Sosial qruplar Siyasətə təsir edən sosial qruplar tərkibi və təbiəti etibarı ilə kifayət qədər mürəkkəbdir. Onların əhəmiyyətli qismi əvvəlki hissədə nəzərdən keçirilmişdir. Lakin siyasətə və siyasi prosesə təsir göstərən qruplar arasında sosial demoqrafik və etnik qrupların rolu da kifayət qədər yüksəkdir. Cəmiyyətin demoqrafik strukturu əhalinin tərkibini, təkrar istehsalı meyllərini və sosial-iqtisadi proseslərdə iştirak imkanlarını (resurslarını) əks etdirir.
Cəmiyyətin təkamül tarixi müəyyən mənada əhalinin təkrar istehsalında xalis bioloji mexanizmdən sosial mexanizmin rolunun artmasına keçid istiqamətində dəyişikliklərin baş verməsi ilə səciyyələnir. Müasir şəraitdə mahiyyət etibarı ilə təbii proses olan əhalinin təkrar istehsalında sosial ünsürlər daha qabarıq təzahür etməyə başlayır. Bununla əlaqədar olaraq bir yandan demoqrafik proseslərin idarə olunmasına ehtiyac yaranır, ikinci yandan isə onun sosial və siyasi təsiri artmağa başlayır. Demoqrafiya siyasi proseslərin fəal amili kimi çıxış edir. Əhalinin təkrar istehsalı mürəkkəb bioloji və sosial hadisə olub insan nəslinin davamlılığını və cəmiyyətin mövcudluğunu təmin etmək məqsədi güdür. Əhalinin adi təkrar istehsalı o zaman baş verir ki, cəmiyyətdə yaşlılarla uşaqlar və gənclər arasında müəyyən təxmini bərabərlik yaranmış olsun. Hesablanmışdır ki, hazırki şəraitdə əhalinin adi təkrar istehsalı üçün hər yüz ailə hesabına 258 uşağın doğulması şərtdir. Lakin onu da qeyd etmək lazımdır ki, cəmiyyətin inkişafının ayrı-ayrı dövrlərində əhalinin təkrar istehsalı formaları fərqlənmişdir. Cəmiyyətin inkişafının üç başlıca mərhələsinə - ibtidai (yığıcı) iqtisadiyyat, aqrar iqtisadiyyat və sənaye iqtisadiyyatı mərhələlərinə uyğun olaraq əhalinin təkrar istehsalının üç növü fərqləndirilir:
1) arxetip; 2) ənənəvi; 3) müasir (yaxud rasional).
Əhalinin təkrar istehsalının arxetip növü bir neçə on min il davam etmiş və əsas etibarı ilə həm doğumun, həm də ölümün yüksək səviyyəsi və əhali artımının cüzi artımı ilə səciyyələnir. Əhalinin ənənəvi təkrar istehsalı növü kənd təsərrüfatının, yeni iqtisadi və əmlak münasibətlərinin meydana gəlməsi sayəsində formalaşmışdır. Bu dövrdə doğum sürətlə artır, ölüm halları kəskin azalır və nəticədə əhali sürətlə artmağa başlayır. Əhalinin ənənəvi təkrar istehsalı növünə orta hesabla hər 100 ailəyə 50-dən daha çox doğum xasdır. Lakin bu zaman orta yaş həddi aşağı olaraq qalırdı. Orta yaş həddi bir qayda olaraq 20-30 ilə bərabər idi və nadir hallarda 30-35 ilə çatırdı. Əhalinin təkrar istehsalının sənaye inqilabının baş verməsi ilə meydana gələn müasir (rasional) növünə aşağıdakılar xasdır: - doğum və ölüm hallarının aşağı səviyyəsi; - əhalinin artımı tempinin yüksək olmaması; - orta yaş həddinin əhəmiyyətli dərəcədə yüksəlməsi Müasir cəmiyyətlərdə dövlət, siyasi hakimiyyət demoqrafik meyllərə biganə qala bilmir. Əhalinin tərkibi, strukturu və kəmiyyət dəyişiklikləri tempi dövlətin mövcud siyasətinə birbaşa təsir göstərməyə başlayır. Bununla da demoqrafik siyasət siyasi proseslərin vacib ünsürü kimi çıxış edir. Hazırda qlobal miqyasda demoqrafik inkişafın 2 başlıca istiqaməti aydın görünməkdədir. Bunun biri bəzi dövlətlərin resursları baxımından əhali artımının yüksək sürəti, ikincisi isə onun əksi olan əhali artımının templərinin zəruri həddən aşağı düşməsidir. Əhali artımının yüksək sürəti birmənalı şəkildə əhalinin strukturunda kəmiyyət və keyfiyyət dəyişikliklərini şərtləndirir. Müasir demoqrafik proseslərin bu tipi o halda mümkündür ki, 3-4 və daha çox uşaqlı ailələr mütləq çoxluq təşkil etsin. Bir sıra ölkələrdə isə demoqrafik sıçrayış deyilən hadisə müşahidə olunmaqdadır. Dünya əhalisinin ¾ hissəsi demoqrafik sıçrayış ölkələrinin payına düşür. Buraya əsasən Afrika və bir çox Asiya ölkələri daxildir. Demoqrafik sıçrayışın əsas səbəbi kimi səhiyyənin və həyat şəraitinin inkişafı sayəsində ölüm hallarının kəskin azalmasını, doğumların isə ənənəvi yüksək səviyyədə qalmasını göstərirlər. Əhalinin yüksək artımı əhalinin strukturunda bir qayda olaraq əhəmiyyətli dəyişikliklərlə müşayiət olunur. Hər şeydən əvvəl əhalinin tərkibində uşaqların sayı artır, yaşlı nəsil azlıq təşkil edir. Məsələn, Afrikada 14 yaşına qədər olan uşaqlar 44 %, yaşlı əhali isə (60 yaşdan yuxarı) cəmi 5 % təşkil edir. Çində isə 0-14 yaşlılar 21,4 %, 15-64 yaşlılar 71 %, 65 yaşdan yuxarı olanlar 7,6 faizdir. Əhalinin belə tərkibi ciddi sosial və siyasi proseslərə gətirmək təhlükələri yaradır. Uşaqların və gənclərin çoxluğu təhsil, işlə təminat və s. kimi çağırışlarla müşayiət olunmaya bilməz. İnkişaf etməkdə olan ölkələrin iqtisadi, maliyyə və texnoloji resurslarının məhdudluğu qeyd olunan çağırışların qarşısını zamanında almağa imkan vermir. Vəziyyətin yaratdığı fəsadlardan biri gənclərin və digər əhali qruplarının başqa ölkələrə köç etməsidir (miqrasiya). Müasir təhsildən, məşğulluqdan və etibarlı sosial müdafiədən məhrum olan əhali kütləsi cəmiyyətdə sosial gərginliyin və siyasi qeyri-sabitliyin əsas səbəblərindəndir.
Əhalinin qocalması öz növbəsində ciddi sosial nəticələrə gətirib çıxarır. İlk növbədə inkişaf etmiş ölkələrə xas olan iş qüvvəsinə olan təlabatın ödənilməsində çətinliklər yaradır, başqa sözlə ifadə olunsa, başlıca məhsuldar qüvvə zəifləyir. Bir çox ölkələr bu problemi emiqrasiya hesabına həll etməyə çalışır. Bəzi Avropa ölkələrinin əhali emiqrasiyasına ciddi məhdudiyyətlər və qadağalar qoymamasının səbəblərindən biri və ən başlıcası məhz bundadır. Əhalinin qocalması sosial müdafiə baxımından da ciddi fəsadlar yaradır. Əhalinin orta yaş həddinin artması pensiyaçıların xüsusi çəkisinin artmasında ifadə olunur. Sayca artan və uzunömürlülüklə əlaqədar olaraq daha uzun müddətə pensiya alan əhali kateqoriyasının sosial müdafiəsi böyük maliyyə ayırmaları tələb edir. İnkişaf etmiş dövlətlər həmin problemin həlli ilə əlaqədar ciddi çətinliklər yaşamaqdadır. Problemin həllində iki istiqamət üstünlük təşkil edir: a) pensiyaya çıxmaq üçün yaş həddi artırılır; b) pensiyaların artımının dondurulması və ya bəzi hallarda azaldılması təklif edilir. Azərbaycanda əhali artımı idarə olunan müsbət meyllərlə ifadə olunur. Son 20 ildə Azərbaycan Respublikasının əhalisi təxminən 2 milyon nəfər artmışdır. Artım təxminən 30 % təşkil etmiş, orta illik əhali artımı 1,4 % civarında olmuşdur.
Cəmiyyətin milli tərkibinin təhlili zamanı “etnos” anlayışı açar rolunu oynayır. “Etnos” qədim yunan dilində “xalq”, “qəbilə” mənasında işlədilir. Onun başqa bir mənası “əhali qrupu”dur. “Etnos” anlayışı insanların dil və mənşə ümumiliyinin, adət və ənənə eyniliyinin dərk edilməsi üzərində formalaşan birliyini ifadə edir. Etnosun millət, xalq, etnik birlik kimi növlərini fərqləndirirlər.
Millət insanların təkcə etnik, yəni dil, mədəniyyət, adət-ənənə ümumiliyi deyil, həm də siyasi təşkil əlamətləri əsasında yaranan birliyidir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən tərifə görə, millət insanların ərazi və dil, sosial-iqtisadi və siyasi həyat ümumiliyi ilə səciyyələnən sosial-tarixi birliyi və vahid dövlətin vətəndaşlarının məcmusudur. Millətin fərqləndirici əlaməti təkcə dil ümumiliyi deyil, həm də ərazi və vahid dövlətin vətəndaşı olmaq kimi cəhətlər olduğundan, onun ayrı-ayrı etnik qrupları özündə birləşdirmək xüsusiyyəti ayrıca qeyd olunmalıdır.
Xalq insanların dil, mədəniyyət, özünüdərketmə, adətənənələr və s. etnik ümumiliyi üzərində qərarlaşan sosial-etnik birliyidir. Xalq insanların birlik forması kimi daha çox etnik əlamətləri ilə diqqəti cəlb edir.
Etnik qrup müstəsna olaraq insanların etnik əlamətləri əsasında formalaşır və bir qayda olaraq sayının azlığı və məskunlaşdığı ərazinin məhdudluğu ilə seçilir.
Bütün sosial qruplar cəmiyyət həyatında müxtəlif münasibətlərin daşıyıcıları olduğundan, etnik birliklər də müəyyən sosial, mədəni, bəzi hallarda siyasi məzmunlu münasibətlərin daşıyıcısı rolunda çıxış edir. Müasir cəmiyyətlərdə sosial və iqtisadi xarakterli problemlərin həllinin etnik əlamətlərin iştirakı olmadan yolları mövcuddur. Vətəndaş hüquqlarının təminatına xüsusi önəm verilən ölkələrdə sosial, iqtisadi və ya siyasi problemlər etnik ayrımçılığa yol verilmədən çözülür. Bununla yanaşı mövcud problemlərə etnik birliklərin mənafeləri baxımından yanaşılması halları hələ ki, bütünlüklə aradan qaldırılmamışdır. Başqa sözlə ifadə edilsə, etnik (milli) münasibətlər sosial-iqtisadi və siyasi münasibətlərin xüsusi seqmenti kimi yaşamaqdadır.
Sosial münasibətlərin spesifik formalarından biri olan etnik (milli) münasibətlər mürəkkəb sosial–siyasi kateqoriyadır. Onlar xalis formada deyil, iqtisadi, sosial, siyasi və mənəvi münasibətlərin bir cəhəti kimi təzahür edirlər. Bu mənada bəzi hallarda sosial münasibətlərin bütün məcmusu onlarda üzə çıxır. Öz növbəsində etnik münasibətlərin spesifikliyi milli xüsusiyyətlərdən irəli gəlir. Milli münasibətlər anlayışı milli xarakterli münasibətlərin üç formasını özündə birləşdirir: millətdaxili, milli-etnik birliklərarası və şəxsiyyət səviyyəsində millətlərin və xalqların münasibətləri. Sözün ciddi mənasında millətlərarası münasibətlər müxtəlif millətlərə mənsub adamlar arasındakı bilavasitə əlaqələrdə yaranan münasibətlərdir.
Milli mənsubiyyətin dərk edilməsinin əsasında başqa millətin nümayəndələri ilə əlaqələrdə yaranan və millətlərarası münasibətlər sahəsinə aid edilən “biz-onlar” müxalifəti durur. Xalqların ictimai şüurunda vahid ideologiya, yaxud din hakim olursa, onda millətlərarası münasibətlərin inkişafı üçün əlverişli şərait yaranır. Beləliklə, millətlərarası münasibətlər sözün daha dəqiq və dar mənasında ictimai şüur səviyyəsində üzə çıxır. Buna görə də onları iqtisadiyyat və siyasət sahəsindəki əlaqələrlə, yaxud dil və mədəniyyət sahəsindəki təmasla qarışdırmaq düzgün deyildir. Siyasətin və etnos problematikasının qarşılıqlı əlaqəsi millətin siyasi təşkili forması olan dövlətin qurulmasında özünü daha qabarıq göstərir. Etnosun millət kimi qavranılması onun dövlət şəklində formalaşması ilə əlaqədardır. Millət etnik tərkibindən asılı olmayaraq dövlətin meydana gəlməsində sistemyaratma funksiyasını yerinə yetirir. Sistem yaradan amil rolunu yerinə yetirən millət həm tək etnik tərkibə (monoetnik dövlət), həm də rəngarəng etnik tərkibə malik ola bilər (polietnik dövlət). Bu mənada əhalinin etnik tərkibi ilə dövlət quruluşu forması arasında birbaşa asılılıq mövcud deyildir. Lakin müxtəlif etnik tərkibli ölkələrdə belə bir vəziyyətin dövlət quruluşunun formasına təsiri olmadığını da iddia etmək düzgün olmazdı. Bir sıra hallarda dövlət quruluşunun formasının seçilməsinə etnik amil təsir etdiyindən bu, milli-etnik münasibətlərin spesifik forması kimi nəzərdən keçirilir.
Milli-etnik münasibətlər baxımından yanaşdıqda dövlət quruluşunun 3 əsas formasını fərqləndirmək mümkündür:
1.Unitar dövlət inzibati-dövlət vahidləri üzərində mərkəzləşdirilmiş rəhbərliklə səciyyələnir. Burada əlahiddə (müstəqil) dövlət qurumları olmur. Onun daxilində geniş ərazi muxtariyyatı və milli muxtariyyat mümkündür.
2.Federasiya iki və daha artıq dövlətin vahid dövlətdə birləşməsidir. Hazırda dünyada 3-4 min, o cümlədən sayı bir milyondan yuxarı olan 300 xalq və bunun müqabilində cəmi 200-ə yaxın dövlət vardır. Əgər xırda dövlətləri nəzərə almasaq, yerdə qalan 103 dövlətdən təqribən üçdə biri çoxetnik tərkibə malikdir. Onların yalnız kiçik bir qismi milli əlamətlər əsasında yaranan federasiya quruluşuna malikdir. “Klassik” federasiyalar – Braziliya, Meksika, ABŞ, AFR və b. milli əlamətlə heç də əlaqədar olmayan hissələrdən ibarətdirlər. Elə ölkələr vardır ki, məsələn. İspaniya, Çin və b. federasiyadan yan keçməklə, muxtariyyat vermək yolu ilə (inzibati ərazi muxtariyyatı nəzərdə tutulur) xalqların və etnik qrupların siyasi mənafelərini həll etməyə çalışırlar.
3. Konfederasiya dövlətlərarası ittifaqdır. Onun üzvləri tam muxtardırlar, onların hər birinin qanunvericilik orqanları vardır, sanksiya vermək və nullifikasiya hüququna – ittifaq orqanları aktlarını ləğv etmək hüququna malikdirlər.
Konfederasiya üzvlərinin müstəqil vətəndaşlığı, öz valyutası, milli ordusu və s. olur. Konfederasiyanın vahid ərazisi olmur. Bu dövlət quruluşu müvəqqəti xarakter daşıyır. Milli-etnik münasibətlərdə diqqət çəkən məqamlardan biri etnik münaqişələrdir. Etnik münaqişələr milli-dini dözümsüzlük, sosial-iqtisadi və mədəni-dil qeyri-bərabərliyi və ya etnik separatizm zəminində ayrı-ayrı etnik birliklərin və ya onların nümayəndələrinin arasında baş verən münaqişədir. Etnik münaqişələr öz mahiyyəti etibarı ilə sosial və ya siyasi xarakterli münaqişə hesab olunur. Lakin istənilən etnik münaqişədə tərəflər və ya tərəflərdən biri etnik əlamətə görə seçilir, əlahiddə etnik mənafelərə istinad edir və özünü milli ayrıseçkiliyin qurbanı kimi qələmə verməyə çalışır. Etnik münaqışə dedikdə eyni zamanda iki müxtəlif səviyyədə bir-biri ilə yanaşı mövcud olan və bir-birini tamamlayan fərqli reallıqlar başa düşülür. Belə ki, bir tərəfdən, o, ictimai rəydə bir etnik qrupun digərinə yalnız sadəcə olaraq neqativ deyil, habelə yalnız qarşıdurma niyyəti ilə müəyyən olunan qavrayış, yaxud münasibət tipidir. Bu zaman millətlərarası münasibətlərdə etinadsızlığın yerini fəal qarşıdurma və birbaşa əksik əhval-ruhiyyəsi tutmuş olur. İctimai həyat səviyyəsində siyasi prosesin real fenomeni olan etnik münaqışə haqqında yalnız o zaman danışmaq olar ki, həyatın bu və ya başqa mühüm sferasında bərqərar olmuş və əvvəllər adi, yaxud dözümlü hesab olunan vəziyyəti dəyişdirməyi öz qarşısına məqsəd qoyan qrup meydana çıxsın. Buradan aydındır ki, hər bir münaqişə situasiyasının öz təşəbbüsçüsü olur. Bu mənada etnik münaqişə dedikdə milli-mənafelərin müdafiəsi üçün yaradılmış və ya özünü bu cür təqdim edən etnik zəmində az və ya çoxsaylı tərəfdarların iştirakı ilə meydana çıxan münaqişə situasiyada başa düşülür. Bir qayda olaraq etnik münaqişələrin iki növü fərqləndirilir: “üfüqi”- etnik qruplar arasında olan münaqişələr və “şaquli”- müəyyən etnik qrupla dövlət arasında olan münaqişələr. Etnik münaqişələr düşünülmüş və ya etnik maraqların müdafiəsi adı altnda spontan şəkildə baş verə bilər. Birinci halda münaqişə daha çox siyasi xarakter daşıyır və ciddi fəsadlarla müşaiyyət olunur. İkinci halda isə münaqişə səbəbi əsas etibarı ilə sosial-iqtisadi xarakterli problemlər olur ciddi fəsadlara bir qayda olaraq gətirib çıxarmır. Qarşısına qoyduğu məqsədlərdən asılı olaraq etnik münaqişələrin aşağıdakı növləri fərqləndirilir: sosial-iqtisadi xarakterli; mədəni-dil münaqişələri; ərazi-status münaqişələri; separat münaqişələri; Etnik separatizm dövlətin beynəlxalq hüquq normalarına uyğun olaraq tanınan ərazisinin bir hissəsini müstəqil dövlət yaratmaq və ya başqa dövlətə birləşdirmək məqsədilə parçalanmağa və ya ayırmağa (sesessiya - latınca “gedirəm” deməkdir və dövlətin tərkibindən çıxmaq mənasını verir) yönəlmiş hərəkətdir. Separatizm bir sıra hallarda xalqların öz müqəddaratını təyin etmək hüququna əsaslansa da, bütün dünyada o, bir qayda olaraq qəbul olunmuş beynəlxalq hüquq normalarının, o cümlədən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığını təsbit edən hüquq normalarının kobud surətdə pozulması cəhdləri kimi qəbul olunur. Etnik separatizm bir qayda olaraq xalqların öz müqəd - dəratının təyin etməsi hüququnun yanlış və ya təhrif edilmiş qavramına əsaslanır. Xalqların öz müqəddəratının təyin etmək hüququ beynəlxalq norma kimi milli dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığına qarşı deyildir. Əksinə, onun beynəlxalq təminatı rolunda çıxış edir. Digər tərəfdən, bütün etnik qrupların millətlərin öz müqəddəratını təyin etmək hüququnun subyekti sayılması praktik siyasi mülahizələr baxımından rasional və mümkün deyildir. Belə olan halda indiki 200 dövlətin yerində 3000- 4000 dövlət yaranmalı olar ki, bu da əbədi müharibələr deməkdir. Separatizmin fərqləndirici cəhəti ayrılmaq cəhdinin və ya hərəkatının sırf etnik əlamətlərə və maraqlara əsaslanmasıdır. Lakin, etnik birlik birbaşa dövlətin yaranması subyekti kimi qavranılmır, çünki, onun dəqiq müəyyən edilmiş sərhədləri olmur. Bu səbəbdən, dövləti yaratmaq hüququna sahib olan subyekt kimi ilk növbədə ərazi birlikləri tanınır. Etnik separatizm müasir dünyada geniş yayılmış hadisəyə çevrilmişdir. Planetin ayrı-ayrı yerlərində çoxsaylı savaşların, müharibələrin və fəlakətlərin günahı etnik separatizmdədir. Hər il on minlərlə günahsız insan separtizmin qurbanına çevrilir. Separatizm bütövlükdə, etnik separatizm isə xüsusi ilə bəşəriyyəti narahat edən qlobal problemə çevrilmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müasir etnik separatizmin bariz ifadəsidir. Münaqişənin kökündə erməni diasporunun və millətçi qruplarının təhriki ilə Azərbaycan Respublikasının ərazisinin bir hissəsinin ayrılması və nəticə etibarı ilə ya Ermənistan Respublikasına birləşdirilməsi, yaxud ikinci müstəqil erməni dövlətinin yaradılması istəyi durur. Əslində isə klassik qatı etnik separatizm sxemi əsasında fəaliyyət göstərən erməni separatçılarının hərərkətləri hər hansı rasional məntiqə və hüquq normalarına sığmır. Əvvəla, Azərbaycanın Konstitusiyasında ölkə ərazisinin hər hansı hissəsinin ayrılması halı müəyyən edilməmişdir. İkincisi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşan erməni əhalisi milli-etnik muxtariyyət statusuna sahib olmuşdur ki, bu da onların status tələbatının ödənilmiş olması deməkdir. Bu ərazidə yaşayan erməni əhalisi milli-mədəni muxtariyyat forması olan muxtar vilayət şəklində təşkil olunmuşdurlar. Üçüncüsü, Dağlıq Qarabağda yaşayan erməni əhalisi tam şəkildə mədəni-dil azadlığına malik olmuşdur. Dördüncüsü, Dağlıq Qarabağ bölgəsi Azərbaycanın inkişaf etmiş iqtisadi zonası olduğundan milli münaqişə üçün sosialiqtisadi səbəblərin olması iddiasının irəli sürülməsi də qeyrimümkündür. Nəhayət, ermənilər Dağlıq Qarabağın əhalisinin yeganə təmsilçiləri deyil. Burada yaşayan əhalinin 1/3- i etnik azərbaycanlılar olmuşdur. Deyilənlər onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi sırf etnik zəmində süni şəkildə yaradılmış separatçı hərəkat olub Azərbaycan Respublikasının ərazisinin bir hissəsinin ayrılması məqsədinə xidmət edir. Ermənistan Respublikasının dövlət səviyyəsində separatçıları maliyyə, hərbi texnika və insan resursları ilə açıq şəkildə dəstəkləməsi münaqişənin şiddətini və müddətini artıran əsas amil olmuşdur. Dağlıq Qarabağ münaqişəsi dünyada ən çox insan tələfatı, əhali köçü ilə müşayiət olunan və uzunmüddətli etnik münaqişələrdəndir. Münaqişə nəticəsində hər iki tərəfdən 25 mindən çox insan həlak olmuş, yüz minlərlə insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Dağlıq Qarabağdan və separatçıların işğal etdiyi ətraf rayonlardan təxminən bir milyon insan məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatlar munaqişənin nizama salınmasını öz fəaliyyətlərinin prioriteti hesab edir. ATƏT-in Minsk Qrupu və onun ABŞ, Rusiya Federasiyası və Fransadan ibarət olan həmsədrləri 1992-ci ildən etibarən münaqişənin nizama salınması ilə məşğuldur.
Dostları ilə paylaş: |