Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Yalnız bu mühazirəyə aid ədəbiyyat



Yüklə 1,54 Mb.
səhifə52/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   68
Yalnız bu mühazirəyə aid ədəbiyyat:

1.YŞ.Kərimov “Ana dilinin tədrisi metodikası”. Bakı, 2010

2. . I sinif ücün “Azərbaycan dili” dərsliyi , iş dəftəri və “Müəllim ücün metodik vəsait” Bakı,2012

3. Ş.Z.Nəbiyeva “Ana dili dərslərində şagirdləri fəallaşdıran tapşırıqlar” Bakı, 2010



Mühazirə 13: Əlifba təlimindən sonrakı dövr

Bu dövrdə aşağıdakı ümumi məqsədlər qarşıya qoyulub:



  • Şagirdləri ətraf aləmdə olan cisim və hadisələrlə tanış etmək.

  • Şagirdlərə mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq.

  • Şagirdlərə vətənə, ailəyə məhəbbət hissləri aşılamaq.

  • Şagirdlərdə ədəbiyyata, mütaliəyə həvəs oyatmaq.

  • Şagirdlərə təbiətə sevgi, ekologiyaya qayğı hisslərini aşılamaq.

Hərf təlimi dövründə şüurlu və sürətli oxu vərdişlərini və mədəniyyətini inkişaf etdirmək üçün müasir proqramın tələblərinə cavab verən yeni tipli dərslərin keçirilməsinə ehtiyac duyulur. Bu məqsədlə şagirdlərə dil üslubu və yazı qaydalarına dair verilən bilik, bacarıq və vərdişlərinin şüurlu mənimsədilməsinin böyük əhəmiyyəti var. Bu, şagirdlərin təfəkkürünü, yaradıcı təxəyyülünü inkişaf etdirir, onlarda Azərbaycan dilinə olan marağı bir daha artırır.

Bu dövrdə şagirdlərin oxu və yazı texnikası təkmilləşdirilir. Şagirdlər oxu dərsliyi üzrə, kiçikhəcmli bədii parçaların oxusu üzrə məşq etməklə, daha irihəcmli və mürəkkəb mətnləri oxumağa hazırlaşırlar. Gümanla oxu, hərf buraxma, heca buraxma, hərf əlavə etmə, heca əlavə etmə, hərflərin, hecaların yerini dəyişmə, oxu prosesində tələsmə, yersiz təkrara yol vermə və s. halların aradan qaldırılmasına xüsusi diqqət yetirilir.

Şagirdlərin oxu sürətinin artırılmasına diqqət yetirilir, lakin bu zaman oxunun düzgünlüyünə, dəqiqliyinə xüsusi diqqət yetirilməlidir. Oxunmuş mətnin şüurlu mənimsənilməsi üçün uşaqların nitqinin inkişaf etdirilməsinin qayğısına qalmaq lazımdır. Onların nitqi nə qədər inkişaf edərsə, oxu texnikası da o qədər təkmilləşər.

Şüurlu oxu bacarığı ilə uşaqlarda mütaliə vərdişi formalaşdırılır. Bu isə öz növbəsində aşağıdakı bilik və bacarıqların inkişafına yol açır:

*söz ehtiyatının zənginləşdirilməsi;

*nitq mədəniyyətinin formslaşdırılması və inkişafı (orfoqrafik normalarla tanışlıq, sözlərin məna çalarlarını anlamaq və yerli-yerində işlətmək və s.);

*əldə edilən bilik və məlumatların sistemləşdirilməsi və analitik təfəkkürün inkişafı (hekayə xəritəsinin tərtibi);

*tənqidi təfəkkürün inkişafı, şəxsi və sosial dəyərləri qiymətləndirmə (hadisə və qəhrəmanlara münasibətin bildirilməsi);

*yaradıcı təfəkkürün inkişafı (“Mən qəhrəmanın yerinə olsaydım nə edərdim?” “Mən hekayəni necə bitirərdim?”);

*məlumat mənbələrindən istifadə;

*müqayisəli təhlil.

Dərsin təşkili şagird maraqlarına uyğun olmalıdır. Müasir dünyada texnologiyaların inkişafı kitaba və təhsilə marağı xeyli azaldıb. Uşaqları məktəbə cəlb etmək üçün müxtəlif üsullardan istifadə olunur. Məsələn, Rusiya şəhərlərinin birində uşaqları məktəbə cəlb etmək üçün sinif otaqlarının əvəzinə köhnə təyyarə salonlarından istifadə edilmişdir. Bu maraqlıdır. Təyyarə salonu uşaqlar üçün yenidir və şübhəsiz bir müddət onları məktəbə cəlb etmək mümkündür. Lakin həmin salon da adiləşəndən sonra şagirdlər əvvəlki kimi məktəbdən uzalaşacaqlar.

Müasir təhsil bunu nəzərə alaraq dərsləri şagirdlərin maraqlarına uyğun təşkil edir. Bu gün yaşı 80-nə və ya 90-na çatan insanlar da stolüstü oyunlara maraq göstərirlər. Heç kəs həmin oyunda uduzmaq istəmir. Bu insan psixologiyasının çox maraqlı bir məqamıdır. Insanın oyun prosesində “uduzmaq” qorxusu və ya “qələbə çalmaq” ehtirası daim onu izləyir. Uşaq da belədir. Bu psixologiya onda anadangəlmədir. Ibtidai siniflərin oxu dərslərini həmin psixologiyanı nəzərə alaraq təşkil etmək faydalıdır. Müasir dərslərin çoxunun “oyun xarakteri”ndə olması da bununla izah edilir. Təsadüfi deyil ki, bir sıra dərs metodları müəyyən qaydalara əsaslanan oyunlardır. “Hə”, “Yox” oyunu, “Dioloji tapmaca”, “Koma oyunu”, “Oğrunu tut”, “Kim daha çox”, “Kim daha cəld” oyun dərslər buna misal ola bilər. Oxu dərslərinə müəllimin ağıllı müdaxiləsi xüsusi əhəmiyyət kəsb edir, çünki anlama daha çox oxu dərslərində həyata keçirilir.

Həm köhnə həm də müasir dərsliklərimizdə kifayət qədər müdrik hekayələr, nağıllar, publisistik əsərlər, şeirlər və təmsillər vardır. Lakin həmin əsərlərin heyrətamiz məzmunu, ibrətamiz ideyaları olsa da əsərlərin ideya məzmununun uşaqlara çatdırılması birtərəfli yalnız müəllim nitqinə əsaslandığı üçün şagird onu qavraya bilmir. Qavradığını isə hazır aldığına görə tez unudur. Əsas məsələ şagirdin məzmunu, sözaltı mənalar, kinayə və rişxənd kimi bədiilik meyarlarını eşitməsi və başa düşməsi deyil, onu anlaması bacarığa çevirməlidir. Buna görə də şagirdə hazır fikir və mülahizələr söyləməkdənsə həmin keyfiyyətləri ona “kəşf etdirmək” lazımdır. Dərsi elə qurmaq lazımdır ki, oxunan bədii parçanın hər sözü, hər ifadəsi şagird tərəfindən dönə-dönə oxunsun, daha doğrusu şagird özü onu oxumaq məcburiyyəti qarşısında qalsın. Bunun üçün çox maraqlı təlim priyomları mövcuddur.

“Oxu”nun əhəmiyyətini böyük pedaqoqlar dərindən duymuşlar. V.A.Suxomlinski yazır: “Oxu dünyaya pəncərədir, təlimin ən mühüm alətidir, oxu cəld və sürətli olmalıdır-yalnız o zaman bu alət işə hazır olacaqdır. (Suxomlinski. 67, 129)

Müasir tipli dərsliklərimizdə “aşağıdakı cümlələrin hansı mətndə yoxdur” və ya “aşağıdakı cümlələrin hansı mətndə var” kimi tapşırıqlar geniş yer tutur. Belə tapşırıqlar şagirdi məcbur edir ki, mətni təkrar-təkrar oxusun, mənimsəsin və ona lazım olanı “kəşf etsin”.

Bu tapşırıq metodu şagirdin mətn üzərində işləməsi üçün ona impuls verir.

Elmi bilikləri şagirdlərin özünün “kəşf etmə”si barədə müasir təlim texnologiyasının tələbini Suxomlinski hələ 50 il əvvəl belə izah edirdi: “Əgər şagird təlimdə hər şeyə asanlıqla nail olursa, onda tədruicən fikir tənbəlliyi tərbiyə olunur ki, bu da öz növbəsində insanı pozur, onda həyata yüngül münasibət formalaşdırır. Nə qədər qəribə olsa da, əgər təlim uşağın qarşısında onun gücünə uyğun çətinliklər yaratmırsa, fikir tənbəlliyi çox vaxt qabiliyyətli uşaqlarda inkişaf edir. Fikir tənbəlliyi daha çox aşağı siniflərdə, qabiliyyətli uşaq başqaları üçün müəyyən gərgin əmək tələb edən biliyi asanlıqla mənimsədikdə, əslində bekar qaldıqda inkişaf edir. Şagirdlərin işsiz qalmasına yol verməmək – bu da özünəməxsus tərbiyə vəzifəsidir”.

Müəllim əsas ideyanın gizləndiyi bir və ya bir neçə sözün altından xətt çəkib həmin sözlərin ətrafında düşünmək üçün müxtəlif suallar verə bilər. Məsələn,

1. Bu sözü daha hansı sözlə əvəz etmək olar?

2. Bu söz cümlədə hansı fikri izah edir?

3. Bu söz birləşməsi nə üçündür?

4. Hansı atalar sözü bu məqam üçün uğurludur?

5. Əksmənalı sözləri tap və birləşdir

6. Mətndə hansı suala cavab yoxdur?

7. Mətndə hansı suala cavab var?

8. Əgər əsərin müəllifi sən olsaydın, onun sonunu necə bitirərdin? Nə üçün? Izah et.

9. Əsər müəllifinə məktub yazsaydın, orada nə göstərərdin?

10. Əsərin baş qəhrəmanına məktub yazsaydın hansı fikirləri önə çəkərdin?

11. Əsərə daha hansı adı qoymaq olardı?

Bu tipli suallar şagird intellektinə qida verən, onun düşüncələrini qanadlandıran tapşırıqlar hesab oluna bilər.

Yaxşı suallar düşünməyə sövq edir. Bu prosesdə “bəli” və “xeyr” cavablarına uyğun gələn suallar əhəmiyyətsizdir. Sual elə qoyulmalıdır ki, uşaq ona cavab verərkən başını işlətsin, intellektini işə salsın. Sual şagirddə düşünülmüş cavab oyatmalıdır: “Bu sual çox maraqlıdır. Mən əvvəllər bu barədə heç düşünməmişəm”.

Suallar bütün sinfə ünvanlansa daha doğru olar. Problematik sualların cavabı da rəngarəng olur. Şagirdlər öz cavabları ilə bir-birini zənginləşdirir. Bu da dərsin effektini artırır.

Bu dövrdə yazının formalaşması, kalliqrafiyanın qaydaya salınması üçün həftədə 1 saat hüsnxətə, 1 saat sinifdənxaric oxuya ayrılır.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin