Ekologiyanın metodları
Ekologiyanın bir-biri ilə uyğunlaşan bir neçə metodları vardır.
Sistemli yanaşma ekoloji araşdırmaların çoxusunu bürüyür. Çünki canlı təbiətin bütün elementlərinin bir biri ilə bağlılığına görə ekologiyanın hər bir obyekti sistem, ya da sistemin bir parçasıdır. Ümumiyyətlə ekologiya sistemdən qırağda düşünülməz, onun bütün obyektləri vahid sistemdir.
Bundan başqa ekologiyanın çöl və eksperimental metodları vardır. Çöl metodu canlıların və onların toplumlarının təbiətdə, çağdaş aparaturaların araçılığı ilə, yaşamlarının uzun sürən müşahidəsidir. Eksperimental metod isə laboratoriya şəraitində təcrübələrin qoyulması, verilən proqram üzrə canlılara təsir edən hər hansı amillərin kontrolda saxlanmasıdır. Bunu edərkən, ekoloqlar təkcə bioloji və kimyavi vasitələrdən deyil, həm də bioloji olayların modelləşdirilməsindən də istifadə edirlər. Bu da canlı təbiətdə baş verən çeşidli proseslərin süni yaradılmış ekosistemlərdə qurulmasıdır. Modelləşmənin araçılığı ilə sistemlərin davranışını öyrənmək olar. Məqsəd isə çeşidli strategiyaların işlənməsində onların gələcəkdə ola biləcək nəticələrini öncədən görüb dəyərləndirməkdir. Buna ekoloji proqnozlaşdırma deyirlər.
Təbii proseslərin araşdırılması və proqnozlaşdırması üçün həmdə riyazi modelləşdirmə üsulundan da geniş istifadə edilir. Ekosistemlərin bu kimi modelləri çöl və laboratoriya şəraitində alınmış çoxsaylı bilgilər əsasında qurulur. Düzgün qurulmuş riyazi modellər eksperimentdə çətin əldə edilən ya da əldə edilməsi mümkün olmayan şeyləri görməyə imkan verir. Bununla belə, özü-özlüyündə riyazi model bu ya da başqa fərziyənin doğruluğunun dəlili də ola bilməz. O yalnız reallığın təhlil yollarından biridir.
Araşdırmaların sistem, çöl və eksperimental metodları ekoloqa canlıların bir-biri və ətraf mühitin çoxsaylı faktorları ilə münasibətlərini tədqiq etməyə imkan verir. Bu da təbiətin dinamik müvazinətini bərpa etməyi və ekosistemləri yönətməyi mümkün edir.
Dostları ilə paylaş: |