10. Dəniz nəqliyyat daşımaları hüququnun anlayışı, onun əsas xüsusiyyətləri
Dəniz nəqliyyat daşımaları hüququnun (və ya sadəcə olaraq,dəniz
hüququnun) hüquq sistemində tutduğu yer mübahisə doğuran məsələdir.
Alimlərin bu məsələyə münasibəti birmənalı deyil. Alimlərdən
V.A.Yegiazarovun fikrincə, nəqliyyat hüququ kompleks hüquq sahəsidir və bu
sahə xüsusi hissədən, o isə, öz növbəsində, dəmir yolu hüququndan, daxili su
(çay) yolu hüququndan, hava hüququndan, dəniz hüququndan və avtomobil
hüququndan ibarətdir.1 Müəllifin irəli sürdüyü bu fikirdən belə nəticə çıxarmaq
mümkündür ki, dəniz hüququ kompleks hüquq sahəsi kimi ya nəqliyyat
hüququnun yarımsahələrindən, ya da onun institutlarından biridir.
Güman edirik ki, dəniz nəqliyyat daşımaları hüququnun hüquq sistemində
tutduğu yerin müəyyənləşdirilməsi barədə məsələyə bu tərzdə yanaşmağın
tutarlı əsası yoxdur. Belə ki, biz kompleks hüquq sahəsi barədə ideyanı qəbul
etmədiyimizə görə, nəqliyyat hüququna kompleks hüquq sahəsi kimi baxmaq
olmaz. Belə halda, dəniz nəqliyyat daşımaları hüququnu həmin sahənin
yarımsahəsi və ya institutu hesab etməyin heç bir mənası və əhəmiyyəti yoxdur.
Müəlliflərdən Yermolayev V.Q. və Sivakov O.V. dəniz hüququnun hüquq
sistemində tutduğu yer barədə məsələyə toxunaraq göstərirlər ki, dəniz hüququ
kompleks hüquq sahəsi olub ticarət gəmiçiliyindən yaranan ictimai
münasibətləri tənzimləyir. Bu münasibətlər, müstəsna olaraq, mülki-hüquqi
xarakterə malikdir. Müəlliflər bundan nəticə çıxararaq belə qənaətə gəlirlər ki,
dəniz hüququ mülki hüququn yarımsahəsidir. Alimlər daha sonra qeyd edirlər
ki, ticarət gəmiçiliyindən əmələ gələn münasibətlərdə xarici ölkə şəxsləri iştirak
etdiyi halda isə, dəniz hüququ beynəlxalq xüsusi hüququn yarımsahəsi kimi çıxış
edir.
Hesab edirik ki, alimlər dəniz hüququnun hüquq sistemində tutduğu yeri
müəyyənləşdirərkən dəqiq bir fikir söyləmirlər. Belə ki, mülki hüquq
nəzəriyyəsində mülki hüququn beş və ya altı yarımsahədən ibarət olması barədə
irəli sürülən elmi fikir hamılıqla qəbul edilmişdir.2 Nəqliyyat hüququ isə mülki
hüququn yarımsahəsi kimi tanınmır. Belə olduğu halda, nəqliyyat hüququna
daxil olan bir hissəyə yarımsahə statusunu necə vermək olar?
Müvafiq hissənin yarımsahə statusu alması üçün həmin hissənin mövcud
şərtlərə (tələblərə) cavab verməsi vacib hesab edilir. Bu şərtlərə aşağıdakılar
aiddir:
-həmin hissənin ayrıca nizamasalma predmetinin olması;
-həmin hissənin nizamasalma metodunun olması;
-həmin hissənin özünəməxsus prinsiplərə malik olması;
-həmin hissənin özündə ümumi müddəaların (ümumi hissənin) olması;
-müvafiq ictimai münasibətlərin həmin hissəyə daxil olan hüquq
normaların-dan başqa, digər hüquq normaları ilə tənzimlənməsinin mümkün
olmaması.
Göstərilən tələblərə (şərtlərə) cavab verən müvafiq hüquqi qurum (hissə)
yarımsahə statusu alır. Əgər cavab verməzsə, onda o, yarımsahə kimi tanınmır.
Dəniz nəqliyyat daşımaları hüququ qeyd etdiyimiz şərtlərin (tələblərin)
hər hansı birinə cavab vermir. Belə ki, ticarət gəmiçiliyindən əmələ gələn ictimai
münasibətlər kompleks (qarışıq) xarakterə malikdir. Bu münasibətlər mülki,
inzibati, beynəlxalq xüsusi və s. xarakterlidir. İnzibati xarakterli münasibətləri
tənzimləyən normalar birləşərək dəniz hüququ kimi inzibati hüquq institutunu
(subinstitutunu) yaradır. Xarici elementlərin iştirakı olan münasibətləri nizama
salan hüquq normalarının sistemi dəniz hüququ adlı beynəlxalq xüsusi hüquq
institutunu (subinstitutunu) əmələ gətirir. Mülki xarakterli ictimai münasibətlər
isə nəqliyyat hüququ institutu ilə tənzimlənir. Bunun üçün nəqliyyat hüququ
«dəniz nəqliyyat daşımaları hüququ» adlı subinstitut ayırır. Deməli, dəniz
nəqliyyat daşımaları hüququ mülki hüququn «nəqliyyat hüququ» adlı
institutunun subinstitutudur. Dəniz nəqliyyat daşımaları hüququnun hüquq
sistemində tutduğu yer müəyyənləşdirilərkən məsələyə məhz bu cür
yanaşılmalıdır.
Dəniz nəqliyyatının xidmət göstərməsi ilə əlaqədar olaraq, nəqliyyat
müəssisəsi ilə müştərilər arasında müəyyən ictimai münasibətlər əmələ gəlir. Bu
münasibətlər mülki hüquq normaları ilə tənzimlənir. Həmin normalar sistemi isə
dəniz nəqliyyat daşımaları hüququnu əmələ gətirir.
Dəniz nəqliyyat daşımaları hüququ dedikdə dəniz nəqliyyatının göstərdiyi
xidmətdən istifadə edilməsi ilə bağlı olaraq, nəqliyyat müəssisələri (daşıyıcılar)
ilə müştərilər arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq
normalarının sistemi başa düşülür.
Hər bir hüquq institutunun, habelə hər bir hüquq subinstitutunun özünün
nizamasalma predmeti vardır. Bəs, dəniz nəqliyyat daşımaları hüququnun
nizamasalma predmeti nədən ibarətdir?
Bildiyimiz kimi, daşıma prosesinin həyata keçirilməsi üçün müştərilər
dəniz nəqliyyatı vasitələrindən istifadə edirlər və bu zaman onlara nəqliyyat
xidməti göstərilir. Nəqliyyat xidmətindən istifadə olunarkən nəqliyyat
müəssisələri ilə müştərilər arasında ictimai münasibətlər əmələ gəlir. Məhz həmin
münasibətlər dəniz nəqliyyat daşımaları hüququnun predmetini təşkil edir.
Dəniz nəqliyyat daşımaları hüququ subinstitutdan başqa, digər mənalarda
da işlədilir. Dəniz nəqliyyat daşımaları hüququ dedikdə, həm də dəniz nəqliyyatı
barədə qanunvericilik (dəniz qanunvericiliyi) başa düşülür. Söhbət dəniz
nəqliyyatından istifadə olunması ilə bağlı olaraq yaranan ictimai münasibətləri
tənzimləyən normativ hüquqi aktlar sistemindən gedir.
Dostları ilə paylaş: |