Mühafizəkar-liberal siyasi mədəniyyət cəmiyyətin siyasi sisteminin əsaslı dəyişdirilməsinin qeyri-məqbul hesab edilməsi mövqeyindən çıxış edir. Bununla da insan hüquqları və azadlıqları ideyası siyasi sistemin mühafizəkarlığının müqavimətinə rast gəlir. Bu ziddiyyət mühafizəkar-liberal siyasi mədəniyyətin daxili ziddiyyətini əks etdirir, yəni liberalçı meyllər mühafizəkar mədəniyyətin sabit dəyişməz təbiəti ilə məhdudlaşdırılır.
Liberal-demokratik siyasi mədəniyyət sistemində isə fərdlərin müstəqilliyinin genişlənməsi zəruriliyinin dərk edilməsi siyasi sistemin əsaslı islahatı ideyasını obyektiv olaraq şərtləndirir. Buna uyğun olaraq, siyasi mədəniyyət ənənəvi dəyərlər və normaların mütəmadi təkmilləşməsi zəminində daha çevik, elastik forma kəsb edir, fərdin siyasi subyektlik rolunun artmasına zəmin yaradır.
Demokratik siyasi mədəniyyətin əksini avtokratik siyasi mədəniyyət təşkil edir. Onun başlıca səciyyəsi insanların hüquq və azadlıqlarının inkarına, avtoritarizmə və gücə əsaslanan hakimiyyətə meyllənməklə əlaqədardır. Kütləvi siyasi mədəniyyətin növ müxtəlifliyi kimi çıxış edən avtokratik siyasi mədəniyyət 19-cu əsrdə bonapartizm, 20-ci əsrdə faşizm və kommunizm rejimlərində özü üçün əlverişli zəmin tapa bilmişdir. Avtokratik siyasi mədəniyyətin iki forması - avtoritar və totalitar formaları mövcuddur. Avtoritar siyasi mədəniyyət siyasi proseslərdə kütlələrin geniş iştirakını nəzərdə tutmasa da, xalq siyasi ideologiyanın təsiri altında manipulyasiyaya məruz qalır. Avtoritar siyasi mədəniyyətin kütləviliyi əhalinin liderin ideyalarını qəbul edərək siyasi sistemin ümumi passiv iştirakçıları funksiyasını yerinə yetirməsindədir. Avtoritar siyasi mədəniyyətdə diqqət mərkəzində siyasi sistem deyil, siyasi lider olduğundan, hakimiyyətə münasibət avtoritar liderə münasibət kimi təzahür edir.
Avtoritar siyasi mədəniyyətdən fərqli olaraq totalitar siyasi mədəniyyətdə əhali siyasi proseslərin fəal iştirakçısı rolunda çıxış edir. Totalitar siyasi mədəniyyət əhalinin yüksək səfərbərliyi və kortəbii, yaxud məcburi fəallığı sayəsində hakimiyyətin ifrat şəkildə mərkəzləşməsinə, bütün sahələrdə dövlət nəzarətinin bərqərar edilməsinə əsaslanır. Totalitar siyasi mədəniyyətə xas olan yüksək siyasi birlik və iştirakçılıq heç də ümumi iradənin formalaşması sayəsində deyil, daha çox mənafelərin və mövqelərin zorla eyniləşdirilməsi, rəsmi ideologiyanın irəli sürdüyü məqsəd və vəzifələrin, habelə davranış norma və prinsiplərinin qəbul etdirilməsi sayəsində təmin edilir.
Siyasi mədəniyyətin sadalanan təsnifatları ilə yanaşı onu bəşəri sivilizasiya tiplərinə uyğun olaraq nəzərdən keçirmək cəhdləri də diqqəti özünə çəkir. Bu baxımdan onu qərb və şərq siyasi mədə - niyyətləri kimi iki növə ayırırlar. Həm də bu zaman qarşıya qoyulan əsas məqsədin qərb və şərq siyasi mədəniyyətlərinin bir-birinin əksini təşkil etdiyini sübuta yetirmək cəhdlərindən ibarət olduğu özünü aydın şəkildə büruzə verir. Haqqında söhbət gedən təsnifatın müəlliflərinin fikrinə görə, qərb siyasi mədəniyyəti hakimiyyətin insanların fiziki və mənəvi keyfiyyətlərinə əsaslan dığına, siyasətin insan fəaliyyətinin bir sahəsi kimi qəbul edilməsinə, hər kəsin qanun qarşısında bərabərliyinə, fərdin azadlığının üstün mövqe tutmasına, fərdin siyasətdə həlledici subyekt kimi çıxış etməsinə, siyasi elitanın öz vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmasına, hakimiyyətin həyata keçirilməsi prosesinə əhalinin nəzarətini təmin edən mexanizmin mövcudluğuna və s. inamın olması kimi başlıca tələblərə əsaslanır. Şərq siyasi mədəniyyəti isə hakimiyyətin ilahi mənşəyinə inanma, siyasətin bir qrup insan üçün fəaliyyət forması hesab edilməsinə, sosial ədalət prinsiplərinə inamın böyük olmasına, dövlət mənafeyinin və elitanın mə nafeyinin digər cəmiyyət üzvlərinin məna - feyindən üstünlüyünə ina ma, siyasətdə kollektivçilik meyillərinin güc lü mövqe yinə, hökm dar la rın ilahiləşdirilməsinə, tayfa və yer liçi - lik meyillərinin siyasətdə həlledici rol oynamasına imkan verən əxlaq və idarəçilik normasına və s. prinsiplərə söykənir.
Göründüyü kimi, siyasi mədəniyyətin tipləri və növlərinin zəngin siyahısı var. Çoxsaylı meyarlara əsaslanaraq onun yeni-yeni növlərini, tiplərini müəyyənləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, siyasi mədəniyyət siyasi həyatın özü qədər mürəkkəb olub, onun bütün çalarlarını, habelə milli psixologiya və milli mədəniyyətin mühüm ünsürlərini əks etdirməklə çox rəngarəng formalar kəsb etmək imkanlarına malikdir. Siyasi mədəniyyətin formalarının çoxluğu ayrı-ayrı ölkələrdə qərar tapmış siyasi həyatın konkret təzahür formalarının çoxluğunu ifadə edir.
Dostları ilə paylaş: |