AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
“ Xammal və qida məhsullarının təhlükəsizliyi”
fənnindən
Mühazirə mətnləri
15 movzu üzrə-30 saat
Hazırladı: “Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının
dosenti Cəfərov Firuddin Nəsrəddin oğlu
Gəncə-2017-2018-cı tədris ili
MÖVZU: 1. Giriş. Ekoloji təhlükəsiz qida məhsulları istehsalının əsasları
PLAN:
Giriş
Təhlükəsiz qida məhsulları dövrün tələbidir
ƏDƏBİYYAT
-
Fətəliyev H.K., Mikayılov V.Ş., Cəfərov F.N. Təklükəsiz qida məhsulları istehsalı dövrün tələbidir. Respublika qəzeti, №263 (3691), 04 dekabr 2009, səh.6.
-
Mövsümov E.E., Yusifov N.M. Qida kimyası. Bakı, MBM, MMC, 276 səh.
-
Рогов И.А., Антипова Л.В., Дунченко Н.И., Жеребцов Н.А. Химия пищи.- М.: Колос, 2000. 384 с.
-
ПозняковскиЙ В.М. Гигиенические основы питания, безопасность и экспертизы продовольственных товаров. Новосибирск: Изд-во Новосибирского университета, 1999. 447 с.
-
Донченко Л.В., Надыкта В Д. Безопасность пищевого сырья и продуктов питания. М,: Пищепромиздат, 1999. 360 с.
-
Дудкин М.С., Щелкунов Л.Ф.. Новые продукты питания. М.: Наука, 1998. 300 с.
-
Суханов Б.П., Австриевских А.Н., Позняковский В.М. Биологически активные добавки в питании человека. Томск, 1999. 290 с.
-
Келигов М.Б. Обеспечение продовольственной безопасности страны по основным видам пищевой продукции. М.: АгриНресс ЛТ£), 1998.
-
Рисман М. Биологически активные пищевые добавки: неизвестное об известном. М.: Арт-Бизнес-Центр, 1998. 490 с.
-
Спиричев В.Б. Сколько витаминов человеку надо. М: 2000, 185с.
GİRİŞ
Ölkə prezidenti cənab İlham Əliyev 2010-cu ili ölkədə «ekologiya ili» elan etmişdir. Bununla əlaqədar olaraq bu sahədə mövcud olan problemlər, onları doğuran səbəblər və aradan qaldırılma yollarının araşdırılması xüsusi aktuallıq kəsb edir.
Beynəlxalq və ölkə səviyyəsində aparılan işlər hələ də problemin tam həllini təmin etmədiyindən müasir dünyamız ekologiya, qida və sağlamlıq sahəsində yaranmış problemlərin dərhal həllinə ehtiyac duyur.
Təbii, ərzaq və sosial ekologiyanın müasir vəziyyətinə fövqəladə dərəcədə narahatlıq gətirən aşağıdakı amillər mövcuddur: iqlimin qlobal dəyişikliyi və qida ehtiyatlarının itkisi; xəstəliklərin və ona yoluxan insanların sayının sürətli artımı; insan üçün olduqca təhlükəli və əvvəllər məlum olmayan xəstəliklərin meydana gəlməsi; biologiyalaşdırma, ekologiyalaşdırma, naturallaşdırma və təbii ehtiyatlardan səmərəli istifadə olunması prinsiplərinin pozulması; qida məhsullarının keyfiyyətinin pisləşməsi; ərzaq ehtiyatlarının qiymətinin kəskin artması, qida çatışmazlığı və s.
Məlumdur ki, keçən əsrdə insanların sağlamlığına mənfi təsir göstərən amillərin sayı xeyli artmışdır. Onların arasında süni bioloji fəal maddələr və preparatlardan sağlamlığın bərpası üçün istifadə olunması və xəstələr üçün bəzi diaqnostik metodların tətbiqi potensial təhlükə mənbəyi olmuşdur. Keyfiyyətsiz qida və bir sıra dərmanların tətbiqinin ziyanlı təsiri insanların sağlamlığını kəskin pisləşdirir. Ərzaq, kənd təsərrüfatı, ekoloji və sosial-iqtisadi aləmdə yaranmış böhran vəziyyəti, mütərəqqi və ekoloji təhlükəsiz texnologiyalar və vasitələrdə bioloji prinsiplərin elmi əsaslandırılmış bazasında yeni müdaxilələrin tətbiqini labüd edir.
Məsələnin ciddiliyini başa düşən ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Belə hesab olunurdu ki, insanların əmək məhsuldarlığının genetik potensialının azalması, ölüm hallarının artmasının başlıca səbəbi qida məhsullarının kifayət qədər yüksək olmayan ekoloji keyfiyyəti ilə bağlıdır.
Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti probleminə Avropa Birliyi ölkələri də böyük diqqət yetirirlər. Bu ölkələrin qida qanunvericiliyinin əsasında istehlakçını onun sağlamlığına zərər verilməsindən və məhsulun alqı-satqısında baş verə biləcək aldatmalardan qorumaq, ona səviyyəli və düzgün məlumatlar verilməsi durur.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması – makroiqtisadi, təbii və texnogen, texnoloji, aqroekoloji, sosial, ticarət-iqtisadi, siyasi risklərlə bağlıdır. Kənd təsərrüfatı məhsulları, xammal və ərzaq istehsalı sahəsində qüvvələri məhsuldarlığın yüksəldilməsinə, əkinə yararlı istifadəsiz torpaqların bərpasına, heyvandarlığın və onun yem bazasının inkişafına, dövlət dəstəyinin və bazarın tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsinə, kənddə sosial proqramların həyata keçirilməsi və maliyyə təminatının artırılmasına yönəldilməlidir.
Qida məhsullarının təhlükəsizliyinin təminatında bütün mərhələlər üzrə - istehsal, saxlanılma, nəql olunma, emal, realizə və idxal əməliyyatları daxil olunmaqla texniki reqlamentin tələblərinə uyğun tədbirlər görülməlidir.
Dünya ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) məlumatına görə 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır. Dünya əhalisinin illik artımının 80 milyon nəfər olmasını da bura əlavə etsək qeyri-mütənasiblik aydın nəzərə çarpır. Yer kürəsində 2 milyarddan çox insan qeyri-normal qidalanma ucbatından mikronutritlər çatışmazlığından əziyyət çəkir.
Bunları nəzərə alan ölkə prezidenti cənab İlham Əliyev «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramı»nın qəbul edilməsi ilə bağlı sərəncam imzalamışdır. Qeyd olunmuşdur ki, müasir dövrdə hər ölkə öz əhalisinin əsas qida məhsullarına olan tələbatını ödəyə bilməli və ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir.
TƏHLÜKƏSİZ QİDA MƏHSULLARI İSTEHSALI
DÖVRÜN TƏLƏBİDİR
Bu gün dünyanın yalnız iki ölkəsi – ABŞ və Fransa öz əhalisinin qida məhsullarına olan tələbatını tam ödəyə bilir. Almaniyada bu 93%, ölkəmizdə 60-65% ödənilir. Super dövlət olan yaxın qonşumuz Rusiyanın daxili ərzaq bazarı qida məhsullarının idxalından yüksək asılılıq vəziyyətindədir. Ölkədə qida məhsullarının ümumi idxalı 46%, mərkəzi şəhərlərdə isə 70% (Moskvada 73%) təşkil edir.
Qida insanı xarici mühitlə əlaqələndirən ən mühüm amildir. Ərzaq xammalının və qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi – əhalinin sağlamlığını müəyyən edən və genefondunu qoruyan əsas şərtlərdəndir.
ABŞ Milli Elmlər Akademiyasının məlumatına görə 90% fungisidlər, 60% herbisidlər və 30% insektisidlər xərçəng xəstəliyi törənməsinə səbəb ola bilir. Dünya kənd təsərrüfatında istifadə olunan 400 pestisiddən 262-i müxtəlif dərəcədə mutagenlərdir.
Qida məhsulları ətraf mühitdən bütün ekoloji zərərli maddələri udmaq və böyük miqdarda özündə akkumliyasiya etmək xüsusiyyətinə malikdir.
Ətraf mühitdən 70% zəhərlər insan orqanizminə bitki və heyvan mənşəli qidalarla düşür. 1986-cı ildən qida məhsullarında radionuklidlərin səviyyəsi 60-cı illərə nisbətən 5-20 dəfə artmışdır. Son 5 ildə qida məhsullarının nitratlar və onların parçalanma məhsulları ilə çirklənməsi 5 dəfə artmışdır.
Ekoloji səbəblərdən keyfiyyətinin pisləşməsi ilə xammal emal üçün texnoloji xüsusiyyətlərini dəyişir. Bunun nəticəsində hazır məhsulun çıxımı kəskin azalır, xammaldan tullantıların miqdarı yüksəlir və onun qalma müddəti qısalır. Belə ki, son illər dünya üzrə şəkər çuğundurunun şəkərliyi, günəbaxanın yağlılığı, kartofun nişastalılığı, südün zülal və yağlılığı, tərəvəzlərdə quru maddələrin miqdarı azalmaqdadır. Bundan əlavə ekoloji təsirlər nəticəsində genetik xüsusiyyətlərini dəyişən çoxlu meyvə və tərəvəz bitkiləri düzgün olmayan formada meyvə, kök yumurusu və kökümeyvə verir. Onlar isə mexanikləşdirilmiş yuma, təmizləmə, uzunmüddətli saxlanmaya yaramır. 50%-ə qədər istehsal olunan kartof standarta uyğun gəlmir.
Hazırlanan südə xarici mühitdən düşən zərərli maddələrin yüksək miqdarı uşaq qidası üçün məhsullar istehsalını 20-50% yararsız hala salır.
Qida məhsullarının təhlükəsizliyi haqqında danışdıqda ilk növbədə onun istehsalı üçün ekoloji təmiz xammal məsələsi ön plana çəkilməlidir. Bu problem həm dövlət səviyyəsində, həm də regionlarda həllini tapmalıdır.
Sağlamlıq üçün təhlükəsiz və təbii məhsullar istehsalı ekoloji təmiz ərazilərdə təşkil edilməli və bütün mərhələlər – xammalın alınması, emal, saxlanılma, nəql edilmə və realizə xüsusi texnologiya ilə yerinə yetirilməlidir. Həmçinin təbii xüsusiyyətlərin maksimum saxlanılmasına çalışılmalıdır.
Ekoloji təmiz məhsul istehsalı üçün fermer təsərrüfatlarının (fermaların) yaradılması ideyasına Danimarkada başlanılmışdır. Əhalinin belə məhsullara tələbatı olduqca yüksək olmuşdur. Tezliklə Danimarkada üzvi fermalar istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının ¼-i istehsal etmiş, 2005-ci ildən isə fermaların yarısı üzvi texnologiya ilə işləyirdi.
Böyük Britaniyada üzvi istehsala keçid çox zəif başlamışdır. 1996-cı ildə bütün torpaqların yalnız 0,3%-i pestisidlərlə işlənməyə məruz qalmırdı. Üzvi məhsullara tələbat yerkökündə olan pestisidlərlə zəhərlənmə mübahisələrindən (münaqişələrindən) sonra kəskin artmışdır. 1995-ci ildə məlum oldu ki, bütün yerkökü məhsulunun yarısında olduqca yüksək miqdarda üzvi fosfat pestisidləri vardır. 1997-ci ildə Böyük Britaniya hökuməti ekoloji təmiz məhsul istehsalına keçmiş fermalara maliyyə subsidiyaları ayrılmasına dair qərar qəbul etdi. Mineral gübrədən, pestisidlərdən imtina edib, kompost, peyin və növbəli əkinə keçmiş fermerlərə qrantlar verildi.
2004-cü ildə Almaniyada uşaqlar üçün olan bütün qidaların yalnız üzvi məhsullardan hazırlanmasına dair qanun qəbul edildi.
ABŞ-da supermarketlərdə satılan bütün məhsulun 2%-ə yaxını «üzvi» məhsul kimi sertifikatlaşdırılmışdır. Lakin Avropaya nisbətən burada sertifikatlaşdırma qaydaları sadələşdirilmişdir.
Üzvi məhsullar üçün meyarlar müxtəlif ölkələrdə tam eyni deyildir. Ümumi xüsusiyyətləri tərəvəz, meyvə və tarla bitkilərini pestisidlərsiz, kimyəvi gübrələrsiz, şəhər tullantıları və çirkab suları məhsulları olmadan istehsal etməkdir. Məhsulların emalı ionlaşmış şüalar, kimyəvi əlavələr və rəngləyicilər olmadan həyata keçirilməlidir.
«Üzvi heyvandarlıq məhsulları» anlayışı təbii otlaqlardan istifadəni nəzərdə tutmaqla, yemdə əvvəlcədən antibiotik və hormonların tətbiqini istisna edir.
Qeyd etmək yerinə düşər ki, ekoloji məhsullar istehsalı stabil yüksələn xətlə artır və bu artıq ilə 10-20% təşkil edir. Burada həmin məhsulların qiyməti də əsaslı rol oynayır. Belə ki, ekoloji təmiz məhsullar digərlərinə nisbətən minimum 10-30% artıq qiymətə satılır.
Ekoloji aqroistehsalın Beynəlxalq standartlarına görə Rusiyada 5,5 min ha, İtaliyada 1,2 mln.ha, Böyük Britaniyada 650 min ha, Avstraliyada 10 mln.ha, Argentinada 3,2 mln.ha kənd təsərrüfatı torpaqları sertifikatlaşdırılmışdır.
Ölkəmizdə mövcud olan əkinə yararlı sahələrin böyük çoxluğu təmiz sahələr olub, ekoloji təhlükəsiz məhsul istehsalını təmin edə bilər. Bu məsələnin uğurlu həlli əhali arasında geniş təbliğat və informasiya işləri aparmaq və mütəxəssislər hazırlamaqla mümkündür.
Kənd təsərrüfat məhsullarının saxlanılması və emalı zamanı çoxlu sayda istehsal qalıqları əmələ gəlir ki, onun da xeyli hissəsi istifadə olunmadan atılır və ətraf mühiti çirkləndirir. Rəqabətə davamsız məhsullara tələbatın zəif olması ucbatından belə müəssisələrin orta illik gücü 60-65%-i ötmür. Belə müəssisələrin əksəriyyəti ziyanla işləyir, yaxud az rentabellidir.
Ölkəmizdə ərzaq məhsulları, xüsusilə də taxıl, kartof, tərəvəz, meyvə və s. istehsalında son illər kifayət qədər əsaslı irəliləyişlər olmasına baxmayaraq, əhalinin bu resurslarla təminatı hələ də qənaətbəxş sayıla bilməz. Belə vəziyyətin başlıca səbəbi məhsulun istehlakçıya çatanadək bütün mərhələlərdə, xüsusilə saxlanılma zamanı (35-40%) böyük itgilərə məruz qalmasıdır.
Saxlayıcılarla təminat, onların daxilində hər məhsul növünə uyğun mikroiqlimin tənzimlənməsi, nizamlanan qaz mühitindən istifadə olunması və onun süni soyudulan kameralarda həyata keçirilməsinə dair biliklər yox dərəcəsindədir.
Bu gün tərəvəz, meyvə və kartofun səmərəli saxlanılması – əhalinin həmin məhsullarla təminatının yaxşılaşdırılmasında vacib ehtiyat olub, bu yolla 15-20% əlavə məhsul əldə etmək olar.
Bunu nəzərə alan ölkə rəhbərliyi bölgələrdə ən mütərəqqi üsulları həyata keçirməyə imkan verən saxlayıcıların tikintisinə dəstək verməkdədir. Tikiləcək saxlayıcıların xərclərinin 2/3 hissəsinin Dövlət tərəfindən maliyyələşdirilməsi bu sahədə əsaslı dönüş yaratmışdır. Bunun nəticəsidir ki, bölgələrdə ondan çox belə saxlayıcı tikilir. Belə soyuducu-saxlayıcılarda nizamlanan qaz mühitinin yaradılması və hər məhsula uyğun mikroiqlimin formalaşdırılması ilə məhsulun saxlanılması ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sahədə çatışmazlıq hiss olunmaqdadır.
Müasir insanın qida rasionunda qida maddələrinin və bioloji fəal komponentlərin çatışmazlığı orqanizmin xarici və daxili mühitin əlverişsiz amillərinə davamlığını zəiflətmiş olur.
Yeyinti qida məhsullarının çatışmazlığının formalaşmasında «əsaslı rol» rafinasiya olunmuş məhsulların istehlakı, həmçinin də qida və bioloji dəyəri azaldan resept və texnologiyalarla hazırlanan məhsullar oynayır. Mövcud qanunvericilik qida məhsulları və ərzaq xammalı istehsalının istənilən metod və proseslərindən istifadəni mümkün sayır. Yalnız birbaşa insan sağlamlığına ziyan verən üsul və vasitələr istisnalıq təşkil edir. Məhsulun keyfiyyəti və tibbi-bioloji dəyəri istehsalçının vicdanına qalır. Onun məhsulun keyfiyyəti haqqında məlumatı deklarasiya xarakteri daşıyır və obyektiv, standartlaşdırma xarakteri ilə üst-üstə düşmür.
Belə ki, sağlamlıq və səmərəli qidalanma sahəsində kifayət miqdarda gigiyenik metodik tövsiyələr olmasına baxmayaraq, bizim istehsalçılar buna əməl etmək iqtidarında deyillər. Məsələn, qidada heyvan zülal mənbəyi olan kolbasa məmulatları tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq həmin maddəyə olan təlabatı 5-70% arasında ödəyə bilir. Anoloji vəziyyət bir çox qida məhsulları üçün də xarakterikdir.
Aparılan araşdırmalar göstərir ki, istehsal olunan ənənəvi qida məhsulları istehlakçının vitaminlər, mikroelementlər və digər qida maddələrinə olan tələbatını tam ödəyə bilmir. Bu isə əhalinin ənənəvi qida məhsulları rasionunda dəyişikliklər aparılmasını labüd edir. Bu baxımdan son illər funksional məqsədli qida məhsullarından istifadə edilir. Belə məhsullar orqanizmə istiqamətləndirici tənzimləyici təsir göstərir. Müalicəvi, profilaktiki funksional məhsullar yaradılması və tətbiqi, BMT-nin hümanitar proqramına daxil edildiyindən öz aktuallığını bir daha artırır.
Müasir funksional qida məhsullarını şərti olaraq 2 qrupa bölmək olar: Bitki xammalı və heyvan mənşəli məhsullar əsasında alınan funksional qida məhsulları. Lakin heyvandarlıq məhsullarının xüsusi çəkisinin nisbətən az olmasını və ölkənin rəngarəng bitki örtüyünü nəzərə alaraq, həmin məhsulların bitki xammalı əsasında alınması məqsədəuyğun olardı.
Dünya bazarının təhlili əsasında funksional məqsədli məhsulların üç əsas sahəsi fərqləndirilir ki, bunların da istehsalda payı eyni deyildir: funksional çörək-kökə məmulatları və qəlyanaltılar (18%), süd məhsulları (23%) və funksional içkilər (59%).
Müasir funksional qida məhsulları innovasiya işləmələri prosesində alınan və əsasən xaricdən gətirilən məhsullardır. Dünya bazarında innovasiya məhsullarının payı 25-30% təşkil edir. Yaxın gələcəkdə innovasiya texnologiyaları ilə işləyən müəssisələrin payı 40-50%-ə çatmalıdır ki, qlobal rəqabət şəraitində müvəffəqiyyətlə işləmək olsun.
Ölkəmizdə bu sahənin inkişafı üçün təbii şərait və zəngin bitki ehtiyatları, xüsusilə də müalicəvi-dərman bitkiləri vardır. Bunlardan yararlanaraq geniş çeşiddə qida məhsulları, o cümlədən çörək-kökə məmulatları və içkilər hazırlamaq mümkündür. Belə məhsulların bir çoxunun antioksidant, antimikrob və antikansoregen təsirli olması onların müalicəvi-profilaktiki məqsədlərlə istifadə olunma ehtimalını artırır.
Qida məhsullarının keyfiyyətinin saxlanılmasında, onların bioloji təhlükəsizliyinin təmin olunmasında və xarici təsirlərdən qorunmasında qablar və qablama materialları başlıca rol oynayır. Qablama materialının düzgün seçilməsi qida məhsuluna cəlbedici əmtəə görkəmi verir və onun saxlanılma müddətini artırır.
Hazırda qida məhsulları üçün çox müxtəlif qablama materiallarından istifadə olunur. Məsələn, kağız, kardon, sellafon polimer və kombinə edilmiş materiallar, tənəkə, şüşə, alüminium və s.
Lakin geniş istifadə olunan polimer sintetik qablama materialları və pərdələrin müəyyən çatışmazlıqları vardır. Əvvəla onlar bərpa olunmayan təbii ehtiyatlardan (neft, daş kömür, qaz və s.) istehsal olunur. İkinci bir tərəfdən plastikin son vaxtlara qədər üstünlüyü hesab olunan onun uzun ömürlü olması, perspektivdə planetin ekologiyası üçün təhlükə törətmiş olur.
Qeyd etmək lazımdır ki, dünyada hər ilə 8-10% artımla 200 mln.ton plasmas istehsal olunur. Onların hamısı vaxtaşırı tullantıya gedir. Bununla bağlı ekoloji problemin kəskinləşməsi 70-ci illərin ortalarında alimləri biopolimerlərdən bioparçalanan qablar istehsalında istifadə imkanlarına diqqət yönəltməyə vadar etdi. Sintetik polimerlərə bioloji parçalanmaq xüsusiyyəti verən çox səmərəli və geniş yayılmış üsul – polimer qarışığına müxtəlif nişastalar vurulmasıdır.
Son vaxtlar istismar xüsusiyyətlərini yalnız müəyyən müddət saxlayan, sonra isə təbii şəraitdə fiziki-kimyəvi və bioloji çevrilmələrə məruz qalan biopolimerlərə üstünlük verilməkdədir. Bioparçalanan plastiklər kompostlaşdırılmada mikroorqanizmlərlə (bakteriyalar, göbələklər) parçalanırlar. Bioparçalanan plastiklər təbii və sintetik polimerlər və onların qarışığından alına bilər. Bioparçalanan plastiklər tamamilə və bir qədər parçalanan ola bilər.
Hazırda yeyinti sənayesində prinsipcə yeni qablama materialları yaradılmasına böyük əhəmiyyət verilir. Həmin material zəhərli olmamalı, tullantıya asan getməli, məhsulu mikrob yoluxmasından və havanın oksigeninin təsirindən səmərəli qorumalı, saxlanılma və istehsal prosesində məhsul itkilərinin qarşısını almalıdır. Bununla əlaqədar olaraq, dünyanın bütün alimləri yeyilən qablama materiallarının yaradılması və çeşidinin artırılmasına xüsusi diqqət verirlər. Belə qablama materialı qida məhsulu ilə birgə istifadə olunmaqla ətraf mühiti çirkləndirmədən, məhsulun dozalaşdırılmasını və porsiyalara ayrılmasını sadələşdirir.
Yeyilən pərdə və örtüklər almaq üçün polimer quruluşa malik çox müxtəlif təbii maddələrdən, məsələn, bitki və heyvan mənşəli zülallardın, polişəkərlərdən, lipidlərdən və b. istifadə olunur. Müdafiə pərdələrinin və örtüklərinin tərkibinə onların əsasında müxtəlif əlavələr, başlıcası, plastifikatorlar, yağ turşuları, həmçinin konservantlar, antioksidantlar, bakteriosinlər və b. daxil edilir. Belə «fəal» qablar daha yüksək müdafiə və istismar göstəricilərinə malik olur. Onlarda qoyulmuş məhsulun gərəkli xassələrinin və mikrobioloji stabilliyinin uzun müddət saxlanmasını təmin edir. Hazırda ət, toyuq, quru səhər yeməyi, qənnadı məmulatları, tərəvəz, meyvə və b. qida məhsullarının qablaşdırılmasında yeyilən örtüklər kolleqan, süd zülalı – kazein, soya zülalı, jelatin, nişasta, sellüloza efirlərindən istifadə olunmaqdadır.
İstehsalda əmələ gələn qalıqlar təbii vəziyyətdə itkisiz 2-3 gün müddətində saxlanılır. Uzun müddətli saxlanılmada onlar qidalılıq xüsusiyyətini itirərək turşuyur, çürüyür, qıcqırır, ətraf mühiti çirkləndirir.
Hazırda, az istifadə olunan qalıqlara – şəkər çuğunduru sənayesində filtrdə qalan çöküntü (defekat), spirt sənayesində mayadan və spirtdən sonrakı barda, nişasta istehsalında kartof şirəsi, tütün tüstüsü həmçinin qıcqırmada əmələ gələn karbon qazı və spirt və pivə bişirmə sahəsində ikinci qıcqırma qazı aiddir.
Gündə 3 min ton şəkər çuğunduru emal etmək gücündə olan zavodda əmələ gələn filtr çöküntüsünü saxlamaq üçün 5 ha torpaq sahəsi tələb olunur. 5 min ton kartof şirəsinin yalnız 20%-ə qədəri istifadə olunur. Spirt sənayesində əmələ gələn karbon qazının 20%-i istifadə olunur, qalanı atmosferə atılaraq, istixana səmərəsini gücləndirir. Ümumiyyətlə, ikinci məhsulların xeyli hissəsi səmərəsiz istifadə olunur, bəzən zibilə və su mənbələrinə atılır ki, bu da təbiətə böyük ekoloji zərbə vurur.
Qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlmək olar ki, təhlükəsiz qida məhsulları yaradılması üçün sağlam məhsullar istehsalının yeni elmtutumlu texnologiyası işlənib hazırlanmalı və bunun üçün aşağıdakı istiqamətlərə xüsusi diqqət yetirilməlidir:
-Təhlükəsiz qida məhsulları istehsalının qanunvericilik bazasının formalaşdırılması;
-Əhalinin həqiqi vəziyyətə dair geniş məlumatlandırılması və ekoloji savadsızlığın aradan qaldırılması;
-Yüksək keyfiyyətli və ekoloji təhlükəsiz ərzaq xammalı istehsalının təmin olunması;
-Qida məhsullarının ekoloji təhlükəsiz qalıqsız texnologiyasının və keyfiyyətinə nəzarət metodlarının işlənməsi;
-Funksional profilaktiki, müalicəvi qida məhsullarının texnologiyasının işlənib hazırlanması;
-Ərzaq xammalı və qida məhsullarının müasir saxlanılma və nəql olunma texnologiyası;
-Qida məhsulları üçün mövcud və yeni qablaşdırma növlərinin təkmilləşdirilməsi;
-Məhsul haqqında dolğun istehlak məlumatları, onun istehsalçısı, təhlükəsiz yanaşma tələbləri, nəql olunma daxil olmaqla istifadə və tullantıya getmə, həmçinin də istehsalçılar və qablaşdırılma xüsusiyyətləri, o cümlədən də ekologiyalaşdırılması;
-Müasir avadanlıq və cihazlara malik olmaqla yerli və idxal olunan qida məhsullarının keyfiyyəti və təhlükəsizliyinin monitorinqi təmin edilməli, yüksək ixtisaslı mütəxəssis-analitiklər hazırlanmalıdır.
Bütün bunları həll etməklə biz ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş «Dövlət proqramı»nın müddəalarının həllinə və növbəti ilin «ekologiya ili» elan olunmasına töhfəmizi vermiş olardıq.
Mövzu 2 Ekoloji təhlükəsiz bitkiçilik
PLAN:
Giriş
Ərzaq təminatı strategiyasında qida təhlükəsizliyi vacib şərtdir
Bitkiçilikdə ekoloji təhlükəsizlik
Ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının alınmasının əsasları
Növbəli əkinin qurulması
ƏDƏBİYYAT
1.Fətəliyev H.K., Mikayılov V.Ş., Cəfərov F.N. Təklükəsiz qida məhsulları istehsalı dövrün tələbidir. Respublika qəzeti, №263 (3691), 04 dekabr 2009, səh.6.
-
Mövsümov E.E., Yusifov N.M. Qida kimyası. Bakı, MBM, MMC, 276 səh.
-
Рогов И.А., Антипова Л.В., Дунченко Н.И., Жеребцов Н.А. Химия пищи.- М.: Колос, 2000. 384 с.
-
ПозняковскиЙ В.М. Гигиенические основы питания, безопасность и экспертизы продовольственных товаров. Новосибирск: Изд-во Новосибирского университета, 1999. 447 с.
-
Донченко Л.В., Надыкта В Д. Безопасность пищевого сырья и продуктов питания. М,: Пищепромиздат, 1999. 360 с.
-
Дудкин М.С., Щелкунов Л.Ф.. Новые продукты питания. М.: Наука, 1998. 300 с.
-
Суханов Б.П., Австриевских А.Н., Позняковский В.М. Биологически активные добавки в питании человека. Томск, 1999. 290 с.
-
Келигов М.Б. Обеспечение продовольственной безопасности страны по основным видам пищевой продукции. М.: АгриНресс ЛТ£), 1998.
-
Рисман М. Биологически активные пищевые добавки: неизвестное об известном. М.: Арт-Бизнес-Центр, 1998. 490 с.
-
Спиричев В.Б. Сколько витаминов человеку надо. М: 2000, 185с.
-
П. Методические указания определение безопасности и эффективности биологически активных добавок к пище. Минздрав России, 2.32.721, 1998.
Dostları ilə paylaş: |