Yararlığın göstəriciləri VBIS-in növləri və onların təsnifatı haqqında lazımi məlumat əvvəlki paraqrafda verilmişdir.
Istifadəçilərin katiqoriyaları VBIS sinfinə aid olan proqram məhsulu ümumi halda aşağıdakı katiqoriyalara məxsus olan istifadəçilər üçün nəzərdə tutulur:
-peşəkar proqramçılar-VBIS-i, VB serverini və digər proqramı hazırlayanlar;
-VB-nin administratorları;
-tətbiqi proqramları hazırlayan peşəkar istifadəçilər;
-hazırlıqsız (qeyri-peşəkar) istifadəçilər;
-göstərilən kateqoriyaların müxtəlif kombinasiyaları.
Proqram məhsulunu seçəndə üstünlüyü geniş təyinatlı proqramlara vermək lazımdır. Təsadüfi deyil ki, geniş yayılmış tamfunksional VBIS-lər həm istifadəçilər və administratorlar, həm də tətbiqi proqramçılar üçün vasitələrə malikdirlər. Istifadənin rahatlığı və sadəliyi anlayışı qeyri-müəyyən xarakter daşıyır, o, vaxtaşırı dəyişilə bilər və qoyulan tələblərdən asılı olaraq sərtləşdirilə bilər. VBIS-dən istifadə edilməsinin rahatlığı və sadəliyi baxımından aşağıdakıları nəzərdə tutur:
-VBIS-in, ələxüsus, çoxlu iş yerinə malik olan şəbəkə VBIS-in quraşdırılmasının aydın prosedurları;
- hazırlıqsız istifadəçi üçün rahat və unifikasiya edilmiş interfeys;
-adi əməliyyatların: VB-nin yaradılması, naviqasiya, verilənlərin dəyişdirilməsi, sorğuların və hesabatların hazırlanması və yerinə yetirilməsi və s. icra edilməsinin asanlığı;
-öyrənmə üçün intellektual altsistemlərin, işləmə və öyrənmə zamanı köməkçilərin və misalların olması.
Verilənlərin təsviri modeli. Relasiya modeli hazırda ən geniş yayılmış, nəzəri və praktiki baxımdan tam işlənmiş model hesab olunur (3-cü fəsil). Mövzu sahəsinin semantikasını ifadə etməyə imkan verən obyekt-yönlü model perspektivli hesab olunur. Odur ki, əksər hallarda relasiya və obyekt-yönlü modelli VBIS-lərə üstünlük verilir. Son illərdə bu iki modeldən birlikdə istifadə edilən obyekt-relasiya tipli sistemlər də inkişaf tapmışlar.