2. Çoxlaylımədənin geoloji quruluşu Neft və qaz yataqlarının böyük əksəriyyəti çökmə süxurlarla əlaqədardır. Strukturun yerləşdiyi rayonun tektonik xüsusiyyətindən asılı olaraq burada müəyyən litologiyaya malik çöküntülər toplanır. Sonrakı geoloji dövrlərdə plikativ və dizyunktiv dislokasiyaların təsiri ilə onların litoloji tərkibi dəfələrlə dəyişmələrə məruz qalır. Nəticədə, kəsilişdə bir-birindən fərqlənən süxur kompleksləri yaranır ki, onlar da lay və ya təbəqə adlandırılır.
Təbiətdə, xüsusilə, geosinklinal vilayətlərdə tam horizontal yatan, sadə formalı laylaşmaya təsadüf edilmir. Onlar çoxlaylı olmaqla olduqca mürəkkəb quruluşlu qalxımlarla səciyyələnirlər. Belə qalxımlarda laylaşmanın hər hansı bir qanunauyğunluğunu müşahidə etmək çətindir, tektonik qırılmalar isə strukturun kəsilişindəki layların tamlığını müxtəlif cür pozur. Nəticədə lay flüidlərinin paylanmasının bənzərsiz formaları yaranır. Buna Cənubi Xəzər hövzəsinin strukturlarını misal göstərmək olar. Burada qeyd olunan xeyli sayda qalxımlarda müxtəlif laylaşma sistemi ilə yanaşı plikativ və dizyunktiv dislokasiyaların ən müxtəlif formaları müşahidə olunur. Hətta qonşu strukturlarda belə, geoloji quruluşların müxtəlifliyi özünü göstərir. Məsələn, Abşeronun mərkəzində yerləşən Balaxanı-Sabunçu-Ramana mədəni yalnız yəhərvari kiçik sinklinalla qonşu Suraxanı mədənindən ayrıldığı halda, onların kəsilişlərində, ümumi oxşarlıq fonunda özlərinə məxsus geoloji quruluşlar da nəzərə çarpır: Balaxanı-Sabunçu-Ramanada məhsuldar qatın dabanı qırməkialtı lay dəstəsi təşkil edirsə, Suraxanıda onu daha qədim qala lay dəstəsi çöküntüləri əvəz edir. Bu strukturlarda tektonik qırılmaların forma və funksiyalarında da ümumi oxşarlıq qeyd olunmur.
Mürəkkəb quruluşlu strukturlarda flüid paylanması da hidrostatikanın qanununa tam müvafiq deyil. Məsələn, çoxlaylı yatağın neftlərinin sıxlığı və özlülüyünün dəyişməsində onun yatma dərinliyindən asılı olaraq əslində ümumi bir qanunauyğunluq qeyd olunmur; bu istiqamətdə məhsuldar layların qazla doyma dərəcəsinin dəyişməsində də sistematik bir təzahür müşahidə olunmur və s.
Qeyd edilən qeyri-səlis geoloji mühitdə karbohidrogen yığımlarının aşkar edilməsi onun ehtiyatının hesablanması, sonra isə realizə imkanlarının əsaslandırılması, ilk növbədə həmin geoloji şəraitin özünün öyrənilməsini tələb edir. Yalnız belə tədqiqatlardan sonra strukturlarda neft və qaz hasilatına başlamaq üçün müvafiq işlər aparıla bilər.
Beləliklə, strukturun geoloji öyrənilməsi dedikdə, onun kompleks tədqiqi nəzərdə tutulur. Burada dərinliklər üzrə, sahə və ümumilikdə onun həcmi boyu gedən fasial, tektonik, hidrodinamik göstəricilərinin dəyişmələrinin aşkar edilməsi və təhlili nəzərdə tutulur.
Nəzərə alsaq ki, flüidlər yer təkində müəyyən həcmlərdə yerləşir, onda tədqiqatlar X, Y və Z oxları üzrə aparılaraq nəticələri strukturun üçölçülü modellərində əks olunmalıdır.