Siyasi mədəniyyətin tipləri Siyasi mədəniyyət mürəkkəbliyi və rəngarəngliyi ilə seçilən sosial hadisədir. Bu rəngarənglik bir yandan hər hansı cəmiyyətdə qərarlaşmış vahid siyasi mədəniyyətin ümumi səciyyəsi daxilində aydın nəzərə çarpan müxtəlif siyasi mədəniyyət səviyyələrində və kəsiklərində (subkultura), digər tərəfdən isə ayrı-ayrı sosial mühit zəminində formalaşmış və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən siyasi mədəniyyət tiplərində ifadə olunur. Siyasi sistemə xas olan siyasi mədəniyyətin müxtəlif subyektlərə aidiyyətinə görə fərqləndirilməsi zərurətinə ilk dəfə amerikan alimləri Berç və Zaninoviç diqqət yetirmişlər. Onlar keçmiş Yuqoslaviya timsalında üç müxtəlif regional-milli siyasi mədəniy yə - tin seçildiyini göstərmişlər. Sonralar tədqiqatçılar digər əlamətlərə görə siyasi mədə - niyyətin rəngarəngliyini aşkara çıxarmağa cəhd göstərməyə baş - layıblar. Siyasi sistemin ayrı-ayrı ünsürlərinin siyasi mədəniyyətinin spesifikliyi, müəyyən dərəcədə muxtar xarakter daşıması faktı sübuta yetirilmişdir. Məsələn, elitanın, quruluşun və cəmiyyətin siyasi mədəniyyətini bir-birindən fərqləndirməyi təklif edən tədqiqatçılar mövcuddur (K.Covitt). Elitanın və cəmiyyətin ümumi siyasi mədəniyyətinin birbirindən əhəmiyyətli dərəcədə fərqlənən səviyyələrdə olması demək olar ki, bütün siyasi sistemlər üçün ümumi səciyyə daşıyır. Lakin cəmiyyətin siyasi mədəniyyəti ilə quruluşun siyasi mədəniyyətinin bir-birindən fərqlənməsinə gəldikdə vəziyyət müəyyən qədər dəyişir. Covitt iddia edir ki, quruluşun muxtar siyasi məqsədləri cəmiyyətin, yəni xalqın məqsədlərindən kəskin şəkildə seçildikdə siyasi mədə - niyyətin quruluşun mənafelərinə xidmət edən və xalqın baxışlarını, siyasi mövqelərini ifadə edən iki müxtəlif səviyyələrə parçalanması labüddür. Siyasi mədəniyyətdə bu cür parçalanmaya ifrat ideologiyalaşmış, avtoritarçılıq meyillərinin hökmran mövqelərdə qərar tutduğu cəmiyyətlərdə rast gəlinir.
Lakin siyasi mədəniyyət sahəsində mövcud olan rəngarənglik ayrı-ayrı sosial-siyasi və mədəni mühitdə qərar tapan siyasi mədəniyyətlər arasında özünü daha qabarıq büruzə verir. Həmin hadisəni öyrənmək üçün siyasi mədəniyyətin tiplərə bölünməsi kimi metodikaya əl atılır. Siyasi mədəniyyətin ayrı-ayrı ölkələrdə geniş yayılmış norma və prinsiplər əsasında ona daxilən xas olan əlamət və xüsusiyyətlər əxz edərək müxtəlif tiplər şəklində təzahür etməsini ilk dəfə Q.Almond və S.Verba tədqiq etmişlər. İngiltərə, İtaliya, AFR, ABŞ və Meksikanın siyasi sistemlərinin əsas komponentlərini və fəaliyyət formalarını öyrənərək 1963-cü ildə çapdan çıxmış “Vətəndaş mədəniyyəti" adlı kitabda onlar patriarxal, təbəəçi və fəal siyasi mədəniyyət tiplərini göstərmişlər. Həm də bu tipləri onlar xalis tiplər adlandırırdılar.
Dostları ilə paylaş: |