Mühazirə "Dünya dinləri"



Yüklə 36,9 Kb.
səhifə3/5
tarix02.12.2023
ölçüsü36,9 Kb.
#137592
növüMühazirə
1   2   3   4   5
Multikulturalizmə giriş Mühazirə 3

3..İslam.
Dinin tarixi- İslam ibrahimi dinlərin sonuncusu sayılır. “Təslim olmaq, boyun əymək, itaət etmək” mənalarında işlədilən “İslam” sözü ərəb dilində “sülh” mənasına gələn “silm” kökündən yaranıb. Bu dinə inananlar ərəb dilində “müslim”, dilimizdə isə “müsəlman” adlanır.
İslam Məhəmməd peyğəmbərin (570/571-632) təbliğ etdiyi bir din olaraq VII əsrin əvvəlində Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix səhnəsinə çıxmışdır. Məhəmməd peyğəmbər Məkkə şəhərində məskunlaşan Qüreyş qəbiləsinin Bəni-Haşim (Haşimoğulları) qoluna mənsub olmuşdur. Müsəlman mənbələrinə görə, Məkkə yaxınlığındakı Hira mağarasında ona ilk vəhy gəlmişdir. Bundan sonra o, məkkəli bütpərəstləri təkallahlılıq əqidəsinə dəvət etmişdir.
Lakin bütpərəstlər Məhəmməd peyğəmbərin dəvətinə sərt reaksiya göstərmiş və yeni dinin ardıcıllarını təqib etmişlər. Xüsusən Əbu Cəhl ləqəbli Əmr ibn Hişam, peyğəmbərin öz əmisi olan Əbu Ləhəb ləqəbli Əbdülüzza ibn Əbdülmüttəlib kimi Məkkənin nüfuzlu şəxsləri İslama böyük kin və nifrət bəsləyərək yeni dini boğmağa çalışmışlar. Buna baxmayaraq, Məhəmməd peyğəmbərin üç illik təbliğatı nəticəsində məkkəlilərin bir hissəsi İslam dinini qəbul etmişdir. İlk müsəlmanlar bunlar olmuşdur: Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüveylid, əmisi oğlu Əli ibn Əbu Talib və yaxın dostu Əbu Bəkr ibn Əbu Qühafə.
O dövrdə Məkkədə müsəlmanlara qarşı təqib pik həddinə çatmışdı. Artıq bu şəhər müsəlmanlar üçün təhlükəli bir yerə çevrilmişdi. Odur ki, 622-ci ildə məkkəli müsəlmanların əksəriyyəti, həmçinin Məhəmməd peyğəmbərin özü Yəsrib şəhərinə köçdü. Məhəmməd peyğəmbər Yəsribdə yerləşdikdən sonra bu şəhər “Mədinətur-rəsul” (“Peyğəmbərin şəhəri”) və ya “Mədinə” adlandırıldı.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ildə Məkkədən Mədinəyə köçməsi müsəlman mənbələrində “hicrət” termini ilə ifadə olunur. Həmçinin ikinci xəlifə Ömər ibn Xəttabın dövründə, daha dəqiq desək, 638-ci ildə Əli ibn Əbu Talibin təklifi ilə hicrət ili müsəlman təqviminin ilk ili kimi qəbul edildi.
630-cu ildə müsəlmanlar Məkkə şəhərini fəth etdi və Qüreyş qəbiləsinin qalan hissəsi də İslama keçdi. Bundan sonra İslam dini Ərəbistan yarımadasında daha sürətlə yayılaraq hakim dinə çevrildi.
Ömrünün sonuna qədər Mədinədə yaşayan Məhəmməd peyğəmbər 632- ci ildə dünyasını dəyişdi. O, Mədinədəki Peyğəmbər məscidinin (“Məscid ən-Nəbəvi”; “Məscidün-Nəbi” ərazisində yerləşən evində dəfn olundu. Vəfat etməzdən əvvəl həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr “Vəda xütbəsi” adı ilə İslam tarixinə düşdü. Məhəmməd peyğəmbərin vəfatından sonra İslam tarixində xilafət dövrü başladı. Məşvərət yolu ilə seçilən ilk dörd xəlifə (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib) dövründə baş verən ərəb istilaları nəticəsində İslam dini Ərəbistan yarımadasının hüdudlarını aşaraq İraq, Suriya, İran, Şimali Afrika və yer üzünün digər regionlarında yayıldı.
Qeyd edək ki, ilk üç xəlifənin hakimiyyəti illərində xilafətin paytaxtı Mədinə şəhəri idi. Dördüncü xəlifə Əli ibn Əbu Talib dövründə paytaxt İraq ərazisində yerləşən Kufə şəhərinə köçürüldü. Əməvilər sülaləsi hakimiyyəti ələ keçirdikdən sonra isə xilafətin paytaxtı Suriyadakı Dəməşq şəhəri oldu.

Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin