S-F(XIX-XX əsr Azərbaycan tarixinin aktual problemləri)-6166-Mövzu 4
II hissə XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanda kapitalizmin inkişafı, iqtisadi və mədəni mərkəzlərin yüksəlişi, ümumi bazarın yaranması, cəmiyyətin strukturunun dəyişməsi, milli burjuaziyasının və fəhlə sinfinin formalaşması – bütün bu proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu. Digər millətlər kimi, insanların sabit, tarixi birliyi kimi formalaşmış Azərbaycan milləti də feodal pərakəndəliyinin ləğv edilməsi prosesində, iqtisadi birliklə dil, ərazi, mədəniyyət, şüur və psixoloji birliyin qovuşması əsasında meydana gəlir və inkişaf edirdi. İqtisadi əlaqələrin möhkəmlənməsinin vacib şərti Azərbaycan millətinin ərazi birliyi idi. Uzun əsrlər boyu Azərbaycan xalqı şimalda Böyük Qafqaz dağlarından, cənubda Xəzər dənizindən, qərbdən Ermənistan və Gürcüstana qədər olan ərazidə məskunlaşmışdır. Yadelli işğalçılara qarşı uzunmüddətli mübarizənin gedişində Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı. Bununla belə, Azərbaycan ərazisi iki dövlət - Rusiya və İran arasında bölüşdürüldüyündən, Azərbaycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi. Şimali Azərbaycanın Rusiya tərəfindən istilası ilə ölkədəki feodal ara müharibələrinə son qoyulsa da, ərazi bütövlüyünə, yalnız azərbaycanlıların müxtəlif dövlət birliklərinin tərkibində olması deyil, həm də Şimali Azərbaycanın Rusiya imperiyasının daxilində müstəqil birləşdirici təsərrüfat - inzibati və siyasi vahid kimi mövcud olmaması mane olurdu. XIX yüzilliyin ikinci yarısı Şimali Azərbaycanda həm sənətkarlıq və sənaye, həm də kənd təsərrüfatı sahələrində natural istehsalın ictimai istehsala çevrildiyi bir dövr idi. Kapitalizmin inkişafı nəticəsində Şimali Azərbaycan iqtisadiyyatının dünya bazarına cəlb edilməsi onun iqtisadi birliyinin təşəkkülünü şərtləndirirdi. Bu cəhətdən Bakı çox böyük əhəmiyyət kəsb edirdi. Neft və onunla bağlı digər sənaye və ticarət sahələrinin yüksəlişi, mədəniyyətin inkişafı şəhərin görkəmini və orada yaşayan əhalinin tərkibini dəyişdirdi. Bakı çox böyük kapitalist şəhəri, Azərbaycan millətinin təşəkkülünün başlıca mərkəzi oldu. Dəmir yollarının çəkilişi, dəniz nəqliyyatının inkişafı, rabitə yollarının yaxşılaşdırılması və s. feodal münasibətlərinin dağılmasına, kənd təsərrüfatı sahələrinin ixtisaslaşmasına, bazar üçün istehsalın genişlənməsinə yardım göstərdi ki, bu da əmtəə istehsalının və kapitalist münasibətlərinin inkişafını sürətləndirdi . Bu dövrdə iri kapital sahibləri olan azərbaycanlılar bir sıra ən mühüm təsərrüfat sahələrinin inkişafında müəyyənedici rol oynayırdılar. Xəzər dənizi nəqliyyatında, ipək və tütün sənayesində, müxtəlif liflərin emalında, çəltiktəmizləmə, kərpic, mexaniki istehsalda və s. sahələrdə milli kapitalın xüsusi çəkisi yüksək idi. Bundan başqa, Azərbaycan kapitalistləri torpaq sahələri əldə etməyə, yaşayış binaları tikintisinə xeyli vəsait sərf edirdilər. Formalaşmaqda olan Azərbaycan millətinin aparıcı qüvvəsinin əsasını Bakıda və Şimali Azərbaycanın digər şəhərlərində olan sənaye iri sənətkar müəssisələrinin, gəmilərin sahibləri, iri ev sahibləri, tacirlər ziyalılar və b. təşkil edirdi. Məlum olduğu kimi, Şimali Azərbaycan aqrar ölkə idi və onun əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olurdu. Buna görə də azərbaycanlıların burjua milləti kimi təşəkkülü heç də yalnız yeni cəmiyyətin əsas siniflərinin - Azərbaycan burjuaziyası və fəhlələrinin başlıca mənbəyi olan Bakı ilə və həmçinin burjua cəmiyyətinin təbəqələrinin formalaşdığı qəzalardakı sənaye mərkəzləri ilə deyil, həm də yeni, intişar edən kənd təsərrüfatı istehsalı ilə də bağlı idi. XIX yüzilliyin ikinci yarısında kənd təsərrüfatı istehsalının inkişafındakı istiqamətlərin özündə burjua cəmiyyətlərinə xas olan meyillər üzə çıxır, təsərrüfatın kapitalizmə qədərki formalarının kapitalist formasına keçməsi baş verir, doğulmaqda olan kənd burjuaziyası nümayəndələrinin fəaliyyəti genişlənirdi. Bu dövrdə Şimali Azərbaycanın iqtisadiyyatı üçün belə bir hal xarakterik idi ki, onun kənd təsərrüfatının əsas sahələri - pambıqçılıq, ipəkçilik, tütünçülük bütövlükdə, taxılçılıq, bağçılıq, heyvandarlıq (nisbətən) az dərəcədə kapitalist istehsalı dövriyyəsinə cəlb olunmuşdu. Bu sahələrin məhsullarının getdikcə qüvvətlənməkdə olan kapitalist-əmtəə xarakteri geniş yayılmış amilə çevrilirdi. Əmtəə-kapitalist istehsalının, ticarət əkinçiliyinin inkişafı feodal münasibətlərini zəiflədir və qəzalar arasında sıx iqtisadi əlaqələrin yaranmasına, kənd təsərrüfatında kapitalizmin inkişafına şərait yaradırdı. Bu inkişaf kəndlilərin təbəqələşməsi ilə müşayiət olunur, kəndlilərin əsrlik ətalətini dağıdır, kəndlilikdən çıxma ilə müşayiət edilir, kəndli kütlələrini hərəkətə gətirirdi. Yeni təbəqələrin əsas hissəsinin - qolçomaqlar, xırda burjua, sələmçi-möhtəkirlər, kənd dükançıları, öz təsərrüfatlarını kapitalist qaydaları əsasında quran bəylər təşkil edən kənd burjuaziyası və istehsal vasitələrindən məhrum olmuş, bununla əlaqədar qazanc dalınca getməyə və yaxud muzdla öz həmkəndliləri olan varlılara işləməyə məcbur olan muzdurlar, kənd fəhlələrinin yaranması baş verirdi ki, bu da əkinçilik kapitalizminin göstəricisi idi. Azlıq təşkil edən varlıların təsərrüfatının inkişafı, minlərlə kəndlinin müflisləşməsi və muzdurların sırasına keçməsi - Azərbaycan kəndinin kapitalist təkamülünün mahiyyəti belə idi. Beləliklə, XIX yüzilliyin sonunda əmtəə-pul münasibətlərini intensiv inkişafı nəticəsində Azərbaycan kəndində qapalılığın köhnə dayaqları dağılır, daxili əlaqələr yaranır və möhkəmlənir, kənddə keyfiyyətcə yeni təbəqələr - kənd burjuaziyası və fəhlələri meydana gəlirdi. Kəndin bütün ölkə ilə daimi iqtisadi əlaqələrə cəlb edilməsi Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter kəsb etməsini göstərirdi. Azərbaycan millətinin təşəkkülü milləti xarakterizə edən bütün əlamətlərin inkişafında və möhkəmlənməsində ifadə olunurdu. Azərbaycan dili insanların ünsiyyət vasitəsi kimi, ümummilli dil idi. Yadelli işğalçılara qarşı çoxəsrlik mübarizəyə, assimilyasiya siyasətinə baxmayaraq, Azərbaycan xalqı öz dilini qoruyub saxlaya bildi. Bu dildə onun Nəsimi, Xətayi, Füzuli, Vaqif və b. dünya ədəbiyyatına şah əsərlər bəxş etmişlər. Feodal qapalılığının aradan qalxması, iqtisadi və mədəni mərkəzlərin yaranması, əhalinin sosial-iqtisadi fəallığının artması, ölkənin ayrı-ayrı rayonları arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafı üçün şərait yaradırdı. Azərbaycan dilində ilk qəzet olan ―Əkinçinin nəşri, mətbuatın, kitab nəşrinin daha da inkişafı, Azərbaycan ədəbiyyatının M.F.Axundov kimi nəhənglərinin pyeslərində əks olunan ədəbiyyatda demokratik cərəyanın formalaşması kimi amillər ədəbi dillə xalq danışıq dilinin yaxınlaşmasına yardım etmiş və Azərbaycan millətinin təşəkkülünün ilk mərhələsində milli dilin inkişafına təkan vermişlər. Azərbaycan dilinin lüğət tərkibi getdikcə zənginləşir və bu dil ədəbiyyatda, elmdə, məişətdə və təsərrüfat həyatında ümummilli və vahid dil olurdu. Dildə bu təkamülün əsası iqtisadi birlik, milli bazarın tələbatı əsasında insanların birliyinin möhkəmlənməsi idi. Millətin mühüm əlaməti milli mədəniyyətin, şüur və psixologiyanın spesifik, özünəməxsus ümummilliyi idi. Milli mədəniyyətin özünəməxsusluğu Azərbaycan xalqının vərdişlərində, ənənələrində, məişətində əks olunurdu. Xalqdan miras qalmış keyfiyyətlər ümummilli xarakter daşıyırdı. Azərbaycan millətinə xalqdan irsi olaraq əməksevərlik, azadlıqsevərlik, mərdlik keçmişdi. Azərbaycanlıların milli xarakterində qonaqpərvərlik, böyüklərə hörmət, xeyirxahlıq, yoldaşlığa və dostluğa sədaqət özünü aydın göstərirdi. Azərbaycan ədəbiyyatının M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev. N.Vəzirov, H.Zərdabi, N.Nərimanov və b. bu kimi bir çox görkəmli nümayəndəsi mədəniyyəti yeni ideya məzmunu ilə zənginləşdirir, demokratik istiqaməti inkişaf etdirirdilər. Onların ədəbi və elmi publisistik fəaliyyəti, Azərbaycan teatrının və mədəni-maarif müəssisələrinin yaranması, maarifdə, incəsənətdə, musiqidə, xalq yaradıcılığında yeni əlamətlərin meydana gəlməsi, digər xalqların mədəniyyətinə geniş maraq Azərbaycan xalqının oyanmaqda olan milli şüurunu səciyyələndirən əlamətlər idi. Burjuaziyanın bir çox liberal baxışlı nümayəndələri də Azərbaycan xalqını maarifə və elmə çağırırdılar. Bakıda çıxan ―Kaspi qəzetinin ətrafında Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi maarifpərvər - liberal burjua xadimləri toplaşmışdılar. Məlumdur ki, Rusiyada çar hökuməti tərəfindən ―Azərbaycan və ―azərbaycanlı terminlərinin işlədilməsi vətəndaşlıq hüququ qazanmamışdır. Azərbaycanlıları müsəlman, türk, tatar adlandırırdılar. Lakin Azərbaycan ideyası Azərbaycan ziyalıları tərəfindən yaşadılırdı. İlk dəfə M.F.Axundovun işlətdiyi ―millət anlayışının ədəbiyyatda və mətbuatda meydana çıxması XIX yüzilliyin ikinci yarısına aiddir. XIX yüzilliyin 80-cı illərində nəşr olunan və öz səhifələrində Azərbaycan milliyyəti ideyasını geniş təbliğ edən ―Kəşkül qəzeti isə ilk dəfə ―Azərbaycan milləti anlayışını işlətdi. 1891-ci ildə ―Kaspi qəzetində Məhəmməd ağa Şaxtaxtlı ―Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı məqaləsində bu türkdilli millətin azərbaycanlı olduğunu bildirmişdir. 1892-ci ildə Kamal Ünsizadə xalqımızda milli şüuru oyatmaq məqsədi ilə ―Azərbaycan adlı qəzet çıxarmağa təşəbbüs göstərmiş, ancaq çar hökuməti buna icazə verməmişdi. Bütün bunlar maarifçi ziyalılarımızın azərbaycanlılıq ideyasını yaşatdığını aydın göstərir. XX əsrin əvvəllərində bu ideyanı siyasi doktrina şəklində həyata və siyasi səhnəyə M.Ə.Rəsulzadə də çıxartmışdır. Beləliklə, XIX yüzilliyin ikinci yarısında intensiv şəkildə azərbaycanlıların millət kimi formalaşması prosesi gedirdi. Bütün başqa millətlər kimi, təşəkkül tapmaqda olan Azərbaycan milləti bütün sinifləri, sosial qruplar və zümrələr birləşdirilirdi. Azərbaycan millətinin təşəkkülü prosesinin intişarını Şimali Azərbaycanın müstəmləkə vəziyyəti məhdudlaşdırırdı. Qəzalarda bəziləri kapitalist inkişafı axınına cəlb etdiyi halda, digərlərində, ucqarlarda yerləşən qəzalarda kapitalizməqədərki münasibətlər hələ də qalırdı. Rusiyanı xalqlar həbsxanasına çevirən, qeyri-rus xalqlarına qarşı amansız istismar siyasəti yeridən çarizm ucqarlarda, o cümlədən Şimali Azərbaycanda feodal münasibətlərini qoruyub saxlamağa çalışır, ərazidə sənaye və mədəni mərkəzlərin yaranmasına, ümumiyyətlə təhsilin, xüsusən ana dilində yayılmasını ləngidirdi ki, bu da Şimali Azərbaycanda məhsuldar qüvvələrin, daxili iqtisadi, siyasi və mədəni əlaqələrin geniş inkişafına mane olurdu.