Neft yataqlarının işlənilməsinin effektivliyi məsamələrdəki neftin müxtəlif üsullarla sıxışdırılıb çıxarılmasından asılıdır. Laya vurulan suyun özlülüyü lay neftlərinin özlülüyündən kəskin fərqləndiyindən onun sıxışdırıcı qabiliyyəti yüksək olmur: müxtəlif modifikasiyalarla laya vurulan su yüksək keçirici kanallarla işlək quyulara doğru hərəkət edərək neftlərin məsaməli mühitdən maksimum yuyulmasını təmin etmir. Odur ki, laya vurulan suya polimerlər əlavə edilir ki, bu da onun özlülüyünü artırır. Nəticədə, lay neftlərinin daha aktiv yuyulmasına şərait yaranır, suvurma prosesinin səmərəliliyi yüksəlir.
Üsulun tətbiqi qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü 10-100 mPa*s olduqda, süxurların neftlədoyumluluğu 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, lay temperaturu 90 °C-yə qədər, gillilik zəif (8-10%-ə qədər) olduqda daha yüksək effekt verir. Əlverişsiz amillər isə layların çatlılığı, süxurlarda yüksək gillilik və suların codluğu hesab olunur. Müəyyən olunmuşdur ki, laylara polimer məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 7-10% artırmaq mümkündür.
Miselyar məhlullarla təsir üsulu Məlum olduğu kimi, yataqların işlənilmə prosesində neftin sahəvi yerdəyişməsinin səlis formasına nail olmaq çox çətindir: yataq sahəsində müxtəlif formada qeyri-müntəzəm qaydada paylanmış qalıq neftli zonalar mövcud olur. Onların yaranmasına səbəb isə süxur məsamələrində yerləşən neftlərin özlülüyü, kapillyar və səthi-molekulyar qüvvələr və s. amillərdir. Belə şəraitdə neftin bərabər formalı hərəkətini təmin etmək üçün qeyd olunan qüvvələrin təsirinin azaltmaq lazımdır. Məhz bu məqsədlə laylara miselyar məhlullarla təsir edilir.
Suvurma prosesində miselyar məhlulların istifadəsi yataqların işlənilməsinin bütün mərhələlərində yaxşı effekt verir.
Üsulun tətbiqi qumlu kollektorlarda layın qalınlığı 25 m-ə qədər, neftin özlülüyü 15 mPa*s-dan kiçik, neftlədoyumluluq 25%-dən çox, süxurların keçiriciliyi 0,1 mkm2 böyük, lay temperaturu 70-90 °C qədər, duzluluq 5 mq/l olduqda yüksək effekt verir. Əlverişsiz amillərə kollektorların çatlılığı, suların codluluğu aiddir.
Miselyar məhlulların suvurma prosesində tətbiqi yataqların son neftvermə əmsalını 8-15% artıra bilər.
Köpüklə təsir üsulu
Laylara köpük vurulması onların su keçiriciliyini azaldır və neftin sıxışdırılma qabiliyyətini yaxşılaşdırır. Məsaməli mühitə köpük vurulmasının əsas nəticəsi layların su keçiriciliyini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir. Köpük maye halında emulsiyalı qazdan ibarətdir. Köpüyün maye fazası su, turşu və yaxud karbohidrogenlərdən biri ola bilər, qaz fazası isə adətən azotdan ibarət olur və bəzi hallarda CO2-dən də istifadə olunur. Üsulun tətbiqindən layın effektiv qalınlığı 20 m qədər, neftin özlülüyü 1-100 mPa*s, qeyri-bircinsli kollektorlarda, çatsız süxurlarda, kollektor süxurların keçiriciliyi 0,05 mkm2, neftlədoyumluluq 50% çox, lay temperaturu 90°C qədər olduqda yüksək effekt alınır. Köpük vurulmasında layların yatım dərinliyinə görə məhdudiyyət yoxdur. Bundan əlavə üsul kiçik lay təzyiqinə malik və yüksək sulaşma ilə xarakterizə olunan yataqlarda da tətbiq oluna bilər. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 3-4% artırmaq mümkündür.
Fiziki-hidrodinamiki təsir üsulları
Bu üsullar zəif keçirici layları və yataq sahələrində işlənilməyən zonaları istismara cəlb etməklə, layların neftçıxarma prosesi ilə əhatəsini artırmağa yönəldilmişdir. Fiziki-hidrodinamiki təsir üsullarının mahiyyəti müxtəlif keçiricilikli və neftlədoyumlu zonalar arasında təzyiq düşkülərinin dəyişməsini yaratmaqdan ibarətdir. Təzyiq düşkülərinin dəyişməsi isə yatağın neft-su konturunun səlis formasının alınmasına şərait yaradır.
Fiziki-hidrodinamiki təsir üsullarından yataqların bütün geoloji-fiziki şəraitlərində istifadə oluna bilər. Bu üsullara dövrlərlə suvurma və dövrlərlə su-qaz qarışığı təsir üsulları daxildir.
Dövrlərlə suvurma üsulu Dövrlərlə təsir üsulunun əsas məğzi qeyri-bircinsli yatağın sahəsi üzrə lay təzyiqinin süni surətdə dəyişdirilməsidir. Bunu əldə etmək üçün vurulan suyun həcmi dəyişdirilir və yaxud işlək quyular üzrə maye hasilatının miqdarı artırılır və ya azaldılır. Nəticə etibarı ilə zamandan asılı olaraq yataqlara müxtəlif surətdə təsir etməklə lay təzyiqi dəyişir. Bu proses yataqda neftlə doymanın yüksək zonalarından az doymuş zonalara neftin axmasına gətirib çıxarır.
Üsul layın effektiv qalınlığı 3-25 m, neftlərin özlülüyü 10 mPa·s qədər olduqda daha yüksək effekt verir. Layların çatlılığı isə, əksinə - prosesin səmərəliliyini aşağı salır. Üsulun tətbiqi yataqların son neftvermə əmsalını 3-5% artıra bilər.
Dövrlərlə su-qaz təsiri üsulu Laylara suyun və qazın növbə ilə vurulması neftlə doymuş sahələrdən neftin işlək quyu zonalarına tənzimli hərəkətinə kömək edir. Üsulun effektli tətbiqi qeyri-bircinsli çatsız laylarda keçiricilik 0,05 mkm2-dan çox, neftlərin özlülüyü 10-25 mPa*s arasında, neftlədoyumluluq 60% çox olduğu halda mümkün olur. Bu prosesi mürəkkəbləşdirən amillərdən layların çatlılığı və sərbəst qaz yığımlarının olmasıdır. Bu üsulun tətbiqi layların son neftvermə əmsalını 5-6% artırmağa imkan verir.
Qaz üsulları.
Karbon qazı (СО2 ) ilə təsir üsulu. Laylara CO2-nin vurulması onların neftverimini artıran effektiv üsullardan biridir. CO2 karbohidrogen həllediciləri kimi yüksək neftçıxarılma prosesini təmin edir və ucuzdur. Üsulun tətbiq prinsipi ondan ibarətdir ki, laya vurulan CO2 neftdə həll olaraq onun həcm əmsalını 50%-ə qədər artırır; neft-su sərhədində səthi gərilməni azaldır, neftin özlülüyünü aşağı salır və onun hərəkət sürətini artırır.
Bu üsul layların yatma dərinliyi 1000-1200 m, qalınlığı 10-15 m, neftlərin özlülüyü 10-15 mPa*s, neftlədoyma əmsalı 40% çox, lay təzyiqi isə 8-9 MPa olduqda daha yüksək effekt verə bilər. Onu da qeyd etmək lazımdır ki, keçiriciliyi aşağı olan laylarda suvurma prosesinin tətbiqi mümkün olmadıqda karbon qazı ilə təsir üsulu lay neftinin sıxışdırılmasında əsas üsul hesab olunur.
Üsulun tətbiqini mürəkkəbləşdirən amillər sırasında aşağıdakıları göstərmək olar: layların qeyri-bircinsliliyi, çatlılığı, neftlərdə asfalt və qatranın mövcudluğu, yataqda qaz papağının olması.
Bu üsul effektli tətbiq olunarsa yatağın son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.
Yüksək təzyiqlə qaz təsiri üsulu Neftin layda qazla sıxışdırılması yatağın lay təzyiqinin saxlanılması ilə yanaşı lay süxurlarında kapillyar qüvvələrin gücünün azalmasına yönəldilmişdir. Bu prosesin nəticəsində məsaməli mühitdə neftçıxarmanın tempi artır.
Yüksək təzyiqlə yatağa qazın vurulması üçün əlverişli geoloji şərait aşağıdakı kimidir: layın qalınlığı 10-50 m, lay təzyiqi 20 MPa-dan çox, neftlədoyma 60-70%, neftin sıxlığı 825 kq/m3, özlülüyü isə 10 mPa*s az, süxurların keçiriciliyi zəif. Layın yatım dərinliyinin 1700 m qədər olması üsulun tətbiqi üçün daha əlverişlidir. Lakin laylarda çatlılıq və qaz papağının olması bu üsulun tətbiqini çətinləşdirə bilər.
Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.