Daşıma öhdəliyi.
Daşıma öhdəliyi nəqliyyat öhdəliklərinin əsasını təşkil edir. Bu onunla
əlaqədardır ki, daşıma dövriyyə prosesi çərçivəsində və dövriyyə prosesi üçün
istehsal prosesinin davamıdır.6 Məhz daşıma nəticəsində nəqliyyat öz əsas
təyinatını yerinə yetirir. Belə ki, nəqliyyat yük və sərnişinlərin daşınma
vasitəsidir.
Daşıma öhdəliyi daşyıcı ilə müştəri arasında əmələ gələn daşıma
münasibətinin hüquqi formasıdır. Bu münasibətlər daşıma prosesini həyata
keçirmək üçün nəqliyyat vasitəsindən istifadə edilməsi üzrə xidmət göstərilməsi
nəticəsində yaranır. Həmin münasibətlər nəqliyyat hüququ ilə nizama salınaraq
daşıma öhdəliyi kimi hüquqi forma alır.
Daşıma elə bir fəaliyyətdir ki, bunun sayəsində yük, sərnişin və ya baqaj
ərazi cəhətdən öz yerlərini dəyişir. Nəqliyyatın da məhsulu bu cür fəaliyyətdən
ibarətdir. Həmin fəaliyyətin həyata keçirilməsi üçün daşıyıcının nəqliyyat
vasitəsinə malik olması gərəkdir. Belə ki, daşıyıcı nəqliyyat vasitəsinin
mülkiyyətçisi ola bilər, onu icarəyə götürə bilər və s. Ümumiyyətlə, o, istənilən
halda nəqliyyat vasitəsinin qanuni sahibi (titul sahibi) olmalıdır. Daşıyıcının
qanuni sahibliyində olan bu vasitələrin köməyi ilə yüklər və ya sərnişinlər ərazi
baxımından öz yerlərini dəyişirlər, yəni bir yerdən digər yerə daşınırlar. Bu isə
daşıma öhdəliyinin yaranmasına gətirib çıxarır. Yük sahibi və ya sərnişin isə
ona göstərilən xidmətə görə müvafiq məbləğdə haqq ödəyir.
Daşıma öhdəliyi nəqliyyat hüquq münasibətidir. Bu münasibət mülki
hüquq münasibətinin bir növü kimi müəyyən elementlərdən ibarətdir:
-daşıma öhdəliyinin subyekt tərkibi;
-daşıma öhdəliyinin obyekti;
-daşıma öhdəliyinin məzmunu.
Daşıma öhdəliyinin subyekt tərkibi daşıyıcı və müştəridən ibarətdir.
Daşıyıcı müştəriyə xidmət göstərən şəxsdir. Müştəri rolunda isə yük sahibi və ya
sərnişin çıxış edir. Mülki hüququn istənilən subyekti (fiziki və hüquqi şəxslər)
yük göndərə bilər. Fiziki şəxslər isə yaşından, cinsindən, sağlamlıq vəziyyətindən
və digər amillədrən asılı olmayaraq sərnişin qismində çıxış edə bilirlər.
Daşıyıcıya gəldikdə isə, qeyd etmək lazımdır ki, yalnız qanuni əsaslarla
daşıma fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər daşıyıcı ola bilərlər.
Söhbət kommersiya təşkilatlarından və ya fərdi-sahibkarlardan (hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən) gedir.
Nəqliyyat fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olmayan, lakin öz
şəxsi ehtiyacları üçün yük daşıyan şəxs daşıyıcı hesab edilmir.
Daşıma öhdəliyinin obyekti daşıyıcının hərəkətindən ibarətdir. Bu hərəkət
daşıma xidməti formasında olub, yükün və ya sərnişinlərin təyinat yerinə
çatdırılmasına yönəlir. Həmin hərəkət (xidmət) qeyri-maddi xarakterə malik
olub, daşıyıcının özündən ayrılmazdır. Xidmətin göstərilməsi prosesində,
daşıyıcının özünün fəaliyyəti prosesində həmin xidmət müştəri tərəfindən
istehlak olunur.
Daşıma öhdəliyinin məzmunu bu öhdəlikdə iştirak edən tərəflərin malik
olduqları hüquqlardan və vəzifələrdən ibarətdir. Bu öhdəlik qarşılıqlı (ikitərəfli)
öhdəlik kateqoriyasına aid edilir. Ona görə də həm daşıyıcı, həm də müştəri
hüquq və vəzifələrə malikdir. Özü də onlardan hər birinin hüququ qarşı tərəfin
daşıdığı vəzifəyə uyğun gəlir. Məsələn, daşıyıcının əsas vəzifəsi yükü və ya
sərnişinləri təyinat yerinə çatdırmaqdan ibarətdir. Onun daşıdığı bu vəzifəyə
müştərinin yükü və ya özünü təyinat yerinə çatdırılmasını tələb etmək hüququ
uyğun gəlir. Müştərinin isə əsas vəzifəsi daşıma haqqını ödəməkdən ibarətdir.
Onun bu vəzifəsinə daşıyıcının daşıma haqqının ödənilməsini tələb etmək
hüququ uyğun gəlir.
Daşıma öhdəliyinin obyekti anlayışını daşımanın özünün obyektindən
fərqləndirmək lazımdır. Daşımanın obyekti rolunda yük, sərnişin və ya baqaj
çıxış edir. Bu əsasa görə daşıma öhdəliyinin üç növü fərqləndirilir:
-yük daşıma öhdəliyi;
-sərnişin daşıma öhdəliyi;
-baqaj daşıma öhdəliyi.
Yük daşıma öhdəliyi yükün daşınması ilə, sərnişin daşıma öhdəliyi
sərnişin daşınması ilə, baqaj daşıma öhdəliyi isə baqaj daşınması ilə bağlı olaraq
yaranır.
Yük dedikdə maddi qiyməti olan əşya başa düşülür. Müxtəlif tikinti
materialları, neft məhsulları, avadanlıq və dəzgahlar, ərzaq və sənaye malları və
s. yük qismində çıxış edə bilər.
Beləliklə, daşıma öhdəliyi dedikdə elə bir hüquq münasibəti başa düşülür
ki, bu münasibətə görə daşıyıcı yükü, sərnişini və ya baqajı təyinat yerinə
çatdırır, müştəri isə bunun müqabilində ona daşıma haqqı ödəyir.
Daşıma öhdəliyi bir sıra əlamətlərlə xarakterizə edilir. Bu öhdəliyin birinci
əlaməti ondan ibarətdir ki, həmin öhdəlikdə tərəf qismində çıxış edən
subyektlər – daşıyıcı və müştəri hüquq bərabərliyinə malikdir. Dövlət
inhisarında olan bəzi nəqliyyat növü ilə (dəmir yolu nəqliyyatı ilə) daşıma
həyata keçirildiyi hallarda da, əmələ gələn münasibətlər hakimiyyət - tabeçilik
xarakterli olmur. Daşıma öhdəliyi subordinasiya prinsipini istisna edir.
Daşıma öhdəliyinin ikinci əlaməti ondan ibarətdir ki, bu öhdəlik
əmlak - dəyər münasibətidir. Daha dəqiq desək, həmin öhdəlik əmlak-dəyər
münasibətlərinin əmtəə-pul münasibəti kimi hissəsinə aiddir. Belə ki, daşıyıcı
xidmət kimi əmtəəni müştərinin ödədiyi pula dəyişir, mübadilə edir. Bu
əlamətdən məhrum olan hər hansı daşıma öhdəlik münasibəti yaratmır. Məsələn,
sürücü istehsal olunan malları nəqliyyat vasitəsi ilə sexdən anbara daşıyır və
yaxud bir sexdən o biri sexə aparır.
Daşıma öhdəliyinin üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu öhdəlik
əvəzli- ekvivalentli münasibətdir. Belə ki, daşıyıcı göstərdiyi daşıma xidmətinin
müqabilində müştəridən haqq alır. Əgər daşıma bu cür əlamətə malik olmazsa,
onda daşıma öhdəliyinin yaranmasından söhbət gedə bilməz.
Daşıma öhdəliyi nəqliyyatın növündən asılı olaraq, altı əsas qrupa
bölünür:
-avtomobil nəqliyyatı üzrə daşıma öhdəliyi;
-hava nəqliyyatı üzrə daşıma öhdəliyi;
-dəniz nəqliyyatı üzrə daşıma öhdəliyi;
-dəmir yolu nəqliyyatı üzrə daşıma öhdəliyi;
-daxili su (çay) nəqliyyatı üzrə daşıma öhdəliyi;
-boru kəmər nəqliyyatı üzrə nəqletmə öhdəliyi.
Daşıma öhdəliyi yerli, birbaşa və ya birbaşa qarışıq daşımalarla bağlı
olaraq yaranır.
Əgər daşımalar bir nəqliyyat vasitəsi ilə həyata keçirilirsə, bunlara yerli
daşımalar deyilir. Məsələn, yük Bakıdan Gəncəyə Bakı dəmir yolu vasitəsilə
çatdırılır. Yerli daşımaların bütün nəqliyyat növləri vasitəsi ilə həyata
keçirilməsi mümkündür.
Birbaşa daşımalar dedikdə bir nəqliyyat sənədi əsasında eyni növlü bir
neçə nəqliyyat müəssisəsi tərəfindən həyata keçirilən daşımalar başa düşülür.
Məsələn, yük iki müstəqil nəqliyyat müəssisəsi olan Bakı və Gəncə dəmir yolu
vasitəsi ilə təyinat yerinə çatdırılır. Dəniz daşımaları istisna olmaqla, bütün
nəqliyyat növləri üzrə bü cür daşımalar həyata keçirilə bilər.
Birbaşa qarışıq daşımalar dedikdə vahid və eyni nəqliyyat sənədi üzrə
yük və sərnişinlərin müxtəlif nəqliyyat növləri ilə daşınması başa düşülür.
Məsələn, yük üç nəqliyyat növü – dəniz, avtomobil və hava nəqliyyatı vasitəsilə
təyinat məntəqəsinə çatdırılır. Bu cür daşımaların bütün nəqliyyat növləri üzrə
həyata keçirilməsi mümkündür.
Dostları ilə paylaş: |