1966-cı ilin isti iyul ayında qəbul imtahanlarında iştirak edəcək müəllimləri Mərkəzi Komitəyə dəvət edirlər. Ali məktəbin seçmə müəllimləri zala toplaşıblar. Adam çox olduğundan dəvət edilənlərin bir hissəsi ayaq üstə dayanıb. Mərkəzi Komitənin müəllimlərlə görüşəcək işçiləri təyin olunan vaxtdan xeyli gec zala daxil olurlar. Birinci olaraq ali məktəblər şöbəsinin müdiri çıxış edir. Rusca danışır. O, zalda oturanlara qəbul imtahanı ilə bağlı dəqiqəbaşı hədə-qorxu gəlir. Zalda istidən, sıxlıqdan, məsul işçinin hədələrindən böyük bir gərginlik hökm sürür.
Növbəti çıxışı Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov edir. O, nitqini belə bir məzəli əhvalatla başlayır: «Bir ailənin yeginə övladı, oğlu vardı. Ər-arvad oğlanlarının böyük toyunu görmək arzusu ilə yaşayırdılar. Onlar çağırılan toyların hamısında iştirak edirdilər ki, gələcəkdə də oğlanlarının toy məclisinə istədikləri qədər adam dəvət edə bilsinlər. Vaxt gəlib çatır. Ər-arvad yeganə oğullarının toyuna hazırlaşırlar. Hərəsi bir tərəfdən adamları toya dəvət edir. Hesab itdiyindən toya nəzərdə tutduqlarından xeyli çox adam gəlir. Toy otağı kiçik olduğundan qonaqların çoxu ayaq üstə qalır. Ev sahibi qonaqlaı salamyaraq deyir ki, heç fikir çəkməyin, yerimiz dar olsa da siz qonaqlar üçün ürəyimiz genişdir. Arxada, ayaq üstə duranlardan birinin təzə geydiyi ayaqqabısı ayağını bərk sıxırdı, özünü saxlaya bilməyib deyir: - Zalım oğlu, ürəyin belə genişdirsə, bu toyu orada, ürəyində eləyəydin, daha camaatı çağırıb ayaq üstə saxlamayaydın.
Ş.Qurbanov bu məzəli əhvalatı danışıb qurtardıqdan sonra müşavirəyə gec gəldikləri, həm də adamları ayaq üstə saxladıqları üçün zaldakılardan üzr istəyir və bundan sonra çıxışının rəsmi hissəsinə keçir. Natiqin şəraiti nəzərə alaraq işlətdiyi belə bir priyom yaranmış gərginliyi dərhal aradan qaldırır. Bu səmimiyyətdən razı qalan zal onu axıra qədər böyük maraq və diqqətlə dinləyir.
Təkcə nitqin başlanğıcı deyil, məzmununun şərhi, söhbətin yekunlaşdırılması, nəticə və tövsiyələrin verilməsi zamanı da natiqlər orijinal üsullar işlədirlər. Lakin nitqin ənənəvi formalarından uzaqlaşıb orijinallıq xatirinə novatorluğa meyl etmək heç də bütün hallarda lazımi effekt verə bilmir. Bu, natiqlik sənətində daha geniş təcrübəsi olan mühazirəçilər - müəllimlər üçün xarakterikdirsə, natiqlik sənətinə hələlik yiyələnməmiş adamlar, xüsusən gənc natiqlər, müəllimlər üçün məsləhət deyildir.
Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən (bura daxildir: məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s. müxtəiif üslubi priyomlar - sözlərin təkrarı və ya buraxılması, inversiya və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir.
Nitqin orijinallığına xələl gətirən səbəblərdən biri mühazirəçinin (müəllimin) hazır, basmaqəlib ifadələr işlətməsidir. Natiq bu tipli ifadələri işlətməkdən mümkün qədər çəkinməli, bunun əvəzinə daha uyarlı ifadələrdən istifadə etməklə nitqini aktuallaşdırmalıdır.
Dostları ilə paylaş: |