Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları



Yüklə 331,42 Kb.
səhifə3/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   49
Nəhayət, sosial sistem özünün açıq xarakter daşıması ilə səciyyələnir. O qapalı deyildir. Sosial sistemin açıq olması o deməkdir ki, cəmiyyət daim ətraf mühit ilə maddələr, enerji və info­rmasiya mübadiləsində olur. Buna görə də ictimai sistem qeyri-müvazinət vəziyyətində olan sistemlərdəndir. Onun qeyri- müva­zinət xarakteri sosial sistemə daxil olan yarımsistemlər və tərəflər öz səviyyəsinə görə eyni deyildir. Onlar arasında müəyyən fərqlər və dialektik ziddiyyətlər mövcuddur. Sosial sistemin açıq xarakteri və qeyri- müvazinətli olması onun əbədi həyatını təmin edir. Başqa sözlə, Kainatın “istilik ölümü nəzəriyyəsi” nəinki təkcə dünyaya münasibətdə, həm də cəmiyyətə münasibətdə əsassızdır. Çünki sosial sistemin açıqlığı və qeyri-müvazinətliyi burada entropiyanın (qapalı sistemlərdə istiliyin toplanması nəticəsində nizamlılığın pozulması) toplanmasına imkan vermir. Ətraf mühit və kosmos ilə daim qarşılıqlı təsir sayəsində burada fasiləsiz olaraq neqentropik (entropiyaya qarşı) proseslər baş verir.

Cəmiyyətə bir qədər dərindən nəzər yetirdikdə məlum olur ki, ictimai həyatın bütün zahiri rəngarəng hadisələri arxa­sında insanların birgə fəaliyyətinin bu və ya digər növü durur. Məhz insan fəaliyyəti sosial həyatın gizli, mahiyyət xarakteri tərəfini ifadə edir. Sosial fəlsəfə öyrədir ki, bütün ictimai mü­nasibətlərin çıxış nöqtəsi insanların sosial fəaliyyətidir. Əslində cəmiyyət dedikdə ətraf dünyaya aktiv münasibətin insana məxsus spesifik forması başa düşülür. Onun əsas məzmununu real dünyanın məqsədyönlü şəkildə mənalandırılması, dəyişdirilməsi və yeni­limi yaradılması təşkil edir.

Fəaliyyətin strukturunda mərkəzi yeri insan tutur, insansız fəaliyyət yoxdur, o, fəaliyyətin subyektidir. Fəaliyyətdə subyekt ilə və obyekt də çox mühümdür. Obyekt həm əşya və predmetlər, də insan formasında çıxış edə bilir. Sonunculara misal olaraq müəllimin və bir sıra başqa peşə sahiblərinin fəaliyyətinin yönəldiyi tərəfləri göstərmək olar. Fəaliyyətin obyekti öz məzmu­nuna görə mürəkkəbdir. Burada maddi və mənəvi istehsal alət və vasitələri (dəzgahlar, müxtəlif qurğu və avadanlıqlar, habelə, qələm, makina, kompüter, çap maşınları və s.) əsas yeri tutur. Fəaliyyət obyektinin məzmununa həm də dil (səsli şifahi və yazılı nitq), informasiyanın maddi daşıyıcıları (maqnit lenti, disket, şəkil, sxem və s.), simvol və işarələr daxildir. Sosial fəaliyyətin baş verməsi üçün yuxarıda göstərilən tərəflərin əlaqələrdə və münasibətlərdə olması tələb olunur.

Beləliklə, sosial fəaliyyət aşağıdakı dörd ünsürdən təşkil olunur: insanlar, fiziki əşyalar, simvollar və əlaqələr. Sosial fəa­liyyət öz məzmununa görə aşağıdakı əsas sahələrə ayrılır: maddi fəaliyyət, mənəvi fəaliyyət, idarəetmə fəaliyyəti və xi­dmət sahəsi.

İnsan fəaliyyətinin müstəsna dərəcədə böyük rol oynadığı şəksizdir. Lakin bu rol həddən artıq şişirdildikdə cəmiyyətdə mövcud olan real çoxtərəfli, mürəkkəb və çoxölçülü xarakter daşıyan sosial qarşılıqlı təsirin əhəmiyyəti bəsitləşir. Doğrudur, fəaliyyət sosial si­stemdə sistemyaradıcı əhəmiyyət kəsb edir. Lakin o, insanların mövcudluğunun yeganə əsas göstəricisi deyildir. Əvvəla, nəzərdə tutmaq lazımdır ki, sosial fəaliyyət, insanın aktivliyi özbaşına yara­nmır. O, insanların müxtəlif maddi və mənəvi tələbatları, mənafeləri, motivləri və dəyər oriyentasiyası əsasında baş verir. Digər tərəfdən, insanların fəaliyyəti bir çox hallarda onlar üçün gözlənilməz nəti­cələr verə bilir. Yəni bu fəaliyyət onların mənafelərinə zidd olan so­sial münasibətlər, institutlar, siyasi və ideoloji hadisələr yarada bilir.

Buradan aydın olur ki, sosial fəaliyyət ictimai həyatın əsa­sıdır. Amma ictimai həyat yalnız fəaliyyətdən ibarət deyildir Sosial həyat çoxölçülü xarakter daşıyır. O, təkcə fəaliyyət növlərinin məcmusu demək deyildir. Burada müxtəlif aspektlər- sosial qrupla­rın birləşməsi, müxtəlif ictimai təşkilatların strukturu və digər amillər də çox böyük rol oynayır.

Bütöv orqanizm kimi götürülən cəmiyyət bir sıra xassələrə malikdır: özfəaliyyət (fəaliyyətin kənardan gətirilməməsi), öz-özünü təşkil etmək, özinkişaf (inkişaf mənbəyinin daxildə olması) və özü-özünə kifayət olması. Birinci üç əlamət həm bütövlükdə cəmiyyətə, həm də ayrılıqda onun hər bir sferasına və qruplarına aiddir. Dördüncü xassə isə yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir. Özünün özü üçün kifayət etməsi xassəsi o deməkdir ki, sistem öz fəaliyyəti ilə onun mövcudluğu üçün lazım olan şəraiti yarada və tələbatlarını ödəyə bilir. Bu keyfiyyət sosial sistemi onun ayrı- ayrı yarımsistemlərindən və tərəflərindən fərqləndirir. Başqa sözlə, cəmiyyətin heç bir sahəsi, heç bir fəaliyyət növü ümumidən təcrid olunmuş halda normal yaşaya bilməz. Yalnız bütöv bir tam kimi götürülən cəmiyyət bütün fəaliyyət növlərinin, sosial subyektlərin və sosial institutların vəhdətini təmin etməklə öz- özünü təmin etmə xassəsinə malikdir.

Beləliklə, sosial sistem müxtəlif səpkilərə malikdir. Onu təhlil edərkən fəaliyyət növləri, sosial münasibətlər, sosial birlik formaları, ictimai institutlar mütləq nəzərə alınmalıdır.

Cəmiyyətin son dərəcə mürəkkəb olması onu izah edən ba­xışların da müxtəlifliyini şərtləndirir. Sosial fəlsəfədə cəmiyyətin üç əsas nəzəri modeli geniş yayılmışdır: naturalizm, idealizmmaterializm.

Birinci mövqe, naturalizm (təbiət, təbii olan deməkdir) tarixən daha qədimdir. Onun mahiyyətini cəmiyyətin təbii bioloji amillər (təbii sərvətlər, mühit, iqlim və s.) ilə izah olunması təşkil edir. Yu­xarıda onların bir növü olan coğrafi determinizm haqqında geniş danışıldı.

Cəmiyyətə idealist yanaşma sosial həyatda əbədi ideyanın, dünya zəkasının, idealın, mənəvi amillərin müəyyənedici rol oyna­dığını sübut etməyə çalışır.



Nəhayət, materializm cəmiyyətin izahında maddi amillərdən, sosial varlıqdan, maddi nemətlər istehsalından çıxış edir. Qeyd edək ki, bu üç baxış bir- birindən tam təcrid olunmuş halda mövcud deyil­dir. Onlar bir-birilə xeyli yaxındır və bəzən də çulğalaşmış şəkildə mövcuddur. Məsələn naturalizmdə bəzən həm materializm ünsürlə­ri (cəmiyyətin təbii izahı, mexanisizm, sosial darvinizm və s.), həm də idealizm (panteizm və hilozoizmin nümunəsində) əlaqəli şəkildə çıxış edir.

Sosial fəlsəfədə insanların əvvəlki cəmiyyətdən irsən keçən bu yeni yaranan birgə fəaliyyət üsulu ictimai istehsal anlayışında ifadə olunur. Bu anlayış hələ C.Lokk və A.Smit tərəfindən istifadə olu­nmuşdur. K.Marks onu cəmiyyəti yaradan insanların birgə fəaliy­yətinə tətbiq etmişdir. İctimai istehsal anlayışı insanların məqsəd­yönlü fəaliyyəti prosesidir. Bu anlayış sosial fəlsəfədə mühüm rol oynayır. O, göstərir ki, cəmiyyət sadəcə təkrar istehsal və adapta­siya etmək deyildir, o, ictimai həyatı həm də yaradıcılıq, özistehsalı kimi səciyyələndirir. İctimai istehsal bır sıra həyati əhəmiyyətli sosial funksıyalar yerinə yetirir. Onlardan aşağıdakılar xüsusilə mühümdür: 1)cəmiyyətin mövcudluğunun maddi həyat şəraitinin təkrar isteh­salı; b) mənəvi həyat məhsullarının (ideyalar və ideologiyanın) mə­nəvi dəyərlərin, simvol və işarələrin istehsalı; v) ictimai fərdlər kimi insan nəslinin istehsalı; q) sosial əlaqələrin və münasibətlərin istehsalı.

Məhz istehsal sayəsində insanların tarixi ictimai xarakter kəsb edir. Sosial şəraitin ayrı-ayrı tərəflərini istehsal etməklə insan həm də öz- özünü istehsal edir. Din, ailə, dövlət, hüquq, əxlaq, elm, incəsənət və s. təkrar istehsalın xüsusi növləridir.

İnsanlar cəmiyyət daxilində öz həyatlarını təmin etmək üçün bir sıra funksiyalar (iqtisadi funksiya, zorakılıq üzərində nəzarət, biliklərin inkişaf etdirilməsi, özünüməhdudlaşdırma qabiliyyətinin inkişafı funksiyası) yerinə yetirməli olur. Qeyd edək ki, müxtəlif tarixi dövrlərdə həmin funksiyaların yerinə yetirilməsi səviyyəsi və onların ictimai həyatda rolu eyni deyildir.


İCTİMAİ HƏYATIN ƏSAS SFERALARI. İQTİSADİ HƏYATIN FƏLSƏFİ SƏPKİSİ”




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin