Sərnişin daşınması müqaviləsinin məzmunu
Məlum məsələdir ki, sərnişin daşınması müqaviləsinin məzmununu
daşıyıcı və sərnişinin əsas hüquq və vəzifələri prizmasından aydınlaşdırmaq
lazımdır. Mülki qanunvericilik həmin hüquq və vəzifələri özünün bütün detalları
ilə müəyyənləşdirir və tənzimləyir.
Daşıyıcının əsas vəzifəsi sərnişini müəyyən nəqliyyat növü ilə təyinat yerinə
çatdırmaqdan ibarətdir. Bu vəzifə Azərbaycan Respublikası Mülki Məcəlləsinin
sərnişin daşınması müqaviləsinə verdiyi anlayışda nəzərdə tutulur (MM-in
842-ci maddəsinin 1-ci bəndi).
Amma əslinə baxsaq, həqiqətdə daşıyıcı göstərilən vəzifəni icra
etməmişdən əvvəl belə başqa bir vəzifə daşıyır: sərnişinin əyləşməsi və yer
tutması üçün nəqliyyat vasitəsini vaxtında vermək və onun cədvəldə göstərilən
müddətdə yola düşməsini təmin etmək. Bunu daşıyıcının növbə ilə ardıcıl
olaraq, birinci yerdə duran vəzifəsi hesab etmək lazımdır.
Daşıyıcının növbəti vəzifəsi sərnişinə əldə etdiyi yol (gediş) biletinə uyğun
olaraq yer verməkdən ibarətdir. Bəzən bu və ya digər səbəbə görə daşıyıcı
sərnişini münasib yerlə təmin edə bilmir. Bu cür halda yaranmış mübahisəli
məsələ necə həll edilir? Nəqliyyat qanunvericiliyi həmin məsələni qaydaya
salmaq üçün müvafiq normalar nəzərdə tutur. Məsələn, dəmir yolu yol biletində
göstərilən vaqonda yer vermək mümkün olmadıqda, sərnişinin razılığı ilə onu
başqa vaqonda, o cümlədən yüksək kateqoriyalı vaqonda əlavə haqq almadan
yerlə təmin edir.
Bəzən sərnişinə onun razılığı ilə yol biletində göstərilən yerə nisbətən aşağı
qiymətli yer verilir. Belə halda yol pulu arasındakı fərq sərnişinə qaytarılır.
Daşıyıcının növbəti vəzifəsi sərnişinin təhlükəsizliyini təmin etməkdən
ibarətdir. Onun bu vəzifəsinin icrası sərnişinin həyat və sağlamlığının sığorta
edilməsi ilə təmin olunur. Sərnişinin sığortası isə qanunvericiliyə uyğun
olaraq icbari və ya könüllü formada həyata keçirilə bilər.2
Daşıyıcının əsas vəzifələrindən biri sərnişinin əl yükünü yola düşmə
yerindən təyinat yerinə çatdırmaqdan ibarətdir. Bu vəzifə birbaşa mülki
qanunvericilikdə nəzərdə tutulmuşdur: daşıyıcı sərnişinin əl yükünü yola düşmə
yerindən təyinat yerinə çatdırmağı öhdəsinə götürür (MM-in 842-ci
maddəsinin 1-ci bəndi).
Əl yükü dəmir yolu nəqliyyatında sərnişinin özü ilə apardığı əşyadır.
Dəniz nəqliyyatında sərnişinin özü ilə götürdüyü əşya kayut baqajı adlanır.
Hava nəqliyyatında sərnişinin özü ilə apardığı əşya isə pulsuz baqaj adlanır.
Əl yükünü, kayut baqajını və pulsuz baqajı sərnişinin baqaj qəbzi əsasında
nəqliyyat təşkilatına verdiyi əşyadan (baqajdan) fərqləndirmək lazımdır. Baqaj
qəbzi əsasında təhvil verilən əşyanın (baqajın) daşınması ilə bağlı olaraq,
daşıyıcı üçün əlavə öhdəlik yaranır. Bu öhdəliyə əsasən, daşıyıcı baqajı təyinat
yerinə çatdırır və onu sərnişinə və ya yükü almağa səlahiyyəti olan digər şəxsə
verir. Özü də həmin əlavə öhdəlik baqaj daşıma müqaviləsindən əmələ gəlir. Əl
yükünün və s. daşınması ilə bağlı olaraq hər hansı əlavə müqavilə bağlanmır və
buna görə də əlavə öhdəlik yaranmır.
Əl yükü dedikdə cinsindən və qablaşdırma növündən asılı olmayaraq
aparılması və daşınması asanlıqla mümkün olan, qatarın vaqonlarında, habelə
onlar üçün xüsusi olaraq ayrılmış yerlərdə çətinlik törətmədən yerləşdirilə
bilən əşya başa düşülür. O, sərnişinin olduğu vaqonda yerləşir və sərnişinlə
birlikdə daşınır.1 Əl yükünün daşınması üçün, bir qayda olaraq, daşınma
haqqı alınmır. Bununla belə, əgər əl yükünün çəkisi nəzərdə tutulmuş və
müəyyənləşdirilmiş normadan çox olarsa, onda müvafiq məbləğdə pul ödənilir.
Kayut baqajı dedikdə yığcam şəkildə qablaşdırılan, kayutda və ya ümumi
yerlərin taxçalarında sərbəst surətdə yerləşdirilə bilən, sərnişinə məxsus olan
əşya başa düşülür. O, sərnişinin kayutunda yerləşir və ya başqa qaydada onun
sahibliyində, nəzarəti və ya mühafizəsi altında olur. Kayut baqajı sərnişinin özü
ilə apardığı əşyadır. Onun sayı müəyyən norma (say) çərçivəsini aşa bilməz.2
Hava nəqliyyatı daşımalarında əl yükü sərnişinin özü ilə apardığı əşyadır.
Bu əşyanın çəkisi müəyyənləşdirilmiş normadan çox ola bilməz. Özü də həmin
əşyaya görə sərnişindən pul alınmır. Həmin norma isə hava gəmisinin tipindən
asılı olaraq müəyyən edilir.
Əl yükü (kayut baqajı və s.) daşınma zamanı sərnişinin sahibliyində qalır
və onunla birlikdə təyinat yerinə çatdırılır. Buna görə də, ümumi qaydaya
əsasən, daşıma prosesində daşıyıcıya əl yükünün salamatlılığının təmin edilməsi
barədə hər hansı bir xüsusi vəzifə həvalə edilmir. Belə ki, bu cür vəzifə sərnişinin
üzərinə qoyulur. Sərnişin daşıyıcı qarşısında əl yükünün daşınması barədə
müəyyən vəzifələr daşıyır. Məsələn, dəmir yolu daşınmalarında əl yükünün
çəkisi 36 kiloqramdan çox ola bilməz; əl yükü vaqonlarda onlar üçün xüsusi
olaraq ayrılmış yerlərdə saxlanmalıdır; vaqonu və başqa sərnişinlərin əşyalarını
zədələyə və ya çirkləndirə bilən əl yükünün daşınmasına yol verilmir; zəhərli,
yanğın törədən, tez alışan, partlayış törədən və digər təhlükəli əşyaların, habelə
odlu silahların daşınmasına yol verilmir. Sərnişin göstərilən vəzifələrin yerinə
yetirilməməsinə görə məsuliyyətə cəlb edilə bilər.
Daşıyıcının vəzifələrindən biri də sərnişinə servis xidməti göstərməkdən
ibarətdir. Bu cür xidmətə sərnişini yataq dəsti ilə təmin etmək, vaqon-
restoranda və ya vaqon-kafedə sərnişinə ictimai iaşə xidməti göstərmək
(qidalanma) və s. misal gətirmək olar:
Nəhayət, daşıyıcının əsas vəzifələrindən biri sərnişini vaxtında təyinat
məntəqəsinə çatdırmaqdan ibarətdir. Başqa sözlə desək, daşıyıcı sərnişini təyinat
yerinə çatdırmaq müddətinə riayət etməlidir. O, bu vəzifəni hərəkət cədvəlinə
əməl etməklə yerinə yetirir. Bunun nəticəsində cədvələ müvafiq olaraq sərnişin
təyinat yerinə çatdırılır.
Göstərilən vəzifənin icra edilməməsi, yəni hüquq pozuntusuna yol
verilməsi müəyyən arzuolunmaz nəticəyə səbəb olur. Belə ki, həmin pozuntuya
görə daşıyıcı nəqliyyat qanunvericiliyi (nəqliyyat nizamnamə və məcəllələri)
ilə müəyyənləşdirilmiş qaydada mülki-hüquqi məsuliyyət daşıyır.
Müqavilə üzrə sərnişin də müvafiq vəzifələr daşıyır. Onun əsas vəzifəsini
sərnişin daşınması müqaviləsinə verilmiş leqal anlayışdan müəyyən etmək olar
(MM-in 842-ci maddəsinin 1-ci bəndi). Bu vəzifə sərnişinin daşıma haqqını
ödəməyə borclu olmasından ibarətdir. Belə ki, sərnişin nəzərdə tutulmuş
müvafiq təyinat yerinə çatdırılmağın müqabilində daşıyıcıya
müəyyənləşdirilmiş məbləğdə haqq ödəməlidir.
Sərnişin göstərilən vəzifəni, bir qayda olaraq, nəqliyyat sənədi (gediş
bileti, yol bileti) əldə etməklə yerinə yetirir. Qeyd etdiyimiz kimi, yol bileti
sərnişin daşınması müqaviləsini rəsmiləşdirən sənəddir. Bu bilet müqavilənin
bağlanmasını və sərnişin tərəfindən daşıma haqqının ödənilməsini təsdiq edir.
Deməli, yol bileti alınmaqla sərnişin daşınması müqaviləsi bağlanır və bu
andan sərnişinin daşıma haqqını ödəmək vəzifəsi icra edilir.
Mülki qanunvericilik sərnişinin daşıma haqqını ödəmək vəzifəsinin
icrasının maksimum müddəti barədə konkret göstəriş ifadə edir. Belə ki, daşıma
haqqı ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək ödənilməlidir (MM-in
843-cü maddəsinin 2-ci bəndi).
Bununla belə, sərnişin əsas və başlıca vəzifəsinə münasibətdə əlavə
vəzifələr də daşıyır. Söhbət nəqliyyat qanunvericiliyinin sərnişinlər üçün bir
neçə əlavə vəzifə nəzərdə tutmasından gedir. Məsələn, dəmir yolu nəqliyyatı
qanunvericiliyinə görə:
-ictimai qayda-qanuna əməl etmək;
-vaqonlardan, vağzal binalarından istifadə qaydalarına riayət etmək;
-dəmir yolu nəqliyyatı təşkilatının əmlakına zərər vurmamaq, ona qayğı
ilə yanaşmaq;
-sərxoş vəziyyətdə gediş qaydalarını pozmamaq, spirtli içkilərdən istifadə
etməmək və başqa sərnişinlərin sakitliyinə və rahatlığına mane olmamaq (bu cür
halda daxili işlər orqanının işçiləri tərəfindən sərnişin qatardan düşürülür)
sərnişinin borcudur.
Bundan əlavə, sərnişin xəstə olarsa və digər sərnişinlərin rahatlığını
pozarsa, həkim (tibbi-müalicə personalı) tərəfindən qatardan düşürülə bilər (əgər
xəstəni ayrıca yerdə saxlamaq və yerləşdirmək mümkün olmazsa). Xəstə
sərnişin qatardan o dəmiryolu stansiyasında düşürülür ki, həmin stansiyada
tibbi-müalicə müəssisəsi olsun. Belə halda dəmir yolu stansiyasının rəisi
sərnişinin istəyi ilə daşıma haqqının qət edilməmiş məsafəyə uyğun olan
hissəsini geri qaytarır və bu barədə o, yol (gediş) biletində qeyd edir.
Yol bileti (nəqliyyat sənədi) iki cür olur: adlı yol bileti; adsız yol bileti.
Adlı yol biletində sərnişinin adı göstərilir. Hava və dəniz yolu nəqliyyatında yol
bileti, bir qayda olaraq, adlı olur. Nəqliyyatın digər növlərində isə verilən yol
biletində sərnişinin adı göstərilmir. Söhbət adsız yol biletindən gedir.
Hüquq ədəbiyyatı səhifələrində bəzən yol biletinin qiymətli kağızların bir
növü olması barədə fikir irəli sürülür. Zənnimizcə, yol biletini qiymətli kazığlar
kateqoriyasına aid etmək üçün kifayət qədər əsas yoxdur. Belə ki, hər hansı
sənədin qiymətli kağız kimi tanınması üçün onun müvafiq əlamətlərə uyğun
gəlməsi gərəkdir. Bunlara qiymətli kağızların əlamətləri deyilir. Məsələn,
qiymətli kağız sahibi tərəfindən onun sərbəst surətdə başqa şəxslərə verilə
bilməsi həmin əlamətlərdən biridir. Yol bileti isə bu əlamətdən məhrumdur. Belə
ki, hava yolu ilə daşıma qaydaları hava daşımalarında biletin başqa şəxslərə
satılmasını və verilməsini qadağan edir. Dəniz yolu ilə daşıma qaydaları da
analoji göstəriş ifadə edir. Beləliklə, yol bileti qiymətli kağız növü hesab
edilmir. Adsız biletlər də qiymətli kağızların hüquqi əlamətlərinə uyğun gəlmir,
və buna görə qiymətli kağız sayılmır.
İtirilmiş yol bileti bərpa olunmur, yəni sərnişinə yenidən yol bileti verilmir.
Biletin qiyməti isə sərnişinə geri qaytarılmır. Bu, nəqliyyat qanunvericiliyində
ifadə olunan imperativ göstərişdir.
Sərnişin müvafiq hüquqlara da malikdir. O, hər şeydən əvvəl, səfərdən
imtina edə bilər. Bu isə sərnişinin sərnişin daşınması müqaviləsini ləğv etmək
hüququnu ifadə edir. Belə ki, istənilən vaxt sərnişin müqavilənin ləğv
edilməsini bəyan edə bilər (MM-in 845-ci maddəsinin 1-ci bəndi). Söhbət
bağlanmış müqavilənin icrasından birtərəfli qaydada imtina aktından gedir.
Belə halda, daşıyıcı şərtləş-dirilmiş haqqı almaq hüququnu itirir (MM-in
845-ci maddəsinin 2-ci bəndi). Əgər sərnişin yol bileti almışdırsa, o, həmin bileti
qaytarır və biletin dəyərini alır.
Sərnişin göstərilən hüquqdan yalnız daşıma başlayanadək istifadə edə
bilər. Məlum məsələdir ki, daşıma prosesində həmin hüququn həyata
keçirilməsi mümkün deyil.
Özü ilə pulsuz bir nəfər uşaq (5 yaşına kimi) aparmaq sərnişinin
hüquqlarından biridir. Belə halda, uşağa ayrıca yer verilmir; yaşı 5-dən yuxarı
olan uşaqlara isə yol bileti 50 % güzəştlə verilir.
Dostları ilə paylaş: |