Hava daşımalırının beynəlxalq-hüquqi tənzimlənməsi
Hava daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi beynəlxalq nəqliyyat
hüququnun ayrıca institutu vasitəsilə həyata keçirilir; ona, əvvəllər də qeyd
etdiyimiz kimi, beynəlxalq hava daşımaları hüquq institutu deyilir; bu instituta
həm də ikitərəfli sazişlərdə müəyyənləşdirilən normalar daxildir.
Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün
Varşava Konvensiyası (1929-cu il) hava nəqliyyatı sahəsində bağlanmış çoxtərəfli
sazişlərdən biridir; bu Konvensiyanın qəbul edilməsi ilə, faktiki olaraq,
beynəlxalq hava daşımalarının tənzimlənməsinə başlanılmışdır. Varşava
Konvensiyası beynəlxalq hava daşımalarını hüquqi tənzimetmənin əsas
mənbəyidir; o, bu sahədə əsas və başlıca normativ xarakterli beynəlxalq hüquqi
akt sayılır. Bu Konvensiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, o, həm yük,
həm də sərnişin daşımalarının hüquqi şərtlərini və rejimini müəyyən edir.
Varşava Konvensiyasını dünyanın 120 dövləti imzalamışdır. Azərbaycan
Respublikası da bu Konvensiyaya qoşulmuşdur. Respublikamız həm də Haaqa
Protokolunu (1955-ci il) imzalamışdır.1 Haaqa Protokolu Varşava
Konvensiyasının tərkib hissəsi olub, ona düzəlişlər edir.
Varşava Konvensiyasının məqsədi beynəlxalq hava daşımalarının hüquqi
rejimini müəyyən etməkdən ibarətdir; onun 1-ci maddəsində beynəlxalq hava
daşımalarına anlayış verilmişdir. Beynəlxalq hava daşımaları dedikdə elə
daşımalar başa düşülür ki, həmin daşımalar zamanı, heç olmazsa, yerə enmə
məntəqələrindən biri başqa dövlətin ərazisində olsun.
Varşava Konvensiyası ilə tənzimlənən məsələlərə aşağıdakılar aiddir:2
-daşıma müqavilələri (yük daşınması müqaviləsi, sərnişin daşınması
müqaviləsi, baqaj daşınması müqaviləsi);
-daşıyıcının məsuliyyəti;
-daşıyıcıya pretenziya və iddia.
Beynəlxalq hava daşımalarının tənzimlənməsində Beynəlxalq mülki aviasiya
haqqında Çikaqo Konvensiyası da vacib rol oynayır. 1944-cü ildə imzalanan
Konvensiya 1947-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Çikaqo
Konvensiyasında iştirak edir.
Çikaqo Konvensiyasının beynəlxalq hava daşımalarının təşkilində böyük
əhəmiyyəti vardır. Belə ki, o, beynəlxalq hava daşımalarının təşkilati əsaslarını
müəyyənləşdirir. Çikaqo Konvensiyasının müəyyənləşdirdiyi əsas prinsiplərdən
biri bundan ibarətdir ki, ərazi üzərində və ya hava məkanı vasitəsi ilə beynəlxalq hava daşımaları yalnız suveren dövlətin icazəsi (razılığı) ilə həyata
keçirilə bilər. Beynəlxalq hava daşımaları həm də ikitərəfli sazişlərin vasitə və köməyi ilə tənzimlənə bilər. Azərbaycan Respublikası Özbəkistanla (1996-cı il), Fransa ilə (1997-ci il), Misirlə (1997-ci il), Türkiyə ilə (1992-ci il), Avstriya ilə (2000-ci il), İranla (2002-ci il), Birləşmiş Ərəb Əmirlikləri ilə (2003-cü il) və digər ölkələrlə beynəlxalq hava əlaqəsi və daşınması barədə ikitərəfli sazişlər bağlamışdır.
Dostları ilə paylaş: |