8. Hava yolu ilə yük, sərnişin, və baqaj daşınması müqaviləsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ayrıca olaraq hava yolu ilə
yük daşınması müqaviləsini nəzərdə tutmur. Lakin buna baxmayaraq,
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanununda, habelə «Hava
xətlərində sərnişin, baqaj və yüklərin daşınması Qaydaları»nda (Daşıma
Qaydalarında) bu müqavilənin hüquqi parametrlərinin təyin edilməsi üçün
müvafiq normalar müəyyənləşdirilir. Belə ki, adı çəkilən Qanunun X fəslinə
daxil olan normalar hava yolu ilə daşınma münasibətlərinin, o cümlədən yük
daşınması müqaviləsinin tənzimlənməsinə (maddə 48) həsr edilmişdir.1
Qaydaların II fəslində ifadə olunan bir çox normalar isə hava yolu ilə yük
daşınması müqaviləsini nizama salır.2
Göstərilən Qanun və Daşıma Qaydaları hava yolu ilə yük daşınması
müqaviləsinin iki növünü nəzərdə tutur:
-adi daşınma müqaviləsi;
-çarter müqaviləsi.
Adi daşınma müqaviləsi xüsusi mənada hava yolu ilə müntəzəm yük
daşınması müqaviləsinin özü deməkdir. Xüsusi mənada hava yolu ilə daşınma
müqaviləsinin leqal anlayışı isə Daşıma Qaydalarında verilmişdir; bu məsələyə
həmçinin Qanunun 38-ci maddəsində toxunulur.
Hava yolu ilə yük daşınması müqaviləsinə əsasən, daşıyıcı yükgöndərənin
ona verdiyi yükü təyinat məntəqəsinə çatdırmağı və yükü onu almağa səlahiyyəti
çatan şəxsə (yükalana) təhvil verməyi, yükgöndərən isə müəyyənləşdirilmiş tarif
üzrə yükün haqqını ödəməyi öhdəsinə götürür.
Adi daşınma müqaviləsinin bağlanması üçün təkcə tərəflərin sazişi kifayət
etmir. Bunun üçün həm də yükün daşıyıcıya verilməsi tələb olunur. Məhz bu
andan tərəflər üçün müəyyən hüquq və vəzifələr əmələ gəlir, müqavilə bağlanmış
sayılır.
Buna görə də adi daşınma müqaviləsi konsensual müqavilə deyil, real müqavilə
hesab edilir.
Müqaviləyə verilmiş leqal tərifdən görürük ki, daşıyıcı yükü müəyyən haqq
müqabilində təyinat yerinə çatdırır. Bu isə belə bir fikir söyləməyə əsas verir ki,
hava yolu ilə yük daşınması müqaviləsi əvəzli müqavilədir.
Müqavilədə iştirak edən tərəflər eyni zamanda həm hüquqlara malikdirlər,
həm də vəzifələr daşıyırlar. Deməli, hava yolu ilə yük daşınması müqaviləsi
ikitərəfli (qarşılıqlı) müqavilədir.
Ümumilikdə götürsək, hava yolu ilə yük daşınması müqaviləsi öz hüquqi
təbiətinə görə real, əvəzli və ikitərəfli (qarşılıqlı) müqavilədir.
Hava yolu ilə yük daşınması müqaviləsi üçüncü şəxsin xeyrinə bağlanan
müqavilə kateqoriyasına aid olan əqddir, bir şərtlə ki, müqavilə
münasibətlərində çıxış edən yükgöndərən və yükalan eyni subyekt (şəxs)
olmasın. Əgər onlar eyni subyekt (şəxs) olarsa, onda üçüncü şəxsin xeyrinə
bağlanan müqavilə yaranmır. Amma yüklərin hava daşınması praktikası,
demək olar ki, belə bir nümunə halını tanımır. Söhbət müqavilə
münasibətlərində yükgöndərən və yükalanın eyni subyekt olması halından gedir.
Buna görə də hava yolu ilə yük daşınması müqaviləsi, bir qayda olaraq, üçüncü şəxsin xeyrinə bağlanan müqavilədir. Bu onunla bağlıdır ki, hüquq ədəbiyyatı səhifələrində haqlı olaraq göstərildiyi kimi, yük daşınması müqavilələri üzrə üçüncü şəxsin xeyrinə bağlanan müqavilə anlayışının tətbiqi haqqında məsələ
nəqliyyatın bütün növləri ilə yük daşınmaları üçün ümumidir.Bu o deməkdir ki,
yük daşınması müqaviləsi üçüncü şəxsin xeyrinə bağlanan müqavilədir və bu
qayda nəqliyyatın bütün növləri ilə yük daşınmaları üçün ümumi və eynidir.
Müəlliflərdən Q.P.Saviçev bu fikrin əleyhinə çıxaraq göstərir ki, üçüncü
şəxsin xeyrinə bağlanan müqavilə anlayışı hava yolu ilə yük daşımalarına tətbiq
edilə bilməz.2 Daha doğrusu, müəllif hava yolu ilə yük daşınması müqaviləsini
üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kateqoriyasına aid etmir.
Müəllif öz mövqeyinin əsaslı olmasını sübuta yetirmək üçün müəyyən
arqumentlər gətirir. Onun fikrincə, müqavilə öhdəliyinin bir sıra məsələləri
üzrə yükalanla hava nəqliyyatı müəssisəsi (daşıyıcı) arasında hüquqi münasibət
yaranır və yükalan müqavilə üzrə öhdəlik-hüquq münasibətlərinin fəal iştirakçısı
olur. Hava nəqliyyatı müəssisəsi və yükgöndərənlə bərabər yükalan da
məhkəmədə və arbitrajda öz mənafeyini müdafiə etmək üçün bütün prosessual
vasitə və hüquqlara malikdir. Müəllif qeyd edir ki, əgər mülki prosesin hamıya
məlum olan, iddiaçını və cavabdehi tərəf kimi tanıyan normasına əsaslansaq,
onda yükalan hava yolu ilə daşıma müqaviləsinin xüsusi tərəfi kimi sayılmalıdır.
Daha sonra alim öz mövqeyini əsaslandırmaq üçün göstərir ki, mülki
qanunvericiliyin üçüncü şəxsin xeyrinə bağlanan müqaviləyə verdiyi anlayışa
görə, üçüncü şəxs yalnız hüquq əldə edir, vəzifə daşımır. Yükalan isə müqavilə
üzrə bir sıra vəzifələr daşıyır. Müəllif buradan belə bir nəticə çıxarır ki, hava
yolu ilə yük daşınması müqaviləsi üçüncü şəxsin xeyrinə bağlanan müqavilə
deyildir, yükalan isə öz hüquqi vəziyyətinə görə üçüncü şəxs deyil, müqavilənin
xüsusi tərəfidir. Ümumiyyətlə, Q.P.Saviçev yük daşınması müqaviləsini üçüncü
şəxsin xeyrinə bağlanan müqavilə deyil, üçtərəfli müqavilə hesab edir. Müəllif
göstərir ki, daşıma müqaviləsi yükalanın xüsusi tərəf kimi çıxış etdiyi
müqavilədir, yükalan daşıma müqaviləsində müstəqil tərəf qismində iştirak edir.
O, müqavilənin bağlanmasında iştirak etməsə də, müqavilənin icra olunması
prosesində müəyyən hüquq və vəzifələr əldə edir. Alim göstərir ki, yükalanın
müqavilə üzrə bu cür xüsusi hüquqi vəziyyətə malik olması daşıma müqaviləsinin
üçtərəfli müqavilə olmasını sübut edir. Madam ki, biz xüsusi növ müqavilə
haqqında danışırıq və yükalan bu müqavilədə tərəf kimi çıxış edir, onda
yükgöndərənin və yükalanın ayrı-ayrı şəxslər olması başa düşülür. Belə halda
isə müqavilə yükdaşıma üzrə üç tərəf üçün öhdəlik yaradır: yükgöndərən üçün,
daşıyıcı üçün, yükalan üçün. Müəllif belə qənaətə gəlir ki, yük daşınması
müqaviləsi üç şəxsin sazişidir.
Güman edirik ki, alimin mövqeyi həqiqətə uyğun gəlmir. Düzdür,
daşınma üzrə münasibətlərdə yükgöndərənlə yanaşı, yükalan da fəal iştirak edir.
Yükalan müqavilənin bağlanmasında iştirak etmir, müqaviləni imzalamır, lakin
daşıyıcı (hava nəqliyyatı müəssisəsi) ilə müqavilə münasibətlərinə girir, habelə
müqavilə üzrə müəyyən hüquq əldə edir və konkret vəzifə daşıyır. Onun
müqavilə üzrə müəyyən vəzifə daşıması isə (yükün boşaldılması işinin yerinə
yetirilməsi, yükgöndərən tərəfindən ödənilməyən pul məbləğinin, yəni daşıma
haqqının ödənilməsi və s. vəzifələrin həvalə edilməsi) yük daşınması
müqaviləsinin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kateqoriyasına aid
edilməsini istisna etmir. Göstərilən hal həmin müqavilənin üçüncü şəxsin xeyrinə
bağlanan müqavilə kimi tanınmasına mane ola bilməz.2 Yükalanın üzərinə
müqavilə üzrə müəyyən vəzifə qoyulmasını nə ilə izah etmək olar? Axı, qanunun
üçüncü şəxsin xeyrinə bağlanan müqaviləyə verdiyi anlayışdan məlum olur ki,
üçüncü şəxs hüquq əldə edir. Başqa sözlə desək, Mülki Məcəllənin ümumi
qayda formulə edən müvafiq maddəsi göstərir ki, yalnız xeyrinə müqavilə
bağlanan üçüncü şəxs onun icrasını (yəni müqavilənin icrasını) tələb etmək
hüququna malikdir. Bəs, onda üçüncü şəxsə müəyyən vəzifə həvalə edilməsinin
əsasını nə cür izah etmək olar? Bu sualın cavabını izah etmək üçün hüquq
ədəbiyyatı səhifələrində bir neçə fikir irəli sürülür.
Müəlliflərdən O.S.İoffe göstərir ki, Mülki Məcəllənin üçüncü şəxsin
xeyrinə bağlanan müqavilə barədə formulə etdiyi ümumi qayda üçüncü şəxsin öz
üzərinə müəyyən vəzifə götürməsini nəzərdə tutan müqavilə (yəni üçüncü şəxsin
xeyrinə bağlanan müqavilə) bağlanmasını qadağan etmir: üçüncü şəxsin
xeyrinə bağlanan müqavilədə üçüncü şəxsin üzərinə vəzifə qoyulması mümkün
olan haldır. Belə halda üçüncü şəxs həm onun xeyrinə olan hüquqlardan
istifadə edir, həm də müvafiq konkret vəzifələr daşıyır.1
Müəlliflərdən M.E.Xodunov məsələyə daha geniş diqqət yetirərək göstərir
ki, yükalanın vəzifə daşıması onunla yükgöndərən arasında bağlanmış
müqavilədən və ya qanunun birbaşa göstərişindən irəli gəlir. Belə ki,
yükgöndərən daşıyıcı ilə
müqavilə bağlamamışdan əvvəl onunla (yükgöndərənlə) yükalan arasında
malgöndərmə (tədarük) müqaviləsi və ya digər müqavilə bağlanıla bilər. Bu
müqavilədə yükalanın üzərinə yükü qəbul etmək və daşıyıcıya daşıma
haqqı
ödəmək kimi vəzifələr qoyula bilər. Bu vəzifələr yuxarı orqanın inzibati
aktından da irəli gələ bilər ki, bu akt həm yükgöndərən, həm də yükalan üçün
məcburidir. Müəllif daha sonra yazır: əgər yükalanın ünvanına onun sifariş
etmədiyi yük daxil olarsa, onda yükalan yükü qəbul etməli və məsuliyyətli
saxlanca verməlidir. Belə halda vəzifə daşıma müqaviləsindən deyil, qanundan
(nəqliyyat nizamnamə və məcəllələrindən) əmələ gəlir.
Digər bir müəllif A.L.Makovski yükalanın üzərinə vəzifələr qoyulmasının
mümkünlüyünü izah edərək göstərir ki, həmin vəzifələr inzibati-hüquqi xarakter
daşıyır (məsələn, yükalanın onun ünvanı daxil olan yükü qəbul etmək və daşıyıb
aparmaq vəzifəsi). Alim daha sonra yazır ki, yükalan göstərilən vəzifəni yalnız
yükü almaq hüququndan istifadə etmək niyyətini bildirdikdən sonra icra edir.
Müəlliflərdən V.V.Vitryanski göstərir ki, daşıyıcıya münasibətdə
yükalanın bəzi vəzifələr daşıması daşıma müqaviləsi ilə deyil, qanunun
imperaktiv normaları ilə bağlıdır. Onun fikrincə, yükalanın üzərinə məhz bu
normalar əsasında müəyyən vəzifələr qoyulur.1
Fikrimizcə, məsələnin mahiyyətini O.S.İoffe daha düzgün izah edir.
Doğrudan da, Mülki Məcəllənin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə
barədə formulə etdiyi ümumi qayda üçüncü şəxs üçün yalnız hüquq
müəyyənləşdirir və onun üzərinə hər hansı bir vəzifə qoyulmasını qadağan etmir.
«Qanunla qadağan edilməyən hər şeyə icazə verilir» kimi hamılıqla qəbul edilmiş
məşhur prinsipə belə yerdə istinad etmək yerinə düşərdi. Bu prinsipə əsasən, göstərə bilərik ki, üçüncü
şəxs qismində çıxış edən yükalanın üzərinə hər hansı vəzifə qoyulması
mümkündür. Bu cür vəzifə həm yükgöndərənlə daşıyıcı arasında bağlanan yük
daşınması müqaviləsində (məsələn, müqavilədə göstərilir ki, daşıma haqqını
ödəmək vəzifəsi yükalana həvalə edilsin), həm də yükgöndərənlə yükalan
arasında bağlanmış alqı-satqı və ya malgöndərmə müqaviləsində (bu müqavilə
yük daşınması müqaviləsi bağlanana kimi bağlanır) nəzərdə tutula bilər.
Məsələn, firma (yükgöndərən) ilə başqa şəhərdə yerləşən univermaq (yükalan)
arasında malın göndərilməsi barədə müqavilə bağlanılır. Həmin müqavilədə
tərəflər razılığa gəlirlər ki, daşıma haqqını ödəmək və ya yükü aeroportdan
daşıyıb aparmaq vəzifəsi yükalanın üzərinə qoyulsun. Firma (yükgöndərən)
həmin malları hava yolu ilə təyinat yerinə (univermaq olan şəhərə) çatdırmaq
üçün daşıyıcı (hava nəqliyyatı müəssisəsi) ilə yük daşınması müqaviləsi bağlayır.
Hava yolu ilə yük daşınması müqaviləsi müvafiq elementlərdən ibarətdir.
Subyektlər onun əsas elementləridir. Müqavilənin tərəfləri onun subyektləri
sayılır.
Tərəflər dedikdə daşıyıcı və yükgöndərən başa düşülür. Daşıyıcı rolunda
aviasiya müəssisəsi (aviamüəssisə) çıxış edir. Aviamüəssisə dedikdə müəyyən
haqq müqabilində hava daşımalarını həyata keçirən mülki aviasiya müəssisəsi
başa düşülür .
Daşıyıcı rolunda lisenziya (xüsusi razılıq) almış şəxslər də çıxış edə bilərlər.
Ona görə ki, hava yolu ilə daşıma lisenziyalaşdırılmış fəaliyyət növünə – xüsusi
razılıq (lisenziya) alınması tələb olunan fəaliyyət növünə şamil edilir.1 Əvvəllər
lisenziyanı «Azərbaycan Hava Yolları» Dövlət Konserni verirdi, sonra bu işi
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirirdi. Hal-hazırda
xüsusi razılıq (lisenziya), habelə hüquqmüəyyənedici sənədlərin verilməsi
Azərbaycan Respublikası Prezidentinin 26.12.2006-cı il tarixli Fərmanı ilə
yaradılmış Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) tərəfindən həyata
keçirilir. DMAA-nın Əsasnaməsi ölkə Prezidentinin 20.04.2007-ci il tarixli
Fərmanı ilə təsdiq edilmişdir. Lisenziya müvafiq normativ hüquqi akt əsasında
verilir.2 Lisenziyanın qüvvədə olma müddəti 5 ildir. Köhnə qaydalara əsasən isə
lisenziya 2 illik müddətə verilirdi. Lisenziya mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün şəxslərə verilə bilər.
Daşıyıcı rolunda çıxış edən şəxslər dedikdə hüquqi şəxslər (kommersiya
təşkilatları), habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər (fərdi sahibkarlar) başa düşülür. Deməli, yalnız lisenziya
əsasında yükdaşımaları həyata keçirmək hüququna malik olan kommersiya
təşkilatları və ya
fərdi sahibkarlar daşıyıcı statusu əldə edirlər. Dövlət müəssisələri formasında
fəaliyyət göstərən aviasiya müəssisələri isə bu hüququ qanun əsasında (lisenziya
əsasında deyil) əldə edirlər. Lisenziya əsasında və ya qanun əsasında
yükdaşımaları həyata keçirmək hüququ əldə etməyən hər hansı qurumun
daşıyıcı olması istisna edilir. Yükgöndərən rolunda mülki hüququn istənilən subyekti çıxış edə bilər.
Dövlətin (Azərbaycan Respublikasının), bələdiyyələrin, fiziki və hüquqi şəxslərin yükgöndərən rolunda hava yolu ilə yük daşınması müqaviləsinin bağlanmasında iştirak etmələri mümkündür.
Yükgöndərən ya yükün qanuni sahibi ya ekspeditor, ya da yükə sahiblik
etməyə hüququ olan digər şəxsdir.
Müqaviləyə verilən leqal anlayışdan məlum olur ki, daşıyıcı yükü təyinat
yerində yükalana çatdırmalıdır. Yükalan yükü almağa səlahiyyəti çatan şəxsdir.
Dediklərimizdən belə çıxır ki, hava yolu ilə yük daşınması üzrə
münasibətlərdə üç kateqoriya şəxs çıxış edir: daşıyıcı, yükgöndərən, yükalan.
Amma bu cəhət hava yolu ilə yük daşınması müqaviləsinin ikitərəfli müqavilə
olmasını istisna etmir. Deməli, müqavilə münasibətlərində üç şəxs iştirak edir,
lakin müqavilə öz mülki-hüquqi xarakteristikasına görə ikitərəfli müqavilə
sayılır. Bu hal isə müqavilə hüququnda qeyri-adi vəziyyətin yaranmasına gətirib
çıxarır. Həmin vəziyyətin yaranması isə yükalanın hüquqi statusu məsələsi ilə
birbaşa bağlıdır.
Yük daşınması, o cümlədən hava yolu ilə yük daşınması münasibətlərinin
iştirakçısı olan yükalanın hüquqi statusu məsələsi hüquq ədəbiyyatı səhifələrində
çoxdan bəridir ki, qızğın mübahisə predmetinə çevrilmişdir. Bu barədə alimlər üç
müxtəlif fikir söyləyirlər.
Bir qrup müəlliflərin fikrincə, yük daşınması müqaviləsində yükalan
yükgöndərənlə birlikdə eyni tərəf (vahid tərəf) kimi iştirak edir. Bu fikrin
mahiyyəti ondan ibarətdir ki, yükalan və yükgöndərən daşıma müqaviləsinin
ayrı-ayrı, müstəqil tərəfləri deyil, eyni tərəfi sayılır. Başqa sözlə desək, həmin
müəlliflərin mövqeyinə görə yükalan yükdaşıma hüquq münasibətinin
xüsusi subyekti deyil, bilavasitə yükgöndərənlə birlikdə eyni tərəf hesab edilir.
Hesab edirik ki, bu mövqe həqiqətə uyğun gəlmir. Belə ki, müqavilədə
eyni (vahid) tərəf kimi çıxış etmək müvafiq şəxslərin eyni hüquq və vəzifələrə
malik olmasını şərtləndirir. Yük daşınması müqaviləsi üzrə yükgöndərən və
yükalan müxtəlif vəzifələrə və hüquqlara malikdirlər. Digər tərəfdən, müqavilədə
eyni tərəf kimi iştirak etmək o deməkdir ki, müqavilə öhdəliyində şəxslər çoxluğu
yaranmışdır. Mülki qanunvericilik öhdəlikdə şəxslər çoxluğu barədə müəyyən
qaydalar nəzərdə tutur (MM-in 25-ci fəslinə daxil olan normalar). Yük
daşınması müqaviləsində yükgöndərən və yükalanın eyni tərəf hesab edilmələri
bu qaydalara uyğun gəlmir.
İkinci qrup alimlər göstərirlər ki, yükalan yük daşınması müqaviləsində
müstəqil tərəf kimi çıxış edir. O, müstəqil subyekt kimi1 müəyyən hüquq və
vəzifələrə malikdir. Həmin müəlliflərin mövqeyinə görə yük daşınması
müqaviləsi üçtərəfli müqavilədir: yükgöndərən, daşıyıcı və yükalan müqavilənin
müstəqil tərəfi sayılır. Müqavilə məhz bu üç tərəfin iradəsini ifadə edir.
Göstərilən alimlərin də mövqeyi real deyildir. Belə ki, üçtərəfli müqaviləyə
görə, tərəflər bir-birlərinə münasibətdə hüquq və vəzifələrə malikdirlər.
Yükalan
daşıyıcıya münasibətdə həm hüquqa malikdir (məsələn, yükün verilməsini tələb
etmək hüququ), həm də vəzifə daşıyır (məsələn, daşıma haqqını ödəmək
vəzifəsi). Amma onun yükgöndərənlə münasibətində hüquq və vəzifəyə malik
olmasından danışmaq olmaz. Onların bir-birlərilə qarşılıqlı hüquq və vəzifələri
yoxdur. Ona görə də yükalanın müstəqil tərəf olması barədə ideya məsələnin
mahiyyətinə aydınlıq gətirmir.
Üçüncü qrup müəlliflər isə göstərirlər ki, yük daşınması müqaviləsi üçüncü
şəxsin xeyrinə bağlanan müqavilə olduğu üçün yükalan öz hüquqi vəziyyətinə
görə üçüncü şəxs hesab edilir.2
Fikrimizcə, üçüncü qrup alimlərin mövqeyi daha inandırıcıdır. Bu mövqe
hüquq ədəbiyyatında üstünlüyə malik olub, kifayət qədər geniş yayılmışdır.
Güman edirik ki, yükalanı öz hüquqi statusuna görə üçüncü şəxs hesab etmək
üçün kifayət qədər yetərli əsaslar vardır. Belə ki, yükalan yük daşınması
müqaviləsinin bağlanmasında iştirak etmir. Lakin o, bu müqavilə üzrə hüquq
əldə edir. Söhbət, hər şeydən əvvəl, yükalanın onun ünvanına göndərilən və
daxil olan yükün verilməsini tələb etmək hüququnu qazanmasından gedir.
Deməli, bu formada yaranmış hüquq münasibətinə üçüncü şəxsin xeyrinə
bağlanan müqavilə kimi nəzər yetirməyə əsas vardır. Belə halda isə yükalan
üçüncü şəxs hesab edilməlidir.
Bundan əlavə, hüquq ədəbiyyatı səhifələrində yükalanın hüquqi vəziyyəti
barədə daha başqa fikirlər də söylənilir. Məsələn, müəlliflərdən K.K.Yaiçkov
göstərir ki, yük daşınması müqaviləsini üçüncü şəxsin xeyrinə bağlanan
müqavilə hesab etmək olmaz. Onun fikrincə, bu müqavilə icrası üçüncü şəxsə
həvalə edilən müqavilədir. Müəllif buradan belə bir nəticə çıxarır ki, yükalan
müqaviləni icra edən üçüncü şəxsdir. Bu mövqe ilə çətin ki, razılaşmaq olar. Ona
görə ki, müqavilə şərtlərinə görə müqavilənin icrasının həvalə olunduğu şəxs
müqavilə öhdəliyindən, ümumiyyətlə, kənarda qalır. Həmin şəxsə müqavilə
iştirakçısı (tərəfi) – subyekt kimi baxılmamalıdır.
Dostları ilə paylaş: |