Mühazirə 15. Hafizə Hafizə haqqında anlayış



Yüklə 30,5 Kb.
səhifə3/7
tarix02.12.2023
ölçüsü30,5 Kb.
#137055
növüMühazirə
1   2   3   4   5   6   7
Mühazirə 15

2.Hafizənin prosesləri
Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri vardır. Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm prosesin nəticəsində yaranır. Onlardan birincisi yaddasaxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyriixtiyari yadasalmadır. İnformasiyanın yada salınmasını haqlı olaraq hafizənin əsas funksiyası, insanın öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.
Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi yolu ilə möhkəmləndirilməsi baş verir. Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, bəzən mənaya əhəmiyyət vermədən yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir. Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən və şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yaddasaxlamanın ən ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək xeyli çətindir və daha çətini isə onunsəmərəli şəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Baxmayaraq ki, hafizənin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı metodikalar işlənmiş, tövsiyələr hazırlanmışdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emosional münasibətlərdən asılı olaraq mexaniki yaddasaxlamanın 16 qanunauyğunluqlarını özündə birləşdirən vahid sistem təklif etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha güclü və uzunmüddətli yadda saxlayır.
2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur.
3. Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa, yaddasaxlama da o qədər sürətli baş verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha yaxşı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.
6. Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosiativ təəssürat daha asan və sistemli olur. Burada sanki əşya və hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx bağlanır.
Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq yadımızda qalır. İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı mnemik məqsədin xüsusiyyətindən asılı olur. İxtiyari yaddasaxlamanın məhsuldarlığı üçün mühüm şərt kimi yaddasaxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama, uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı təsnif etmək, sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. zəruridir.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyriixtiyari yaddasaxlamanın seçiciliyi baxımından fərqlənir. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini, digərləri kimin nə və necə yediyini, üçüncülər isə (yeri gəlmişkən çox az qismi) məclisin ümumi təsvirini və söhbətlərin məzmununu xatırlayacaqdır.
Yaddasaxlamanın davamlılığından asılı olaraq qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda saxlayırıq.

Yüklə 30,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin