməyə (mövzuya) uyğun gəlməlidir.

Azərbaycan əlifbasına daxil olan 32 hərf səkkizliklərə bölünmüş, hər səkkiz hərfin tədrisi üçün 36 saat, yəni bir dərs ayı ayrılmışdır.

Hər bir hərfin öyrənilməsinin birinci saatı fəal (interaktiv) təlimə əsaslanaraq mərhələ-mərhələ açıqlanmış, 2-ci saatı isə müəllimlərin yaradıcılığına imkan yaratmaq üçün addımlar şəklində planlaşdırılmışdır. Həftə ərzində oxuya verilən 5-ci saat keçilən mövzuların təkrarı üzrə ümumiləşdirici dərs kimi verilir.

Hərflərin tanıdılması dövründə hər hərfə 4 saat (2 qoşa saat) ayrıldığından şərti dərs həftəsi ərzində 2 hərfin tədrisi nəzərdə tutulur. 9-cu saat həftə ərzində öyrədilən 2 hərf üzrə təkrara həsr olunur.

Planlaşdırmanın bu cür aparılması hər bir yeni hərfin tədrisinin 1-ci gündən başlanmasını nəzərdə tutur. Hərf təlimindən sonrakı bölmələrdə də planlaşdırma 9 saatdan (2+2+2+2+1) ibarət şərti dərs həftələri üzrə aparılır. Lakin dərslik 4 il müddətində istifadə edildiyindən hər il üçün təqvim planının MMV-də verilən ümumi planlaşdırmaya uyğunlaşdırılması müəllimlərin öhdəsinə buraxılır.

Savad təlimi dövrü planlaşdırılarkən həftənin IV gününü (cümə axşamını) yüngülləşdirilmiş gün kimi təşkil etmək lazımdır. Bu məqsədlə həmin günə ətraf aləmlə tanışlıq, fiziki tərbiyə məşğələləri daxil edilməlidir. Bu, həmin gün şagirdlərin sinfə daxil olmadan vaxtlarının açıq havada keçirilmələrinə imkan verir. Belə yüngülləşdirilmiş gün həftənin ortasında uşaqların istirahətini təmin edir. Həftənin ikinci gününə yazı məşğələsi salınmır. Hüsnxətin III günə salınması məsləhət görülür. Sinifdənxaric oxuya və rabitəli nitqin inkişafına xüsusi saatın ayrılması məsləhət görülmür. Lazım gəldikdə oxu dərslərinin 8-10 dəqiqəsini bu işə həsr etmək mümkündür.

2. Oxu təlimi - oxu proqramında öyrədilməsi nəzərdə tutulmuş materiallar planlaşdırılarkən ilk növbədə fəsli- tematik prinsip əsas götürülməlidir. Belə ki, hər fəslin girməsinə bir neçə gün qalmış həmin fəslə dair mətnlərin oxunmasına başlanmalı, fəslin gəlməsi ilə əlaqədar baş verən dəyişikliklər, mühüm hadisələr üzərində müşahidələr təşkil olunmalıdır. I-III siniflərdə ətraf aləmlə tanışlığın oxu dərsləri ilə inteqrasiya şəraitində tədrisi bunu xüsusilə tələb edir.

Proqramda ayrı-ayrı mövzular üçün nəzərdə tutulmuş saatlar təxminidir. Yerli şəraitdən asılı olaraq müəllim saatları artırıb-əksildə bilər: məsələn, “Payız” mövzusu keçilərkən kənd şəraitində payızın əlamətləri, payızda insanların əməyi mövzusunda əşya dərsi keçmək, praktik işlər görmək imkanı olduğundan bir neçə saat artırmaq, payıza dair gözəl ədəbi parçaların geniş bədii təhlilini aparmaq mümkündür. Bəzən ətraf aləmlə tanışlıq, təbiətşünaslıq, əmək təlimi üzrə ekskursiyalar birləşdirilir. Ekskursiya, müşahidə və əşya dərsləri ətraf aləmlə tanışlıq fənninin tələblərinə və fəslin qanunauyğunluqlarına müvafiq planlaşdırılmalıdır. Nitq inkişafı üzrə işi Azərbaycan dilinin tədrisi ilə əlaqələndirmək lüğət işini səmərəli təşkil etməyə, inşaları daha hazırlıqlı və məzmunlu aparmağa geniş imkanlar açır.

Tematik bölgüdə hər bir böyük mövzu-bölmə keçilib başa çatdıqdan sonra ümumiləşdirici dərsin planlaşdırılması məsləhət görülür.

Ənənəvi olaraq hər dərs həftəsinin (10 dərs) sonunda, adətən, sinifdənxaric oxu dərsi keçilir. Hər mərhələnin (bölmənin) sonuncu 2 dərsin (39-cu və 40-cı dərslər) mikrosummativ qiymətləndirməyə ayrıldığından, bir dərs ayı üçün 3 sinifdənxaric oxu dərsi nəzərdə tutulmuşdur (il ərzində cəmi 24 dərs).

Sinifdənxaric oxunun yekunlaşdırılmasına həsr olunmuş dərslər I-II siniflərdə hər həftə, III-IV siniflərdə isə iki həftədən bir salınmalıdır.

3. Azərbaycan dilinin tədrisi - Azərbaycan dili üzrə materialları planlaşdırarkən müəllim xüsusilə diqqətli olmalıdır. Azərbaycan dili fonetika, qrammatika (morfoloğiya, sintaksis), yazı qaydaları və nitq inkişafı üzrə materialı əhatə edir. Digər tərəfdən Azərbaycan dilinin tədrisində dərslikdəki böyük mövzu üçün (məsələn, “İsim” mövzusu üçün) verilmiş çalışmaları bir-biri ilə bağlılığına, məzmun bütövlüyünə, birinin digərini tamamlamasına, ağırlıq səviyyəsinə görə bölüşdürmək, şifahi və yazılı çalışmaları düzgün növbələşdirmək, uşaqların evdə yerinə yetirmələri üçün daha münasib çalışmanı müəyyənləşdirmək tələb olunur.

Yazılı çalışmaların düzgün planlaşdırılması müəllimdən xüsusi ustalıq tələb edir. Mövzunu keçərkən müəllim hansı mərhələdə üzündənköçürmə yazılar, hansı mərhələdə görmə, xəbərdarlıqlı, izahlı imlalar, hansı mərhələdə yoxlama imlalar verəcəyini aydın təsəvvür etməlidir.

Qrammatika, yazı qaydaları və nitq inişafı üzrə iş elə planlaşdırılmalıdır ki, hər bir dərsdə dilin ayrı-ayrı sahələri (o cümlədən, fonetika, orfoepiya, leksika, morfologiya, sintaksis, söz yaradıcılığı, orfoqrafiya, punktuasiya, üslubiyyat və s.) qarşılıqlı əlaqədə öyrədilsin.

Azərbaycan dilinin (ümumiyyətlə, ana dilinin) tədrisinin başlıca məqsədi nitq inkişafı olduğundan planlaşdırma apararkən müəllim hər bir dərsdə nitq mədəniyyətinin müxtəlif cəhətlərini (səs mədəniyyəti, orfoepik tələffüz, düzgün vurğu, lüğətin zənginləşdirilməsi, genişləndirilməsi, dəqiqliyi, təmizliyi, sözə diqqətlilik, konteksdən, məqsəddən asılı olaraq lazımi sözü seçmə bacarığı, fikri aydın, sərrast, obrazlı ifadə etmək, cümləni düzgün qurmaq, onu genişləndirmək, eyni bir fikri neçə cür vermək, monoloji nitqdən istifadə etmək bacarığı və s.) nəzərə alınmalıdır. Tematik planlaşdırma mövzu ilə əlaqədar lazım ola biləcək sxemləri, cədvəlləri, kartoçkaları, digər didaktik materialları əvvəlcədən hazırlamağa, texniki vasitələrdən istifadə etmək hallarını müəyyənləşdirməyə imkan verir.






Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin