Nəqliyyat öhdəliyi
Nəqliyyat öhdəlikləri xidmət öhdəlikləri sistemində vacib və mühüm
yerlərdən birini tutur. Bu onunla bağlıdır ki, nəqliyyat xüsusi qaydalar əsasında
həyata keçirilən iqtisadi fəaliyyətin müstəqil sahəsidir. O, maddi istehsalın bir
sahəsi olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sferalarını bir-birinə bağlayan halqa
kimi çıxış edir. Nəqliyyat ictimai istehsalla, bölgü və mübadilə arasında əlaqə
yaradır.
Nəqliyyat təkcə maddi istehsal sahəsi hesab edilmir. O, həm də
iqtisadiyyatın normal fəaliyyət göstərməsinin vacib şərtidir. Belə ki, nəqliyyat
ölkə iqtisadiyyatının digər sahələrində yüksək təsərrüfat nəticələrinə nail
olunmasına bilavasitə və mühüm təsir göstərir. Nəqliyyat iqtisadiyyatın əsas
bazasıdır və ya əsas bazalarından biridir.
Nəqliyyatın rolu müştərilərə (istehlakçılara) spesifik xarakterli xidmət
göstərməkdən ibarətdir. Bu xidmət sərnişin və yüklərin məkan baxımından
yerlərinin dəyişməsinə yönəlir. Ərazi yerdəyişməsi üzrə fəaliyyət nəqliyyatın
məhsuludur. Belə ki, nəqliyyat fəaliyyəti nəticəsində yeni əşya yaradılmır.
Nəqliyyat xidməti göstərilməsi nəticəsində nəqliyyat müəssisəsi ilə
müştəri arasında ictimai münasibətlər əmələ gəlir. Bu münasibətlərin dairəsi
kifayət qədər genişdir. Həmin münasibətlərə yük, sərnişin, baqaj və poçt
daşımaları, nəqliyyat vasitələrinin saxlanması, texniki xidmət və təmir, yükləmə-
boşaltma və liman xidmətləri göstərilməsi ilə əlaqədar əmələ gələn əlaqələr
daxildir. Buraya təşkilati-daşıma, nəqliyyat ekspedisiya, yedəyə qoşub aparma
və digər münasibətlər də daxildir. Hüquq normaları ilə tənzimlənməklə bu
münasibət-lər nəqliyyat-hüquq münasibətləri — nəqliyyat öhdəlikləri formasını
alır.
Nəqliyyat öhdəliyi dedikdə elə bir mülki hüquq münasibəti başa düşülür
ki, bu münasibətə görə, nəqliyyat müəssisəsi müştəriyə daşıma və digər növ
nəqliyyat xidməti göstərir, müştəri isə bu xidmətin əvəzində müəyyən haqq
ödəyir.
Nəqliyyat öhdəliklərinin rolu və əhəmiyyəti böyükdür. Bu öhdəliklər
əmlak və əmtəə xarakterli iqtisadi dövriyyə münasibətləri sahəsində mühüm
yerlərdən birini tutur. Bu onunla izah edilir ki, nəqliyyat xalq təsərrüfatının «qan
damarları sistemi»ni təşkil edir. O, iqtisadiyyatın ayrı-ayrı sahələrini birləşdirən
halqadır. Sənayenin, kənd təsərrüfatının, tikintinin və digər sahələrin
müvəffəqiyyətlə inkişafı nəqliyyatın işindən asılıdır.
Nəqliyyat böyük və mürəkkəb təsərrüfat təşkilatı olmaqla özündə beş əsas
növü birləşdirir:
-dəmir yolu nəqliyyatı;
-avtomobil nəqliyyatı;
-dəniz nəqliyyatı;
-daxili su (çay) nəqliyyatı;
-hava nəqliyyatı.
Nəqliyyatın bu növləri Azərbaycan Respublikasının nəqliyyat sistemini
təşkil edir. Bundan əlavə, hüquq ədəbiyyatı səhifələrində, habelə nəqliyyat
qanunvericiliyində3 nəqliyyatın «boru kəməri» kimi xüsusi növü fərqləndirilir.
Söhbət qaz-neft boru kəmərlərindən gedir. Bu nəqliyyat vasitəsi ilə
daşımanın texnoloji spesifikası elədir ki, onun fəaliyyəti əsasında nəqliyyat
öhdəliyi əmələ gəlmir. Ona görə də «boru kəməri nəqliyyatı» şərti əhəmiyyətə
malikdir. Boru kəməri vasitəsi ilə neft və qazın nəql edilməsi ilə bağlı yaranan
öhdəlik özündə iki növ öhdəliyin elementlərini birləşdirir: qazın və neftin
verilməsi üzrə öhdəliklər, xidmət göstərilməsi üzrə (saxlama, nəqletmə)
öhdəliklər. Buna görə də həmin öhdəliklər qarışıq (kompleks) öhdəliklər
kateqoriyasına şamil edilir. Məhz bu səbəbdən boru kəməri sahəsində
münasibətlər xüsusi qanunvericiliklə tənzimlənir.
Dostları ilə paylaş: |