Mühazirə "Dünya dinləri"



Yüklə 36,9 Kb.
səhifə4/5
tarix02.12.2023
ölçüsü36,9 Kb.
#137592
növüMühazirə
1   2   3   4   5
Multikulturalizmə giriş Mühazirə 3

Dinin təməl prinsipləri-Müasir dövrdə İslam dini xristianlıqdan sonra mənsublarının sayına görə dünyanın ən böyük dinidir. Hazırda yer kürəsində təqribən 1 milyard 800 milyon müsəlman yaşayır ki, bu da dünya əhalisinin 24,1 faizini təşkil edir. 25 sentyabr 1969-cu ildə İslam Konfransı Təşkilatının təsis olunub. Mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən həmin təşkilata (2011-ci ildən İslam Əməkdaşlığı Təşkilatı adanır) hazırda 57 dövlət üzvdür. Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır.
İslam dininin etiqad əsaslarına “üsulüddin” (“dinin əsasları”) deyilir. bütün müsəlmanların qəbul etdiyi təməl əqidə prinsipləri aşağıdakı kimidir:
Tövhid
İslamda təkallahlılıq inancına böyük əhəmiyyət verildiyi üçün “tövhid” ən əsas etiqadi prinsip sayılır.. İslam terminologiyasına görə, “tövhid” sözü “Allahın təkliyini qəbul etmək” mənasını ifadə edir.
Tövhid təliminə görə, zatı (mahiyyəti) və sifətləri (atributları) baxımından bir olan Allah kainatı yaradan və idarə edən yeganə varlıqdır. Onun heç bir şəriki yoxdur.
Nübüvvət
Peyğəmbərlərə iman gətirmək İslamın ikinci inanc əsasını təşkil edir. Dini ədəbiyyatda bu inanc əsası “nübüvvət” (ərəb dilində “peyğəmbərlik” mənasına gəlir) termini ilə ifadə olunur. İslama görə, Allah bəşəriyyətə və ya hər hansı topluma doğru yol göstərmək üçün insanlar arasından seçdiyi öz elçilərini göndərir. Onlar Tanrıdan vəhy alır, günah işləmir, müdrikliyi, zəkası, sədaqəti, etibarlı olmaları ilə seçilir, qətiyyən yalan danışmır və digər üstün əxlaqi keyfiyyətləri ilə seçilirlər.
Axirət
İslamın inanc əsaslarından biri ölümdən sonrakı həyatın varlığına inanmaqdır. Müsəlmanlar ölümdən sonrakı həyata “axirət” (ərəb dilində “son”, “sonuncu gün” deməkldir) və ya “məad” (ərəb dilində “qayıdış” mənasına gəlir) deyirlər.
Axirət inancına əsasən, insanlar öldükdə onların ruhları bədənlərindən ayrılaraq yaşamağa davam edir. Qiyamətədək sürən bu ruhani həyata müsəlman qaynaqlarında “bərzəx” (ərəb dilində “aralıq“, “keçid” mənasına gəlir) adı verilmişdir. Qiyamət qopduqda insanlar yenidən dirildiləcək, dünyada etdikləri əməllərinə görə Allah tərəfindən mühakimə olunacaqlar. Yaxşı əməl sahibləri “cənnət” adlanan əbədi mükafat yurduna, pis əməl sahibləri isə “cəhənnəm” deyilən cəza yurduna göndəriləcəklər. Beləliklə, insanların dünyada etdikləri yaxşı və pis işlər əvəzsiz qalmayacaqdır.
İslam etiqadına görə, bəzi peyğəmbərlərə Allah tərəfindən Cəbrayıl mələk vasitəsi ilə müqəddəs mətnlər göndərilmişdir. Bu müqəddəs mətnlərin bəziləri kitab, bəziləri isə səhifələr şəklində olmuşdur. Kitab şəklində olan müqəddəs yazılar bunlardır: “Tövrat”, “Zəbur”, “İncil” və “Quran”. Musaya, “Zəbur” Davuda, “İncil” İsaya, “Quran” isə Məhəmməd peyğəmbərə göndərilmişdir.
“Oxumaq” mənasına gələn “Quran” 114 surədən, yəni bölümdən ibarətdir. Hər surə isə ayələrə bölünür. “Quran”ın ən uzun surəsi Bəqərə (286 ayə), ən qısası isə Kövsər surəsidir (3 ayə).
Müsəlman alimləri “Quran”ı izah və şərh edən bir çox təfsir (ərəb dilində “açıqlamaq”, “bəyan etmək” mənasına gəlir) əsəri qələmə almışlar.
“Quran”dan sonra İslam dininin ikinci əsas mənbəyi hədislərdir. Hədis - Məhəmməd peyğəmbərin kəlam və davranışlarını, eləcə də ətrafındakı insanların hərəkətlərinə göstərdiyi münasibəti ifadə edən termindir. Şiə məzhəbinin ardıcılları Məhəmməd peyğəmbərin qızı Fatimə və on iki imamın kəlam və davranışlarını da hədis olaraq qəbul edirlər.
“İbadət” kəlməsi ərəb dilində hərfən “tapınmaq”, “boyun əymək”, “itaət etmək” deməkdir. İslam dinində ibadətlər yalnız Allahın razılığını qazanmaq məqsədilə yerinə yetirilir. Ondan başqasına sitayiş etmək Allaha şərik qoşmaq kimi qəbul olunur.
İslam dinində ibadətlər üç qismə bölünür: 1. Bədənlə edilən ibadətlər; 2. Mal və ya maddi qazanc ilə icra olunan ibadətlər; 3. Həm bədən, həm də mal ilə yerinə yetirilən ibadətlər.
Bədənlə icra olunan ibadətlər içində ən əsası namaz (fars dilində “ehtiram göstərmək” demək) sayılır.
Hər müsəlman səhər, zöhr, günorta, günəş qürub edərkən və gecə olmaqla gündə beş dəfə namaz qılmağa mükəlləfdir.
İslam dinində bədənlə edilən başqa ibadət növü orucdur. “Oruc” sözü fars dilində “gündəlik” mənasına gələn “ruze” kəlməsindən törəmişdir. Ramazan ayında bir ay boyunca tutulan oruc İslam dinində ən mühüm ibadətlərdən sayılır.
Mal və sərvət vasitəsi ilə yerinə yetirilən ibadətlər kateqoriyasına zəkat, sədəqə və s. daxildir. Sərvət vasitəsi ilə icra olunan ibadətlər içində ən əsası zəkat sayılır. “Zəkat” sözü ərəb dilində “artma”, ”çoxalma”, ”təmizləmə” deməkdir. İslama görə, hər imkanlı müsəlman ildə bir dəfə zəkat, yəni öz sərvətinin müəyyən bir hissəsini ehtiyacı olan möminə verməlidir.
Daha əvvəl qeyd etdiyimiz kimi, İslam dinində həm bədən, həm də mal ilə edilən ibadətlər də mövcuddur. Buna nümunə kimi həcc ziyarətini göstərmək olar. “Həcc” kəlməsi ərəb dilində “getmək”, “yönəlmək”, “ziyarət etmək” mənalarına gəlir. İslama görə, gücü çatan, yəni zəngin və sağlam olan hər müsəlman həyatında ən azı bir dəfə həcc ziyarətinə getməlidir. Zilhiccə ayında (hicri-qəməri və ya İslam təqviminin 12-ci ayı – Red.) yerinə yetirilən həcc ibadətinin əsas məqsədi Məkkə şəhərindəki “Məscidül-Həram”ın (“Hörmətli məscid”) ərazisində yerləşən Kəbəni ziyarət etməkdir. “Kəbə” sözü ərəb dilində hərfi mənada “kub şəklində olan ev” deməkdir.

Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin