Sutkalıq ritmika – dağ süxurlarının aşınma, dağılma, yerdəyişmə proseslərinə də aiddir. Landşaft daxilində hava hərəkətinin dəyişməsi, rütubətin buxarlanması və kondensasiya etməsi, bitki örtüyü və heyvanat aləminin oksigen və karbon qazını udması, xaric etməsi, canlı orqanizmlərin həyat funksiyaları və digər proseslər sutkalıq ritmə tabedir. Brizlərin, dağ – dərə küləklərinin əmələ gəlməsi hava hərəkətinin sutkalıq ritmikası ilə bağlıdır.
Fəsli ritmika – iqlim elementlərinin illik gedişində, hidroloji hadisələrdə (yaz – payız daşqınları, qışda suyun azalması), torpaqyaradıcı, geomorfoloji proseslərdə, balıqların miqrasiyasında, quşların isti ölkələrə köçməsində, bitki örtüyünün öz görünüşünü dəyişməsində, heyvanların yuxuya getməsində və s. müşahidə edilir.
Struktur latın sözü olub, quruluş deməkdir. Landşaft nəzəriyyəsinin əsas terminlərindən biri olub, landşaftın davamlılığı, dözümlüyü, dəyişməsi ilə sıx əlaqədardır və təbiəti mühafizə tədbirlərində geniş istifadə edilir. Əvvəllər landşaft strukturu dedikdə quruluş nəzərdə tutulurdu. 1976-cı ildə B.S.Ensiklopediyasında landşaftın strukturu davamlı əlaqəyə malik obyektlərin məcmuyu hesab edilir ki, bu da onun bütövlüyünü təmin edir. Başqa sözlə, əvvəllər struktur deyəndə, onun məkan quruluşu, landşaftın morfologiyası nəzərdə tutulurdu. Milkova görə (1970), landşaftın strukturunda onu əmələ gətirən komponentlərin daxili qarşılıqlı əlaqələrin dözümlüyü nəzərdə tutulur. Yəni landşaftın şaquli və üfüqi quruluşu əsas götürülməlidir.Struktur elementlərinin qarşılıqlı asılılığından asılı olaraq, landşaftlar dayanıqsız, zəif dayanıqlı, orta dayanıqlı və dayanıqlı qruplara ayrılır.
Yuxarıda deyilənlərlə yanaşı, komponentlərin və təbii komplekslərinin landşaft daxilində yerləşmə qaydası onun quruluşu adlanır. Landşaftın şaquli (komponentlərin şaquli istiqamətdə ardıcıl yerləşməsi) və üfüqi ardıcıllığı fərqləndirilir.