2. Nəqliyyat qanunvericiliyi anlayışı
Hər şeydən əvvəl, nəqliyyat hüququ ilə nəqliyyat qanunvericiliyi
arasındakı münasibətə aydınlıq gətirməyə çalışaq. «Nəqliyyat hüququ» və
«nəqliyyat qanunvericiliyi» kimi iki anlayış sinonim, eyni mənalı anlayışlar
hesab edilmir. Onlar ilk baxışdan bir-birinə bənzər olsa da, məna və mahiyyətcə
üst-üstə düşmürlər. Hüquq nəzəriyyəsində və təcrübəsində də bu iki anlayış eyni
mənalı anlayışlar kimi işlədilmir.
Fəlsəfi baxımdan, nəqliyyat hüququ ilə nəqliyyat qanunvericiliyi
arasındakı münasibət mahiyyət və hadisə arasında olan əlaqə kimidir. Belə ki,
əgər nəqliyyat hüququ mahiyyətdirsə, nəqliyyat qanunvericiliyi hadisədir.
Hadisə mahiyyətin təzahür etdiyi və ifadə olunduğu xarici formadır .
Nəqliyyat hüququ əmlak - dəyər xarakterli nəqliyyat münasibətlərini
tənzimləyən mülki hüquq normalarından ibarətdir. Bu normalar qanunlarda və
qanun qüvvəli normativ aktlarda (Prezident fərmanlarında, Nazirlər
Kabinetinin qərarlarında və ayrı-ayrı normativ aktlarda) zahiri şəkildə ifadə
olunurlar. Onlar bu normaların obyektiv (maddi) forması kimi çıxış edirlər.
Beləliklə, həmin normaların zahirən ifadə olunduğu ayrı-ayrı qanunların,
qanun qüvvəli aktların və digər normativ hüquqi aktların məcmusu nəqliyyat
qanunvericiliyini əmələ gətirir.
Nəqliyyat qanunvericiliyi dedikdə nəqliyyat fəaliyyəti ilə bağlı olaraq,
əmələ gələn ictimai münasibətləri tənzimləyən hüquq normalarının zahirən ifadə
olunduğu ayrı-ayrı qanunların, qanun qüvvəli aktların və digər normativ
hüquqi aktların məcmusu başa düşülür. Deməli, nəqliyyat qanunvericiliyi
nəqliyyat münasibətlərini nizama salan və tənzim edən normativ aktların
məcmusu və sistemidir. Dediklərimizdən belə məlum olur ki, mənaca üst-üstə
düşməsələr də, nəqliyyat hüququ və nəqliyyat qanunvericiliyi kimi iki qeyri-
identik anlayış bir-biri ilə çox sıx surətdə bağlıdırlar. Belə ki, nəqliyyat hüququ
hüquq normalarının məcmusudur. Hüquq norması nəqliyyat hüquq sisteminin
ilkin elementi kimi çıxış edir. Nəqliyyat qanunvericiliyi isə normativ aktların
məcmusudur. Burada nəqliyyat qanunvericiliyi sisteminin ilkin elementi kimi
hüquq norması deyil, normativ akt çıxış edir.
Nəqliyyat qanunvericiliyi nəqliyyat hüququnun mənbə növlərindən
biridir. Bu o deməkdir ki, nəqliyyat hüququnun mənbələri təkcə nəqliyyat
qanunvericiliyi ilə məhdudlaşmamışdır və yalnız həmin qanunvericilikdən
ibarət deyildir. Ona görə ki, nəqliyyat qanunvericiliyi anlayışı ilə nəqliyyat
hüququnun əsas mənbə növü olan normativ hüquqi aktlar əhatə olunur.
Deməli, nəqliyyat hüququnun nəqliyyat qanunvericiliyindən başqa digər
mənbə növləri də vardır ki, bu da beynəlxalq müqavilələrdən və hüquqi adətlərdən ibarətdir.
Beləliklə,nəqliyyatqanunvericiliyi nəqliyyat hüququnun bütün mənbə növlərini deyil, onun yalnız normativ hüquqi aktlar adlı növünü, yəni hissəsini özündə birləşdirir. Bu o deməkdir ki, nəqliyyat hüququnun hüquqi adətlər, beynəlxalq müqavilələr kimi mənbə növləri nəqliyyat qanunvericiliyi kateqoriyasına şamil edilmir. Bu, nəqliyyat qanunvericiliyini nəqliyyat hüququndan fərqləndirməyə imkan verən başlıca cəhətlərdən biridir. Əgər nəqliyyat hüququ, yuxarıda göstərdiyimiz kimi, hüquq normalarının sistemi və birləşməsidirsə, nəqliyyat qanunvericiliyi də nəqliyyat hüquq normalarının öz rəsmi ifadəsini tapdığı normativ hüquqiaktların məcmusu-dur. Dediklərimiz belə bir nəticəyə gəlməyə imkan verir ki, «nəqliyyat hüququ» və «nəqliyyat qanunvericiliyi» kimi iki fenomen identik (eynimənalı) və sinonim hadisələr deyildir.
Nəqliyyat qanunvericiliyini nəqliyyat hüququndan fərqləndirən əsas və
başlıca cəhət ondan ibarətdir ki, o, kompleks və qarışıq xarakterə malikdir. Bu o deməkdir ki, nəqliyyat qanunvericiliyinə daxil olan bir çox normativ aktlar
özündə, eyni zamanda, həm də müxtəlif hüquq sahələrinin (məsələn, konstitusiya
hüququnun, inzibati hüququn, maliyyə hüququnun, ekologiya hüququnun və s.)
normalarını əks etdirir. Məsələn, «Nəqliyyat haqqında» Azərbaycan
Respublikasının Qanununda, «Aviasiya haqqında» Azərbaycan Respublikasının
Qanununda, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və
digər normativ aktlarda mülki hüquq normalarından əlavə inzibati, maliyyə
və digər hüquq sahələrinin normalarına rast gəlirik. Deməli, hər hansı bir
normativ aktda öz hüquqi təbiətinə görə bir-birindən fərqlənən mülki, cinayət,
konstitusiya, ekologiya, inzibati və digər hüquq normaları mövcud ola bilər.
Ona görə də eyni bir akt həm mülki qanunvericiliyə, həm maliyyə
qanunvericiliyinə, həm inzibati qanunvericiliyə və s. daxil ola bilər. Bu isə
təsadüfi deyildir. Belə ki, normativ hüquqi aktı qəbul edərkən səlahiyyətli
dövlət orqanını maraqlandıran əsas cəhət müəyyən edilən hüquq normasının
hüquqi təbiəti deyil, onun mahiyyətidir.
Belə məlum olur ki, nəqliyyat qanunvericiliyinə həm mülki hüquq
normaları, həm də inzibati, maliyyə, ekologiya və s. hüquq normaları daxil
edilir. Bu isə onu göstərir ki, nəqliyyat qanunvericiliyi, yuxarıda qeyd etdiyimiz
kimi, kompleks (qarışıq) xarakterə malikdir.
Hər bir hüquqi fenomen kimi nəqliyyat qanunvericiliyi də müəyyən bir
funksiya (vəzifə) yerinə yetirir. Onun iki əsas funksiyası vardır:
- tənzimləmə funksiyası;
- qoruma funksiyası.
Nəqliyyat qanunvericiliyinin tənzimləmə funksiyasının mahiyyəti ondan
ibarətdir ki, o, nəqliyyat hüququnun subyektlərinin hüquqi vəziyyətini
müəyyənləşdirir, nəqliyyat münasibətlərini nizama salır.
Nəqliyyat qanunvericiliyinin qoruma funksiyasının mahiyyəti ondan
ibarətdir ki, o, nəqliyyat hüququ subyektlərinin hüquqlarını və qanunla
qorunan mənafelərini müdafiə edir.
Dostları ilə paylaş: |