Mühazirə 15. Hafizə 1. Hafizə haqqında anlayış
2.Hafizənin prosesləri
3. Hafizənin növləri
4. Hafizənin tipləri
5. Hafizə pozuntuları
1. Hafizə haqqında anlayış . İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik. Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir. Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəkiyüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbukionun tibblə heç vaxt bağlılığı olmamışdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraqyeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insanşəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır. Hafizənin psixoloji nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür. Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır. Assosionistlər obyektlərin məkan-zaman yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik üzrə. Bunların yaddasaxlama və yadasalmada əsas rol oynadığını göstərmişlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müddəaları ilə sıx bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.