Fiziki inkişaf və akselerasiya sosial-gigiyenik problem kimi. Fiziki inkişaf sağlamlıq vəziyyətini xarakterizə edən əsas meyarlardan, pozitiv göstəricilərdən biridir. Fiziki inkişaf göstəriciləri (FİG) dedikdə, fərdin bədən ölçülərini, gücünü, harmonik inkişafını xarakterizə edən əlamətlər kompleksi nəzərdə tutulur. Fiziki inkişaf göstəriciləri rəsmi statistik təhlil üçün vacib sayılmadığından hesabat sənədlərində qeydiyyat aparılmır və buna görə də hər yerdə və hər zaman onun səviyyəsi üzərində nəzarət etmək, dinamikasını izləmək mümkün olmur. Beləliklə, FİG orqanizmin morfoloji və funksional xüsusiyyətlərinin kompleksindən ibarət olub onun fiziki qüvvələrinin potensial ehtiyatını əks etdirir.