1. yüksək kapilyar məsamələr- diametri 2-0,5 mm. Belə məsaməli süxurda sərbəst maye axımı baş verə bilər.
2. kapilyar məsamələr - diametri 0,5-0,0002 mm. Bu tip məsamələrdən neft və ya suyun hərəkəti kapilyar qüvvələrin təsiri nəticəsində zəifləyir.
3. subkapilyar məsamələr - diametri 0,0002 mm-dən az. Belə məsaməli mühitdə maye axımı baş vermir.
Süxurlarda mayenin axma dərəcəsinə müvafiq olaraq məsamələr iki tipə bölünür:
Ümumi məsaməlik. Süxurda mövcud olan bütün boşluqları əks etdirir. (yüksək kapilyar, kapilyar və subkapilyar məsamələr).
Açıq məsaməlik. Bir-biri ilə əlaqədə olan və maye axımı baş verən məsamələri özündə cəmləşdirir (yüksək kapilyar və kapilyar kanallı süxurlar).
Süxurların məsaməliyinin yataqların işlənilmə məsələlərinin həyata keçirilməsində böyük əhəmiyyəti vardır: yüksək məsaməli laylarda işlənilmə şəraiti əlverişli olur. Məsaməliyin az olması isə əksinə - layda maye hərəkətini təmin etmək üçün müvafiq tədbirlərin görülməsini tələb edir. Məsaməliyi 10%-dən az olan süxurlardan neft hasilatı mümkün olmur.
Çökmə süxuların məsaməliyini öyrənmək üçün Preobrajenski və geofiziki üsullarından istifadə edilir.
Süxurların neftlə və qazla doyma dərəcəsi
Qeyd edildiyi kimi, neft və qaz yataqları əsasən su hövzələrində əmələ gəlmiş laylarla əlaqədardır. Odur ki, həmin layların məsamələri ilkin olaraq yalnız su ilə doymuş olur. Sonralar yataq əmələgəlmə prosesində laya miqrasiya edən karbohidrogenlər qravitasiya qanuna müvafiq tədricən onun yuxarı hissələrinə doğru hərəkət etmişdir. Burada məsamələrdə olan su yığımları isə tədricən layın aşağı hissəsinə sıxışdırılmışdır və bu prosesin nəticəsində neft və qaz yataqlarının əmələgəlmə forması yaradılmışdır.
Qeyd etmək lazımdır ki, neft və qaz strukturun yuxarı hissələrinə hərəkət edərkən onun məsamələrində olan suyu tam sıxışdıra bilmir. Bu səbəbdən də məsamələrin səthinə yapışan müəyyən həcmdə su da mövcud olur ki, buna da “qalıq” su deyilir.
Beləliklə neftli, qazlı layların məsamələrini həcmində qaz və neftlə yanaşı müəyyən qədər su da yerləşir. Bu baxımdan məhsuldar layı öyrənərkən aşağıdakı əmsalların qiymətlərindən istifadə edilir.
Neftlə doyma əmsalı (kn). Məsamələrdə yerləşən neftin həcminin məsamələrin ümumi həcminə olan nisbətini göstərir.
Kn= 1 - Ksu Qazla doyma əmsalı (Kq). Məsamələrdə yerləşən qazın həcminin məsamələrin ümumi həcminə nisbətidir.
Kq= 1 - Ksu Bu əmsallar bəzən faizlə də göstərilə bilər. Məhsuldar layların “qalıq” su həcminin təyini neft və qaz ehtiyatlarının hesablanılmasında nəzərə alınmalıdır. Bu məqsədlə labarotoriyalarda müvafiq analizlər aparılır.
Yaxşı öyrənilmiş neft yataqlarının məlumatlarının təhlili göstərir ki, məhsuldar laylarda su ilə doyma əmsalı 20-30% təşkil edir.