Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar



Yüklə 164,33 Kb.
səhifə14/39
tarix10.01.2022
ölçüsü164,33 Kb.
#107939
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
4. Dövlətin yaranması
Siyasi sistemin başlıca ünsürü dövlətdir. Onun xarakteri, fəaliyyət forma və üsulları siyasi sistemin təbiətini müəyyənləşdirən həlledici amillərdən biridir. "Dövlət" anlayışı siyasi ədəbiyyatda iki mənada işlədilir. Geniş mənada dövlət müəyyən ərazidə yaşayan, ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. Bu mənada dövlət anlayışı ölkə və ya xalq anlayışları ilə eyniyyət təşkil edir. 17-ci əsrə qədər dövlət məhz bu mənada başa düşülürdü.

Dövlətin bu şəkildə başa düşülməsindən uzaqlaşan ilk mütəfəkkir N.Makiavelli olmuşdur. O, dövlət və cəmiyyət anlayışlarını fərqləndirməyi zəruri hesab edirdi. Lakin bu iki anlayış arasında fərqləri dəqiq göstərmək Hobbs və Lokkun dövlət nəzəriyyələrinin xidməti sayılmalıdır. Müasir elmdə dövlət dar mənada müəyyən ərazidə ali hakimiyyəti həyata keçirən təşkilatların və orqanların vahid sistemi kimi qavranılır. Dövlətin meydana gəlməsi cəmiyyətin inkişafının nəticəsi olub, siyasi elmi maraqlandıran aktual problemlərdən biridir.

Bu çoxşaxəli və mürəkkəb məsələ haqqında hamı tərəfindən qəbul olunmuş vahid konsepsiya yoxdur. Buna səbəb bir tərəfdən dövlətin özünün mürəkkəb bir fenomen olması, digər tərəfdən isə dövlətlərin yaranması prosesinin hələ başa çatmamasıdır. Hazırda dünyanın müxtəlif regionlarında bir-birinin ardınca yeni-yeni dövlətlər əmələ gəlir. Son vaxtlaradək həmin proses daha çox keçmiş müstəmləkələr üçün səciyyəvi idisə, 20-ci yüzilliyin sonlarında əvvəllər SSRİ adlanan bir coğrafi siyasi məkanda özünü daha çox göstərmişdir.

Dövlət məsələsində hamı tərəfindən qəbul olunmuş cəhət an ibarətdir ki, o, əbədi mövcud olmamış, yalnız tarixi inkişafın gedişində meydana gəlmişdir. Buradan çıxış edərək, lap qədim dövrlərdən başlayaraq, siyasi konsepsiyaların cavab verməyə çalışdığı ilk sual dövlətin nə zaman və necə meydana gəlməsi olmuşdur. Qeyd etmək lazımdır ki, "dövlət" anlayışının özü siyasi nəzəriyyələrdə və adi şüurda hazırkı mənasına daha yaxın bir mənada 17-ci əsrdən möhkəmlənməyə başlamışdır. Əlbəttə, dövlətin mövcud olması çox qədimdən insanlara bəlli olmuş və onlar onu müxtəlif anlayışlarla (polis, imperiya, krallıq, knyazlıq və s.) ifadə etmişlər. Qədim yunanlar üçün bütün ictimai həyat siyasi həyat, yaxud polis həyatı idi. Bununla belə bizim hazırda anladığımız mənada dövlət və onu ifadə edən anlayışlar orada yox idi. Platon "Dövlət" əsərində dövlətin yaranmasını ictimai əmək bölgüsünün inkişafı və müxtəlif əhali qruplarının: sənətkarların və əkinçilərin, döyüşçülərin və dövləti idarə edənlərin (filosofların) meydana gəlməsi ilə bağlayırdı. Teoloji təlimə görə dövlətin meydana gəlməsi ilahi iradənin təzahürüdür.

Qədim Şərqdə, Misirdə dövlət başçısının ilahi mənşəyə malik olmasına inam bundan xəbər verir. Patriarxal nəzəriyyəyə görə dövlət hakimiyyəti tayfaları qəbilələrdə, qəbilələri isə qəbilə ittifaqında birləşdirən ailə başçısının hakimiyyəti kimi nəzərdən keçirilir. Bu konsepsiyanı ilk dəfə Konfusi irəli sürmüşdü. Fransız maarifçiləri və yeni dövr materialistlərinin (H.Hobbs, C.Lokk, J.J.Russo) inamına görə dövlət nə vaxtsa və kimlərinsə tərəfindən imzalanmış "ictimai müqavilənin" məhsuludur. Azərbaycan xalqının siyasi fikir tarixində dövlət nəzəriyyəsinin banilərindən biri N.Tusi Avropa maarifçilərindən hələ xeyli əvvəl belə bir qənaətə gəlmişdi ki, dövlət insanların könüllü ittifaqı əsasında yaranmışdır və ona görə də onların birliyindən, siyasi cəmiyyətdən başqa bir şey deyildir. Hegel dövləti zəkanın inikası və gerçəklikdə ilahi ideyanın. təcəssümü hesab edir. 20-ci əsrdə yaranan "zorakılıq nəzəriyyəsi" (L.Qumploviç) dövlətin zəif, qeyri-mütəşəkkil qrupların, tayfaların daha güclü və mütəşəkkil qrup tərəfindən işğal edilməsi sayəsində meydana gəldiyini sübuta yetirməyə çalışır. Marksizm dövlətin yaranmasını istehsal vasitələri uzərində xüsusi mülkiyyətin və antaqonist siniflərin yaranması ilə bağlayırdı. 20-ci əsrin əvvəllərində fransız sosioloq və etnoqrafları M.Moss (1872-1950) və K.Levi-Stross (1908) srtuktur təhlil əsasında cəmiyyətin inkişafına təsir edən total amilləri üzə çıxardılar. Afrikanın geridə qalmış bir sıra qəbilələrində apardıqları müşahidələr əsasında onlar sübut etdilər ki, həmin regionda dövlətin əmələ gəlməsi prosesi tamamilə fərqli olmuşdur. Onlar müəyyən etdilər ki, həmin qəbilələrdə nə xüsusi mülkiyyət, nə də siniflər olmadığı halda, dövlətə oxşayan xüsusi bir təsisat formalaşmışdır. Onlar belə bir qənaətə gəldilər ki, geridə qalmış qəbilələrdə dövlətin meydana gəlməsi ictimai istehsalın bir növü olan həyatın özünün istehsalı gedişində baş verən əsaslı dəyişikliklərlə əlaqədar olmuşdur. Onların tədqiqatlarında göstərilir ki, qarışıq (nizamsız) cinsi əlaqələr şəraitində yaşayan ibtidai cəmiyyətlərdə inkişafın müəyyən mərhələsində həmin proses qanın qarışmasına (elmdə bu, "inses" adlanır) gətirib çıxarır. İbtidai insan şüuru dərk edəndə ki, inses cəmiyyəti məhz məhvə doğru aparır, onda həmin prosesin qarşısını almaq üçün tədbirlər görmək zərurəti ortaya çıxır. Bu yolda ilk tədbir yaxın qohumlar arasında cinsi əlaqələrin qadağan edilməsindən ibarət oldu.

Bunun ardınca yeni qadağanlar - ta bu lar yarandı. Tabunu pozanlara qarşı ciddi cəza tədbirləri müəy - yən ləşdirildi. Qonşu qəbilələrlə sabit əlaqələr saxlanmağa başlandı (bu qəbilələr arasında qadınlar ekvivalent mübadilə olunmağa baş - lan dılar) və s. Bütün bunlara nəzarət etmək üçün xüsusi adamlardan ibarət qruplar təşkil olundu. Qeyd olunan tədbirlər sadəcə olaraq ayrı-ayrı əhali qrupları arasında cinsi əlaqələrin tənzim edilməsi ilə məhdudlaşıb qalmadı. Onlar bütövlükdə insan nəslinin ümumi inkişafına kömək etməklə yanaşı, ictimai münasibətlər sisteminin kökündən dəyişilməsinə, yeni



münasibətlərin yaranmasına gətirib çıxardı. Qeyd etdiyimiz həmin xüsusi qrup qəbilənin sıravi üzvlərindən tədricən ayrılaraq, son nəticədə qəbilə daxilində yeni bir təsisatı, bizim indiki anlamımızda – dövləti yaratdı. Beləliklə, xüsusi mülkiyyətdən əvvəl həmin regionda dövlət təşəkkül tapdı. Müasir politologiyada dövlətin mənşəyi ilə bağlı daha bir nöqteyi-nəzər də mövcuddur. Onun tərəfdarları dövlətin yaran ma - sında ictimai əmək bölgüsünün müəyyənedici rolunu əsas kimi götürürlər. Onların fikrincə, dünyanın bəzi regionlarında (xüsusilə Qədim Şərqdə) ictimai əmək bölgüsünün gedişində idarəetmə funksiyaları tədricən spesifik, imtiyazlı məşğələ növü kimi ayrılmışdır. Nəticədə icmanın əvvəllər ictimai cəhətdən bərabər - hüquqlu üzvlərinin fövqündə duran adamlar qrupundan ibarət kütləvi hakimiyyət yaranır. Həmin qrup qəbilə aristokratiyasından və rəhbərin ətrafında toplaşan adamlardan ibarət idi. İdaretmə ilə məşğul olan həmin adamların getdikcə artan müstəqilliyi, hələ dövlət strukturları yaranmazdan xeyli əvvəl icma üzvlərindən onların ayrılmasına və müstəqilləşməsinə gətirib çıxarmışdır. İstehsal vasitələrinin mənimsənilməsi və xüsusi mülkiyyət halına salınması isə bundan çox sonra baş vermişdir. Beləliklə, politologiyada dövlətin yaranmasında əsasən üç qrup amillərin iştirak etdiyi qeyd olunur: ictimai əmək bölgüsü; istehsal vasitələri üzərində xüsusi mülkiyyətin, istismarın və antaqonist siniflərin yaranması; insanın özünün təkrar istehsalında baş verən mühüm dəyişikliklər.

Tarixi təcrübə sübut edir ki, dövlət Qərbi Avropa ölkələrində əsasən xüsusi mülkiyyətin yaranması ilə əlaqədar olaraq formalaşmış, Afrikada isə insan həyatının istehsalı və təkrar istehsalı ilə əlaqədar baş verən dəyişikliklər gedişində təşəkkül tapmışdır. Şərqin geniş düzlərində ictimai əmək bölgüsünün inkişafı, burada mövcud olan təbii şərait və s. amillər nəticəsində dövlət yaranmışdır. Burada inzibati idarəçilik əsasında yaranmış dövlət əsas istehsal vasitələrini də öz əlində cəmləşdirmiş, torpaq məhz onun öz mülkiyyəti olmuşdur. Deməli, burada da xüsusi mülkiyyət dövlət yaranandan sonra bərqərar olmuşdur. Qeyd etmək lazımdır ki, dövlətin yaranması birdəfəlik akt olmayıb, ictimai icma özünüidarəsinin tədricən dağılması və dövlət təsisatlarının təşəkkül tapmasından ibarət uzun sürən bir proses olmuşdur. Bu mənada, dövlət tarixi inkişafın məhsuludur. Polyak alimi Yeji Vyatrın fikrincə, həmin proses aşağıdakı modifikasiyalarda baş vermişdir: 1.Klassik yol - icmanın öz xarakterinə görə sosial, sinfi dəyişiklikləri, xaricdən heç bir təsir olmadan daxili ziddiyyətlərin kəskinləşməsi (antik yunan dövləti bu yolla yaranmışdır); 2.Dövlət quruluşunun təşəkkül tapmasının mövcud olan əsaslarına artıq mütəşəkkil dövlət quruluşu olan xalqın hücum etməsi də əlavə olunur (məs, bolqarların Balkan slavyan tornaqlarına basqın etməsi və Bolqar dövlətinin yaranması; 13-cü əsrdə səlibçilərin Pribaltikaya hücumu və feodal Livoniyası dövlətinin yaranması); 3.Daxili müqəddəm şərtlərin yetişdiyi bir vaxtda dövlətin yaranmasını sürətləndirən real hücum təhlükəsi (Bizansın hücum təhlükəsi qarşısında Kiyev Rus dövlətinin yaranması); 4. Dövlət quruluşu olan cəmiyyətlərlə, dövlət ideyası ilə ünsiyyət saxlamaq, qonşu dövlətlərin təcrübəsi (Qərbi Avropa regionunda Romanın təsiri buna gözəl misaldı). Sonrakı taleyindən və cəmiyyətdə oynadığı rolundan asılı olmayaraq, hər halda, dövlətin yaranması böyük bir kompromis oldu. Dövlətin çoxminillik tarixi onun təbiətində dərin təkamül prosesi ilə müşayiət olunmuşdur. Bir sıra fundamental əlamətlərə, ələlxüsus hakimiyyətlə şəxsiyyət arasında qarşılıqlı əlaqələrin xarakterinə, idarəetmənin rasionallığına görə dövlətin inkişafında iki başlıca mərhələ ayrılır: ənənəvi dövlət və konstitusiyalı dövlət. Ənənəvi dövlət bir qayda olaraq kortəbii şəkildə, adətənənələr əsasında formalaşmışdır. Ənənəvi dövlətin ən yayılmış forması monarxiya hesab olunur. Konstitusiyalı dövlət insanların şüurlu surətdə cəmiyyəti idarəetmə mexanizmi və sistemi yaratmaq səylərinin nəticəsi kimi qiymətləndirilir. Ənənəvi dövlətdən fərqli olaraq, konstitusiyalı dövlətin tənzimetmə funksiyası insanların həyat fəaliyyətinin bütün sferalarını əhatə etmir. Dövlət hakimiyyəti burada başlıca olaraq vətəndaşların dövlətə etibar etdiyi funksiyalarının yerinə yetirilməsi hüdudları ilə məhdudlaşır. Müasir konstitusiyalı dövlət vətəndaş müharibələrinin iştirakçıları olan konfessional partiyaların qarşısının alınması və tərksilah edilməsi, "qanuniləşdirilmiş fiziki zor" vasitələrini (M.Veber) inhisara almaq və onları dövlətin əlində cəmləşdirmək yolu ilə suveren dövlət quruluşunun yaradılması ilə eyni vaxtda meydana gəlmişdir. Bu, birinci mərhələdə dövlət məhz dövlət kimi təşəkkül tapır. Lakin bu hələ hakimiyyətin təşkilinin özünün keyfiyyəti haqqında heç nə demir. Dövlət yalnız ikinci mərhələdə konstitusiyalı, üçüncü mərhələdə isə demokratik konstitusiyalı dövlət olur. Dördüncü mərhələdə bura sosial dövlətin, ümumi rifah dövlətinin bəzi komponentləri əlavə olunur. Artıq bu mərhələdə ətraf mühitə və həyat hüquqlarına, sosial və hərbi təhlükəsizliyə olan tələblər özünü göstərir və beşinci mərhələdə (gələcəkdə) dövlətin ekoloji tarazlığı təmin edəcək bir qüvvəyə çevriləcəyini nəzərdə tutur.
Siyasi elmdə dövlətin aşağıdakı əsas əlamətləri göstərilir:

1.Məcburetmə. Heç kim dövlətdən kənar olması və dövlət hakimiyyətinə tabe olmaması haqqında özbaşına qərar qəbul edə bilməz, çünki dövlət mənsubiyyəti ictimai zərurətdir, o, məcburidir və dövlət hüquqla, habelə beynəlxalq hüquqla tənzim olunur. Dövlətsizlik (apadridizm) qeyri-normal hal hesab olunur. Bu, 1930- cu il Beynəlxalq Haaqa müqaviləsi və 1948-ci ildə qəbul olunmuş “İnsan hüquqları haqqında ümumi bəyannamə tərəfindən etiraf olunur.

2. Zor tətbiq etmək hüququ. Dövlətin xüsusi zor orqanları vardır və qanunun nəzərdə tutduğu hallarda o, onlara əl atır.

3. Suverenlik. Suverenlik müəyyən ərazidə ali hakimiyyəti nəzərdə tutur. Hamı üçün, hər bir təşkilat və təsisat üçün məcburi xarakter daşıyan hakimiyyət yalnız dövlətə mənsubdur. Öz daxili subyektlərinə münasibətdə dövlət ali və qeyri- məhdud hakimiyyətə malikdir, xarici dövlətlər isə bu prinsipə hörmət etməyə borcludurlar. Hazırda dünya birliyinə qaxil olan dövlətlərin suverenliyini beynəlxalq iqtisadi, siyasi və hərbi qarşılıqlı asılılıq məhdudlaşdırır.

4. Ümumilik. Dovlət hakimiyyəti onun ərazisində yaşayan bütün adamlara aiddir.

5. Hüquq. Dovlət onun müəyyən etdiyi hüquq qaydaları və normaları çərçivəsində fəaliyyət göstərir.

6. Əhalidən vergi və mükəlləfiyyətlər toplamaq hüququ. Dovlət idarəetmə strukturlarını, mühafizə və müdafiə qurumlarını saxlamaq üçün bütün əhalidən vergilər və müxtəlif mükəlləfiyyətlər şəklində vəsaitlər toplayır. Hər bir dövlətin müəyyən ərazisi, həmin ərazidə yaşayan əhalisi, onun fəaliyyətini təmin etmək üçün dövlət aparatı olur.

19-cu əsrin axırlarında meydana gəlmiş dövlətin ümumi nəzəriyyəsi belə hesab edirdi ki, dovləti üç əsas əlamətə görə müəyyən etmək olar: xalq (əhali); ərazi və dövlət hakimiyyəti. Müasir dövlət nəzəriyyəsi dövləti siyasi hakimiyyətin təşkili və onun fəaliyyətinin hüquqi forması kimi müəyyən edir. Burada yuxarıda qeyd olunan üç əlamətin məzmunu yeni məna çalarları ilə zənginləşdirilmişdir. Belə ki, hər şeydən əvvəl dövlətin yuxarıda qeyd olunan birinci əlaməti kimi sadəcə olaraq əhali yox, öz müqəddaratını təyin etmək hüququna malik olan və bu hüququ reallaşdırmış millət nəzərdə tutulur. Başqa sözlə, suveren, yaxud muxtar kütləvi-siyasi hakimiyyət təşkilatı yaratmaq hüquqi millətə xas olan keyfiyyət olub, onun konsolidasiya və siyasi birlik səviyyəsini ifadə edir. Deməli, dövlət quruluşunun substansional elementi siyasi cəhətdən öz müqəddəratını təyin edən millətdir. Digər tərəfdən, dövlətin ikinci atributiv əlaməti sadəcə dövlət sərhədləri daxilində tanınmış ərazi deyil (beynəlxalq tanınma burada ikinci dərəcəlidir), millətin taleyinin tarixən bağlı olduğu ölkə, coğrafi vilayət hesab olunur. Nəhayət, müasir dövlət nəzəriyyəsində dövlətin üçüncü əlaməti insan hüquqları ilə məhdudlaşdırılmış, yəni insanların birgə siyasi, iqtisadi və mənəvi varlığını təmin edən kütləvi siyasi hakimiyyət təşkilidir. İnsan hüquqlarının tanınması beynəlxalq aləmdə müasir dövlət anlayışının vacib şərti hesab olunur. Deyilənlər əsasında belə bir qənaətə gələ bilərik ki: dövlət siyasi cəmiyyət təsisatı olub, kütləvi hakimiyyət mexanizmi vasitəsi ilə fərdlərin və cəmiyyətin mövcudluğunun əsaslarını və xalqın suverenliyni təmin edən ərazi birliyidir.

Dövlətin spesifikliyi və tarixi zəruriliyi onun funksiyalarında üzə çıxır. Politologiyada dövlətin daxili və xarici funksiyaları qeyd olunur.

1. Dövlətin daxili funksiyaları:

• vətəndaşların və cəmiyyətin təhlükəsizliyinin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi, habelə qanunvericilik funksiyası;

• cəmiyyətin iqtisadi əsaslarının, bütün rəngarəng mülkiyyət formalarının müdafiəsi;

• sosial münaqişələrin və sinfi ziddiyyətlərin tənzim edilməsi, fərdlərin və sosial qrupların mənafeyinin və tələbatının əlaqələndirilməsinin təmin edilməsi;

• maarif və tərbiyənin, mədəniyyət sferasının tənzim edilməsi;

• etnik qrupların münasibətlərinin tənzim edilməsi və milli birlik;

• demoqrafik və ekoloji funksiya, adamların mühafizə edilməsinin və təbii ehtiyatlardan səmərəli istifadə olunmasının təmin edilməsi və s.

2. Dövlətin xarici funksiyaları:

• beynəlxalq münasibətlərin bütün sferalarında dövlətin mənafeyinin və suverenliyinin müdafiəsi;



• diplomatik münasibətlər və xidmətlər, habelə təşkilatların, ittifaqların, birliklərin (BMT, AİB, NATO və s.) işində iştirak etmək yolu ilə dövlətlərarası və beynəlxalq mənafelərin aydınlaş dırıl ması və reallaşdırılması. Müasir dövlət nəzəriyyəsinin ən maraqlı problemlərindən biri dövlət formalarını müəyyən etmək və onların təsnifatını verməklə bağlıdır. Dövlət formaları dedikdə üç başlıca ünsür: dövlətin quruluşu; idarə formaları; siyasi rejimlər başa düşülür. Ərazi quruluşuna görə dövlətlər unitar və federativ olurlar. Unitar dövlətin strukturunda müstəqil qurumlar deyil, yalnız inzibati-ərazi bölgüsü olur. Burada vahid konstitusiya, vətəndaşlıq mövcud olur. Bütün dövlət orqanları, o cümlədən məhkəmə orqanları vahid sistem təşkil edir. Bəzən qeyd olunur ki, unitar dövlət bir qayda olaraq vahid bir millətdən ibarət olmalıdır. Bununla belə tarixi təcrübə göstərir ki, dövlətin unitar olması üçün bu şərt heç də vacib deyildir. Unitar dövlətlər mərkəzləşmiş və mərkəzləşməmiş formalarda təzahür edir. Mərkəzləşmiş unitar dövlətlərdə (Böyük Britaniya, Danimarka və s.) yerli idarəetmə orqanlarına geniş səlahiyyət verilə bilər. Lakin idarəetmənin orta vəsilələrinin səlahiyyətləri məhdud laş - dırılır. Mərkəzləşməmiş unitar dövlətlərdə (Fransa, İtaliya, İspaniya) böyük regionlar böyük muxtariyyata malikdir, hətta bəziləri özünün hökumətlərini, inzibati-idarə strukturlarını müstəqil surətdə təşkil edir. Mürəkkəb daxili siyasi quruluşa malik olan ölkə şəraitində federasiya daha mütərəqqi dövlət forması hesab edilir. Federasiya üçün ikiqat vətəndaşlıq səciyyəvidir. Burada istər federasiya, istərsə də onun subyektləri qanunvericilik hakimiyyətinə malik olurlar, belə ki, onların öz hakimiyyət strukturları fəaliyyət göstərir. Federasiya mürəkkəb dövlət birliyidir. O üç növ subyekti: a) milli dövlət birliklərini - suveren respublikaları; b) muxtar dövlət qurumlarını; c) ərazi fumlarını birləşdirə bilir. Bu mənada federa siya - nın ha zırkı anlamı federalizmin real tarixini əks etdirir. Belə ki, məs, 13 keçmiş ingilis müstəmləkəsi istiqlaliyyət əldə etdikdən sonra Ame - rika Birləşmiş Ştatları yarandı. Öz növbəsində, Almaniya keçmişdə müstəqil olmuş dövlətlər) Bavariya krallığı, Vyurtemberq krallığı və s. tərəfindən yaradılmışdır. Müasir federasiyaların bəzi üzvləri keçmişdə heç də müstəqil dövlət olmamışlar (məs. ABŞ ştatlarının bir qismi, Avstraliya ittifaqının bir sıra ştatları və i. a.). Federasiya keçmiş unitar dövlətin federativ dövlətə çevrilməsi yolu ilə də yarana bilir . 20-ci əsrin 2-ci yarısı paralel proseslə - bir tərəfdən milli ərazi vahidlərinin muxtariyyatı və məlum federativ meyllərin artması (İspaniya, İtaliya, Belçika, Kanada və s.), digər tərəfdən isə respub - lika ların bayağı suverenliyinə əsaslanan federasiyaların (SSRİ, Yuqoslaviya, Çexoslovakiya və s.) süqutu ilə müşayiət olunmuşdur. Deyilənlərdən əlavə, bəzən konfederasiya da ayrıca bir dovlət forması kimi qeyd olunur. Lakin konfederasiya dövləti səciyyələndirən bütün əlamətlərə tam cavab vermədiyindən onu qəti şəkildə ayrıca dövlət forması kimi qiymətləndirmək olmaz. Belə ki, konfederasiya müstəqil suveren dövlətlər tərəfindən öz ümumi vəzifələrini əlaqələndirmiş formada həll etmək məqsədilə yaradılan birlik formasıdır. Buraya daxil olan dövlətlər öz daxili, bəzən hətta xarici müstəqilliyini də tamamilə saxlayır və müstəqil hərəkət edirlər. Onun yaranması isə, bir qayda olaraq, xarici təsir altında baş verir. Konfederasiyanın mərkəzi hakimiyyət orqanları, vahid konstitusiyası, vətəndaşlığı, vahid valyutası və i. a. olmur. Onun orqanları ittifaqın bütün üzvləri üçün imperativ (məcburi) hakimiyyətə malik olmur. İttifaqa daxil olan üzvlərin hər birinin ali hakimiyyət orqanı mərkəzi orqanın müvafiq qərarını təsdiq etdikdən sonra o, icra üçün məcburi xarakter alır. Konfederasiya sözünün hərfi mənası – latın dilində "müqavilə ilə əlaqələndirmək" - dediklərimizi bir daha təsdiq edir. Tarixdən konfederasiyanın bir sıra nümunələri - 1815-1866-cı illərdə mövcud olmuş 38 alman dövlətinin Alman ittifaqı, 1848-ci ildə Konstitusiyasına qədər mövcud olmuş İsveçrə ittifaqı, 1776- 1787-ci illərdə fəaliyyət göstərmiş Amerika Birləşmiş Ştatları və s. məlumdur. Onların hamısının təcrübəsi sübut edir ki, konfederasiya adətən müvəqqəti xarakter daşıyır, onun sonu ya federasiya, ya da müstəqil dövlətlərin yaranması ilə nəticələnir. Dövlətin formalarının digər bir təsnifatı idarə üsullarına əsaslanır. Bu baxımdan dövlətin iki forması göstərilir - monarxiya və respublika. Monarxiyada hakimiyyətin mənbəyi monarx və onun sülaləsidir. Onun hakimiyyəti isə nəsildən-nəslə keçir. Monarxiyanın bir neçə növü var: mütləq monarxiya və konstitusiyalı monarxiya. Respublikada hakimiyyətin mənbəyi xalqdır. Dövlətin ali hakimiyyət orqanları və vəzifəli şəxsləri vətəndaşlar tərəfindən seçilir. Müasir dünyada respublikanın üç əsas novü mövcuddur: parlamentli respublika, prezident üsuli-idarəsinə əsaslanan respublika və bunların qarışıq forması.


Yüklə 164,33 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin