Yük daşınması müqaviləsi
Nəqliyyat müqavilələri sistemində yük daşınması müqaviləsi nisbətən
daha mühüm əhəmiyyət kəsb edir. Məhz bu müqaviləyə uyğun olaraq maddi
nemətlər real şəkildə öz yerlərini ərazi və məkan cəhətdən dəyişirlər. Təsadüfi
deyildir ki, bu müqavilənin hüquqi təbiətinə nəqliyyat hüququ mütəxəssisləri
xüsusi diqqət yetirirlər. Belə ki, yük daşınması müqaviləsinin hüquqi təbiətinin
düzgün müəyyənləşdirilməsi nəinki nəqliyyat hüququ baxımından, habelə
nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi aspektindən xüsusi əhəmiyyət
kəsb edir.
Yük daşınması müqaviləsi yük daşımalarının təşkili haqqında müqaviləyə
münasibətdə əsas müqavilə rolunu oynayır. Belə ki, mülki hüquq elmində və
qanunvericilikdə mülki-hüquqi müqavilələr iki yerə bölünür:
-ilkin müqavilə;
-əsas müqavilə.
İlkin müqavilə dedikdə elə bir saziş başa düşülür ki, bu sazişə görə tərəflər
gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürürlər. Yük daşımalarının təşkili
müqaviləsi ilkin müqavilə kateqoriyasına aid edilir.
Əsas müqavilə isə odur ki, onun bağlanması gələcəkdə nəzərdə tutulur.
Yük daşınması müqaviləsi əsas müqavilədir. İlkin müqavilə kimi yük
daşımalarının təşkili haqqında müqavilədə məhz yük daşınması müqaviləsinin
predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən
şərtlər göstərilir. Burada əsas müqavilənin hansı müddətdə bağlanması da
nəzərdə tutulur.
Yük daşınması müqaviləsi mülki-hüquqi müqavilələr sistemində müstəqil
müqavilə növlərindən biridir. Bu müqavilənin iqtisadi məzmununu nəqliyyat
xidmətinin özgəninkiləşdirilməsi ilə bağlı münasibətlər təşkil edir.1 Məhz iqtisadi
münasibətlərin bu sferası yük daşınması müqaviləsinin müstəqilliyini müəyyən
edir və şərtləndirir.
Mülki-hüquqi müqavilə tipi kimi daşıma müqaviləsinin müstəqil olması
həmişə müəlliflər tərəfindən eyni cür qarşılanmamışdır. Ayrı-ayrı alimlər vaxtı
ilə göstərirdilər ki, bu müqavilə müstəqil olmayıb, tapşırıq, podrat, saxlanc və
əmlak kirayə müqaviləsi kimi müqavilələrin əlamətlərini əks etdirir.2 Lakin
daşıma müqaviləsinin hüquqi təbiətinə bu cür yanaşma nəqliyyat hüququ
elmində dəstək tapmadı.
Hüquq ədəbiyyatı səhifələrində mübahisə doğuran məsələlərdən biri plan
ilə yük daşınması müqaviləsi arasındakı münasibət məsələsidir.3 Müəlliflərdən
M.A.Tarasov göstərir ki, nəqliyyat hüququ planlı daşıma fəaliyyəti ilə bağlı
olaraq yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının
məcmusudur. Bu anlayışdan belə çıxır ki, nəqliyyat hüququ yalnız planlı
daşıma fəaliyyətini tənzim edir, daşıma müqaviləsi isə ancaq planla bağlıdır. Bu,
hələ planlı-mərkəzləşdirilmiş təsərrüfata əsaslanan sovet (komanda)
iqtisadiyyatı dövründə məsələyə birtərəfli yanaşmanı ifadə edirdi. Ona görə də
sovet dövrünün hüquq ədəbiyyatı səhifələrində həmin anlayışın qüsurlu olması
göstərilirdi. Belə ki, nəqliyyat hüququnu və daşıma müqaviləsini təkcə planla
bağlamaq olmaz. Bu, nəinki əşyaların faktiki vəziyyətinə, habelə
qanunvericiliyə ziddir. Sovet iqtisadiyyatı və təsərrüfatı dövründə həm planlı,
həm də plandankənar daşımalar həyata keçirilirdi. Məhz bu səbəbdən sovet
dövrünün nəqliyyat hüquq elmində haqlı olaraq qeyd edilirdi ki, planlılıq yük
daşınması müqaviləsi üçün məcburi element ola bilməz və əgər o, yük daşınması
müqaviləsinin anlayışına daxil edilsə, onda bu, nəqliyyatın daşıma
fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olardı, bununla da nəqliyyat
münasibətlərini istiqamətləndirən və müəyyənləşdirən amil kimi daşıma
müqaviləsinin rolunu və əhəmiyyətini azaldardı. Planın öz əhəmiyyətini itirdiyi
bazar iqtisadiyyatı dövründə isə plan amilinin bu müqavilənin anlayışına daxil
edilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Bu cəhəti nəzərə alaraq
Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi daşıma müqaviləsinə
anlayış verərkən daşıma planından imtina etmişdir.
Nəqliyyat münasibətlərində müddət vacib rol oynayır. Mübahisəsiz olaraq
göstərmək lazımdır ki, vaxt və zaman amili nəqliyyat fəaliyyətində xüsusi
əhəmiyyətə malikdir. Burada K.Marksın belə bir kəlməsini işlətmək yerinə
düşərdi: «Vaxta qənaət etmək qanunu bütün sosial-iqtisadi formasiyalarda
qüvvədə olan birinci və əsas qanundur».
İctimai istehsalın vacib amili olan zaman və vaxt kateqoriyası həm də
hüquqi əhəmiyyətə malikdir. Mülki hüquqda və nəqliyyat münasibətlərində
müddətlərə həsr edilmiş bir-iki işi nəzərə almasaq, bu məsələnin tədqiq
olunmasına və araşdırılmasına indiyə kimi xüsusi diqqət yetirilməmişdir. Belə
ki, bu günə qədər həmin məsələni geniş təfsilatı ilə işıqlandıran xüsusi əsərlər
yazılmamışdır. Buna görə zaman amili özünün geniş və əhatəli doktrinal (elmi)
araşdırılmasını gözləyir.
Nəqliyyat münasibətlərində və fəaliyyətində müddətin, yəni vaxtın bir
hissəsinin xüsusi əhəmiyyət kəsb etməsi bir sıra səbəblərlə izah olunur. Birinci
səbəb ondan ibarətdir ki, uzun müddət yolda olan yük dövriyyədən təcrid
olunmuş vəsaitə çevrilir.
İkinci, müddət daşıma müqaviləsinin lazımınca icrası üçün əsas və vacib
şərtdir. Bununla ölkə iqtisadiyyatı və təsərrüfatı üçün lazım olan xammal, tikinti
materialları, avadanlıqlar, maşınlar və s. vaxtlı-vaxtında təyinat yerinə çatdırılır.
Başqa sözlə desək, nəqliyyatın vəzifəsi ümumi təsərrüfat vəzifələri ilə qarışır. Bu
baxımdan yükün bir yerdən digər yerə daşınması müddəti kompleks xarakterə
malik olur və buna görə də o, nəqliyyat münasibətləri çərçivəsindən kənara
çıxaraq digər təsərrüfat öhdəliklərinin (mal göndərmə, tikinti üzrə podrat
öhdəliyi və s.) yerinə yetirilməsi müddətini şərtləndirir. Yükün daşınması ilə
bağlı olan istənilən təsərrüfat vəzifəsinin həyata keçirilməsi nəqliyyatın yükü
təyinat yerinə çatdırma müddətindən asılıdır.
Üçüncü, yükün vaxtında, nəzərdə tutulan müddətdə təyinat yerinə
çatdırılması nəqliyyatın keyfiyyətlə işləməsini və fəaliyyət göstərməsini
şərtləndirən əsas və başlıca amillərdən biridir. Yükün istehlakçılara – sənaye,
kənd təsərrüfatı və digər sahələrin müəssisələrinə vaxtında çatdırılması xüsusi
əhəmiyyətə malik olan məsələdir.
Elə bir iqtisadiyyat sahəsi tapmaq olmaz ki, həmin sahədə vaxt amili
nəqliyyatdakı kimi mühüm rol oynasın. Yükün daşınmasına sərf edilən vaxt
nəinki nəqliyyatın yerinə yetirdiyi işin keyfiyyətinə, habelə bütövlükdə ictimai
istehsalın səmərəliliyinə bilavasitə təsir göstərir. İstehsal tsiklinin ahəngdarlığı
məhz bu amildən asılıdır.
Beləliklə, iqtisadi kateqoriya olan zaman amili həm də hüquqi
kateqoriyadır. Bu amil nəqliyyat (daşıma) münasibətlərində vacib rol oynayır.
Belə ki, maddi nemətlərin bir yerdən başqa yerə daşınması nəqliyyat
öhdəliklərinin icrası müddəti ilə bağlıdır. Buna daşıma müddəti və ya nəqliyyat
vaxtı deyilir.
Daşıma müddəti (nəqliyyat vaxtı) dedikdə elə bir zaman kəsiyi başa
düşülür ki, bu müddət ərzində nəqliyyat göndərmə stansiyasında, yolda və
təyinat stansiyasında bütün yük, texniki və kommersiya əməliyyatlarını yerinə
yetirir. Bundan öncə gətirdiyimiz tutarlı dəlillər belə bir fikir söyləməyə əsas
verir ki, daşıma müddəti (nəqliyyat vaxtı) daşıma müqaviləsi üçün zəruri və
məcburi elementdir. Ona görə də həmin elementin yük daşınması
müqaviləsinin anlayışına daxil edilməsi mütləq və labüd (məcburi) xarakter
daşıyır.
Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi isə daşıma müddəti
kimi məcburi elementi yük daşınması müqaviləsinə verdiyi leqal anlayışa daxil
etməmişdir: yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq
müqabilində (yüklərin daşınması üçün olan haqq müqabilində) olduqları yerdən
təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın
dəyərini ödəməyi öhdəsinə götürür (MM-in 850-ci maddəsinin 1-ci bəndi).
Göründüyü kimi, burada daşıma müddəti anlayışından istifadə olunmur. Bunu
nəzərə alaraq yük daşınması müqaviləsinə daha əhatəli doktrinal (elmi) tərif
verməyi zəruri hesab edirik.
Yük daşınması müqaviləsinə görə nəqliyyat müəssisəsi (daşıyıcı)
yükgöndərən (yükü yola salan) şəxs tərəfindən ona tapşırılan yükü nəzərdə
tutulan müddətdə təyinat yerinə çatdırmağı və yükü almağa ixtiyarı çatan
şəxsə (yükalana) verməyi, yükgöndərən isə bunun müqabilində
müəyyənləşdirilmiş daşıma haqqı ödəməyi öhdəsinə götürür. Ümidvarıq ki,
nəqliyyat qanunvericiliyi gələcəkdə təkmilləşdirilərkən qanunverici bu anlayışı
nəzərə alacaq, yəni müddəti məcburi element kimi həmin anlayışa daxil edəcək.
Dostları ilə paylaş: |