Avtomobil nəqliyyat daşımaları hüququnun mənbələri
Avtonəqliyyat qanunvericiliyi avtomobil nəqliyyat daşımaları
hüququnun mənbəyi kim.
Avtomobil nəqliyyatı haqqında qanunvericilik avtomobil nəqliyyat
daşımaları hüququnun əsas mənbə növüdür. Avtomobil nəqliyyatı haqqında
qanunvericilik (avtonəqliyyat qanunvericiliyi) Azərbaycan Respublikasının
Konstitusiyasından, Mülki Məcəllədən, «Nəqliyyat haqqında» Qanundan,
«Avtomobil nəqliyyatı haqqında» Qanundan, habelə həmin sahəni tənzimləyən
digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.2 Avtonəqliyyat qanunvericiliyində
isə qanunlar mühüm yer tutur. Qanunlar müəyyənedici xüsusiyyətə malik olan
başlıca və əsas normativ aktdır.
Avtomobil nəqliyyat daşımaları hüququnun mənbəyi olan qanunlar
arasında, xüsusilə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin adını çəkmək
lazımdır. Mülki Məcəllə bir sıra ümumi xarakterli hüquq normalarını ifadə edir
ki, həmin normaları həm də avto-nəqliyyat münasibətlərinə şamil etmək olar.
Belə normalara aşağıdakılar aiddir:
-hüquqi şəxslər və onların hüquq subyektliyi barədə normalar;
-iddia müddəti haqqında normalar;
-müddətlər barədə normalar;
-nümayəndəlik barədə normalar;
-müqavilə hüququ barədə normalar;
-əqdlər barədə normalar;
-daşıma müqaviləsi barədə normalar;
-zərərin əvəzini ödəmə barədə normalar.
Mülki Məcəllənin daşıma müqaviləsinin ümumi məsələlərini tənzimləyən
normaları (46-cı fəsil) xüsusi əhəmiyyətə malikdir. Bu normalar xüsusi olaraq,
avtomobil daşımalarının tənzimlənməsinə aid olmasa da bütün nəqliyyat
münasibətlərinin qaydaya salınması üçün hüquqi əsas rolunu oynayır. Əvvəlki
Mülki Məcəllədən fərqli olaraq, yeni Mülki Məcəllədə (1999-cu il) avtomobil
daşımalarının tənzimlənməsinə yönələn konkret qaydalar formulə edilmir.
Köhnə 1964-cü il Mülki Məcəlləsində isə bu məsələnin xüsusi qaydada nizama
salınmasına bir neçə ayrıca maddə həsr olunmuşdu. Həmin maddələr avtomobil
münasibətlərini bilavasitə tənzimləyirdi.
«Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu da xüsusi
olaraq, avtomobil daşımalarına aid konkret normalar formulə etmir. Lakin bu
Qanunun bütün növ nəqliyyat daşımalarına və münasibətlərinə toxunan
normaları avtomobil nəqliyyatı üçün də önəmlidir. Ümumi xarakter daşıyan
həmin normalara aşağıdakılar aiddir:
-yüklərin, sərnişinlərin, baqajın və s. daşınmasının həyata keçirilməsi
barədə norma (9-cu maddə);
-birbaşa qarışıq daşımalar haqqında norma (10-cu maddə);
-daşıma haqqı barədə norma (11-ci maddə);
-yükün, sərnişinin və baqajın təyinat məntəqəsinə çatdırılma müddəti
barədə norma (12-ci maddə);
-sərnişinin hüquqları barədə norma(13-cü maddə);
-daşıyıcının məsuliyyəti barədə norma (16-cı maddə);
-nəqliyyat vasitələrinin verilməməsinə görə daşıyıcının məsuliyyəti və
verilmiş nəqliyyat vasitələrindən istifadə edilməməsinə görə müştərinin
məsuliyyəti barədə norma (17-ci maddə);
-yükün və ya baqajın itməsinə, əskik çıxmasına və zədələnməsinə (xarab
olmasına) görə daşıyıcının məsuliyyəti (18-ci maddə);
-yüklərin daşınması üzrə tələb və iddialar (19-cu maddə);
-sərnişinin sağlamlığına vurulmuş ziyana və ya onun ölümünə görə
daşıyıcının məsuliyyəti (20-ci maddə) və s.
Avtomobil daşımalarının tənzimlənməsində hökumət (Nazirlər Kabineti)
qərarlarının da böyük əhəmiyyəti vardır. Söhbət, hər şeydən əvvəl, respublika
hökumətinin (Azərbaycan SSR Nazirlər Sovetinin) 28 may 1969-cu il tarixli 213
nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR-in Avtomobil Nəqliyyatı
Nizamnaməsi»ndən gedir.1 Bu hüquqi sənəd avtomobil daşımalarının
tənzimlənməsində müəyyən rol oynamışdır. Hal-hazırda həmin sənəd bazar
münasibətləri baxımından, yeni qəbul edilmiş «Avtomobil nəqliyyatı haqqında»
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq,2 öz
hüquqi qüvvəsini itirmişdir. Avtomobil Nəqliyyatı Nizamnaməsi avtonəqliyyat
müəssisəsi ilə bu müəssisənin göstərdiyi daşıma xidmətindən istifadə edən
müştərilər arasında yaranan münasibətləri nizama salan vacib normativ akt
idi. Bu aktda formulə edilmiş əsas norma və qaydalar öz aktuallığını, əsasən,
son dövrədək saxlamışdı.
Keçən yüzilliyin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəllərində SSRİ
tərkibinə daxil olan hər bir müttəfiq respublika ayrıca olaraq, özünün
Avtomobil Nəqliyyatı Nizamnaməsini qəbul etmişdi. SSRİ səviyyəsində bu cür
normativ akt, yəni SSRİ Avtomobil Nəqliyyatı Nizamnaməsi qəbul
edilməmişdi. Bunun səbəbi onunla bağlı idi ki, avtomobil daşımalarının
tənzimlənməsi, bütövlükdə respublika
qanunvericiliyinə aid idi. SSRİ müttəfiq respublikaları mülki qanunvericiliyinin
Əsaslarında (1961-ci il) bu barədə birbaşa göstəriş də var idi: avtomobil
nəqliyyatının işinin hüquqi tənzimlənməsi SSRİ-nin deyil, müttəfiq
respublikaların səlahiyyətinə aid edilirdi (Əsasların 3-cü maddəsi). Buna görə də
hər bir müttəfiq respublika, o cümlədən də Azərbaycan SSR özünün ayrıca
olaraq Avtomobil Nəqliyyatı Nizamnaməsini qəbul etmişdi.
«Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun
(2008-ci il) qəbul edilməsi bazar münasibətləri ideyası və konsepsiyası
kontekstində mühüm hadisə oldu. Qanun 9 fəsildən ibarət olmaqla, Azərbaycan
Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşımalarının hüquqi, təşkilatı və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə
dövlət orqanları, daşıyıcılar və istehlakçılar arasında yaranan münasibətləri
tənzimləyir.
I fəsildə avtomobil nəqliyyatının funksiyaları, avtomobil nəqliyyatı
münasibətlərinin hüquqi tənzimlənməsinin əsas prinsipləri, avtomobil nəqliyyatı
infrastirukturuna dair tələblər və digər məsələlər haqqında ümumi müddəalar
formulə edilir (maddə 1-9).
II fəsil avtonəqliyyat sahəsində dövlət tənzimlənməsi, daşımaların
lisenziyalaşdırılması, xüsusi razılıq (lisenziya) verilməsinin şərtləri və
xüsusiyyətləri, habelə avtomobil nəqliyyatının standartlaşdırılması, metroloji
təminatı, sertifikatlaşdırılması və digər məsələlərə aid münasibətləri tənzimləyir
(maddə 10-16).
III fəsildə avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsinin
ümumi əsasları müəyyənləşdirilir (maddə 17-26):
-avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların yerinə
yetirilməsinin hüquqi əsasları;
-avtomobil nəqliyyatı ilə sərnişin, baqaj və yük daşınması qaydaları;
-ümumi istifadə olan avtomobil nəqliyyatı ilə daşımalar;
-taksi minik avtomobilləri ilə sərnişin daşımaları;
-nəqliyyat sənədləri, daşımaların marşrutu, sığortalanma, təhlükəsizlik,
ətraf mühitin mühafizəsi və s. məsələlər.
IV fəsildə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının şərtləri
müəyyən edilir. Burada sərnişin daşınması müqaviləsinin tərifi verilir, sərnişinin
hüquq və vəzifələri, daşıyıcının hüquq və vəzifələri, habelə baqaj daşınması ilə
bağlı olan əsas məsələlər nizama salınır (maddə 27-36).
V fəsil avtomobil nəqliyyatı ilə yük daşınması məsələsini tənzimləyir
(maddə 37-49).
VI fəsil avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara həsr edilmişdir
(maddə 50-51).
VII fəsil avtomobil nəqliyyatının fəaliyyəti sahəsində məsuliyyət
məsələlərini tənzimləyir (maddə 52-58).
VIII fəsil yalnız bircə maddədən ibarət olmaqla, avtomobil nəqliyyatı
sahə-sində dövlət nəzarətinin həyata keçirilməsi məsələlərini tənzimləyir (maddə
59).
IX fəsildə avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinə riayət edilməməsinə görə məsuliyyət və Qanunun
qüvvəyəminmə qaydası müəyyənləşdirilir (maddə 60-61).
Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının tənzimlənməsində
«Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması» Qaydalarının1 vacib
əhəmiyyəti vardır. Bu normativ hüquqi akt sərnişin və baqaj daşınmasının
şərtlərini müəyyənləşdirir, sərnişin və baqaj daşınması sahəsində münasibətləri
reqlamentləşdirir.
Avtomobil nəqliyyatı ilə yükdaşımaların nizama salınmasında «Avtomobil
nəqliyyatı ilə yüklərin daşınması» Qaydaları mühüm rol oynayır.2 Belə ki, sözü
gedən normativ hüquqi akt avtomobil daşıyıcıları tərəfindən avtonəqliyyat
vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə
yetirilməsini, ayrı-ayrı yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir,
habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı
münasibətləri tənzimləyir, onların hüquq, vəzifə və məsuliyyətini
müəyyənləşdirir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, avtomobil nəqliyyatı sahəsində
idarəetməni və dövlət nəzarət sistemini təkmilləşdirmək məqsədilə «Avtomobil
nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 04.07.2008-ci il tarixli Fərmanı
ilə «Avtonəqliyyatservis» Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nəqliyyat
Nazirliyinin «Dövlət Avtomobil Nəqliyyatı Xidməti» yaradılmışdır; onun
Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 20.07.2011-ci il tarixli
Fərmanı ilə təsdiq edilmişdir. Hal-hazırda sözü gedən xidmət tam formalaşma
mərhələsindədir.
Avtonəqliyyat münasibətlərinin tənzimlənməsində «Avtomobil yolları
haqqında» Azərbaycan Respublikasının Qanunu (22 sentyabr 1999-cu il) önəmli
yer tutur. Bu Qanun Azərbaycan Respublikasında avtomobil yollarından
istifadənin ümumi hüquqi əsaslarını müəyyənləşdirir, habelə avtomobil nəqliyyat
daşımaları hüququnun subyektləri arasında əmələ gələn avtonəqliyyat
münasibətlərini tənzimləyir.
Göstərilən Qanunun ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o,
Azərbaycan Respublikasında avtomobil yollarından istifadənin hüquqi rejimini
müəyyənləşdirir. Daşıyıcı qismində çıxış edən avtonəqliyyat müəssisələri
avtomobil yolları vasitəsilə yük, sərnişin və baqaj daşımalarını həyata keçirir.
Avtomobil nəqliyyat daşımaları hüququnun mənbələri sırasında yerli icra
hakimiyyəti orqanlarının normativ xarakterli aktları da əhəmiyyətlidir. Belə
aktlar, əsasən, avtomobil nəqliyyat vasitələrinin hərəkətinin təşkilinə, yol
hərəkəti təhlükəsizliyi və s. məsələlərin tənzimlənməsinə yönəlir.
Dostları ilə paylaş: |