Avtomobil daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi
Avtomobil nəqliyyatı müəyyən texniki-iqtisadi üstünlüklərə malik olan
nəqliyyat növüdür; nəqliyyatın bu növü istənilən dövlətin iqtisadi-təsərrüfat
həyatında vacib rol oynayır.
Beynəlxalq avtomobil nəqliyyatı sahəsində yaranan beynəlxalq-hüquqi
məsələləri həll etmək və tənzimləmək üçün bir sıra beynəlxalq saziş qəbul
olunmuşdur. Beynəlxalq yük daşınması müqaviləsi haqqında Konvensiya
(BYDM) bu sahədə bağlanan əsas saziş hesab olunur, bu Konvensiya ingiliscə
«CMR» abreviaturası (Convention relative an contract de transport
international des marchandises par route) ilə tanınır. Göstərilən Konvensiya
beynəlxalq avtomobil daşımalarını tənzimləyən başlıca və mühüm
beynəlxalq-hüquqi akt hesab olunur. 19 may 1956-cı il tarixdə Cenevrə
şəhərində 11 dövlət tərəfindən imzalanan Konvensiya 2 iyul 1961-ci il tarixdən
qüvvəyə minsmişdir.
Avropa ölkələrinin əksəriyyəti sözü gedən Konvensiyada iştirak edirlər.
2000-ci ildən Azərbaycan Respublikası da onun üzvüdür. MDB üzvü olan
ölkələrdən Rusiya Federasiyası, Belorusiya, Ukrayna və digərləri də
Konvensiya iştirakçısıdırlar.
Konvensiya beynəlxalq avtomobil yük daşınması müqaviləsinin şərtlərini,
müqavilə iştirakçılarının (yük sahibi və daşıyıcının) hüquq və vəzifələrini,
daşıyıcının yükün salamat (olduğu kimi) saxlanmamasına görə məsuliyyətini,
daşınma üçün yükün qəbul edilməsi və təyinat yerində onun yükalana
verilməsi qaydalarını tənzimləyir. Bütövlükdə 8 fəsil və 51 maddədən ibarət
olan Konvensiya imperativ xarakterli sənəddir. Buna görə də müqavilə
iştirakçıları Konvensiyada nəzərdə tutulandan fərqli qayda müəyyənləşdirə
bilməzlər.
Azərbaycan Respublikası həm də BYD kitabçası tətbiq edilməklə beynəlxalq
yük daşımaları haqqında Gömrük Konvensiyasına qoşulmuşdur; bizim ölkəmiz
1996-cı il tarixdən bu Konvensiyanın iştirakçısıdır. Konvensiya 1959-cu ildə
imzalanmış, 1975-ci ildə yeni redaksiyada qəbul edilmiş və 1978-ci ildən qüvvəyə
minmişdir.
Konvensiya beynəlxalq avtomobil daşımaları zamanı gömrük prosedurunu
tənzimləyir, belə daşımaların gömrük rejimini müəyyən edir; o, Beynəlxalq Yol
Daşıma (BYD) kitabçasının tətbiq edilməsini nəzərdə tutur ki, ona ingiliscə
«TIR» (Transport İnternational Routine) deyilir. Buna görə də sözü gedən
Konvensiya, bir qayda olaraq, BYD Konvensiyası («TIR» Konvensiyası) da
adlanır.
Elə beynəlxalq sazişlər vardır ki, onlar yol hərəkətinin təşkilinə həsr
olunmuşdur. Bu növ sazişlərin əsas funksiyası beynəlxalq avtomobil yol
hərəkətini tənzimləməkdən ibarətdir; onlar yol hərəkəti qaydalarını müəyyən
edir. Söhbət aşağıdakı konvensiyalardan gedir:1
-Yol hərəkəti haqqında Paris Konvensiyası (1926-cı il);
-Avtomobil hərəkəti haqqında Paris Konvensiyası (1926-cı il);
-Eyni yol nişan və işarələrinin tətbiqinə dair Cenevrə Konvensiyası (1931-ci
il);
-Yol hərəkəti haqqında Vyana Konvensiyası (1968-ci il) və b.
Qeyd etmək lazımdır ki, beynəlxalq avtomobil daşımaları sahəsində həm də
ikitərəfli sazişlər bağlanmışdır; onlar avtomobil daşımalarını beynəlxalq-hüquqi
tənzimetmə mənbəyidir. Azərbaycan Respublikası Türkiyə, İran, Rusiya
Federasiyası, Ukrayna, Moldova, Latviya və digər ölkələrlə avtomobil
nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində ikitərəfli hökumətlərarası sazişlər
bağlamışdır. Bu sazişlər əsasında həm müntəzəm, həm də qeyri-müntəzəm yük
və sərnişin daşımaları həyata keçirilir.
Dostları ilə paylaş: |