NƏQLİYYAT VƏ DAŞIMA ÖHDƏLİKLƏRİ
Mülki hüquq elmində və qanunvericilikdə mülki hüquq münasibətlərinin
bir növü olan öhdəlik hüquq münasibətləri «öhdəliklər» anlayışı ilə əhatə
olunur. Deməli, nəqliyyat öhdəlikləri nəqliyyat hüquq münasibətləri deməkdir.
Nəqliyyat öhdəliyi mülki hüquqi öhdəliklər sistemində mühüm yerlərdən
birini tutur. Bildiyimiz kimi, öhdəliklər müqavilə və müqavilədənkənar
öhdəliklərə bölünür. Müqavilə öhdəliklərinin isə dörd qrupu fərqləndirilir:
-əmlakın mülkiyyətə verilməsi üzrə öhdəliklər (əmlakın realizə olunması
üzrə öhdəliklər);
-əmlakın istifadəyə verilməsi üzrə öhdəliklər;
-iş görülməsi üzrə öhdəliklər;
-xidmət göstərilməsi üzrə öhdəliklər.
Nəqliyyat öhdəlikləri xidmət göstərilməsi üzrə öhdəliklər kateqoriyasına
aiddir. Bu öhdəliklər, əsasən, iki əlamətlə xarakterizə olunur. Birinci əlamətə
görə, xidmət öhdəliklərinin obyekti rolunda qeyri-maddi xidmətlər çıxış edir.
Xidmət göstərən şəxsin həyata keçirdiyi fəaliyyətin nəticəsi əşya formasında
olmur, əşya məzmunu kəsb etmir. Bu xidmət qeyri-maddi xarakter daşıyır.
Qədim Roma hüququnda xidmət öhdəlikləri «lo catio - conductio
operarum» anlayışı ilə əhatə olunmuşdu. İnqilabaqədərki rus sivilistikasında
bu cür öhdəliklər ayrılmamışdı. Amma mülki hüquq doktrinasında «özgə
xidmətindən istifadə müqaviləsi» kimi hüquqi konstruksiya fərqləndirilirdi.
Sovet dövrünün mülki hüquq elmində mülki-hüquqi öhdəliklər sistemində
xidmət öhdəlikləri kimi xüsusi, müstəqil öhdəlik növünün ayrılmasının
vacibliyi əsaslandırılırdı. Amma müəlliflər bu öhdəliklərin hüquqi təbiəti və onun
növləri barədə vahid mövqedən çıxış etmirdilər. Bəzi müəlliflər xidmət
öhdəlikləri kimi müstəqil öhdəlik növünün ayrılmasının əleyhinə çıxaraq
göstərirdilər ki, bunun üçün heç bir əsas yoxdur.
Müasir mülki hüquq elmində xidmət öhdəlikləri öhdəliklərin müstəqil
növü kimi nəzərdə tutulur.3 Mülki qanunvericilik isə bu öhdəlikləri xüsusi və
müstəqil növ kimi ayırmır.
Mülki hüquqda xidmət göstərən şəxsin fəaliyyətinin xarakterindən asılı
olaraq xidmət öhdəliklərinin dörd növü fərqləndirilir:
-faktiki xarakterli xidmət göstərilməsi üzrə öhdəliklər (məsələn, saxlama
öhdəliyi və s.);
-hüquqi xarakterli xidmət göstərilməsi üzrə öhdəliklər (məsələn, komissiya
öhdəliyi);
-həm faktiki, həm də hüquqi xarakterli xidmət göstərilməsi üzrə
öhdəliklər (məsələn, tapşırıq, nəqliyyat-ekspedisiya öhdəlikləri);
-pul-kredit xarakterli xidmət öhdəlikləri (sığorta, kredit, bank əmanəti və
s. öhdəliklər).
Nəqliyyat öhdəlikləri faktiki-hüquqi xarakterli xidmət göstərilməsi üzrə,
daşıma öhdəlikləri isə xidmət göstərilməsi üzrə öhdəliklər qrupuna daxildir.
Dostları ilə paylaş: |