- Bitki və qar örtüyü. Bu amilin də ərazinin iqlim şəraitinin formalaşmasında rolu böyükdür. Kifayət qədər sıx bitki örtüyü torpağın orta temperatur göstəricisini aşağı salır və sutkalıq temperatur amplitudasını azaldır. Anoloji vəziyyət havanın temperatur göstəricisində də müşahidə olunur. Bitki örtükləri içərisində meşənin, xüsusilə çox sıx çətirlərə malik meşə massivinin ərazinin iqliminin formalaşmasına mühüm təsiri vardır (məsələn, tarlaqoruyucu meşə zolaqları, mikroiqlim effekti və s.). Bitki örtüyünün iqlimə təsiri müəyyən mənada mikroiqlim əhəmiyyəti kəsb edir.
Qar örtüyü özlüyündə regionun iqlim şəraitinə özünə məxsus formada təsir göstərir. Üzəri qarla örtülü olan torpaq örtüyü qış aylarında az istilik itkisinə səbəb olur, torpağı güclü soyumadan və donmadan qoruyur. Qarla örtülü olan səth gündüzlər günəş radiasiyasını güclü əks etdirir, gecələr isə üzərindəki havanı kəskin soyudur. Yaz aylarında qarın əriməsinə kifayət qədər istilik sərf olunur. Bu istiliyin hamısı atmosferdən alınır. Ərimiş qar suları torpağın rütubət ehtiyatını xeyli zənginləşdirir. Bunun ilin isti dövründə iqlim rejimi üçün çox mühüm əhəmiyyəti vardır. Qar örtüyünün albedosunun yüksək olması səpələnən radiasiyasının miqdarını artırır.
Qar örtüyü üçün xarakterik xüsusiyyətlərdən biri də tez-tez inversiya halının baş verməsidir.
Dostları ilə paylaş: |