Maddə 28. İştirakçı dövlətlər uşağın bərabər imkanlar əsasında təhsil hüququnu tanıyır, insan ləyaqətinə hörməti əks etdirən metodların köməyi ilə və bu konvensiyaya müvafiq surətdə məktəb intizamının saxlanmasının təmin etmək üçün bütün tədbirləri görür.
Maddə 29. İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili onun şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətlərinin inkişafına yönəldilməlidir.
Uşaqlara avtoritar münasibət beynəlxalq hadisədir. Amma böyüklərlə uşaqlar arasında qarşılıqlı münasibət tamam əks pedaqoji əsasda qurulmalıdır. Uşağın görüş və baxışlarına, tələblərinə, bütövlükdə şəxsiyyətinə hörmət təkcə insani mədəniyyət kimi deyil, həm də hüquqi norma kimi qəbul edilməlidir.
Pedaqoqlar və valideynlər bilməlidirlər ki, uşaq hüquqları həm də “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” ilə qorunur.
Bütün bu sənədlər həyatın humanist təşkilinin əsas prinsiplərini müəyyən edir: azadlıq, toxunulmazlıq, bərabərlik, yaratmaq hüququ.
Azadlıq. Pedaqoqun peşə hazırlığı çox vaxt şagirdlərin müqaviməti ilə üzləşə bilir. Şagirdlərə elə gəlir ki, müəllim onların sərbəstliyinin qarşısını alır. Şagirdlərə sərbəstlik verilməsi isə çox zaman müəllimin pedaqoji təsəvvürləri ilə uzlaşmır. Bu ziddiyyəti kollektiv müzakirə nəticəsində əldə edilmiş, hər bir maddəsi müəllim və şagirdlər tərəfindən qəbul edilmiş müqavilə ilə aradan qaldırmaq olar.
Bərabərlik. Reallaşdırılması çətin olan ziddiyyətli prinsipdir. Burada tərəflərin müxtəlif xarakterlərə, qabiliyyətlərə, intellektə, psixi proseslərə, sosial şərtlərə malik olmaları da mühüm rol oynayır. Bütün bunlar həm şagirdlərin öz aralarında həm də onlarla müəllimlər arasında bərabərlik yaradılması işini çətinləşdirir. Bu ziddiyyətin də aradan qaldırılmasında ümumi maraqların tapılması, birgə yaradıcılıq mühüm rol oynaya bilər. Hər kəsin yaradıcı qabiliyyətindən düzgün istifadəni müəyyən etməklə, ümumi işdə hamının bərabər iştirakını təmin etmək çıxış yolu ola bilər.
Təlim – tərbiyə prosesinin humanistləşdirilməsinin ikinci tərkib hissəsi humanist tərbiyədir. Humanist tərbiyə təlim və təhsillə sıx əlaqədardır. Şəxsiyyətyönümlü humanist tərbiyə şəxsiyyətin mədəni müəyyənliyi, sosial adaptasiyası və yaradıcı özünütəqdimi birləşdirən, pedaqoji baxımdan idarəolunan bir prosesdir. Bu prosesin gedişi zamanı uşaqların cəmiyyət həyatına, mədəni aləmə daxil olması, onun bütün yaradıcı imkan və qabiliyyətlərinin inkişafı baş verir. Bu prosesin əsas mexanizmi şəxsiyyətin özünü fəallığıdır. Bu zaman müəllimlər, valideynlər, uşaqların tərbiyəsi, sağlamlığı ilə əlaqədar olan hər bir şəxs öz köməyini əsirgəmir.
Məktəbəqədər və kiçik məktəbyaşı dövründə humanist tərbiyə uşağın sağlamlığını qorumaq, onun təbii imkan və qabiliyyətlərini inkişaf etdirmək, insanlarla ilkin ünsiyyət vərdişlərinə yiyələndirmək xarakteri daşıyır.
Yeniyetməlik dövründə humanist tərbiyə şəxsiyyətin intensiv fiziki və sosial yetkinliyi şəklində, milli mədəniyyətə yiyələnmə prosesinin başlanğıcı xarakteri daşıyır.
Böyük məktəbyaşı dövründə tərbiyənin humanistləşdirilməsi şəxsiyyətin mənəvi-əxlaqi yetkinliyi, cəmiyyət həyatına şüurlu daxilolma, həyat yolunun müəyyənləşməsi xarakteri daşıyır.
Təhsilin humanistləşdirilməsi təlim-tərbiyənin məzmunu, formaları və metodlarının müəyyənləşdirilməsinə istiqamətləndirilir. Təhsilin humanistləşdirilməsinin reallaşdırılması üçün üç şərtə əməl olunmalıdır:
müəllim yüksək əxlaqi və intellektual keyfiyyətlərə malik olmalıdır;
şagirdləri maraqlandıracaq təlim materialının təqdimatını həyata keçirə biləcək yeni təlim texnologiyalarından istifadə edilməlidir;
şagirdləri özünütəhsilə, özünütərbiyəyə, özünüinkişafa stimullaşdıran yeni tərbiyə texnologiyalarından istifadə edilməlidir.
Dostları ilə paylaş: |