Dəmir yol nəqliyyat daşımaları hüququnun mənbələri
Dəmir yol nəqliyyat daşımaları hüququnun əsas mənbə növü normativ
hüquqi aktlardır. Hər şeydən əvvəl, Azərbaycan Respublikasının qanunları
dəmir yolu nəqliyyatı müəssisələri ilə müştərilər arasında yaranan münasibətlərin
tənzimlənməsində böyük rol oynayır.
Sahəvi məcəllələşdirilmiş akt olan Azərbaycan Respublikası Mülki
Məcəlləsinin müəyyənləşdirdiyi ümumi qaydaların dəmir yolu nəqliyyatının
fəaliyyəti ilə bağlı münasibətləri nizama salmaqda əhəmiyyəti şəksizdir.
Bundan əlavə, dəmir yol nəqliyyat daşımaları hüququ baxımından, Mülki
Məcəllənin daşınmaya aid formulə etdiyi müddəaların rolu böyükdür.
«Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun nəqliyyatın
fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirən normaları dəmir yolu
nəqliyyatından istifadə olunması ilə bağlı yaranan münasibətlərin
tənzimlənməsində tətbiq edilə bilər. Bu Qanunda ifadə edilən belə bir hüquqi
göstərişin dəmir yol nəqliyyat daşımaları hüququ baxımından, xüsusi
əhəmiyyəti vardır ki, ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən
dəmir yolları dövlət mülkiyyətidir («Nəqliyyat haqqında» Azərbaycan
Respublikası Qanununun 3-cü maddəsi). Qanunda daşımanın şərtləri (daşımahaqqı, müddət, tərəflərin hüquq və vəzifələri və s.) barədə müəyyənləşdirilən normalardan dəmir yolu ilə həyata keçirilən daşıma prosesində istifadə oluna bilər.
«Sərnişinlərin icbari sığortası haqqında» Azərbaycan Respublikasının
Qanunu dəmir yol nəqliyyat daşımaları hüququ baxımından, mühüm əhəmiyyət
kəsb edir. Bu Qanun nəqliyyatın bütün növləri ilə, o cümlədən dəmir yolu ilə
daşınan sərnişinlərə sığorta təminatı verir. Belə ki, sərnişinlər dəmir yolu
nəqliyyatı vasitələrindən istifadə etdikləri və dəmir yolu vağzallarında olduqları
zaman, onlara sığorta hadisələri nəticəsində zərər vurula bilər. Zərər
sərnişinlərin ölümündə və ya onların sağlamlığına ziyan vurulmasında ifadə
oluna bilər. Buna görə də sərnişinlər həmin Qanuna əsasən, icbari surətdə
sığortalanırlar.
Dəmir yolu nəqliyyatı ilə fəaliyyətin hüquqi tənzimlənməsində Nazirlər
Kabinetinin normativ aktlarının rolu böyükdür. Nazirlər Kabinetinin diqqət
yetirdiyi əsas məsələlərdən biri Azərbaycan dəmir yolu nəqliyyatı ilə sərnişin
daşınması tariflərinin tənzimlənməsinə aiddir. Nazirlər Kabineti bu məsələ
barəsində vaxtaşırı olaraq qərarlar qəbul edir. Məsələn, «Azərbaycan dəmir
yolu nəqliyyatı ilə sərnişin daşınması tariflərinin artırılması haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 1994-cü il tarixli 259
nömrəli qərarı ilə dövlətlərarası sərnişin daşınması tarifləri dəyişmədən,
respublika daxilində və şəhərətrafı elektrik qatarlarında 06 iyul 1994-cü ildən
etibarən orta hesabla 3 dəfə artırılmışdır. «Azərbaycan dəmir yolu nəqliyyatı ilə
sərnişin daşınması tariflərinin tənzimlənməsi haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14 noyabr 1994-cü il tarixli 388 nömrəli
qərarına görə isə respublika daxilində dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma
tarifləri 15 noyabr 1994-cü ildən etibarən Milli Bankın müəyyən
etdiyi manatın Rusiya rubluna olan məzənnəsi tətbiq edilməklə həyata
keçirilir.
Nazirlər Kabineti hər növ nəqliyyat, o cümlədən dəmir yolu nəqliyyatı
sərnişinlərinin icbari (mütləq) sığortalanması məsələsinə də xüsusi əhəmiyyət
verir. Belə ki, «Hava, dəmir yolu, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin
dövlət tərəfindən mütləq sığortalanması haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 4 avqust 1994-cü il 297 nömrəli qərarı yol-nəqliyyat
hadisələri nəticəsində sərnişinlərə dəyən zərəri ödəmək və onlara əlavə sosial
təminat yaratmaq baxımından, praktiki olaraq, əhəmiyyətlidir.
Nazirlər Kabinetinin diqqət yetirdiyi məsələlərdən biri də dəmir yolu
nəqliyyatı ilə təhlükəli yüklərin daşınmasıyla bağlıdır. O, bu məsələni
tənzimləmək üçün özünün 20 noyabr 2000-ci il tarixli 207 nömrəli qərarı ilə
«Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları»nı təsdiq
etmişdir. Qaydalar Azərbaycan Respublikası ərazisində dəmir yolu nəqliyyatı
ilə təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə tələbləri
müəyyənləşdirir. Yükgöndərənlər (yükalanlar), hüquqi və fiziki şəxslər (təhlükəli
yükləri daşıyanlar, yükləyənlər, yükü boşaldanlar və saxlayanlar və s.), habelə
nəqliyyat-ekspeditor müəssisələri Qaydalarda nəzərdə tutulan şərtlərə və
tələblərə ciddi surətdə riayət etməlidirlər. Bu şərt və tələblər onlar tərəfindən
məcburi surətdə yerinə yetirilməlidir.
Qaydalarda təhlükəli yüklərə anlayış verilir, onların təsnifatı aparılır,
bölündüyü ayrı-ayrı siniflər göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli
171 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Dövlət Dəmir Yolu haqqında
Əsasnamə» dəmir yol nəqliyyat daşımaları hüququ baxımından, əhəmiyyətli
olmuşdur. Əsasnamə Azərbaycan Dövlət Dəmir Yolunun hüququ statusunu
müəyyənləşdirirdi. Bu normativ hüquqi sənəddə prinsipial əhəmiyyətə malik
olan bir sıra hüquqi göstərişlər ifadə edilirdi. Əsasnaməyə görə, Azərbaycan
Dövlət Dəmir Yolunun əmlakı onun tam təsərrüfat səlahiyyətində olmaqla
dövlət əmlakı idi. Bu isə o deməkdir ki, Azərbaycan Dövlət Dəmir Yolu
(ADDY) dövlət unitar müəssisə formasında yaradılan və fəaliyyət göstərən
kommersiya təşkilatı olmuşdur. Belə ki, dövlət əmlakı təsərrüfat məqsədləri
üçün Azərbaycan Dövlət Dəmir Yoluna təhkim edilmişdi. Azərbaycan Dövlət
Dəmir Yolu bu əmlak üzərində məhdud əşya hüququna malik idi. Onun yalnız
mülkiyyətçinin (dövlətin) müəyyən etdiyi qaydada və hüdudlarda əşyaya
sahiblik, əşyadan istifadə etmək və ona sərəncam vermək səlahiyyətləri
müəyyənləşdirilmişdi.
Sonradan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 20.07.2009-cu il
tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun
yenidən təşkili üsulu ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti
(«ADY» QSC) təsis edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan
Hökumətinin 04.09.2009-cu il tarixli 132 nömrəli qərarı ilə Nazirlər Kabinetinin
sözü gedən 08.08.1995-ci il tarixli 171 nömrəli qərarı qüvvədən düşmüş və
15.02.2010-cu il tarixli 36 nömrəli qərarla «ADY» QSC-nin Nizamnaməsi təsdiq
edilmişdir. Nizamnaməyə görə, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Cəmiyyət hüququ şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və
ayrıca əmlaka malikdir; bu əmlakla o, öz öhdəlikləri üçün cavabdehdir.
Cəmiyyəti ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır,
kollegial orqanı isə İdarə Heyətidir.
` «ADY» QSC-nin strukturu aşağıdakılardan ibarətdir:
I. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin aparatı;
II. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində
olan qurumlar:
1.«Naxçıvan Dəmir Yolları» Məhdud Məsuliyyətli Cəmiyyəti;
2.Yük daşımaları Departamenti;
3.Sərnişin daşımaları Departamenti;
4.İnfrastruktur Departamenti;
5.Dəmir yollarının və texniki qurğuların təmir-tikinti Departamenti.
SSRİ-nin bir sıra normativ aktları hal-hazırda öz əhəmiyyətini saxlayır.
Söhbət, hər şeydən əvvəl, SSRİ Dəmir Yolu Nizamnaməsindən gedir.1 Bu
hüquqi sənəd SSRİ Nazirlər Sovetinin 6 aprel 1964-cü il tarixli 270 nömrəli
qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında dəmir yol nəqliyyat
daşımaları qaydalarını tənzimləyən müvafiq normativ hüquqi aktın qəbul
edilmədiyi bir şəraitdə SSRİ Dəmir Yolu Nizamnaməsi öz hüquqi qüvvəsini
itirməmişdir. Onun bəzi normalarının köhnəlməsinə baxmayaraq, həmin
hüquqi sənəd dəmir yolu nəqliyyatının fəaliyyəti ilə bağlı yaranan münasibətləri
tənzimləmək baxımından, öz aktuallığını saxlayır. Nizamnamənin
normalarından həmin münasibətləri tənzimləmək üçün istifadə oluna bilər.
Nizamnamə dəmir yolunun, habelə dəmir yolu nəqliyyatından istifadə
edən müəssisə, idarə, təşkilat və vətəndaşların hüquq və vəzifələrini, onların
üzərinə düşən məsuliyyəti müəyyənləşdirir. Burada yüklərin, sərnişinlərin və
baqajın daşınma şərtləri barədə, habelə dəmir yolunun başqa nəqliyyat növləri
ilə qarşılıqlı münasibətləri barədə vacib əhəmiyyətə malik olan göstərişlər ifadə
olunmuşdur.
Nizamnamədə dəmir yolu ilə yük daşınması, sərnişin daşınması və baqaj
daşınması kimi müqavilələrə anlayış verilir, onların əsas elementləri və şərtləri
müəyyənləşdirilir.
Nizamnamə 7 bölmədən və 179 maddədən ibarətdir. Bölmələrin adı və
onlara daxil olan maddələr aşağıdakı kimidir:
-I bölmə – «Ümumi müddəalar» (1–6-cı maddələr);
-II bölmə – «Yük təsərrüfatı. Sərnişinlərə xidmət göstərmək üçün vasitələr»
(7–17-ci maddələr);
-III bölmə – «Yük daşınmalarının planlaşdırılması və təşkili» (18–78-ci
maddələr);
-IV bölmə – «Magistrala çıxan dəmir yolları» (79–95-ci maddələr);
-V bölmə – «Nəqliyyatın başqa növlərinin iştirakı ilə birbaşa qarışıq
daşımalar» (96–119-cu maddələr);
-VI bölmə – «Sərnişin, baqaj və poçt daşımaları» (120–142-ci maddələr);
-VII bölmə – «Dəmir yolunun, yükgöndərənin, yükalanın və sərnişinlərin
məsuliyyəti. Pretenziya və iddialar» (143–179-cu maddələr).
Nizamnamədə dəmir yolu nəqliyyatının fəaliyyəti ilə bağlı olan bütün
məsələlər geniş surətdə qaydaya salınır. Lakin onun bir sıra normaları
köhnəlmişdir. Həmin normalar bazar iqtisadiyyatı şəraitində tətbiq edilə bilməz.
Nizamnamənin, xüsusən, yük daşımalarının planlaşdırılmasına aid olan
normaları, bazar iqtisadiyyatı baxımından, hal-hazırda öz əhəmiyyətini
itirmişdir. Ona görə ki, həmin normalar mərkəzləşdirilmiş qaydada inzibati-
amirlik metodları ilə idarə olunan sovet iqtisadiyyatı üçün nəzərdə tutulmuşdu.
Aydın məsələdir ki, onlar müasir dövrdə bazar iqtisadiyyatının tələblərinə cavab
verə bilməz.
Hesab edirik ki, SSRİ Dəmir Yolu Nizamnaməsi əsasında yeni sənəd
(daşıma qaydalarını reqlamentləşdirən akt) qəbul olunmalıdır. Həmin sənəddə
yük və sərnişinlərin daşınması ilə bağlı olan bütün münasibətlər, nəqliyyat
qanunvericiliyinin pozulmasına görə daşıyıcı və müştərilərin məsuliyyəti və digər
məsələlər geniş və ətraflı surətdə tənzimlənməlidir. Yeni qəbul ediləcək normativ
akt bazar iqtisadiyyatının tələblərinə cavab verməlidir.
«SSRİ dəmir yolları ilə sərnişinlərin və baqajın daşınması Qaydaları»
dəmir yolu nəqliyyatı ilə sərnişinlərin və baqajın daşınması üzrə münasibətləri
tənzimləyir. Bu hüquqi sənədə «5 nömrəli tarif rəhbərliyi» də deyilir. Qaydalar
1 oktyabr 1964-cü il tarixdən qüvvəyə minmişdir. Onun, demək olar ki, bir çox
normalarından sərnişin və baqaj daşımalarının tənzimlənməsində istifadə
etmək olar. Qaydaların əsas və başlıca normaları indi də öz əhəmiyyətini
saxlamışdır. Burada dəmir yolu ilə sərnişin və baqaj daşınmalarının bütün
məsələlərinə toxunan normalara rast gəlinir.
«Dəmir yolu nəqliyyatı haqqında» 1991-ci il 15 aprel tarixli SSRİ
Qanununun müasir dövrdə tətbiqi istisna olunmur. Bu Qanun Azərbaycan
Respublikasının müvafiq qanunları qəbul edilənədək öz hüquqi qüvvəsini
saxlayır.
Dəmir yolu nəqliyyatı ilə həyata keçirilən sərnişinin və yük daşınmaları ilə
bağlı olaraq yaranan münasibətlərin tənzimlənməsində beynəlxalq hüquqi
aktlar mühüm rol oynayır. Söhbət, hər şeydən əvvəl, dəmir yolu nəqliyyatının
fəaliyyətinə aid olan beynəlxalq nəqliyyat konvensiya və sazişlərindən gedir.
Dəmir yolu ilə beynəlxalq daşımaları tənzimləyən əsas beynəlxalq
hüquqi akt dəmir yolu ilə beynəlxalq daşınma barədə Bern Konvensiyaları
hesab edilir (1890-cı il – yüklərin daşınmasına həsr edilmiş Konvensiya, 1923-cü
il – sərnişinlərin daşınmasına həsr edilmiş Konvensiya). 1980-ci ilin mayında
keçirilən konfransda Bern Konvensiyalarının yeni redaksiyada vahid sənəd
kimi birləşdirilməsi barədə qərar qəbul edilmişdir – «Beynəlxalq dəmir yolu
daşımaları haqqında» Saziş (KOTİF) və bu sənəd 1985-ci ildən qüvvəyə
minmişdir.2 Əvvəlki Bern Konvensiyalarındakı beynəlxalq-hüquqi normaları
birləşdirən bu sənəd (KOTİF) indi iki əlavədən ibarətdir:
-əlavə A;
-əlavə B.
Əlavə A sərnişinlərin, əlavə B isə yüklərin daşınma şərtlərini
müəyyənləşdirir. Əlavələrdə ifadə olunan normalar iki ayrı-ayrı sənədi əmələ
gətirir: beynəlxalq sərnişin daşınması barədə vahid qaydalar; beynəlxalq yük
daşınması barədə vahid qaydalar.
Avropa ölkələrinin çoxu, habelə bir sıra Asiya və Şimali Afrika ölkələri bu
Sazişin (KOTİF) iştirakçısıdır. Azərbaycan Respublikası hələlik bu Sazişə
qoşulmamamışdır. Lakin buna baxmayaraq, KOTİF-in bir sıra
normaları tətbiq edilir.
Belə ki, MDB dövlətlərinin, habelə Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı üzrə Şuranın iclasında (dekabr 1994-cü il) bəzi normaların beynəlxalq dəmir yolu daşınmaları barədə müvafiq sazişə uyğunlaşdırılması məsələsinə
baxılmışdır. Onlara aşağıdakılar aiddir:
-yüklərin çatdırılma müddətinin hesablanma qaydası;
-gecikdirmə hallarına görə əvəz ödəmənin həcminin müəyyənləşdirilməsi
qaydası;
-beynəlxalq (dövlətlərarası) yük daşımaları zamanı yükün
çatdırılmasının gecikdirilməsi barədə pretenziyalara baxılması qaydası.
Bundan əlavə, beynəlxalq dəmir yolu daşımaları barədə müvafiq sazişin
əsas müddəalarının tətbiq edilməsində Bakı Sazişinin (1 oktyabr 1997-ci il)
mühüm əhəmiyyəti vardır. Belə ki, Bakıda MDB dövlətlərinin və Baltikyanı
ölkələrin dəmir yolu idarələri arasında beynəlxalq yük daşınması barədə
Sazişin bəzi normalarının tətbiqinin xüsusiyyətləri haqqında müvafiq Saziş
qəbul edilmişdir.
Dəmir yolu ilə beynəlxalq daşımaların tənzimlənməsində ikitərəfli
dövlətlərarası beynəlxalq sazişlər də böyük rol oynayır. Məsələn, dəmir yolu
nəqliyyatı sahəsində əməkdaşlıq barədə Azərbaycan Respublikası Hökuməti ilə
Ukrayna Hökuməti arasında müvafiq Saziş imzalanmışdır.2 Bu Sazişə görə,
hər iki dövlət dəmir yolu ilə həm yük daşımalarına, həm də sərnişin
daşımalarına müstəsna əhəmiyyət verir. Sazişdə göstərilir ki, hər iki tərəf dəmir
yolu daşımalarını inkişaf etdirmək məqsədilə bir-birinə zəruri kömək
göstərməli, əməkdaşlığı həyata keçirməli, beynəlxalq yük və sərnişin
daşımalarını təkmilləşdirmək üçün lazımi tədbirlər görməlidir.
Tərəflər öz üzərlərinə belə bir öhdəlik götürürlər ki, yük və sərnişin
daşımalarını onlar dəmir yolu nəqliyyatı sahəsində iştirakçısı olduqları
beynəlxalq saziş və konvensiyalara, beynəlxalq müqavilələrə uyğun olaraq
həyata keçirsinlər. Belə saziş – müqavilə qismində aşağıdakıları da göstərmək
olar: Azərbaycan-Tacikistan (2007-ci il), Azərbaycan-Litva (2008-ci il),
Azərbaycan-Özbəkistan (2008-ci il) və s.
Beynəlxalq hüquqi aktlar içərisində «Avropa-Qafqaz-Asiya dəhlizinin
inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş» xüsusi
əhəmiyyətə malikdir. Azərbaycan Respublikası bu Sazişin iştirakçısıdır. Saziş
onu imzalayan ölkələr arasında (Bolqarıstan, Gürcüstan, Ermənistan,
Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Özbəkistan,
Ukrayna və Azərbaycan arasında) beynəlxalq yük və sərnişin daşımalarını,
habelə tranzit daşımalarını (yəni həmin ölkələrin ərazisi vasitəsilə həyata
keçirilən daşımaları) tənzimləyir. Sazişə görə, beynəlxalq daşımalar dedikdə,
həm də dəmir yolu nəqliyyatı ilə həyata keçirilən beynəlxalq daşımalar başa
düşülür.
Sazişin əsas məqsədi Asiya, Xəzər dənizi, Qafqaz, Qara dəniz və Avropa
regionlarında iqtisadi münasibətləri, ticarəti və nəqliyyat daşımalarını inkişaf
etdirməkdən ibarətdir. Tarixi «İpək yolu»nun bərpa edilməsində yuxarıda adı
çəkilən Sazişin rolu böyükdür.
Hüquqi adətlər dəmir yol nəqliyyat daşımaları hüququnun mənbəyi ola
bilər. Bunun üçün müvafiq davranış qaydasının dövlət tərəfindən
sanksiyalaşdırılması tələb edilir. Söhbət müəyyən davranış qaydasının qanunda
hüquq norması kimi nəzərdə tutulmasından gedir. Yalnız bundan sonra adət –
davranış qaydası hüquqi qüvvəyə malik olur və dəmir yol nəqliyyat daşımaları
daşımalarının tənzimlənməsində tətbiq edilir.
Ali Məhkəmənin Plenum qərarları, Beynəlxalq Arbitraj Məhkəməsinin
qətnamələri, məhkəmə praktikası, məhkəmə presedenti və hüquq elmi
(doktrinası) dəmir yol nəqliyyat daşımaları hüququnun mənbəyi kimi tanınmır.
Dostları ilə paylaş: |