İşçilərin iş yerinə loyal olmama səbəbləri
İş fərdin maddi və mənəvi ehtiyaclarının qarşılanması baxımından fərdin həyatında çox böyük əhəmiyyət kəsb edir. İlk görünüşdə çalışmaqda yeganə məqsəd pula olan tələbatın ödənilməsi kimi görünsə də zaman keçdikcə işin, fərdin həyatındakı sosial təsiri daha qabarıq formada, daha dərin istək kimi özünü göstərməyə başlayır. Belə ki, perspektivli işə sahib olan birisi getdikcə cəmiyyətdə özünü önəmli hiss edər və bu duyğu onu daha da ruhlandırar. Məhz bu səbəbdən dolayı işçilər işdə axtardıqları müəyyən göstəriciləri tapmayanda iş yerini dəyişmək fikrinə düşərlər. İşçilərin yeni iş yerləri axtarmaqlarına səbəb kimi göstərə biləcəyimiz bəzi göstəriciləri nəzərdən keçirək:
Fərdin çalışma istəyinin təməlində duran əsas səbəb maddi ehtiyaclara olan tələbatın ödənilməsi baxımından pul qazanma istəyi dursa da, bu bir müddət sonra öz vaciblik dərəcəsinin müəyyən hissəsini işçinin cəmiyyətdəki rolunu göstərən mənəvi ehtiyaclara buraxır. Məhz bu səbəblərdən bir insanın bir iş yerində uzun müddət çalışması və karyerasını həmin şirkətdə qurub inkişaf etdirməsi, çalışmaq istəyini insan üçün önəmli edən maddi və mənəvi imkanlardan asılı olur. Digər bir tərəfdən iş insanın ən az gününün 8 saatını keçirdiyi bir yerdir. Nəzərə alsaq ki, bu əksər hallarda 8 saatdan xeyli çox olur və eyni zamanda hər bir insan təhlükəsiz və rahat şəraitdə yaşamaq və çalışmaq istəyir onda bu amilləri də işçiləri şirkətə bağlayan amillər sırasına qatmaq olar. Aşağıda işçilər üçün iş yerini tərk etməyə səbəb ola biləcək bir neçə göstəricilərə nəzər salaq:
Ədalətsiz əmək haqqı: Daha öncə də qeyd etdiyim kimi çalışmaq istəyinin təməlində pul qazanma istəyi durur. Əgər bir insan, gecə gündüz bir şirkət üçün çalışmasına baxmayaraq onun maddi ehtiyaclarını qarşılayacaq qədər əmək haqqı almırsa və ya ehtiyacları qarşılansa belə gördüyü işlərin müqabilindəki məvacib balanslaşdırılmamış olduqda həmin insan özünə yeni iş yeri axtarar və ilk seçimdə çalışdığı təşkilatı tərk edər.
Ədalətsiz vəzifə bölgüsü: Təhsil, işdəki nəticələr və peşəkarlıq baxımından zəif olan birisini hansısa səbəblərdən irəli çəkmək zəif müdirlərə xas olan xüsusiyyətdir. Bu xüsusiyyət normal çalışan birisini ruhdan salar və həmin təşkilatı ilk fürsətdə vaz keçilən şirkət halına gətirər.
İllərdir eyni yerdə addımlamaq: Təşkilatın ümumi inkişaf strategiyasının olmaması nəticəsində ümumiyyətlə zəif templə böyüməsi həmin təşkilatda çalışan işçilərin vəzifə artımının olmamasına səbəb olar. Məhz bu səbəbdən də həmin təşkilat digərlərinə dəyişilən olar.
Səriştəsiz müdirlər: Bir insanın uğur qazanması özü ilə bərabər rəhbərləri və eyni zamanda birgə komandada çalışdığı insanlardan asılıdır. O komandanın da hansı dərəcədə normal olması da yenə həmin rəhbərdən asılıdır. Səriştəsiz və öz şəxsi maraqlarından dolayı çıxış edən müdirlər işçinin karyera yolunda bariyer rolunu oynayar və işdə uğursuzluğa düçar olmağına səbəb olar. Məhz bu səbəbdən də bunları dəyərləndirə biləcək işçilər şirkətə loyal olmazlar.
Mükafatlandırma sisteminin olmaması: Mükafatlandırma dedikdə maddi və mənəvi motivasiya sistemi nəzərdə tutulur. Bura müəyyən müddətdən bir nəticə, davranış və peşəkarlığına görə işçinin pul, təşəkkürnamə və ya fəxri fərman və ən azından şifahi “çox sağol” ilə də mükafatlandırılmasını aid etmək olar.
Monoton iş: İnsanların əksəriyyəti monoton işlərdən sıxılar. Əgər bir iş yerində müəyyən səbəblərdən ; idarəetmədəki əngəllər, iş yükünün çoxluğu və ya əmək şəraiti baxımından iş yerini əyləncəli hala gətirmək mümkün deyilsə bir neçə müddət sonra belə təşkilatda çalışan işçilər şirkətə daha maraqlı iş mühiti axtarmaq məcburiyyətində qalacaqlar.
İşçinin özünü inkişafına dəstək olunmaması: Fərd olaraq biz hər hansı bir işdə çalışarkən yuxarıda qeyd olunan səbəblərlə yanaşı eyni zamanda həmin təşkilatda inkişafımıza şərait yaradılmasını istəyirik. Bura müxtəlif təlim və seminarlar, rotasiyalar, ixtisaslaşma kursları v.s bu kimi imkanları əlavə etmək olar.
Dostları ilə paylaş: |