Tenzorezistor həssas elementli ST-3000 tipli intelektual diferensial sərfölçən cihaz (ABŞ - Xonnevel) Maye, qaz və buxarın sərfini ölçmək üçün ən geniş yayılan prinsiplərdən biri daraldıcı quruluşlarda təzyiqlər fərqinin ölçülməsidir. Bu prinsipin geniş miqyasda istifadə olunmasının bir çox üstünlükləri vardır. Bunlardan ölçü quruluşunun sadəliyi və etibarlılığı, həmin quruluşda hərəkət edən hissənin olmaması, ölçülən mühitdə təzyiq və temperaturların müxtəlif diapazonlarda dəyişməsindən asılı olmayaraq kütləvi ölçü vasitələrinin hazırlanması və s. kimi cəhətləri misal göstərmək olar.
Baxdığımız bu prinsiplə sərf ölçülərkən boruda daraldıcı quruluş qoyulur. Axın daraldıcı quruluşun deşiyindən keçərkən axının sürəti daraldıcı quruluşdan əvvəlki sürətinə nisbətən yüksək olur. Elə buna görə də daraldıcı quruluşun çıxışında onun girişindəki təzyiqə görə azalır və daraldıcı quruluşda təzyiqlər fərqi yaranır ki, bunu da difmanometrlə ölçmək olur. Difmanometrlə ölçülən təzyiqlər fərqi daraldıcı quruluşda yaranan sürətdən və yaxud axının sərfindən asılıdır. Təzyiq vericisi təzyiqlər fərqini ölçür və ölçülən parametrin qiymətinə mütənasib olaraq çıxış siqnalı verir. ST-300 tipli diferensial sərfölçən cihazın çıxış elektrik siqnalı ya 4-20 mA cərəyan şəklində və yaxud rəqəm formasında idarəedici elektron hesablama maşının girişinə verilir.
Rəqəm və yaxud analoq rejimin seçilməsi NÖC- kommunikator vasitəsilə həyata keçirilir.
Hazırda neftayırma zavodlarında elektron prinsipi ilə işləyən ST-3000 tipli intelektual diferensial sərfölçən cihazlardan geniş miqyasda istifadə edilir. Tenzorezistor həssas elementli ST-3000 tipli difmanometrin çıxış siqnalı (4-20) mA cərəyan siqnalı və yaxud rəqəm formasında kodlar vermək imkanına malikdir. Ölçü diapazonu (0-1,0) MPa dəqiqlik sinfi isə 0,1%-dir.
Difmanometrin çıxış siqnalı iki elektrik naqili vasitəsi ilə EHM-nin və yaxud kommunikatorun girişinə bağlanır. Bu difmanometrin çıxış siqnalını həmçinin elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə də qoşmaq olar.
ST-3000 tipli intelektual diferensial sərfölçən cihazın iş prinsipi bölmə 3, şəkil 3.1-də göstərilmiş təzyiq vericisinin iş prinsipi ilə eynidir.