3. SİYASİ HAKİMİYYƏT
"Siyasi hakimiyyət" politologiyanın mərkəzi kate qoriya ların - dan biridir. Mürəkkəb və qeyri-müəyyən olması, ölçüsünün və fəaliyyət hüdudlarının müxtəlifliyi siyasi nəzəriyyələrdə onun haqqında daim mübahisələrin getməsini şərtləndirmiş, bu və ya başqa bir müəllif tərəfindən o, müxtəlif cür müəyyən edilmişdir. Siyasi fikir tarixində Platon, Aristotel, Siseron, Makiavelli, Hobbs, Lokk, Kant və b. mütəfəkkirlər hakimiyyət fenomenini izah etməyə çalışmışlar. Müasir politologiyada Pareto, Moska, Mixels, Veber və başqalarının əsərləri hakimiyyət nəzəriyyəsinin işlənib hazırlanmasında böyük rol oynamışdır. Hakimiyyət problemi ilahiyyatçıların diqqətindən də yayınmamışdır. Orta əsrlərdə Akvinalı Foma yazırdı ki, hakimiyyətin mahiyyəti ağalıq və tabelik münasibətlərindən ibarətdir, burada insan ierarxiyasının yuxarı pilləsində olan şəxslərin iradəsi əhalinin aşağı təbəqələrini hərəkətə gətirir.
Bu qayda Allah tərəfindən qoyulmuşdur. Beləliklə, öz əsl mənasına görə hakimiyyət Allahın yaratdığı qay da - dır. Buna görə də o, xeyirdir, həmişə nəsə yaxşı bir şeydir, sərvətdir. "Allahın iradəsindən kənarda hakimiyyət yoxdur" - deyən islam dini də hakimiyyətin ilahi mənşəyə malik olduğunu əsaslandırır. Qeyd etmək lazımdır ki, siyasi hakimiyyət anlayışının mənasını açmaq üçün öncə ümumiyyətlə hakimiyyətin, daha dəqiq desək, sosial hakimiyyətin mahiyyətini izah etmək tələb olunur.
Müasir ingilis-amerikan politoloji məktəbinin nümayəndəsi H.Morgentau yazır ki, "hakimiyyət dedikdə, insanın başqa insanların şüuru və hərəkətləri üzərində nəzarət etməsi başa düşülür". Həmin
məktəbin digər nümayəndəsi P.Blaunun fikrincə, hakimiyyət bir fərdin, yaxud qrupun başqaları üzərində öz iradəsini həyata keçirməsidir. M.Düverje hakimiyyətin iki tərəfinin (daha dəqiq desək, iki üzünün) olduğunu qeyd edirdi. Onun fikrincə, hakimiyyət bir tərəfdən bir qrupun digəri üzərində ağalıq alətidir, digər tərəfdən isə sosial qaydanı qoruyub saxlamaq üsulu, ümumi rifah naminə hamının bir kollektivdə müəyyən inteqrasiyasıdır. İngilis politoloqu C.Tompson yazır ki, hakimiyyət fenomeninin təhlili hərəkətlər, təsisatlar və sosial struktur arasındakı qarşılıqlı münasibətləri həddindən artıq dəqiq tədqiq etməyi nəzərdə tutur, çünki hakimiyyətin bu və ya başqa cəhətləri həmin səviyyələrin hər birində üzə çıxır. Hərəkət səviyyəsində o, subyektin qabiliyyətidir. Başqa sözlə desək, o, subyektin öz mənafeyinə və məqsədlərinə uyğun hərəkət etmək, hadisələrin gedişinə müdaxilə etmək və onu dəyişdirmək cəhdidir.
Təsisat səviyyəsində hakimiyyət bu və ya başqa insan qrupuna, yaxud təsisata qərarlar qəbul etmək və onları təcrübədə həyata keçirmək səlahiyyətini vermək qabiliyyəti deməkdir. Öz növbəsində sosial struktur bu hakimiyyəti məhdudlaşdırır. Tompsonun fikrincə, hakimiyyətin bu cəhətlərini ağalıq kateqoriyasından fərqləndirmək lazımdır. Ağalıq siniflər, cinslər, irqlər, millətlər və dövlətlər arasında bərabərsizliklə səciyyələnən münasibətlərin səviyyəsini göstərir. Hakimiyyətdən o zaman danışmaq olar ki, orada hökmranlıq və tabelik ünsürləri dəqiq təzahür etsin, cəmiyyətin qəbul etdiyi normalar və qanunlarla hər iki tərəfin davranışı şərtləndirilmiş olsun. Həmin normalar və qanunlar müəyyən edirlər ki, əmri verən şəxsin əmrin aid olduğu şəxsdən tabe olmağı tələb etmək hüququ vardır. Buradan çıxış edən argentinalı müəlliflər "Sosial və siyasi elmlər lüğəti"ndə yazırlar ki," ... sosial elmlərdə hakimiyyət (subyekt və obyekt arasındakı) amirlik münasibətlərinə" deyilir. Deməli, sosial qruplar arasında müəyyən münasibətlər sisteminin olması hakimiyyətin başlıca fərqləndirici əlamətidir. Bu mənada o, tərəflərdən birinə verilən keyfiyyət deyil, subyektlərarasındakı münasibətdir, daha dəqiq desək, həmin münasi bətlərin "ölçüsü", keyfiyyəti, mənasızdır. Buradan hakimiyyətin insanlar arasında iradi münasibət olması üzə çıxır.
M.Veber bunu nəzərə alaraq yazırdı ki, hakimiyyət başqa əqidələrlə mübarizədə, belə bir imkanın nəyə əsaslanmasından asılı olmayaraq, şəxsin iradəsini yeritmək üçün hər hansı bir imkan deməkdir". Sosial hakimiyyətin spesifikliyi ondadır ki, o yalnız siyasi sahədə deyil, iqtisadi, hüquqi, əxlaqi, psixoloji formalarda da təzahür edir. Qərb politoloqları bir qayda alaraq, iqtisadi, siyasi, ideoloji, habelə dini, etnik, texniki, bürokratik və hərbi hakimiyyətdən söhbət açırlar. Bəziləri dövlət, iqtisadi, kütləvi təşkilatların və informasiya vasitələrinin hakimiyyətini bir-birindən fərqləndirməyi təklif edirlər. Beynəlxalq aləmdə, məsələn, dövlətlər - metropoliya və müstəmləkə arasında, böyük dövlət və onun kiçik qonşusu arasında hakimiy yət - dən danışmaq olur. Bütün bunları ümumiləşdirmək əsasında Veber hakimiyyətin üç növü haqqında danışırdı: iqtisadi hakimiyyət, ideoloji (siyasi) hakimiyyət, hüquqi hakimiyyət (dövlət hakimiyyəti). İqtisadi və siyasi hakimiyyət arasında sıx əlaqə mövcuddur. Y.Vyatrın fikrincə, iqtisadi hakimiyyət xalis formada siyasi məc bur - etmə adlanan ünsürə malik deyildir, başqa sözlə desək, iqtisadi hakimiyyət siyasi məcburetməyə əsaslanmayan ictimai münasibətdir. İqtisadi hakimiyyəti həyata keçirməyə imkan verən maddi istehsal vasitələrinin sahibləri mülkiyyəti, yəni öz hakimiyyətinin mənbəyini səmərəli surətdə müdafiə etmək üçün siyasi hakimiyyətə təsir etmək, onu ələ keçirmək istəyirlər. Öz növbəsində ixtiyarında siyasi məcburetmə vasitələri olanlar iqtisadi potensialdan öz hakimiyyətini möhkəmləndirmək üçün istifadə edirlər. "Hakimiyyət" anlayışının mahiyyəti xeyli dərəcədə məcburetmə hakimiyyəti ilə nüfuz hakimiyyəti arasındakı fərqi müəyyən etməklə üzə çıxır. Yuxarıdakı şərhimizdən aydın olur ki, "hakimiyyət" termini sosial kontekstdə "kiminsə" (şəxsin, yaxud sosial qrupun) başqalarını müəyyən şəkildə öz istədiyini etməyə məcbur etməsi mənasında işlədilir. Buna yalnız o şəxs (yaxud qrup) nail ola bilər ki, o, birincisi, yaxşı natiq olsun; ikincisi, biliyinə, yaxud qayğıkeşliyinə görə ona etibar olunsun; üçüncüsü, müəyyən vəzifə sahibi olsun; dördüncüsü, itaətsizlik halları olduqda sanksiya vermək imkanına malik olsun (Siyasi hakimiyyətin reallaşdırılması prosesində həmin şərtlərin hamısına təsadüf olunur. Sonuncu şərt isə əsasən münaqişə zamanı tətbiq olunur. Bu məhz məcburetmə hakimiyyətinin reallaşdırılması anıdır; bu halda başqa vasitələr kömək etmir, ona görə də zor işlədilir). Əgər kimsə öz şəxsi keyfiyyətlərinə, yaxud vəzifəsinə görə böyük nüfuza malikdirsə və buna görə də istədiyini başqalarına qəbul etdirə bilirsə, bu halda nüfuz hakimiyyəti üzə çıxır. Siyasi sistemdə nüfuz dövlət hakimiyyəti təsisatlarının qəbul etdikləri qanunlara insanların əməl etməyə razı olması deməkdir. Nüfuz hakimiyyətindən danışarkən legitimləşdirmə anlayışına xüsusi diqqət yetirilməlidir (Legitimlik latın dilində "qanunauyğun", "qanuni", "düzgün" mənasını verir). O, nüfuz hakimiyyətinin reallaşdırılmasının geniş əhali kütlələri tərəfindən sank siya laşdırıl - ması deməkdir. Cəmiyyətin normal inkişaf etdiyi şəraitdə legitim - ləşdirmə nüfuz hakimiyyətinin sabitliyinin təmin edilməsinə kömək edir.
Təcrübədə elə hallar ola bilir ki, formal cəhətdən hakimiyyət başında olan şəxs faktik olaraq hakimiyyətdən, daha dəqiq desək, legitimlikdən məhrum olur. Belə bir vəziyyət bizim respublikada 1989-cu ilin sonu 1990-cı ilin əvvəllərində Ə.Vəzirov, 1992-ci ilin əvvəllərində A.Mütəllibov, həmin ilin aprel-may aylarında isə Y.Məmmədov hakimiyyət başında olarkən təkrar olunmuşdur. Məlum olduğu kimi hər üç halda hüquqi cəhətdən hakimiyyət adları çəkilən şəxslərin əlində olsa da, əslində real hakimiyyət Azərbaycan xalq cəbhəsi başda olmaqla demokratik qüvvələrin əlində idi. Bu, hüquqi cəhətdən nüfuz hakimiyyətinə malik olan şəxslərin legitimlikdən məhrum olması kimi qiymətləndirilməlidir. Hər üç halda nəticə ondan ibarət oldu ki, legitimliyi itirən şəxslər ya hakimiyyətdən kənar edlildilər və ya özləri hakimiyyətdən "getməli" oldular. Mahiyyətcə subyektiv hadisə olan legitimlik fərdlərin mənafelərini ifadə edir. Başqa sözlə desək, mənafelərinə hansı səviyyədə cavab verməsindən asılı olaraq fərdlər və sosial qruplar bu və ya başqa sistemin hakimiyyətinə tərəfdar çıxır, yaxud onun əleyhinə hərəkət edirlər. Bunun nəticəsidir ki, bəzən hakimiyyət başına gələrkən legitimliyi olmayan dövlət başçısı müəyyən tədbirlərin köməyi ilə sonradan onu qazanır və ya əksinə, legitim yolla seçilmiş dövlət başçısı düzgün siyasət yeritmədiyindən, sonradan onu itirmiş olur (xüsusilə keçid dövrlərində belə hallara teztez təsadüf olunur).
1993-cü ildə Azərbaycan Respubikasının Prezidenti Ə.Elçibəyin hakimiyyətinə xitam verilməsi onun legitimliyinin itirilməsinin nəticəsi idi. Beləliklə, hakimiyyət o zaman legitim olur ki, o, birincisi, xalqdan gəlir və çoxluğun iradəsinə uyğun həyata keçirilir, yəni dövlət hakimiyyəti birbaşa, yaxud dolayısı ilə və müəyyən müddətə xalq tərəfindən seçilir və onun tərəfindən nəzarət altında olur; ikincisi, dövlət hakimiyyəti konstitusiya prinsiplərinə uyğun surətdə həyata keçirilir. Lakin hakimiyyətin legitim olması hələ onun səmərəli olması demək deyildir. Belə ki, hakimiyyət legitim olduğu halda da səmərəli olmaya bilir. Məsələn, Stalin hakimiyyəti legitim hakimiyyət idi. Xalq kütlələri ona dərindən inanır, yolunda hətta ölümə gedirdilər.
Bununla belə, onun hakimiyyəti səmərəli hakimiyyət deyildi. Əksinə, məsələn, Çilidə Pinoçetin hakimiyyəti legitim hakimiyyət deyildi (hakimiyyətinin ilkin çağlarında Pinoçet 15 mindən artıq həmvətənini öldürtmüşdü). Lakin onun hakimiyyəti səmərəli hakimiyyət idi, o, tarixən qısa bir müddət ərzində Çilidə müasir mədəni cəmiyyətin qurulmasını təmin etdi. Deyilənləri yekunlaşdırmaq əsasında belə bir qənaətə gəlmək olur ki, hakimiyyət, xüsusilə onun bir növü olan siyasi hakimiyyət mürəkkəb və çoxplanlı bir hadisədir. O, universal hadisədir və univer - sallığı onun aliliyində ifadə olunur. Siyasətdə hakimiyyətin reallaş - dırıl ması hər şeydən əvvəl cəmiyyətin bütövlüyünü və vəhdətini saxla mağa xidmət edir. İctimai hadisə olan hakimiyyətin spesifikliyi bundadır ki, həmin prosesdə sadəcə təsir deyil, hakimiyyət iradəsi hakimdir. Siyasi hakimiyyət, müəyyən mənada, bütün digər hakimiyyət növlərinin davamıdır. O, bütün başqa hakimiyyət növlərinə aiddir və onları başqa vasitələrlə davam etdirir. Siyasi hakimiyyətin xüsusiyyəti ondadır ki, o, yalnız qüvvəyə və zora deyil, ictimai münasibətləri qanunvericilik yolu ilə tənzimləməyə əsaslanır və yalnız bu qanunların icrası üçün zor tətbiq edir. Təsnifat cəhətdən sinifsiz və sinifli cəmiyyətlərdəki hakimiyyətdən danışmaq olar. Beləliklə, siyasi hakimiyyət fərdin, yaxud qrupun müvafiq cəmiyyətin hüquq normalarında qanuniləşdirilmiş iradəsini həyata keçirməkdən ibarət real qabiliyyətidir. Siyasi hakimiyyət ağalıq, rəhbərlik, idarəetmə və nəzarət formalarında mövcud olur. Siyasi hakimiyyət dövlət hakimiyyətindən genişdir; o təkcə dövlət çərçivəsində həyata keçirilmir. Siyasi hakimiyyətin bir forması olan dövlət hakimiyyəti bütün əhali üçün məcburi olan qanunlar verməkdən ibarət olan inhisar hüququna malikdir. Bu məqsədlə onun xüsusi məcburetmə aparatı olur. Dövlət hakimiyyəti həm müəyyən təşkilat, həm də müəyyən əməli fəaliyyət deməkdir. Dövlət hakimiyyəti dedikdə, dövlət orqanları sisteminin öz yurisdiksiyasına aid olan vətəndaşları, təşkilatları və müəssisələri özünə tabe etmək, onlara sərəncam vermək və onları idarə etmək qabiliyyəti, hamı üçün məcburi olan qanunvericilik və digər normativ aktları dərc etmək və onların icrasını təmin etmək qabiliyyəti nəzərdə tutulur.
Qeyd etdiyimiz kimi, siyasət real insanlar deməkdir. İnsanlar öz tələbatına və mənafeyinə uyğun olaraq, ya fərdi qaydada, ya da bu və ya digər sosial qrupun tərkibində siyasətdə iştirak edir, siyasi münasibətlərə təsir göstərir və eyni zamanda müvafiq təsirə məruz qalırlar. Həmin qruplar, öz növbəsində, siniflər, stratlar, milli-etnik, demoqrafik qruplar və s. ola bilərlər. Məcmu halında onlar siyasətin sosial əsaslarını təşkil edir.
Dostları ilə paylaş: |